Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3560/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Ərizəçi və onun vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(010)-5450/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 1994-cü ildən 2004-cü ilədək BBTİ 301 və 302 saylı Tikinti-quraşdırma İdarəsində iş icraçısı vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Sov.İKP XXİİ qurultayı adına “Xəzərdənizneftqazsənayesi” NQC İstehsalat Birliyinin “Neft daşları” X8 İdarəsində 02.09.1985-ci il tarixdən 30.06.1994-cü il tarixədək qazmaçı köməkçisi, qazmaçı, qazma ustası vəzifəsində işləmiş, daha sonra “Xəzərdənizneftqazsənayesi” X2 11.05.1988-ci il tarixli, 148 saylı əmri ilə “Neft daşları” X8 İdarəsi SSSR-nin NSN “Xəzərdənizneftqazsənayesi” İB-nin tərkibinə verilmişdir. Daha sonra “Xəzərdənizneftqazsənayesi” İB-nin 14.05.1992-ci il tarixli əmri ilə “Neft daşları” X7 İdarəsi "xxxx" Dövlət Konsern İB-nin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Neft Sənaye Nazirliyinin 03.03.1994-cü il tarixli əmri ilə "xxxx" X5 Neft Şirkəti adlandırılmış və “Xəzərdənizneftqazsənayesi” İB-nin “Neft Daşları” X8 İdarəsi onun tərkibinə verilmişdir. ARDNŞ-nin 27.12.2013-cü il tarixli əmrinə əsasən “Kompleks qazma İşləri” trestinin “Neft Daşları” X8 İdarəsi ləğv olunaraq, trestin “Neft Daşları” İstehsalat Bölümü kimi fəaliyyət göstərir. Həmçinin, 1994-cü ildən 2004-cü ilə qədər BBTİ 301 və 302 saylı Tikintiquraşdırma İdarəsində iş icraçısı vəzifəsində işləmişdir. Həmin yerdə işlədiyi müddətdə 1994-cü il tarixdən 2004-cü il tarixədək əmək kitabçasında işlədiyi qeyd edilməyib. Bununla bağlı ərizə ilə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət etsə də, 05.03.2021-ci il tarixli, BA-00826 nömrəli məktub ilə BBTİ 301 və 302 saylı Tikinti-quraşdırma İdarəsinin 1994-2004-cü illərə aid arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. O, əmək pensiyası almaq üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş, lakin 02.02.2021-ci il tarixli məktubla imtina cavabı almışdır. Bu səbəbdən də həmin illərin əmək stajının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(010)- 5450/2021 saylı qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi 1994-1999-cu illərdə Bakı Baş Tikinti İdarəsinin 301 saylı idarəsində, 1999-2004-cü illərdə Bakı Baş Tikinti İdarəsinin 302 saylı idarəsində iş icraçısı işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən apelyasiya şikayəti verilərək, apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(010)-5450/2021 saylı qətnaməsinin ləğv edilərək, ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında Ərizəçi və onun vəkili Vəkil apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(010)-5450/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda maraqlı şəxs apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Kollegiya iş materiallarını, tərəflərin izahatlarını, apelyasiya şikayətinin dəlilləri ilə əlaqəli yoxlayıb qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" MTK tərəfindən verilmiş 16.04.2021-ci il tarixli arayışa əsasən Ərizəçi Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, 350 saylı mənzildə yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş 02.02.2021-ci il tarixli, **********8 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd edilmişdir ki: “Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az (20 il 4 ay 13 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Ərizəçi müraciətinə verilmiş 05.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, BBTİ 301 və 302 saylı Tikinti-quraşdırma İdarəsinin 1994-2004-cü illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən ünvan 1 ünvanlanmış 01.09.2021-ci il tarixli məktubdan görünür ki, sözügedən idarə 2003-cü ildə özəlləşdirildiyindən müraciətdə qeyd edilən məsələlərə dair hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvan 1 ünvanladığı 21.10.2021-ci il tarixli, **********79 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 302 saylı Tikinti İdarəsi “Bakıyaşayıştikinti” Layihə Sənaye Tikinti Birliyinin 18.01.1990-cı il tarixli, 09 saylı əmri ilə yaradılmış, 301 saylı Tikinti İdarəsinin isə nə vaxt yaradıldığı barədə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda, hər iki idarə “Bakıyaşayıştikinti” Layihə Sənaye Tikinti Birliyinin nəzdində fəaliyyət göstərmiş, sonradan 301 saylı Tikinti İdarəsi uzun müddət fəaliyyət göstərmədiyi, heç bir daşınar və daşınmaz əmlakı olmadığı üçün “Bakıyaşayıştikinti” Layihə-Sənaye Tikinti Birliyinin 29.07.2009-cu il tarixli, 12 nömrəli əmri ilə 302 saylı Tikinti İdarəsinin tərkibinə verilmişdir. Həmçinin, 302 saylı Tikinti İdarəsi isə 13.10.2009-cu ildə ünvan 2 ünvanında yerləşən “Bakıyaşayıştikinti” Layihə Sənaye Tikinti Birliyinin təkribində özəlləşdirilmişdir. Birinci instansiya məhkəməsində şahid kimi izahat vermiş X3 izahatında bildirmişdir ki, o, 1987-ci ildə BBTİ-də sürücü işləmiş, 301 və 302 saylı obyektlərə beton daşımaqla məşğul olmuşdur. Nəbini də oradan tanımışdır. Belə ki, həmin vaxt Nəbi bu obyektlərə mal aparırdı və onu hər gün orada görürdü. Onlar sovet höküməti dağılandan birlikdə işləmişlər. O, 2000-ci ilə qədər bu müəssisədə işləmişdir. Bu müddətdə Nəbi də orada iş icraçısı işləmişdir. Birinci instansiya məhkəməsində şahid kimi izahat vermiş X6 izahatında bildirmişdir ki, o, BBTİ-də sürücü işlədiyi dövrdə Ərizəçi “prorab” olmuşdur. Nəbi əvvəl 301-ci Tikinti İdarəsində işləmiş, sonra İdarə 302-yə birləşdirilmişdir. Onların işi belə olmuşdur ki, sürücülər tikinti materiallarını daşıyıb tikinti sahəsinə gətirmiş, Nəbi də malları qəbul edib fəhlələrə verilməsinə nəzarət etmişdir. O, 1994-2004-cü illərdə Nəbi ilə birlikdə işləmişdir. Onun işlədiyi “Avtobaza 3” adlı müəssisə Nəbinin işlədiyi BBTİ-nin nəzdində olmuşdur. Birinci instansiya məhkəməsi işin tədqiq olunan sübutları əsasında müəyyən etmişdir ki, Ərizəçi 1994-2004-cü illərdə Bakı Baş Tikinti İdarəsinin 301 və 302 saylı idarələrində iş icraçısı işlədiyini, lakin bu dövrdə olan əmək fəaliyyəti barədə əmək kitabçasında heç bir qeyd edilmədiyini bildirərək, məhkəmədən həmin dövrdə olan iş stajının təsdiq edilməsini xahiş etmişdir. O, bu faktı təsdiq etmək üçün Dövlət Arixivinə müraciət etsə də həmin müəssissəsin arxiv sənədləri tapılmamışdır. Lakin ərizəçinin vəsatəti ilə həmin dövrdə bu müəssisədə işləmiş şahidlər X3 və X6 Ərizəçi həqiqətən onlarla birlikdə, eyni müəssəsidə işlədiyini, özlərinin sürücü, Ərizəçi isə iş icraçısı olduğunu bildirmişlər. Birinci instansiya məhkəməsi işin müəyyən etdiyi halları əsasında hesab etmişdir ki, Ərizəçi 1994-1999-cu illərdə Bakı Baş Tikinti İdarəsinin 301 saylı, 1999-2004-cü illərdə isə Bakı Baş Tikinti İdarəsinin 302 saylı idarələrində iş icraçısı işləməsi faktı iş materialları və həmin “kolxozda” işlədiyi müəyyən edilən şahidlərin ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt təsdiq olunmalıdır. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11, 308-ci maddələrinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərilə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1994-2004-cü il tarixlərdə Bakı Baş Tikinti İdarəsinin tabeliyində 301 və 302 saylı tikinti idarələrində iş icraçısı işləmiş, lakin əmək kitabçasında işlədiyi həmin hallar qeyd edilməmiş və həmin idarələrin sənədlərinin arxivə təhvil verilmədiyinə əsaslanaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə verdiyi izahatında bildirmişdir ki, işlədiyi idarələr fəaliyyətini dayandırdığı üçün uzun müddət əmək kitabçasını tapa bilməmiş, 2008-ci ildə işlədiyi idarənin kadrlar şöbəsinin əməkdaşını tapmış və əmək kitabçası onda olmuşdur. Əmək kitabçasını aldıqdan sonra ona məlum olmuşdur ki, 301 və 302 saylı idarələrdə işlədiyi illər qeyd olunmamışdır. Lakin, işlədiyi idarələri tapa bilmədiyi üçün işləməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Birinci instansiya məhkəməsi qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, Ərizəçi əmək kitabçasında bu barədə qeyd olmadığından və arxiv sənədləri olmadığından onun Bakı Baş Tikinti İdarəsinin 301 və 302 saylı idarələrində iş icraçısı kimi əmək fəaliyyətini yalnız onunla birlikdə həmin idarədə işləmiş və əmək kitabçasına bu barədə qeyd edilmiş şəxslərin şahid kimi ifadələri ilə təsdiq edilə bilər. Məhkəmə bu qənaətə gələrkən “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində göstərilən tövsiyyələri nəzərə almışdır. Həmin Qərarda qeyd edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Birinci instansiya məhkəməsi qeyd edilən prosessual qanunvericiliyin tələblərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə əsas götürərək, məhkəmədə dindirilmiş iki şahidin ifadələrinə əsaslanaraq, ərizəçinin yuxarıda qeyd edilən tikinti idarələrində işləməsinin təsdiq olunması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən nəticəsi ilə razılaşmayan apelyator şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində göstərilən tövsiyyələr məhkəmə tərəfindən düzgün tətbiq olunmamış, məhkəmədə dindirilmiş şahidlərin ərizəçi ilə eyni müəssisədə işlədikləri zəruri sənədlər və sübutlarla təsdiq olunmamış, qətnamədə şahidlərin işləməsini təsdiq edən əmək kitabçalarına istinad edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul edilə bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 80-ci maddələri) Kollegiya qeyd edir ki, məhkəmə ərizəçinin tələb etdiyi yerdə işləməsinə dair izahatı alınmış şahid ifadələrinə istinad etsə də, şahidlərin özlərinin bu məlumatların birbaşa daşıyıcıları olub-olmamasına, yəni ərizəçinin işləməsinin ehtimal edildiyi yerdə işləmələrinin onlara məxsus əmək kitabçasında qeydlərin təsdiq edilib-edilməməsinə əhəmiyyət verilməmişdir. Belə ki, Ərizəçi Bakı Baş Tikinti İdarəsinin tabeliyində 301 və 302 saylı tikinti idarələrində 1994-2004-cü illərdə iş icraçısı işləməsi və işlədiyi illərin əmək kitabçasına qeyd edilmədiyini bildirərək, həmin faktın təsdiq edilməsini xahiş etmiş və bu faktın təsdiqi kimi məhkəməyə iki şahid təqdim etmişdir. Ərizəçi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında işlədiyi 301 və 302 saylı tikinti idarələrinin Bakı Baş Tikinti İdarəsinin nəzdində olan “Yüksək mərtəbəli yaşayış evlərinin tikintisi” trestinin tabeliyində olduğunu və həmin idarələrin Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşdiyini bildirmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Bakı Baş Tikinti İdarəsi Bakı şəhərində fəaliyyət göstərməklə yaşayış, ictimai və sosial obyektlərin tikintisi ilə fəaliyyət göstərən iri tikinti təşkilatı olmaqla, tabeliyində onlarla tikinti trestləri, tikinti kombinatları, avtonəqliyyat müəssisələri, çoxlu tikinti təşkilatları olmuşdur. Ərizəçinin işlədiyini iddia etdiyi 301 və 302 saylı tikinti təşkilatları isə Bakı Baş Tikinti İdarəsinin nəzdində olan “Yüksək mərtəbəli yaşayış evlərinin tikintisi” trestinin tabeliyində olmuşdur. Lakin, ərizəçinin məhkəməyə təqdim etdiyi şahidlər isə ərizəçin işlədiyini iddia etdiyi 301 və 302 saylı tikinti idarələrində deyil, Bakı Baş Tikinti İdarəsinin nəzdində olan avtonəqliyyat idarəsində sürücü işləmişlər. Bu hal məhkəmədə şahid qismində dindirilmiş və məhkəməyə təqdim edilmiş həmin şahidlərin əmək kitabçalarındakı qeydlərlə də təsdiq olunur. Yəni şahidlər ərizəçi ilə bir müəssisədə işləmədiyindən, onların ərizəçinin həmin idarələrdə işləməsi barədə verdiyi ifadələri mötəbər hesab edilə bilməz. Lakin birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına diqqət yetirməmiş və şahidlərin ifadələrini sübut kimi qəbul edib, ərizəni təmin etməklə gəldiyi nəticə əsaslı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Kollegiya hesab edir ki, ərizəçinin məhkəməyə sübut qismində təqdim etdiyi şahidlər onunla bir müəssisədə işləmədiyi üçün izahatları sübut kimi qəbul edilə bilməz. Lakin, birinci instansiya məhkəməsi şahidlərin izahatlarını sübut kimi qəbul etməklə, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə almamışdır. Bu səbəbdən kollegiya hesab edir ki, ərizəçi dəlillərini təsdiq edən sübutları təqdim edə bilmədiyindən,ərizənin təmin olunması üçün əsaslar olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməli və ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(010)-5450/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-3560/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3560/2022
24.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver