Məhkəmə qərarları › İş №2(103)-3554/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3554/2020

02.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3554/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, X7 Vahabovnanın və onun nümayəndəsi (vəkili) X4, Cavabdeh1 iştirakı ilə, X7 Vahabovnanın Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-592/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Vahabovna Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünavnında yerləşən mənzilin mülkiyyətçisidir. Həmin ev üzərində xx xxxxxxx 1998-ci il tarixdə mülkiyyət hüquqları Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır və bu barədə ona MH seriyalı 173493 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin yaşayış sahəsində cavabdehlər qeydiyyatdadırlar, lakin 2003-cü ildən həmin mənzildə yaşamırlar. Onların mənzildə qeydiyyatları formal xarakter daşıyır. Cavabdehlərin 2003-cü ildən sözü gedən mənzildə yaşamamaları qonşular tərəfindən tərtib edilmiş akt və 40 saylı MKİS tərəfindən verilmiş arayışla təsdiq olunur. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 592/2020 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş,əlavə olaraq göstərmişlər ki,cavabdehlərdən Cavabdeh4 iddiaçının keçmiş həyat yoldaşı, Cavabdeh1 və Cavabdeh2 keçmiş qaynatası və qaynanası, digər şəxslər onların ailə üzvləridir. İddiaçı, Cavabdeh4 ilə 1999-cu ildə rəsmi nikahada daxil olaraq ailə həyatı qurmuş və mübahisəli yaşayış sahəsində yaşamışlar. Onların nikahı 2012-ci ildə pozulmuş, Cavabdeh4 həmin vaxtdan sonra evdən çıxıb getmişdir. Digər cavabdehlər isə ümumiyyətlə iddiaçının mülkiyyətində olan mübahisəli yaşayış sahəsində yaşamamışlar. Onlar formal olaraq qeydiyyata düşmüşlər. Belə ki, təqribən 2004-cü ildə evlərin sökülməsi və qeydiyyatda olan şəxslərin sayına görə pul kompensasiyası verilməsi məsələsi ortada olmuş, bu səbəbdən də iddiaçının da razılığı ilə digər cavabdehlər evə qeydiyyata düşmüşlər. Hazırki vaxtda cavabdehlərin qeydiyyatı formaldı, bu səbəbdən də onların qeydiyyatdan çıxarılması üçün istifadə hüquqlarına xitam verilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini əsassız sayaraq izahatında göstərmişdir ki,iddiaçı onun keçmiş gəlini olmuşdur.Belə ki,onun oğlu AğayevCeyhunNadiroğlu ilə iddiaçı 1999-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və mübahisəli yaşayış sahəsində yaşamışlar. Onların nikahı 2012-ci ildə pozulmuş, bundan sonra AğayevCeyhunNadiroğlu evdən çıxmaq məcburiyyətində qalmışdır. Keçən müddət ərzində iddiaçı ilə münasibətləri yaxşı olmuş, hətta iddiaçının mülkiyyətində olan evlə bağlı digər şəxslərlə məhkəmə mübahisələrində iddiaçıya yaxından dəsdək olmuşdur. Ümumiyyətlə iddiaçının mülkiyyətində olan evin əldə olunmasında onun da yardımı olmuşdur.2004-cü ildə iddiaçının müraciəti üzrə sonuncunun mülkiyyətində olan evə qeydiyyata düşmüşlər, lakin orada heç vaxt yaşamamışlar. Belə ki, həmin dövrdə evlərin sökülməsi və qeydiyyatda olan şəxslərin sayına görə pul kompensasiyası verilməsi məsələsi ortada olmuşdur. Bu səbəbdən də iddiaçının da razılığı ilə onlar qeydiyyata düşmüşlər. O və ailə üzvləri qeydiyyatdan çıxmağa etiraz etmirlər, lakin oğlunun məsələsinə qarışmır çünki, oğlu evdə uzun müddət yaşamış və hüquq əldə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar,məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən – iddiaçı tərəfindən təqdim olunmuş aktın (akt qonşular tərəfindən tərtib olunaraq imzalanmış, özlüyündə cavabdehlərin mübahisəli ünvanda yaşamamasını ehtiva etmişdir) notariat orqanı tərəfindən deyil, buna səlahiyyəti olmayan Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq olunmasını göstərmiş, qətnamə əsasən bu istiqamətdə əsaslandırılmışdır. İlkin olaraq qeyd edilməlidir ki, bir qrup şəxsin (qonşuların) sadə yazılı formada cavabdehlərin mübahisəli evdə yaşamaması barədə tərtib etdikləri aktın notariat qaydasında təsdiq olunub-olunmamasının hazırki mübahisənin qanuni həlli baxımından əhəmiyyəti yoxdur. Həmin akt yazılı sübut olaraq iddiaçı tərəfindən təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yalnız təqdim olunmuş aktın notariat qaydasında təsdiq olunmamasına yönəlik əsaslandırması üzrə iddianın rədd olunması, cavabdehlərin iştirakının təmin olunmaması, işin həqiqi (faktiki) hallarının, cavabdehlərin kimliyinin, iddiaçıya münasibətinin və s. işin hallarının müəyyən olunmaması baxımdan qanuni və əsaslı sayıla bilməz. Apellyasiya baxışı zamanı tərəflərin izahatları və təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin ¼ hissəsi (1 yaşayış otağı – 17,3 m2) paylı mülkiyyət hüququ üzrə xx xxxxxxx 1998-ci il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı, Cavabdeh4 ilə1999-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onlar mübahisəli yaşayış sahəsində yaşamaqla birgə təsərrüfat idarə etmişlər. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə iddiaçının keçmiş qaynatası və qaynanası olmuşdur. Həmin şəxslər (eləcə də digər cavabdehlər) ümumiyyətlə mübahisəli yaşayış sahəsində yaşamamış, 2004-cü ildə qarşılıqlı razılığa əsasən ora qeydiyyata alınmışlar. Məqsəd isə, gələcəkdə evin sökülməsi durumunda qeydiyyatda olan şəxslərin sayına görə kompensasiya almaq olmuşdur (lakin, keçən müddət ərzində belə bir hal baş verməmişdir). İddiaçı Cavabdeh4 ilə 2012-ci il tarixədək ər-arvad kimi mübahisəli evdə yaşamış, sonradan ailə münasibətləri korlanmış, nikahları 2012-ci ildə pozulmuş, bundan sonra Cavabdeh4 evdən çıxmaq məcburiyyətində qalmışdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlərdən Cavabdeh4 iddiaçının əri kimi mübahisəli yaşayış sahəsində yaşamış, oradan iddiaçı ilə birlikdə istifadə etmiş, digər cavabdehlər isə ümumiyyətlə həmin evdə yaşamamış, sadəcə pasport qeydiyyatına alınmışlar. Belə olan halda isə, ilkin olaraq cavabdehlərin mübahisəli evə istifadə hüququnun yararıb-yaranmaması (mövcudluğu) məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra, MM) 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Eyni zamanda, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, şəxslərin yaşayış binasının tərkib hissəsinə istifadə hüquqlarının yaranması üçün müvafiq zəruri şərtlərin mövcudluğu müəyyən olunmalıdır. İddiaçı isə Cavabdeh4 istisna olmaqla, digər cavabdehlərin mübahisəli evə istifadə hüquqlarının yaranmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə işin müəyyən olunmuş hallarından aydın olur ki, digər cavabdehlərin iddiaçıya məxsus evdən istifadə hüquqları ümumiyyətlə yaranmamışdır. Yaranmayan (mövcud olmayan) istifadə hüququna xitam verilməsi isə mümkün deyildir. Həmin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatda olması isə onların əmlakdan istifadə hüquqlarının mövcudluğunu təsdiq edən hüquqi fakt kimi çıxış edə bilməz. Çünki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, iddiaçı digər cavabdehlərə qarşı, onların mövcud olmayan istifadə hüquqlarına xitam verilməsi ilə bağlı tələb irəli sürmüşdır. Bu səbəbdən də, iddia ərizəsi məhz qeyd edilən əsaslar üzrə təmin oluna bilməz. Lakin, faktiki və hüquqi vəziyyət Cavabdeh4 münasibətdə bir qədər fərqlidir. Çünki, yuxarıda qeyd edildiyi kimi həmin cavabdeh iddiaçının əri kimi mübahisəli yaşayış sahəsində yaşamış, oradan istifadə hüququ əldə etmişdir. Belə ki, MM-nin 228.5-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd edilən hüquq normasının dispozitiv şərtindən göründüyü kimi, Cavabdeh4 iddiaçının ailə üzvü (əri) kimi yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir. Bu səbəbdən də onun yaşayış sahəsinə istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Eyni zamanda qeyd edilməlidir ki,iddiaçının sübut kimi təqdim etdiyi akt Cavabdeh4 münasibətdə həqiqəti əks etdirmir. Çünki, aktda digər cavabdehlərlə yanaşı, həmçinin Cavabdeh4 da mübahisəli yaşayış sahəsində yaşamaması göstərilmişdir ki, məhkəmə baxışı zamanı bu hal digər sübutlarla və tərəflərin izahatları ilə öz təsdiqini tapmamışdır. Göründüyü kimi,iddiaçının iddia ərizəsində göstərilən əsaslarla (yəni cavabdehin formal qeydiyyatda olması, ona məxsus yaşayış sahəsində yaşamaması) istifadə hüququna xitam verilməsi barədə tələb əsassızdır. MM-nin 228.2-cimaddəsinəəsasənyaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, bu səbəbdən də, qətnamə orada göstərilən nəticələrin işin hallarına uyğun olmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməmsi ilə qəbul edildiyindən əsaslı və qanuni hesab oluna bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia yuxarıda göstərilən əsaslarla rədd edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X7 Vahabovnanın Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-592/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 592/2020 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar