Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3552/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının hüquqi varisi X2, onun nümayəndəsi (vəkili) X15 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, X3, X27, X11, Qurbanova Hicran Əzizağa qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Bakı şəhəri 10 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X6 miras qalan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, döngə 6, 16 saylı evin (bundan sonra – miras evin) onun tərəfindən tam olaraq qəbul edilməsinin müəyyən olunması, miras əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 11.03.2021-ci il tarixdə ölmüşdür. İddiaçı hüquqi varisi X7 daha sonra iddia ərizəsinə əlavə verərək babası X6 miras qalan evin İddiaçı tərəfindən tam olaraq qəbul edilməsinin müəyyən olunması, onun miras əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-53/22) iddia qismən təmin edilərək mübahisəli evin vərəsə İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, miras qoyan X20 07.03.1997-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra mübahisəli ev miras qalmışdır. Miras qoyanın vərəsə kimi 6 övladı - X12, X8, X13, Cavabdeh1 Ələskər qızı, X9 və anası İddiaçı olmuşdur. X14 övladlarından X9 (evli olmayıb, övladı olmayıb), X8 (Cavabdeh4, Cavabdeh5, Cavabdeh6), X12 (X32, X16, Qurbanova Hicran Əzizağa qızı, Cavabdeh2, Cavabdeh3) və anası İddiaçı vəfat etmişdir. Kazımova Rəfiqənin mirasa dair heç bir iddiası yoxdur, yalnız Cavabdeh1 Ələskər qızı ilə aralarında miras əmlaka dair mübahisə vardır. Babasının vəfatından sonra cavabdehlər ümumiyyətlə mirası qəbul etməmiş, mirasın qəbulu üçün hər hansı hərəkət etməmişlər. Buna baxmayaraq onun tərəfindən vərəsəlik haqqında şəhadətnamənin alınmasına maneəçilik yaratmışlar. Mirasın qəbulu üçün 10 saylı Notariat Kontoruna müraciət etsə də, 10 saylı Notariat Kontoru notariat əməliyyatının aparılmasından imtina etmiş, imtinanı isə mirasın qəbulu müddətinin ötürülməsi, vərəsələr arasında mübahisə olması və babasının adının sənədlərdə hərf fərqi ilə yazılması ilə izah etmişdir. Suraxanı Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə 16 aprel 1997-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən “X20” adlı şəxsin, ərizəçi Kazımova (Quliyeva) Rəfiqə Əlisgər qızına aid doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən “X21” adlı şəxsin, Qurbanova (Quliyeva) Elmira Ələskər qızına aid doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən “X22” adlı və Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsi, döngə 6-da yerləşən 16 saylı fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da göstərilən Quliyev Əlisgər adlı şəxslərlə eyni şəxs olması faktının müəyyən edilməsi qət edilmişdir. Bundan sonra isə miras əmlakın 19.12.2018-ci ildə babası X14 adına özəlləşdirilərək çıxarış alınmışdır. Cavabdeh1 Ələskər qızı babası vəfat etməmişdən xeyli əvvəl ailə qurmuş, ailəsi ilə birlikdə yaşamış, miras evi ümumiyyətlə qəbul etməmişdir. Anası isə 2001-ci ilədək həftədə bir neçə dəfə gəlib həmin ünvanda qalmış, kommunal haqları ödəmiş, mirası faktiki olaraq qəbul etmişdir. 2001-ci ildən sonra isə davamlı olaraq o, həmin ünvanda yaşamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyator şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında sözügedən əmlakla bağlı mübahisə vardır və bugünədək qalmaqda davam edir. Məhkəmə mübahisənin mövcudluğunu, onun öz pay hüququndan imtina etmədiyini, miras əmlaka dair pay tələb etməsini, habelə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etməsini nəzərə almayıb. Hüquqi varis Z.Əliyeva və nümayəndəsi S.Sadıqova məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Apelyatorun nümayəndəsi Vəkil səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın başqa vaxta keçirilməsini xahiş etsə də, bununla, yəni səhhəti ilə bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, digər cavabdehlər də üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddianın təmin olunmuş hissəsində Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən həmin hissədə, yəni iddianın təmin olunmuş hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, hüquqi varisin və nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırkı iş üzrə mübahisələndirilən miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 16 saylı evdir. Miras qoyan Ələsgər Quliyev 07.03.1997-ci il tarixdə vəfat etmişdir. Onun 6 övladı - Raziyə, Şərqiyə, Rəfiqə, Nailə, Mənsurə, Elmira olmuşdur. Miras qoyanın arvadı X1 və övladlarından Raziyə, Şərqiyə, Nailə, Mənsurə, Elmira vəfat etmişdir. Rəfiqə Kazımovanın isə mirasa dair heç bir iddiası yoxdur. Mənsurə Quliyeva evli olmamış, övladı yoxdur. Cavabdehlərdən Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Şərqiyə Məcidovanın övladları, X32, X16, Qurbanova Hicran Əzizağa qızı, Cavabdeh2, Cavabdeh3 Raziyə Qulamovanın övladlarıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2(010)- 5069/2018 saylı qətnaməsi ilə 16 aprel 1997-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən “X17” adlı şəxsin, ərizəçi Kazımova (Quliyeva) Rəfiqə Əlisgər qızına aid doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən “X21” adlı şəxsin, Qurbanova (Quliyeva) Elmira Ələskər qızına aid doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən “X22” adlı və Bakı şəhəri, Suraxanı rayonu, Bül- Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsi, döngə 6-da yerləşən 16 saylı fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da göstərilən Quliyev Əlisgər adlı şəxslərlə eyni şəxs olması faktı müəyyən edilmişdir. Bakı şəhəri 10 saylı Notariat ofisi tərəfindən verilmiş 25.11.2021-ci il tarixli Notariat əməliyyatının aparılmasından imtina barədə qərarla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxıldığı və miras əmlakın bölüşdürülməsi sahəsində vərəsələr arasında mübahisə olduğu üçün notariat əməliyyatı aparılmasından imtina edilmişdir. X4, X10, Qurbanova Hicran Əzizağa qızı, Cavabdeh2, X32, Cavabdeh5 və Cavabdeh6 iddianı qəbul etdiklərinə və iddianın təmin olunmasına heç bir etirazları olmadıqlarına dair notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişlər. Hazırkı iddiada iddiaçı miras evin vərəsə İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən olunmasını və vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı valideynləri vəfat etdikdən sonra miras evdə faktiki olaraq yaşamasını, valideynlərinə məxsus evə qulluq göstərdiyini və həmin daşınmaz əmlakı qəbul etdiyini şəksiz nümayış etdirmişdir. Bir vərəsə istisna olmaqla, digər vərəsələr iddiaçının faktiki olaraq həmin evdə mülkiyyətçi ilə birlikdə yaşadığını qəbul etmişlər və bu halı mübahisələndirməmişlər, iddia tələbinin təmin olunmasına etirazlarını bildirməmişlər. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 308-ci maddəsi, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinin tələbinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10.-cu bəndində qeyd olunmuşdur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasından göründüyü kimi vərəsə miras əmlaka sahiblik etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə yanaşı, mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməklə də mirası qəbul etmiş sayılır. İşdən görünür ki, İddiaçı miras qoyanın vəfatından sonra mübahisəli evdə faktiki olaraq yaşamış, əmlakı qəbul etdiyini şəksiz nümayış etdirmişdir. Digər Cavabdeh3 da məhkəmə iclasında evin açarlarının daimi olaraq İddiaçı olduğunu, sonuncunun evə gəlib-getdiyini, kommunal haqları ödədiyini, 2001-ci ildən isə həmin evdə İddiaçı hüquqi varisi X2 ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. Apellyator istisna olmaqla, digər vərəsələr də iddiaçının faktiki olaraq həmin evdə mülkiyyətçi ilə birlikdə yaşadığını qəbul etmişlər və bu halı mübahisələndirməmişlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Qeyd edilənlərə əsasən iddiaçının barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, apellyatorun (digər vərəsənin) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu, yaxud vərəsəlik şəhadətnaməsi verilməsi barədə müvafiq ərizə verməsinə, yaxud eyni iddia ilə məhkəməyə müraciət etməsinə mane olmur. Beləliklə, şikayətin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni X6 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 16 saylı fərdi yaşayış evinin vərəsə İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3552/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3552/2022
01.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver