Məhkəmə qərarları › İş №2(103)-3551/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3551/2025

05.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3551/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: " yaşayış evinə köçürülmə”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X1 ibarət tərkibdə, Nuri Bəsti Qurban qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Əlihuseyn qızının iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-579/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, F.B.Köçərli (keçmiş Y.Qasımov) küçəsində 78 kv.m torpaq sahəsində tikilmiş ümumi sahəsi 62 kv olan iki otaqlı evə köçürülməsi və qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

1. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, F.B.Köçərli (keçmişY.Qasımov) küçəsində yerləşən 78 kv.m torpaq sahəsində tikilmiş ümumi sahəsi 62 kv.m olan iki otaqlı təmirsiz evi vasitəçi ilə 12500 manat pul verməklə Cavabdeh almışdır. Evin mülkiyyət sənədi olmadığından sahidlərin iştirakı aralarında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır və razılaşdığı on iki min beş yüz manat pulu cavabdehə vermişdir. Cavabdeh pulu alandan sonra evi boş vəziyyətdə açarları ilə birlikdə ona təhvil vermişdir. Bundan sonra evin planı tərtib etdirmişdir. Həmin evin planı onun adınadır. Bələdiyədə evin vergi ödəyicisi kimi qeydiyyata alınmış və evin vergisini o, ödəyir. Habelə evin bütün kommunal xidmətləri -qazı, suyu, işığı onun adınadır və bütün komunal xərcləri onun özü ödəyir. Bu ilin sentyabr ayının əvəlində evə gələndə evin kilidinin dəyişdirildiyini görmüşdür. Məlum oldu ki, evinin kilidi cavabdeh tərəfindən özbaşına olaraq dəyişdirmişdir. O, cəhd etsə də cavabdeh evinin qapısının özbaşına dəyişdirdiyi kilidinin açarlarını vermir. O, Qarabağ müharibəsi veteranı və əlilidir. Cavabdehin onun aldığı ev üzərində heç bir hüququ yoxdur. Həmin ev onun əmlakıdır. Cavabdehin özbaşınalıq edərək kilidi dəyişib onun evindən məhrumetməsi qanunsuz olmaqla əmlak hüquqlarını pozmaqdır. Ona gorə də məcbur qalıb məhkəməyə müraciət etmişdir.

2. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-579/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçə İddiaçı Bakı şəhəri, Sabuncu rayonu, Sabuncu qəsəbəsi, Firudinbəy Köçərli küçəsində yerləşən (Bakı şəhəri, Sabuncu qəsəbəsi, Y.Qasımov kucəsi, ev 37A) 78 kv.m torpaq sahəsində tikilmiş ümumi sahəsi 62 kv.m olan iki otaqlı özbaşına tikiliyə köçürülməsi və Cavabdeh Əlihuseyn qızına iddiaçının evə daxil olmasına qanunsuz müdaxilə edilməsi qadağan edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o məhkəmənin gəldiyi mövqe ilə razı deyildir. O, oğlunu həbsdən qurtarmaq üçün 3 otaqlı evimi Hikmətə satmışdır. Hikmət onu aldadaraq evi almışdır. Evi 45000 manata satışa qoymuşdur. Amma məcbur qalıb 12.000 manata Hikmətə satmışdır. Ev Sənaye texnikomunun yanında yerləşdiyi üçün qiyməti baha idi. Sonra o, oğluna telefonla məlumat verib ki, ev 12000 manata satıb ki, onu həbsdən çıxarsın. Oğlu çox əsəbləşib ki, 3 otaqlı evi çox ucuz satıb. Sonra oğlu öz vəkili Məhəmmədə zəng edərək bildirib ki, evi satdığı adama desin ki evi satmır, pulu geri qaytarsın. Hikmət bildirmişdir ki, evi qardaşı usta olduğu üçün divarlarını və yerini boyamışdır. Hikmət evi təmir edib 20000 manata satmaq istəyirdi. Hikmət hamıdan ucuz ev alıb təmir edib satırdı. Hikmət evdən onun manqalını aparıb. Hikmətə bildirib ki, manqalı alıb ona versin. Evdə bəzi əşyalarını Hikmət oğurlayıbdır. Hikmət evə görə ona az pul verib, onu aldadıb. Nəticədə o, insult keçirmişdir. Hikmətdən pulunu istəyəndə Hikmət ona daş atıb, onu söyüb. Evin damı sökülüb, divarların kağızları qopub. Yağış yağanda evin içinə su tökülür. Baseynanı tərpədib, evinə yağış yağır, Deyir ki, o müharibədə iştirak etmişdir, lakin bunun onun evinə aidiyyatı yoxdur. Gizlin şəkildə gedib qazı, işığı, suyu öz adına keçirmişdi. Onun ixtiyarı yoxdur bunu etməyə. O, evin sahibidir, Hikmət ondan razılıq almayıb.. O, boş kağıza imza etmişdir. Onu notariusa aparmayıblar, iddiaçının ad, soyadını bilməyib, onu aldadıb, neçə vaxtdır onu gözləyir ki, gəlsin pulunu götürsün, lakin iddiaçı gəlmir. Onun evi bahadır, lakin iddiaçı onu aldadıb ucuz qiymətə satıbdır. Orada onun oğlu yaşayacaq. Lakin məhkəmə onun izahatına məhəl qoymadan qanunsuz qətnamə qəbul edib. Məhkəmənin qətnaməsindən razı deyildir, hesab edir ki, məhkəməsinin qətnaməsi qanunsuzdur

5. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, cavabdehin apellyasiya şikayətində arqument kimi göstərdiyi və əsassız adlandırdığı hallarla bağlı qeyd etmişdir ki, 2018-ci ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, F.B.Köçərli (keçmiş Y.Qasımov) küçəsində yerləşən 78 kv.m torpaq sahəsində tikilmiş ümumi sahəsi 62 kv olan iki otaqlı təmirsiz evi makler vasitəsi ilə 12.500 manata Cavabdeh almışdır. Evin sənədi olmadığından xx.xx.2018-ci il tarixdə şahidlərin və cavabdehin bacısı oğlunun iştirakı ilə aralarında müqavilə bağlanmış və 12500 manatı Cavabdeh vermişdir. Cavabdeh pulu alandan sonra evi boş vəziyyətdə açarları ilə birlikdə ona təqdim etmişdir. Evin kommunal şəraiti (qazı, işığı suyu) olmayıbdır. Ev təmirsiz, yaşayış üçün yararsız, bərbad vəziyyətdə olubdur. Evi aldıqdan sonra orada təmir işi aparmış, qaz, işıq, su, kanalizasiya sistemi çəkdirmişdir. Evin təmirinə ümumilikdə 10000-11000 manat məbləğində pul xərcləmiş, sənədi olmadığından evin planını tərtib etdirmişdir. Bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və evin vergisini bələdiyyəyə o ödəyir. Eyni zamanda, evin qazı, suyu, işığı onun adıma olmaqla bütün kommunal xərcləri o ödəyir. Evi təmir edib yararlı vəziyyətə vəziyyətə salandan sonra bu ilin sentyabr ayında cavabdeh evim qıfılını özbaşına dəyişdirmiş və evə girməyinə maneə yaratmışdır. Yaşayış üçün yararsız vəzziyyətdə olan evi razılıq əsasında 12500 manata cavabdehdən almış və xərç çəkib yararlı vəziyyətə salmışdır. Cavabdeh evin tikilməsinə sərf olunmuş vəsaitə olan hüquqlarını ona satdığı üçün, artıq onun həmin evə və ora sərf olunmuş vəsaitə hüququ yoxdur. Həmin ev özbaşına tikili olsa da, ona sərf olunmuş vəsait onun əmlakıdır və həmin əmlakdan istifadə hüququ vardır. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək qeyd etdi ki, ev satılan ərəfədə oğlu türmədə idi. Evin satılması zərurəti yaranmış, elə buna görə də evi 12.000 manata iddiaçıya satmışdır. Bundan sonra oğluna bu haqda məlumat verdikdə oğlu evi ucuz satdığını bildirərək onu öz vəkilinə yönəltmişdir. O, bu barədə iddiaçıya məlumat verərək bildirib ki, onlar evi satmaq fikrindən daşınıblar. İddiaçı isə bununla razılaşmayıb, hazırda o aldığı pulu iddaçıya qaytarmağa hazırdır, təki iddiaçı da onun evini qaytarsın. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini Məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayətə etirazını müdafiə edərək bildirdi ki, iddiaçı verilmiş elan əsasında həmin tikilini alıb, buna dair tərəflərin və şahidlərin iştirakı ilə sadə yazılı müqavilə bağlanıb, cavabdeh tikiliyə görə istədiyi pulu alıb və evi iddiaçıya elə həmin vaxt özü könüllü təhvil verib, həmin tikili yarımçıq tikili olub, iddiaçı tikilini başa çatdırıb, evi yaşamaq üçün yararlı vəziyyətə gətirib, bu işlərə 12.000 manatdan çox vəsait xəcləyib, evin bütün kommunal xidmətlərini təmin edib və müvafiq müqavilələr bağlayıb, aradan 6-7 il sonra cavabdeh, tikilini ucuz satması bəhanəsi ilə özbaşına evə girməsi və evin qanunu sahibi olan iddiaçını evə buraxmaması qanunsuzdur, cavabdeh hazırda qiymətlərinartmasından istifadə edərək əsassız tələblər irəli sürür, evin qaytarılmasını istəyir, iddiaçı oğlunun ailə qurub yaşaması üçün həmin evi almışdır. Sözü gedən əmlakın layihəsini almış, təmir etdirmiş, kifayət qədər xərc çəkmişdir. Ev şahidlərin iştirakı ilə alınmışdır və alqısatqının üzərindən 7 il keçib, üstəlik cavabdeh aldadılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh 2024-cü ilin sentyabrında özbaşına evin açarlarını dəyişərək iddiaçıya evində yaşamağa icazə vermir. Ona görə də şikayətin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:

8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli ev alqısatqı müqaviləsi adlandırılan müqavilədən görünür ki, Cavabdeh Əlihuseyn qızı ünvan 1 ünvanında yerləşən 2 otaqlı, sənədsiz, təmirsiz evi İddiaçı 12500 manata satmışdır.

9. İş materiallarında olan "xxxx" QSC-nin izahat və cizgilərdən gorunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən İddiaçı məxsus evə qaz xətti çəkilmişdir.

10. İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsindən gorunur ki, İddiaçı "xxxx" QSC-yə ərizə ilə müracət edərək abunəçi kodunun açılmasını xahiş etmişdir.

11. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ünvanında yerləşən evin təxmini dəyəri 22500 manatdır. Tətbiq edilən maddi hüquq normaları:

12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43.İ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin munasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 158.1. və 158.2. Əmlakdan istifadə hüququ əmlak hüququ sayılır və əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Maddə 162. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Maddə 163. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. 163.3. Fraxtverənə və ya anbara verilmiş mallar üçün onları təmsil edən order sənədi verildikdə bu sənədin verilməsi malın özünün verilməsi sayılır. Əgər həm order sənədini vicdanlı əldə edən, həm də malı vicdanlı əldə edən varsa, sonuncuya üstünlük verilir. Maddə 164. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

17. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

18. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

19. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

20. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

21. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

22. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

26. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

28. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh apellyasiya şikayətinə əsasən tam yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, sözügedən yaşayış evi qanunsuz tikili olduğundan ev üzərində iddiaçı və cavabdehin hüquqmüəyyənedici sənədi mövcud deyildir. İşin mübahisəsiz halıdır ki, cavabdeh həmin tikilini 12.500 manata iddiaçıya satmışdır. Hazırkı halda onun iddiasının əsası ondan ibarətdir ki, 2018-ci ildə evi satarkən aldadılmış və evi aşağı qiymətə satmışdır.

32. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırkı halda tərəflər arasında mübahisəsi gedən tikiliyə dair tərəflərin heç birinin hüquqmüəyyəedici sənədinin olmaması mübahisəyə məhkəmə qaydsında baxılmasına əngəl ola bilməz. Mübahisəsi aparılan tikilinin əvvələr cavabdehə məxsus olması- onu sahibliyində olması, sonradan həmin tikilinin müvafiq sövdələşməyə əsasən 12.500 manat müqabilində iddiaçının sahibliyinə verilməsi, mübahisələndirilən tikilinin eyni bir tikili olması hazırkı işin mübahisəsiz halıdır. O da mübahisələndirilmir ki, cavabdeh 2024-cü ilin sentyabr ayında özbaşına iddiaçıya satdığı və onun sahibliyinə verdiyi evin qıfılını dəyişərək, iddiaçını evə daxil iolmasına əngəl törədir. Cavabdeh hesab edir ki, 2018-ci ildə evi satarkən onu aldatmışlar, evi dəyətindən çox ucuz satmışdır, evi satarkən aldadılıb, buna görə də aldığı pulu qaytarmaqla evinin ona geri qaytarılmasını iddiaçıdan tələb etmiş, iddiaçı bunula razılaşmamışdır. Qeyd olunduğu kimi, rayon məhkəməsi iddianı təmin etmişdir.

33. Cavabdeh nə rayon məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində iddiaçı tərəfindən aldadıldığına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

34. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Eyni zamanda, 7 il öncə, 2018-ci il tarixdə təmirsiz, sənədi və kommunal xidmətləri olmayan sözgedən evin (özbaşına tikilinin) 12.500 manata satılması real və ağlabatandır.

36. Belə olan halda müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Rayon məhkəməsinin iddianı təmin etməklə mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir.

37. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

38. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh özünə aid edilməlidir.

40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-579/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar