Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3561/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 29 saylı Notariat Ofisinə, "xxxx" ASC-yə və Səbail rayon İcra Şöbəsinə qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 29 saylı Notariat Ofisinə, "xxxx" ASC-yə və Səbail Rayon İcra Şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-284/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bank "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində DEK-00073- 05/20A nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı illik 19 faiz ödəmək şərtilə 24 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir.
2. “Bank "xxxx" ASC ilə İddiaçı arasında kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə İddiaçı məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil yenidən ipoteka ilə yüklü edilmişdir.
3. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış icra qeydinə əsasən ipoteka predmeti olan mənzilə cəmi 130.891,95 manat üzrə borc yönəldilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Bakı şəhəri, 29 saylı Notariat Ofisinə, Bank "xxxx" ASC-yə və Səbail Rayon İcra Şöbəsinə qarşı notariusun xx.xx.2022-ci il tarixli, 8İ-482 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin aprel ayında Səbail rayon İcra şöbəsi tərəfindən məlumat verilmişdir ki, cavabdeh Bank "xxxx" tərəfindən, Bakı şəhəri 29 saylı notariat ofisi vasitəsi ilə 8İ-482 nömrəli qeydi ilə ipoteka predmetinə tutma yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydi informasiya sisteminə daxil olaraq, icra olunması üçün Səbail rayon İcra şöbəsinə göndərilmişdir. İcra qeydindən məlum olmuşdur ki, iddiaçı tərəfindən Bank "xxxx" ASC-dan qötürdüyü ipoteka krediti üzrə gecikmə baş verdiyi üçün, Bank "xxxx" ASC tərəfindən icra qeydi vasitəsi ilə Səbail rayon icra şöbəsinə yönəldilmişdir. Həmin icra qeydində göstərilir ki, iddiaçı ilə bağlanmış kredit və ipoteka müqaviləsinə əsasən güya ki, cəmi 130.891,95 manat borcu vardır. İddiaçı tərəfindən kifayət qədər kredit ödənişi olmuşdur və hazırda "xxxx" ASC tərəfindən icra qeydində yuxarıda qeyd olunan şişirdirilmiş məbləğ qanuna ziddir. Bundan başqa, kredit və ipoteka müqavilələrinin ləğv olunması yalnız məhkəmə qaydasında həyata keçirilə bilər. Bütün bunları nəzərə alaraq həmin icra qeydi ləğv olunmalıdır və iş üzrə məhkəmə araşdırması aparılmalıdır. Belə ki, iş üzrə məhkəmə çəkişməsində olduğu zaman, ekspertiza təyin olunur və ekspert rəyinin nəticəsində sübuta yetirilir ki, borc şişirdirilmişdir və ya şişildirilməmişdir.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 284/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia təmin edilmiş, Bakı şəhəri 29 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 8İ-482 nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələblərinə əsasən icra qeydi borclunun olduğu yer üzrə notarius tərəfindən aparılır. Lakin borclu İddiaçı Səbail rayonu ərazisində qeydiyyatda olmağına baxmayaraq, “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, onun barəsində icra qeydi aparan Bakı şəhəri 29 saylı notariat ofisi Nəsimi rayonu ərazisində yerləşir. Məhkəmə hesab etmişdir ki, mübahisəli icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın müddəaları pozulmaqla aparılmışdır
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, icra qeydinə dair notariat işinin surətində olan borclunun hesabından çıxarışda müddəti keçirilmiş borcun məbləği göstərilməmiş, maliyyə arayışında isə borc üzrə faiz və cərimələrin hesablanmaq tarixi və məbləğləri göstərilməmişdir. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olmayan sənədlər notarius tərəfindən borcun mübahisəsiz olub-olmadığına dair düzgün qərarın qəbul edilməsi üçün yetərli olmamışdır.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli bildiriş qanunvericiliyin tələblərinə uyğun olsa da, mülki iş materiallarına əlavə edilmiş poçt qəbzində həmin bildirişin göndərildiyi və təqdim edildiyi tarixlər qeyd edilməmiş, eyni zamanda bildirişin İddiaçı tərəfindən deyil, Ağayev soyadlı şəxs tərəfindən qəbul edildiyi göstərilmişdir. İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli digər bildiriş isə ümumiyyətlə qanunvericliyin tələblərinə uyğun tərtib edilməyib. Belə ki, həmin bildirişdə ipotekanın müvafiq reyestrdəki qeydiyyat anı və nömrəsinə istinad edilməməklə yanaşı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq da edilməmişdir. Eyni zamanda, tutmanın yönəldilməsi haqqında bildiriş “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməli olduğu halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bank "xxxx" ASC-nin Promo Filialına ünvanladığı məktubdan görünür ki, Bank "xxxx" icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müvafiq orqana xx.xx.2021-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, borclu İddiaçı kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qanunvericilklə müəyyən edilmiş qaydada məlumatlandırılmamış və bununla da ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmək hüququndan məhrum edilmişdir.
10. Məhkəmə öz mövqeyini “Notariat ha qqında”Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, “İpoteka haqqında” Qanunun 36.2, 36.4, 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169, 169-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən yalnız cavabdeh Bank "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə qeyri-obyektiv və qərəzli yanaşılmış, iş materialları hərtərəfli araşdırılmamışdır. Borclu İddiaçı isə kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, ona dəfələrlə Bank tərəfindən şifahi və yazılı qaydada xəbərdarlıqlar edilmişdir. Lakin bütün xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən öhdəliklər icra olunmadığı üçün qanunvericiliyin tələbinə uyğun olaraq ilk öncə yazılı bildirişlər göndərilmiş, daha sonra isə ipoteka predmetinə tutmanın yönəldilməsi, icra qeydinin aparılması üçün notariat orqanına müraciət olunmuş və xx.xx.2022-ci il tarixli, 8İ- 482 nömrəli icra qeydi aparılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, Bakı şəhər 29 saylı Notariat Ofisi məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyəcəyini yazılı formada bildirmiş, iş üzrə digər şəxslər (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbələri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
16. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.5 İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: -36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; -36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; -36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; -36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Maddə 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: -36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”: Maddə 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırki iş üzrə iddia təmin edildiyindən və cavabdeh Bank "xxxx" ASC apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi Bank "xxxx" ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, cavabdeh Bank "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində kredit xətti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçıya illik 19 faiz ödəmək şərtilə 24 ay müddətinə 100.000 manat məbləğində kredit verilmiş, həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iddiaçıya məxsus olan mənzil ipoteka ilə yüklü edilmiş, digər cavabdeh - Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış icra qeydinə əsasən ipoteka predmeti olan mənzilə cəmi 130.891,95 manat üzrə borc yönəldilmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə ipoteka saxlayan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyanın ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməlidir. Həmin bildirişdə digər məlumatlarla yanaşı icra olunmalı öhdəlik, yəni kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ barədə məlumat əks etdirilməlidir. İpoteka qoyan isə həmin bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
25. Nəzərə alınmalıdır ki, hazırki iddia tələbi də məhz kredit müqaviləsi üzrə ödənilməli olan məbləğin düzgün hesablanmaması ilə bağlıdır.
26. İşdə olan “Azərpoçt” xidmətinin qəbzindən görünür ki, qeyd olunan bildiriş iddiaçıya göndərilsə də, xx.xx.2021-ci il tarixdə iddiaçıya çatdırılması mümkün olmamış, çatdırılmamasının səbəbi isə göstərilməmişdir. Bildirişin elektron üsulla iddiaçıya göndərilməsini təsdiq edən sənəd isə notariat orqanına ümumiyyətlə təqdim edilməmişdir.
27. Yuxarıda da qeyd olunduğu kimi, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyanın ünvanına hər iki üsulla göndərməlidir.
28. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən ipoteka müqaviləsində digər məlumatlarla yanaşı ipoteka qoyanın elektron poçt ünvanı da göstərilməlidir və bank faydalanan tərəf kimi bu məlumatın ipoteka müqaviləsinə daxil edilməsində xüsusən maraqlı olmalı və gələcəkdə ipoteka predmetinə tutmanının yönəldilməsi haqqında bildirişin göndərilmə ehtimalını nəzərə alaraq bunu təmin etməlidir.
29. Göründüyü kimi, ipoteka qoyan iddiaçı bank tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qanunvericilklə müəyyən edilmiş qaydada məlumatlandırılmamış və bununla da ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmək hüququndan məhrum edilmişdir. Notariat ofisi isə bank tərəfindən qanunvericiliyin göstərilən tələblərinə riayət olunub-olunmamasını yoxlamadan icra qeydini aparmışdır.
30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işdə olan sənədlərə əsasən bank tərəfindən bildirişin qeydə alınması üçün ipotekanın dövlət qeydiyyatı orqanına xx.xx.2021-ci il tarixdə müraciət olunmuşdur. Halbuki, “İpoteka haqqında” Qanunun 36.4cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru tutmanın yönəldilməsi haqqında bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə davam edə bilməz.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Bank "xxxx" ASC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-284/2023 nömrəli qətnaməsi Bank "xxxx" ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.