Məhkəmə qərarları › İş №2(103)-3548/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3548/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3548/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı QSC-nin cvabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilməli olduğu halda 20 manat dövlət rüsumu ödənilib. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirak edib və 20 manat mediasiya xərci ödəyib. Ona görə də o, 20 manat hədində dövlət rüsumunu ödəməkdən azaddır. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Mediasiya haqqında” Qanunun 3.4-cü maddəsinə görə, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Qanun ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Lakin həmin normalara əsasən dövlət rüsumunu ödəməkdən azad edilmə o hala aiddir ki, ilkin mediasiya sessiyasında iştirak məcburi olunsun. Məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak 2 halda məcburidir: 1) tərəflərin arasında “mediasiya prosesinin tətbiqi barədə” müqavilə bağlansın; 2) məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosində iştirak qanunda nəzərdə tutulsun. Bu məcburiyyət “Mediasiya haqında” Qanunun 21.1-ci maddəsində, Mülki-Prosessual Məcəllənin 4.5 və 4.6-cı maddələrində müəyyən edilib. Hazırkı iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak məcburi deyil. İddiaçı məcburiyyət olmadığı halda mediasiya sessiyasında iştirak edib və medisiya xərci ödəyib. Ona görə də mediasiya prosesi ilə bağlı xərcləri ödəmiş iddiaçı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad deyil, o, hazırkı iddianın verilməsinə görə 30 manat dövlət rüsumu ödəməlidir, lakin 20 manat dövlət rüsumu ödəyib. Mülki-Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə görə, müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin geri qaytarılmasını qərara alıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar