Məhkəmə qərarları › İş №2(103)-3554/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3554/2023

22.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3554/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1687/2023 saylı, 07 aprel 2023-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X3 mülkiyyətçi tərəfindən kompensasiya verməklə onların Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsindəki 6 saylı evin 52 - ci mənzilindən istifadə hüququna xitam verilməsi, kompensasiyanın məbləği hər 4 cavabdeh üçün birgə olmaqla cəmi 12000 manat müəyyən edilməsi, mediasiya və məhkəmə xərcləri cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 ərizə ilə məhkəmə müraciət edərək “Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair e-2(011)-2462/2023 saylı mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilədənək və və həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1687/2023 saylı, 07 aprel 2023-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(011)- 1687/2023 saylı mülki iş üzrə icraat, iddiaçı X1 cavabdeh İddiaçı qarşı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair 2(011)- 2462/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Qərardaddan İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) şikayət verərək ləğv edilməsini və 1687/23 saylı mülki işin 2462/23 saylı mülki işə birləşdirilərək bir icraatda baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1687/2023 saylı, 19 aprel 2023-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi şikayəti təmin etməmək barədə qənaətini bununla əsaslandırmışdır ki, iddiaçının şikayəti formal və əsassızdır, buna görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, həmin iş üzrə icraat dayandırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki,... məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. X2 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, işdən görünür ki, hazırki tələb kompensasiya verilməklə cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsindəki 6 saylı evin 52 - ci mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədədir, hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd olunan ünvanda yerləşən mənzilin iddiaçıya məxsusluğunu mübahisələndirən iddiaçı X1 cavabdeh İddiaçı qarşı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışının ləğv edilməsi tələbinə dair 2(011)-2462/2023 saylı mülki iş vardır. Demək icraatın dayandırılması barədə qərardad mahiyyət etibarı ilə düzgün olduğundan ləğv edilməsinə də əsas yoxdur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1687/2023 saylı, 07 aprel 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1687/2023 saylı, 07 aprel 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar