Məhkəmə qərarları › İş №2(103)-356/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-356/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-356/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(005)-578/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu S.Rəhman küçəsi ev 44, mənzil 6-ya istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu S.Rəhman küçəsi ev 44 mənzil 6-nı keçmiş mülkiyyətçi Cavabdeh 23.01.2018-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02.02.2018-ci il tarixli ********** nömrəli çıxarışa əsasən həmin mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdeh hazırkı vaxtadək qeyd edilən mənzildən qeydiyyatdan çıxmamış, dəfələrlə ona mənzildən qeydiyyatdan çıxması barədə etdiyi müraciətlər nəticəsiz qalmış və heç bir əsas olmadan cavabdeh mənzildən könüllü surətdə qeydiyyatdan çıxmaq istəməmişdir. Bu hal isə iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən üç ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi cavabdeh müqaviləyə əsasən yaranmış öhdəliyi icra etməkdən imtina edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(005)- 578/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 2(103)-4212/2020 saylı qərardadı ilə iş üzrə icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi tələbinə dair 2(005)-1914/2020 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmin mülki iş üzrə yekun məhkəmə aktı 23 avqust 2021-ci il tarixdə qanuni qüvvəyə mindikdən sonra Bakı Apellyasiya Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Rəsul Məmmədov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçı və onun nümayəndəsinin izahatlarını dinəyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(005)-578/2020 saylı qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki iş materiallarında olan 23.01.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 44 mənzil 6 İddiaçı mülkiyyətinə keçmişdir. Həmin alqı-satqı müqaviləsi Cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində mübahisələndirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(005)-1914/2020 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilməmiş, həmin iş üzrə İddiaçı qarşılıqlı iddiası qismən təmin edilərək Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 44-da yerləşən 6 saylı mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(103)- 1596/2021 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2 (102)-3577/2021 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Göründüyü kimi, qeyd olunan iş üzrə məhkəmələr Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 44-da yerləşən 6 saylı mənzildən istifadə hüququnun olmaması nəticəsinə gələrək onun mənzildən çıxarılmasını qət etmişlər. Beləliklə, Cavabdeh qeyd olunan mənzildən istifadə hüququnun olmaması qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Hazırkı iş də Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına dair cavabdehin iddia tələbi hazırkı iddia tələbi ilə eyni predmet və eyni əsasla bağlı olduğundan və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı hazırkı iddianı qaldırmaqda məqsədi onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olan Cavabdeh qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 261, 391, 397- 398, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(005)- 578/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar