Məhkəmə qərarları › İş №2(103)-356/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-356/2022

29.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-356/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi və pozulmuş mülkiyyət hüququnun bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi, torpaq sahəsinin təhvil verilməsi, maneələrin aradan qaldırılması və pozulmuş mülkiyyət hüququnun bərpası tələbinə dair 2(001)-2111/2021 saylı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarına əsasən Xocəsən Bələdiyyəsinin 26 mart 2004-cü il tarixli 31 saylı qərarı əsasında alqı-satqı yolu ilə X2 mülkiyyətinə verilmiş 600 kv.m. torpaq sahəsi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq xidməti tərəfindən X2 adına təsdiq etdiyi cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqısatqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir.

2. 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2-1(81)- 1863/2016 saylı qərarına əsasən Binəqədi rayonu X3 Xanım Hüseyn qızına torpaq ayrılmasına dair 18 dekabr 2014-cü il tarixli 13/13 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan Cavabdeh1 tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

3. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı 127636 №-li çıxarışa əsasən, Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Xocəsən yolu 26 K ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh2 mülkiyyət hüququ, müəssisənin yerləşdiyi 0,05079 ha torpaq sahəsi üzərində isə istifadə hüququ 12 sentyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidməti tərəfindən verilmiş 05 may 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, tərəflər arasındakı mübahisəli torpaq sahəsinin İddiaçı Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 11 mart 2005ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış Bakı şəhəri Xocəsən ərazi dairəsində yerləşən ümumi sahəsi 600 m2 olan torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin təhvil verilməsi, maneələrin aradan qaldırılması, pozulmuş mülkiyyət hüququnun bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı Qərarı əsasında onun mülkiyyətində olan Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən torpaq sahəsindən cavabdehlərin çıxarılması, cavabdehlər tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülməsi, cavabdehlər tərəfindən ərazinin boşaldılması, torpaq sahəsinin ona təhvil verilməsi və mülkiyyətinə olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 26 mart 2004-cü il tarixli 31 saylı qərarı ilə bələdiyyə ərazisindən 600 kv.m torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Daha sonra Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı ilə həmin torpaq sahəsi Binəqədi RİH başçısı aparatının Memarlıq Xidməti tərəfindən X2 adına təsdiq etdiyi cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin bütün ətrafı təxminən 2 metr hündürlüyündə hasara alınmışdır. Bundan sonra iddiaçı tərəfindən hündürlüyü və eni təxminən 3 metr olan açıq qəhvəyi darvaza qoyulmuşdur. 2013-cü ildə həmin torpaq sahəsinə elektrik xətti çəkmək üçün müvafiq quruma müraciət edilmiş və müraciətə uyğun texniki şərt əsasında elektrik xətti çəkilmiş və hasarın çöl tərəfində darvazanın yaxınlığında sayğac quraşdırılmışdır. Bu günə qədər həmin torpaq sahəsinə görə vergilər iddiaçı tərəfindən ödənilir. Təxminən 2015-2016cı illər ərəfəsində həmin torpaq sahəsinin yanında torpaq sahəsi olan Cavabdeh1 özünə məxsus torpaq sahəsində tikinti işləri aparacağını bildirərək ustaların paltar dəyişməsi və yemək hazırlaması məqsədilə ona məxsus torpaq sahəsinə vaqon yerləşdirməsini xahiş etmişdir. O da etiraz etməmiş, Mürşüd tərəfindən torpaq sahəsinə vaqon yerləşdirilmişdir. O davamlı olaraq torpaq sahəsinə nəzarəti həyata keçirmişdir. 16 dekabr 2019-cu il tarixində axşam saatlarında torpaq sahəsinə nəzarət etmək üçün gələn zaman darvazanın yerində olmadığını görmüşdür. Bununla bağlı maraqlandığı zaman qonşuluqda yaşayan şəxslər darvazanın Mürşüd tərəfindən götürüldüyünü bildirmişlər. Dərhal Mürşüdlə görüşərək nə məsələ olduğunu soruşanda ona bildirmişdir ki, torpaq sahəsini Mətanət adlı şəxsdən almışdır. Bununla bağlı iddiaçı Məmmədov X5 Rayon Polis İdarəsinə müraciət etmişdir. Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 07 iyun 2004-cü il tarixli 68 saylı qərarı ilə bələdiyyə ərazisindən 500 kv.m. torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Daha sonra həmin torpaq sahəsi başqa bir neçə torpaq sahəsi ilə birləşdirilərək (68 saylı, 115 saylı, 19 saylı, 24/22 saylı qərar əsasında) ümumilikdə 18 sot torpaq sahəsinə dair Xocəsən Bələdiyyəsinin 18 dekabr 2014-cü il tarixli 13/13 saylı qərarı ilə Cavabdeh2 mülkiyyətinə keçmişdir. Hal-hazırda cavabdehlər Cavabdeh2 və Eyyubov X6 rayonu Xocəsən Bələdiyyəsinin 07 iyun 2004-cü il tarixli 68 saylı qərarını əsas götürərək və həmin Qərara “saxta” cizgi düzəldərək Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı Qərarına əsasən iddiaçıya məxsus olan torpaq sahəsinə iddia edir və həmin torpaq sahəsini zəbt etməklə orada tikinti-quraşdırma işləri həyata keçirir. Xocəsən Bələdiyyəsinin 07 iyun 2004cü il tarixli 68 saylı qərarı başqa torpaq sahəsi ilə bağlıdır. Lakin cavabdehlər 68 saylı qərar üçün hazırlanmış cizgini guya iddiaçının torpaq sahəsinə aid olduğunu iddia edərək həmin sahəni zəbt etməkdədirlər. Həmin 68 saylı qərar üzrə torpaq sahəsi digər torpaq sahələri ilə birləşdirilərək Xocəsən Bələdiyyəsinin 18 dekabr 2014-cü il tarixli 13/13 saylı qərarı ilə Cavabdeh2 verilmişdir. Xocəsən Bələdiyyəsinin 18 dekabr 2014-cü il tarixli 13/13 saylı qərarı ilə Cavabdeh2 verilmişdir. Xocəsən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/13 saylı qərarı Azərbaycan Respublikası ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Bu qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2017-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş və qərardan kassasiya şikayəti verilmədiyi üçün qüvvəyə minmişdir. Lakin bu məhkəmə aktları olmasına baxmayaraq Cavabdeh2 07 iyun 2004-cü il tarixli 68 saylı qərarı əsas tutaraq Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarına əsasən iddiaçıya məxsus olan torpaq sahəsinə iddia edir. Bununla kifayətlənməyərək 07 iyun 2004-cü il tarixli 68 saylı qərara saxta cizgi tərtib edərək iddia edir ki, guya 07 iyun 2004-cü il tarixli 68 saylı qərar məhz iddiaçıya məxsus torpaq sahəsinə aiddir. Cavabdehlərin bu əməlləri ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsində araşdırma gedir. Belə ki, iddiaçı tərəfindən verilmiş şikayət əsasında Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində araşdırma aparılmış və bölmənin təhqiqatçısı tərəfindən 07 yanvar 2020-ci il tarixdə törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, aparılmış araşdırma zamanı Cavabdeh1 tərəfindən təhqiqat orqanına təqdim edilmiş torpaq sahəsinin X4 mülkiyyətinə verilməsinə dair bələdiyyə qərarın, torpaq alqı-satqısına dair aktın, cizginin və etibarnamənin həqiqiliyi şübhə doğurur. Buna görə də toplanmış materiallar istintaqa göndərilmişdir. Bundan başqa verilmiş sorğu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 yanvar 2020-ci il tarixli məktubu ilə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin arxiv fondu üzrə 07 iyul 2004- cü il tarixli 68 saylı qərarın və ona əlavə edilmiş cizgi sənədinin Dövlət Arxivinin Bakı Filialında olduğu bildirilmiş və həmin sənədlərin təsdiqli surətləri onlara verilmişdir. Həmin qərar və cizgi sənədinə baxdıqda görünür ki, Dövlət Arxivinin onlara verdiyi cizgi sənədi ilə cavabdehlərin 07 iyul 2004-cü il tarixli 68 saylı Qərarı üçün saxta yolla hazırladığı və onlara təqdim etdiyi cizgi sənədi fərqlidir. Həmin saxta cizgi sənədi əsasında iddiaçıya məxsus torpaq sahəsini cavabdehlər zəbt etmişdir. Cavabdehin sözü gedən torpaq sahəsinə qanunsuz şəkildə müdaxilə etməklə zəbt etməsi nəticəsində iddiaçı 11 mart 2005-ci il tarixli 5/2 saylı Qərar əsasında ona məxsus olan torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilmir. O, cavabdehlərdən ona məxsus torpaq sahəsindən çıxmağı və özbaşına inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülüb ərazini boşaltmağı tələb etsə də, cavabdehlər tələbinə əməl etməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(001)-2111/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Fərid Hətəmzadə)

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən iddiaçı ona Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında 600 m2 torpaq sahəsinin ayrılmasını sübuta yetirsə də, cavabdehin həmin torpaq sahəsinin bir hissəsini zəbt etməsini sübut edə bilmədiyindən onun iddiası təmin oluna bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158, 164.2, 165.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamə ilə razılaşmayan İddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şiakyətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

15. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.

16. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

18. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

19. Eyni Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

20. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, İddiaçı bələdiyyə qərarı əsasında ona ayrılmış torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmasını sübut edə bilməmişdir. 27.İddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunub-olunmadığını müəyyən etmək məqsədilə apellyasiya icraatı zamanı işə baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 29 aprel 2022-ci il tarixli 10/2649 saylı rəyinə əsasən, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış 600 m2 torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan, iddia olunan torpaq sahəsinin İddiaçı Xocəsən Bələdiyyəsinin sözügedən qərarı əsasında alqı-satqı yolu ilə verilmiş 600 kv.m2 torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır.

28. Beləliklə, İddiaçı ilk növbədə özünə məxsus olan torpaq sahəsinin harada yerləşməsini sübut edə bilməmişdir.

29. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

30. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

31. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

32. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2111/2021 saylı mülki iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 50 manat pul İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar