Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3545/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» PHŞ-nin Bakı Baş Səhiyyə Mərkəzinə qarşı «işə bərpa» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(006)-4401/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: 14 fevral 2022-ci il tarixli 76-k saylı əmrdən görünür ki, 5 nömrəli Uşaq Poliklinikasının baş həkimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı iddia edir ki, verilmiş əmr qanunsuzdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» PHŞ-nin Bakı Baş Səhiyyə Mərkəzinə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X10 Bakı Baş Səhiyyə Mərkəzinin onun işdən azad olunması barədə qəbul etdiyi xx.xx.2022-ci il tarixli 76-k nömrəli əmrinin ləğv edilməsi; onun işlədiyi Bakı şəhər 5 nömrəli uşaq Poliklinikasının Baş Həkimi vəzifəsinə bərpa olunması; işsiz qaldığı müddət ərzində almadığı əmək haqqı pulunun, ödənilməmiş məzuniyyət haqqının və əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi və mənəvi ziyana görə 5.000 manatın cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X10 Bakı Baş Səhiyyə Mərkəzindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, Bakı şəhər 5 nömrəli uşaq Poliklinikasının Baş Həkimi vəzifəsində çalışır. Yeni dəyişikliklərdən, yəni TƏBİB adlanan qurum yarandıqdan sonra 40 ilin həkimləri ilə qanunsuz olaraq müddətli müqavilələr bağlanmağa başlanmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh 46-k nömrəli əmri ilə 5 nömrəli uşaq Poliklinikasının Baş Həkimi kimi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar 14 fevral 2022-ci il tarixdən xitam verilməsi və onun son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi, əmək kitabçası və həmin əmrin surətinin Azərbaycan Respublikası Əmək Məcəlbsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X11, «Bakı Baş Səhiyyə Mərkəzi» X10 direktoru cənab Elçin Əmirovun imzaladığı bu əmr üçün əsas əmək müqaviləsinin müddətinin bitməsi hesab edilmişdir. Əmri aşağıdakı səbəblərə görə qanunsuz, əsassız və ədalətsiz hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mübahisələndirdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə istinad edilsə də, cavabdeh qanunun tələblərinə əməl etməmiş, əmrin surəti ona 24 may 2022-ci ildə təqdim edilmiş, son haqqhesabı isə bu günə qədər tam ödənilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. O, 01 mart 1995-ci ildən 5 saylı uşaq Poliklinikasında Baş Həkim işləyir. İşlədiyi müddətdə həmişə yüksək peşəkarlıq göstərmiş, işini vaxtında, yüksək peşəkarlıqla və vicdanla yerinə yetirmişdir. İşlədiyi müddət ərzində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətindən, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatından üç, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən üç Təşəkkürnamə almışdır. Axırıncı Təşəkkürnamə ona 10 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən davamlı tibbi təhsili Poliklinikada yaxşı təşkil etdiyinə görə verilmişdir. O, Yeni Azərbaycan Partiyası X4 müavini, Yasamal rayonunda Yeni Azərbaycan Partiyasının Poliklinika üzrə sədridir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 14 iyun 2007-ci il tarixli 36-k nömrəli əmri ilə 17 iyun səhiyyə işçilərinin peşə bayramı ilə əlaqədar olaraq əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti Nümayəndə 13 iyun 2016-cı il tarixli, 2111 nömrəli Sərəncamı ilə ona «Əməkdar Həkim» fəxri adı verilmişdir. Azərbaycan Respublikası Prezidenti X13 Əliyevin 14 may 1999-cu il tarixli, 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Fəxri adları haqqında» Əsasnamənin 4-cü bəndinə görə «Əməkdar həkim» fəxri adı səhiyyə sahəsində xüsusi xidmətlərinə görə müalicə-profilaktika, sanitariya, sanatoriyakurort müəssisələrinin, elmi-tədqiqat institutlarının, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının və digər səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə verilir. Həmin Əsasnamənin 11- ci bəndinin tələbinə görə «Dövlət orqanları, ictimai təşkilatlar, müəssisə, idarə və təşkilatların müdiriyyəti, əmək kollektivləri Azərbaycan Respublikasının fəxri adları verilmiş şəxslərin nailiyyətlərini və xidmətlərini təbliğ etmək sahəsində iş aparır, onların qabaqcıl təcrübəsini yayır, vətəndaşları, böyüməkdə olan nəsli fəxri adlara layiq görülmüş şəxslərin xidmətlərinə hörmət və ehtiram ruhunda tərbiyə edirlər». Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Eləcə də, həmin Məcəllənin 10- 1.3-cü maddəsinə əsasən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Deməli, qanuna görə onun «Əməkdar Həkim» kimi vəzifəsində çalışma müddəti hətta 70 yaşına çatdıqdan sonra da uzadıla bilərdi və uzadılmalıdır. 11 fevral 2022-ci il tarixdə saat 12:00-da Bakı Baş Səhiyyə Mərkəzinin kadrlar şöbəsinin müdiri İradə xanım ona zəng edib Mərkəzə çağırmış və onu direktorun çağırdığını söyləmişdir. Mərkəzin direktoru cənab Elçin Əmirov ondan bacısının həyat yoldaşı Oktay müəllimin adı və soyadını soruşdu. Nə üçün soruşduğunu bilmir. Ona «Gedin, əmək müqaviləsinin müddətinin uzadılıb-uzadılmayacağı barədə Sizə məlumat veriləcəkdir» demişdir. Direktorun iş otağından çıxdıqdan 20 dəqiqə sonra İradə xanım ona zəng edib «Siz işdən çıxarılırsınız» demişdir. Ondan sonra 5 saylı uşaq Poliklinikasında Baş Həkim vəzifəsi onun müavini, əmək fəaliyyətində heç bir uğuru olmayan, ondan yaşca böyük, 19 oktyabr 1952-ci il təvəllüdlü X3 həvalə edilmişdir. Ona məlumdur ki, N.Ə.Tahirovanın əmək müqaviləsinin müddəti 14 fevral 2022-ci ildən 15 may 2022-ci ilədək (3 ay), daha sonra isə 5 ay müddətinə - 19 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Bu müddətin (5 ay) onunla bağlanmış əmək müqaviləsinin uzadılmasında nə üçün tətbiq edilməməsi sual doğurmaya bilməz. Qeyri təvazökarlıq olsa da qeyd edir ki, cavabdehin bu qəbildən olan hərəkətləri ilə Azərbaycan Respublikasının Səhiyyəsi zərər görür və nəticə etibarı ilə belə hərəktlər mənfi mənada vətəndaşların səhhətində özünü göstərir. Ona münasibətdə ayrı-seçkiliyə, ədalətsizliyə və qərəzliliyə yol verildiyi açıqaşkardır. O, dəfələrlə əmək kitabçasını və işdən azad olması barədə əmri istəsə də, əmrin ona verilməsi təmin edilməmişdir. Sonda, xx.xx.2022-ci il tarixdə birtəhər işdən azad olunması barədə əmr ona təqdim edilmişdir. Bütün bu haqsızlıqdan şikayət etmək məqsədi ilə öncə çalışdığı müəssisənin dövlət müəssisəsi olduğunu əsas götürüb Bakı inzibati məhkəməsinə müraciət etsə də, sonradan ona bildirilmişdir ki, o, dövlət qulluqçusu olmadığı üçün onun iddiası ümumi məhkəmələrdə baxılmalıdır. Ümumi məhkəmələrdə baxılan əmək mübahisələri qanunvericiliyin tələbinə əsasən ilk öncə medyasiyadan keçməli olduğuna görə, məhkəmə ərizənin aidiyyəti üzrə göndərilməsini təmin edə bilməmişdir. Bundan sonra o, ilk öncə medyasiyaya müraciət etmiş, mediasiya iclası xx.xx.2022-ci il tarixə təyin edilsə də, cavabdeh həmin iclasa gəlməkdən boyun qaçırmış və iclasda iştirak etməmişdir. Bununla əlaqədar olaraq mediator xx.xx.2022-ci il tarixli MBŞ/2-01412 saylı arayış tərtib etmişdir. Bundan başqa, o, məhkəməyə müraciət etməklə yanaşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə də müraciət etmişdir. Qeyd olunan orqan məsələni araşdırmış və xx.xx.2022-ci il tarixdə araşdırmanın nəticəsi barədə ona məktub ünvanlamışdır. Həmin məktuba baxdıqda görünür ki, əmək müfəttişliyi də, cavabdehin qəbul etdiyi xx.xx.2022-ci il tarixli müqaviləni əsassız hesab etmiş, cavabdehlə onun arasında olan müqavilənin müddətsiz olduğunu vurğulamışdır. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsi işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqqhesab sənədləri barədədir. Maddənin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Ona isə may ayının 24-də dəfələrlə müraciət etdikdən sonra işdən çıxması barədə əmr təqdim edilmişdir. Həmin Məcəllənin 172-ci maddəsinin 6-cı bəndinə görə, işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsi əmək haqqının verilməsi müddətlərini müəyyən edir. Həmin maddənin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin «d» bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işə götürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işə götürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Bundan başqa, işəgötürən tərəfindən əmək haqqının vaxtında ödənilməməsi şəxsi və ailə həyatında ciddi maddi və mənəvi problemlərin yaranmasına səbəb olub, gərgin narahatlıq və stress yaşamışdır, mənəvi sarsıntı və iztirab keçirmişdir, bu isə ona mənəvi ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçının 2018-ci ildə 65 yaşı olmuşdur. İddiaçı 5 ildən çox işlədiyi üçün onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Buna görə də xitam vermədən müddət uzadılmışdır. Əmək müqaviləsi 4 il uzadılmışdır. Sonuncu ildə xitam verilmişdir. Təcrübə belə formalaşmışdır ki, işçidən ərizə alınır və əmək müqaviləsinin uzadılması ilə bağlı sistemə bildiriş yerləşdirilir. 65 yaşı keçən şəxslərlə yeni, müddətli əmək müqaviləsi bağlanmır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(006)- 4401/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı – Bakı şəhər 5 nömrəli Uşaq Poliklinikasının baş həkimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 14 fevral 2022-ci il tarixli 76-k saylı əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı, həmçinin xx.xx.2022-ci il tarixə ödənilməmiş son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi); eləcə də əmək haqqı ödənilməyən gündən başlayaraq, hazırkı qətnamə qəbul edilən günədək olan dövr üçün əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gün üçün 1 faiz olmaqla ödənc məbləğinin cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-dən tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, işəgötürən tərəfindən mübahisələndirilən əmr verilərkən Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 14 iyul 2022-ci il tarixli **********9 saylı məktubundan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinə əməl edilmədən iddiaçı ilə bağlanmış beş ildən artıq müddətə davam edən müddətsiz hesab edilən əmək müqaviləsinə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Eyni zamanda, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq iddiaçıya son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) işəgötürən tərəfindən sonuncu iş günü ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən, Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin vəzifəli şəxsi barədə Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə əsasən müəyyən edilməmişdir. Belə ki, əmrdə iddiaçı ilə bağlanılmış hansı (müqavilənin tarixi və nömrəsi qeyd edilməmişdir) əmək müqaviləsinə xitam verilməsi qeyd edilməmişdir. Eyni zamanda iddiaçı ilə bağlanılmış müqaviləyə bir neçə dəfə dəyişiklik edildiyi bildirilsə də, iddiaçı ilə bağlanmış əmək müqaviləsi və həmin əmək müqaviləsinə dəyişikliklər rəsmiləşdirilməyərək məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq tələbləri pozulmuşdur. Eyni zamanda, işəgötürən tərəfindən ikinci bir pozuntuya da yol verilərək, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə riayət edilməmiş, iddiaçıya son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) sonuncu iş günü ödənilməmişdir. İddiaçıya ödənilməli məbləğin miqdarı ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarında iddiaçının əmək haqqı ilə bağlı dəqiq məlumatlar olmadığından, bu məbləğ icra icraatı çərçivəsində hesablanaraq iddiaçıya ödənilməldir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.2, 10-1.3, 45, 46, 83, 84, 86, 135, 154, 57, 172, 195, 196, 290, 300; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddia tələbinin təmin edildiyi hissəsinin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, əmrin surəti ona 24 may 2022-ci ildə təqdim edilmişdir. Göründüyü kimi iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunmasında AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 14 iyul 2022-ci il tarixli **********9 saylı məktubunu əsas götürmüşdür. Hazırda həmin məhkəmənin dəlil kimi göstərdiyi inzibati qərar ləğv olunub. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, M N0020797 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5768/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı ilə ləğv edilmişdir. Qeyd olunan preyudisial xarakter daşıyan qərarda məhkəmənin hüquqi mövqeyi olmuşdur ki, İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər o vaxt yaranmış mövcud olmuş ola bilər ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi təsdiq edən sübut və dəlilər olsun və ən əsası pozulması istinad edilən həmin bu tələblər birbaşa AR Əmək Məcəlləsində müddətsiz əmək müqaviləsi olan lakin çalışmanın son həddinə çatmış (65 yaşına çatmış) işçinin əmək müqaviləsi ilkin olaraq ləğv edilməli, yalnız bundan sonra onunla müddətli əmək müqaviləsi bağlanmalı olmasına dair hər hansı bir müddəa, tələb və ya norma yoxdur. Həmin qərardan apellyasiya şikayəti verilmişdir və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-125/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnamə çıxararkən istinad etdiyi inzibati tənbeh vermə haqqında qərar məhkəmə tərəfindən ləğv edilmişdir. İddiaçının sistemdə əmək müqaviləsi müddətsiz göstərilsə belə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən 65 yaşından sonra çalışan işçilərin çalışmasına yalnız 1 ildən çox olmayan müddətdə 5 dəfə icazə verilir. Maddənin dispozisiyanından da göründüyü kimi 65 yaşını keçmiş işçinin müddətsiz əmək müqaviləsi ilə çalışmasına qanunvericilik yol vermir. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Göründüyü kimi burda imperativ norma olmadığından hazırda qəbul edilmiş qətnamənin icrası da mümkünsüzdür. Məhkəməyə təqdim edilən ərizələrdən və əmrlərdən görünür hər il iddiaçının əmək müqaviləsi qanunda nəzərdə tutulmuş qaydada 1 il müddətinə uzadılmışdır. Lakin məhkəmə bu hala düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən təqdim edilən sənədləri qəbul etməmişdir və hazırlıq iclasını cavabdehin iştirakını təmin etmədən keçirmişdir. Məhkəmə Əmək Məcəlləsinin 172 və 83cü maddəsinin tələblərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin qətnaməsində sonunda qət edilmişdir ki, xx.xx.2022-ci il tarixinə ödənilməmiş son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyəti görə pul əvəzi), eləcə də əmək haqqı ödənilməyən gündən başlayaraq, hazırki qətnamə qəbul edilən günədək olan dövr üçün əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gün üçün 1 faiz olmaqla ödənc məbləği cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-dən tutularaq iddiaçıya ödənilməlidir. Bildirilir ki, son haqq-hesab iddiaçıya verilib, sadəcə məhkəmə cavabdehi hazırlıq iclasında lazımı qaydada məlumat vermədiyindən həmin sənədlər məhkəməyə baxış iclasında təqdim edildi, lakin məhkəmə həmin sənədləri qəbul etmədi. Həmin son haqq-hesab və digər sənədlər apellyasiya instansiya məhkəməsində təqdim ediləcəkdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsivəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Bundan başqa, qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3-cü maddəsinə əsasən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 45-ci maddəsi: 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 46.6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsi: 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 135-ci maddəsinin 2-ci hissəsinə və 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Həmin Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsinə görə əmək haqqının tərkibinə aylıq tarif(vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 2-ci bəndinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4-cü maddəsinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 14 fevral 2022-ci il tarixli 76-k saylı əmrlə 5 nümrəli Uşaq Poliklinikasının baş həkimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Birinci instansiya məhkəməsi sözügedən əmrin ləğv edilməsi nəticəsinə gələrkən iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 14 iyul 2022-ci il tarixli **********9 saylı məktubuna və Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin vəzifəli şəxsi barədə Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokoluna istinad etmişdir. Qeyd edilən məktubdan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilmiş və tərtib olunmuş protokola əsasən isə İXM-nin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5768/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, M N ******* nümrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-125/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin Qərarı qüvvədə saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, dövlət büdcəsindən maliyyələşən müəssisə olmuş 5 nömrəli Uşaq poliklinikasında baş həkim vəzifəsində işləmiş İddiaçı həmin müəssisədə çalışmasının son həddinə çatmasına görə yəni 65 yaşına çatmasına görə onunla mövcud olan müddətsiz əmək müqaviləsi tərəflərin razılığı ilə xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixədək bir illik əmək müqaviləsi ilə əvəz edilmişdir. Sonradan həmin qaydada hər dəfə bir il müddətinə olmaqla iki dəfə, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Həmin müddətdən sonra isə əmək müqaviləsi uzadılmamışdır. İnzibati qərar qəbul etmiş orqanın qənaətinə görə müddətsiz əmək müqaviləsi olan lakin uzadılmasının son həddinə çatmış (65 yaşına çatmış) işçinin əmək müqaviləsi ilkin olaraq ləğv edilməli, yalnız bundan sonra onunla müddətli əmək müqaviləsi bağlanmalı idi və bu hal baş vermədiyi üçün əmək qanunvericiliyinin pozuntusu hadisəsinin baş verməsi qənaətinə gəlinərək inzibati protokol tərtib olunaraq müvafiq qərar qəbul edilmişdir. Məhkəmələr həmçinin qeyd etmişlər ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər o vaxt yaranmış, müvcud olmuş ola bilər ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyini təsdiq edən sübut və dəlillər olsun və ən əsası pozulması istinad edilən həmin bu tələblər birbaşa Azərbaycan Respublikasının Əmək Məcəlləsində öz əksini tapmış olsun. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müddətsiz əmək müqaviləsi olan lakin uzadılmanın son həddinə çatmış (65 yaşına çatmış) işçinin əmək müqaviləsi ilkin olaraq ləğv edilməli, yalnız bundan sonra onunla müddətli əmək müqaviləsi bağlanmalı olmasına dair hər hansı bir müddəa, tələb və ya norma yoxdur. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, qəbul edilmiş inzibati qərarda hər iki tərəfin qarşılıqlı razılığı ilə bağlanmış müddətli əmək müqavilələrinin bağlanması ilə işəgötürənin əmək qanunvericiliyinin hansı normasını pozduğunu konkret göstərməməsi, ümumiyyətlə bu halı öz qərarında əsaslandırmaması belə pozuntunun müvcud olmamasına dəlalət edir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində istinad etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 14 iyul 2022-ci il tarixli **********9 saylı məktubu və Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin vəzifəli şəxsi barədə Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokolu hazırda heç bir hüquqi qüvvəyə malik olmamaqla iş üzrə əhəmiyyət kəsb edən sübut növləri kimi qiymətləndirilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1 maddənin 1-ci hissəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Bu da ona dəlalət edir ki, iddiaçının sistemdə əmək müqaviləsi müddətsiz göstərilsə belə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən 65 yaşından sonra çalışan işçilərin çalışmasına yalnız 1 ildən çox olmayan müddətdə 5 dəfə icazə verilir. Maddənin dispozisiyandan da göründüyü kimi 65 yaşını keçmiş işçinin müddətsiz əmək müqaviləsi ilə çalışmasına qanunvericilik yol vermir. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Göründüyü kimi burda imperativ norma olmadığından hazırda qəbul edilmiş qətnamənin icrası da mümkünsüzdür. İş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsi qanunda nəzərdə tutulmuş qaydada hər il 1 il müddətinə uzadılmışdır. Lakin birinci instansiya məhkəməsi bu hala düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda iddiaçı ilə bağlanmış hansı (müqavilənin tarixi və nömrəsi qeyd edilməmişdir) əmək müqaviləsinə xitam verilməsi qeyd edilməməsini Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirməsinə qiymət verərək hesab edir ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin İ hissəsində işçi ilə bağlanmış müqavilənin tarixi və nömrəsi qeyd edilməsi nəzərdə tutulmamışdır. Qeyd edilən əmrdən görünür ki, sözügedən əmr qəbul edilərkən Əmək Məcəlləsinin 84-cü maddəsinin İ hissəsində nəzərdə tutulmuş məlumatlar hamısı öz əksini tapmışdır. Belə olan halda birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 84-cü maddəsinin İİ hissəsinin hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mübasəyə işəgötürənlə bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borclu olmaqla, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməz olmasını təsbit edən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 86-cı maddəsinin birinci hissəsinin tətbiqi ilə də razılaşmır və hesab edir ki, həmin normanın hazırki işə heç bir aidiyyatı yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə riayət edilməyərək iddiaçıya son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) sonuncu iş günü ödənilməməsi faktı olsa da, bu mübahisələndirilən əmrin qanunsuz sayılması üçün əsaslardan biri kimi qiymətləndirilə bilməz və bu hala təqdim edilmiş sübutlar və müəyyən edilmiş xüsusatlar üzrə ayrıca qiymət verilməlidir. Halbuki, birinci instansiya məhkəməsi materiallarında iddiaçının əmək haqqı ilə bağlı dəqiq məlumatlar olmamasına istinad etməklə bu məbləğ icra icraatı çərçivəsində hesablanaraq iddiaçıya ödənilməli olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndini hazırki mübahisəyə tətbiq etməklə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gün üçün 1 faiz olmaqla ödənc məbləği cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-dən tutularaq İddiaçı ödənilməsi qənaətinə gələrkən qətnamənin icrasının mümkünlüyünü nəzərə almaqla bu məbləği müəyyən etməməklə və dəqiq göstərməməklə Azərbaycan Respublikasının MPM-nin 222-ci maddəsinin tələblərinə riayət etməmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş bank sənədlərindən məlum olur ki, iddiaçı xx.xx.2022-ci ildən işdən azad edildikdən sonra ona xx.xx.2022-ci ildə 4432 AZN, daha sonra isə xx.xx.2022-ci il tarixdə 14.247,52 AZN, cəmi 18679,52 AZN ödənilmişdir. Müəyyən edilmişdir ki, işəgötürən tərəfindən iddiaçının əmək haqqısı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 55 gün, sonuncu tarixdən xx.xx.2022-ci il tarixədək isə 50 gün, ümumilikdə 105 gün gecikdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 55 gün gecikmə üçün hər gün 1 faizin 187 manat təşkil etməsi nəzərə alınmaqla 10.285 manat (55 gün üçün gecikdirilən məbləğ 18 679,52 manat olduğundan həmin məbləğin 1 faizi 187 manat təşkil edir və 55 gün x 187 manat = 10 285); 50 gün üçün gecikdirilən məbləğin 14 247,52 manat olması nəzərə alınmaqla həmin dövr üçün 7100 manat (həmin məbləğin 1%-i 142 manat təşkil edir, 50 gün x 142 = 7100 manat)), yəni cəmi 17 385 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ,iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməli olmasına dair dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında cavabdeh tərəfindən hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi mövcud deyildir. Başqa sözlə, cavabdeh belə bir ərizə ilə birinci instansiya məhkəməsindəişə baxılarkən müraciət etməmişdir. Kollegiya qeyd edir ki, belə bir ərizə ilə müraciət edilmiş olsa idi belə, iş materiallarından iddiaçı tərəfindən iddia müddətlərinin ötürülməsi halı müəyyən edilmədiyindən bu ərizə də əsaslı sayıla bilməzdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, e-2(006)- 4401/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gün üçün 1 faiz olmaqla 17385 manat məbləğ cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi PHŞdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə