Məhkəmə qərarları › İş №2(103)-3562/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3562/2024

22.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3562/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 Sergeyevnanın, X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-540/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Xalq Deputatlarının Bakı şəhər Sovetinin İcrayə Komitəsinin Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi İdarəsi tərəfindən verilmiş 212066 saylı, xx.xx.1982-ci il tarixli orderə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, 4 saylı evin, 46 saylı mənzili yaşamaq hüququ ilə Ludina Domnaya verilmişdir. Eyni zamanda, orderdə onunla birlikdə həmin sahəyə hüququ olan şəxs qismində 4 nəfərin, o cümlədən İddiaçı Lovnanın (bundan sonra iddiaçı) və X4 (iddiaçının oğlu və hazırki iş üzrə nümayəndəsi) köçdüyü göstərilmişdir. xx.xx.1996-cı il tarixdə iddiaçının oğlu X5 cavabdeh X10 (bundan sonra cavabdeh) arasında nikah bağlanmış, bundan sonra cavabdehə Ryazanova soyadı verilmişdir. Ludina Domna vəfat etdikdən sonra müraciəti və adları orderdə göstərilən şəxslərin buna etiraz etməməsi nəzərə alınaraq, həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ xx.xx.1998-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzil hazırda da onun mülkiyyətindədir. İddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah 2012-ci il tarixdə pozulmuşdur. Cavabdeh nikahda olduğu dövrdə həmin mənzildə yaşamış və pasport qeydiyyatına alınmış, hazırda da qeydiyyatdadır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən həmin mənzildən cavabdehin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, habelə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 155 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli arayışlarına əsasən iddiaçının oğlu xx.xx.2005-ci il tarixdən, cavabdeh isə xx.xx.2005-ci il tarixdən həmin mənzildə qeydiyyatdadır, lakin qonşuların aktına əsasən cavabdeh 2001-ci il tarixədək və 2017-ci il tarixdən hazıra kimi bu mənzildə yaşamamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, 4 saylı evinin, 46 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, nikaha xitam verildikdən sonra keçmiş gəlini olan cavabdeh mənzildə olan bütün əşyalarını da götürüb evdən çıxıb getmişdir. Cavabdeh ona məxsus mənzildə qeydiyyatda olsa da, mənzildə yaşamır. Cavabdehin ona məxsus olan mənzildə faktiki yaşamadığını qonşuların tərtib etdiyi və notarial qaydada təsdiq edilmiş ərizə də sübut edir. Bundan başqa Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 155 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi 151 nömrəli, xx.xx.2023-cü il tarixli və 258 nömrəli, xx.xx.2023-cü il tarixli arayışlarla da onun mənzilində yaşamadığı faktı təsdiq olunur. Cavabdehlə aralarında notariat qaydasında təsdiqlənmiş hər hansı saziş mövcud deyil. Cavabdehin uzun bir müddət ərzində ona məxsus olan mənzildə yaşamaması ondan asılı olmayan hər hansı bir səbəblə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Belə ki, oğlu ilə cavabdehin nikahı məhkəmə qaydasında pozulduqdan sonra cavabdeh mübahisəli mənzildən köçmüş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Cavabdehin mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi kimi mənzil hüquqlarını pozur. Belə ki, məcbur qalıb onun da yerinə kommunal xərclərini ödəyir. Bu da maddi vəziyyətinin pisləşməsinə səbəb olur.

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, o, 1996-cı il tarixdən mübahisəli mənzildə yaşayır. Belə ki, o, Nümayəndə2lə 1996-cı il tarixdən nikaha daxil olmaqla ailə həyatı qurmuş və həmin müddətdən mübahisəli mənzildə yaşamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2-2259/2011 saylı iş üzrə çıxardığı qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. Qeyd edilən vaxtdan o, həmin məzildən istifadə etmiş və bu gün də qızı ilə birlikdə istifadə etməkdədir. Son zamanlar təqribən bir ildir ki, keçmiş qaynanası ilə yola gedə bilmir və iddiaçı hər vəclə çalışır ki, onu mənzildən çıxarsın. Lakin o, buna etiraz edir, çünki onun faktiki olaraq yaşamağa evi yoxdur. Onun istifadə hüququna xitam veriləcəyi təqdirdə harda və necə yaşamağı sual altında qalır.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 540/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiası rədd edilmişdir. (hakim X9)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzildə daima yaşamış, onun başqa yaşayış yeri yoxdur, müəyyən müddətdə yaşamamağına səbəb isə iddiaçı tərəfindən ona qoyulmuş maneələr olmuşdur. Bundan başqa, cavabdehin başqa yerdə yaşaması səbəbindən iddiaçıya məxsus evdən istifadə hüqununun əsaslarının aradan qalxdığı və bu əsasla evdən istifadə hüququna xitam verilməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, iddiaçı cavabdehin daimi başqa yaşayış yerinin olmasına sübut təqdim etməmişdir. Habelə istifadə hüququnun itirlməsi üçün müvafiq kompensasiya təklif olunmamışdır. Qeyd olunanlara əsasə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia rədd edilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci, 228.5-ci maddəsinə, 01 oktyabr 2009-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217-ci və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Mənzil Məcəlləsinin 123-cü maddələsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh onun ailə üzvü deyil və hazırda da tərəflər arasında mübahisəli mənzildən istifadə hüququ haqqında razılıq yoxdur. İş materiallarında olan arayışdan da görünür ki, cavabdeh 1996-cı ildə onun oğlu ilə nikaha daxil olsa da, onlar mübahisəli mənzildə yaşamamışlar, yalnız 2002-ci ildən sonra mənzilə köçmüşlər. Cavabdeh 2005-ci ildə qeydiyyata düşmüşdür. Odur ki, cavabdehin nikaha daxil olandan həmin mənzilə köçüb yaşaması barədə məhkəmənin qeyd etdiklərinin heç bir sübutu yoxdur. Cavabdehlə iddiaçı arasında mənzillə bağlı hüquqi münasibətlər yalnız 2005-ci ildən qeydiyyata düşdüyü vaxtdan yaranmışdır. Məhkəmə isə yanlış nəticəyə gəlmişdir. 2017-ci ildən cavabdehin mübahisəli mənzildə yaşamaması və Sabunçu rayonu Ramana qəsəbəsində yaşaması faktı məhkəmə iclasında cavabdehin nümayəndəsi - qızı tərəfindən də təsdiq edilmişdir. Belə ki, onun oğlu ilə cavabdehin nikahı məhkəmə qaydasında pozulduqdan sonra cavabdeh mübahisəli mənzildən köçmüş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də, cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh 2017-ci il tarixdən daimi əsaslarla mübahisəli mənzili tərk etmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, onunla iddiaçının oğlu arasında 1996-cı ildə nikah bağlandıqdan sonra onlar 1999-cu ilədək onun anasının yanında yaşamışdılar. 1999-cu ildə mübahisəli mənzilə köçmüşdürlər. Nikahları pozulduqdan sonra əri 2012-ci ildə mənzili tərk etmiş, o, isə uşaqları ilə mənzildə yaşamağa davam etmişdir. 2017-ci ildən (ilk olaraq, bir ildir ki, mənzildə daimi yaşamadığını söyləmiş, lakin onun nümayəndəsi onun 2017-ci ildən mənzildə daimi yaşamadığını bildirdikdən sonra, bu mövqedən çıxış etmişdir) həmin mənzildə daimi yaşamasa da, son bir ilədək mütəmadi olaraq gecələmək şərtilə həmin evə gedib-gəlmişdir. Belə ki, iş yerinə uzaq olduğu və yol xərci çox çıxdığı üçün anasının evinə köçərək, bir müddət onun evində, daha sonra kirayə əsaslarla, hər ay 200 manat kirayə haqqı ödəməklə bir müddət başqa ünvanda yaşamışdır. Hazırda isə bacısının yanında qalır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 Sergeyevna apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, cavabdehin iş yeri “Gənclik” metrostansiyasının yaxınlığında yerləşir və ona mübahisəli evdən iş yerinə getmək həm vaxt, həm də maddi baxımdan (yol xərci təxminən 100 manat təşkil edirdi) çətin olduğundan cavabdeh 2017-ci il tarixdən mənzildə daimi əsaslarla yaşamamış və öz anasının yanında qalmağa başlamışdır. Belə ki, anasının ona, yəni cavabdehə ehtiyacı olmuşdur. Lakin 2017-ci ildən daimi yaşamasa da, həftədə 2-3 dəfə mübahisəli mənzilə gəlib-getmiş və onun otağında qalmaqla, onun otağında olan taxtda birlikdə yatmışdırlar. Cavabdehin həmin mənzildə geyim əşyaları və kosmetikası var. Cavabdeh bir müddət (2 ilə yaxın) öz anasının yanında qalıb ona qulluq etdikdən sonra, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən evdə kirayə qalmış, kirayə haqqı olaraq təxminən 300 manat məbləğində pul ödəmişdir. Bir neçə aydır ki, bacısı ilə birlikdə bacısının Əhmədli metrostansiyasının yaxınlığında yerləşən evində qalır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

15. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməyərək, iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməli və cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirmiş hesab edilməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, mübahisəli mənzil Xalq Deputatlarının Bakı şəhər Sovetinin İcrayə Komitəsinin 212066 saylı, xx.xx.1982-ci il tarixli orderinə əsasən Ludina Domnaya verilmişdir. İcarədarın ölümündən sonra mənzil özəlləşdirmə qaydasında iddiaçının mülkiyyətinə keçmiş və onun mənzilə dair mülkiyyət hüququ xx.xx.1998-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh iddiaçının gəlini, yəni onun oğlu X4 arvadı olmuş, onların arasında nikah xx.xx.1996-cı il tarixdə bağlanmış, 2012-ci il tarixdə isə məhkəmə qaydasında pozulmuşdur.

24. İddiaçı nikah pozulduqdan sonra cavabdehin əşyalarını da götürməklə mənzildən getdiyini bildirir və onun mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. Bu baxımdan iddiaçı özü də cavabdehin həmin mənzildən istifadə hüququnun yarandığını qəbul edir, lakin cavabdehin daimi əsaslarla mənzili tərk etməsi səbəbindən bu hüququnu itirdiyini iddia edir. Lakin təqdim etdiyi aidiyyəti sənədlər, o cümlədən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu, müvafiq Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli arayışları ilə cavabdehin 2001-2017-ci il tarixlərdə bu mənzildə yaşadığını, mənzil üzrə pasport qeydiyyatına yalnız 2005-ci ildə alındığını, habelə mənzildən cavabdehin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyini sübuta yetirməyə çalışır. Başqa sözlə, irəli sürülmüş tələbin mahiyyəti və iddianın məzmunu baxımından iddiaçı cavabdehin mənzildən istifadə hüququnun yarandığını, lakin daimi əsaslarla tərk etməsi səbəbindən itirildiyini iddia etdiyi halda, təqdim etdiyi bir sıra sübutlarla onun bu mənzildən ümumiyyətlə istifadə hüququnun yaranmadığını sübuta yetirməyə çalışır.

25. Belə ki, cavabdehin həmin mənzilə 2001-ci ildə köçməsi tərəflərin birinin-digərinə münasibətdə statusu baxımından bu münasibətlərə hazırda qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinin tətbiq edilməsini şərtləndirir. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından cavabdehin mənzildən istifadə hüququnun yaranması üçün həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq notarial qaydada təsdiqlənən yazılı razılaşmanın olması lazımdır. Lakin belə bir razılaşma mövcud deyil. Bundan əlavə cavabdehin bu hüququ daşınmaz əmlakın dövlət reyestrində də qeydə alınmamışdır. Qeyd edilənlər hazırki iddianın cavabdehin istifadə hüququnun yaranmaması əsası ilə rədd edilməsi üçün əsas yaradır.

26. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının tələbini, cavabdehin etirazının məzmununu (mübahisəli mənzilə nikaha daxil olduqdan sonra köçmüş) və izahatını (1999cu ildə köçmüş) əsas götürüb, habelə Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışının qonşuların aktına əsasən tərtib edildiyini, cavabdehin 2001-ci ildən sonra həmin mənzilə köçməsini təsdiq edən hər hansı başqa sübutun isə olmadığını nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh mübahisəli mənzilə 1999-cu ildə köçmüş və iddiaçı, habelə iddiaçının oğlu, yəni əri və uşaqları ilə birlikdə orada yaşamışdır. Bu baxımdan mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından da bu münasibətlərə məhz qeyd edilən Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir.

27. Bununla belə, həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin bu sahəni tənzimləyən aidiyyəti müddəalarının tələbləri baxımından mübahisəli mənzilin həmin vaxt artıq mülkiyyətçisi olan iddiaçının razılığı ilə mənzilə köçən və iddiaçı ilə birgə təsərrüfat apararaq onunla birgə yaşayan cavabdehin 1999-cu ildə mənzildən istifadə hüququ yaranmışdır.

28. Cavabdehlə iddiaçının oğlu arasında bağlanmış nikah 2012-ci ildə pozulmasına baxmayaraq, cavabdeh həmin mənzildə yaşamağa davam etmiş və 2017-ci ildə həmin mənzili tərk etmiş və həmin ildən orada yaşamır. Bu hal cavabdehin özünün və onun qızı, eyni zamanda nümayəndəsi olan və mənzildə bügünədək yaşamağa davam edən Nümayəndə1 Sergeyevnanın izahatı ilə də təsdiq edilir. Halbuki, cavabdeh ilk olaraq ötən ilə kimi həmin mənzildə daimi əsaslarla yaşadığını bildirmiş, lakin nümayəndəsi onun 2017-ci ildən mənzildə daimi əsaslarla yaşamadığını göstərdikdən sonra cavabdeh də bu mövqedən çıxış etmişdir ki, belə bir halın özünün mövcudluğu cavabdeh tərəfindən həqiqi faktların təhrif olunmasına dəlalət edir. Digər tərəfdən iddiaya qarşı etirazında mənzilə nikaha daxil olduqdan sonra köçdüyünü göstərsə də, məhkəmə iclas zalında verdiyi izahatında mənzilə 1999-cu ildə köçdüyünü söyləmişdir.

29. Cavabdeh (onun nümayəndəsi) iş yerinin “Gənclik” metrostansiyasının yaxınlığında yerləşdiyini və Mərdəkan qəsəbəsindən (mənzilin yerləşdiyi yer) iş yerinə getməyin həm məsafə, həm də maddi baxımdan (yol xərci ayda təxminən 100 manat təşkil edir) çətin olduğunu, həm də həmin vaxt anasının köməyə ehtiyacının olduğunu və məhz bu səbəbdən mənzili müvəqqəti olaraq tərk etdiyini bildirir. Cavabdehin bu mövqeyi, o cümlədən nikahın pozulmasına baxmayaraq, onun mənzildə yaşamağa davam etməsi ilk növbədə onu təsdiq edir ki, cavabdeh mənzili hər hansı təsir olmadan, öz iradəsinə uyğun olaraq tərk etmişdir. Eyni zamanda, cavabdeh mənzili tərk etməsinə baxmayaraq, həftədə 2-3 dəfə mənzilə gəlib orada qaldığını qeyd edir. Halbuki, yolun uzaq olması səbəbindən və anasına qulluq etmək məqsədi ilə mənzildən köçən cavabdehin həftədə 2-3 dəfə yenə də bu yolu qət edib, mənzilə gəlməsi və qulluğa ehtiyacı olan anasını tək qoyması özüözlüyündə anlaşılmazdır. Bundan başqa, cavabdeh 2017-ci ildən sonra nəinki həftədə 2-3 dəfə, hətta ayda bir dəfə belə mübahisəli mənzildə nəinki qalmasını, ümumiyyətlə oraya gəlməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. İddiaçı isə belə bir halın olmadığını, 2017-ci ildən sonra cavabdehin həmin ünvanda yaşamadığını bildirir.

30. Məhkəmə kollegiyası xüsusilə o halı da nəzərə alır ki, cavabdeh 2 ilə yaxın müddət öz anasının yanında qaldıqdan sonra həmin evi də tərk edərək, kirayə əsaslarla Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən evdə yaşamağa başlamışdır. Halbuki, cavabdehin mövqeyinə əsasən (müvvəqəti olaraq mənzili tərk etmişdir) o, mübahisəli mənzildən məhz anasına qulluq etmək məqsədi ilə çıxmış və bu baxımdan həmin hal aradan qalxdıqdan sonra o, yenidən mənzilə qayıtmalı və daimi əsaslarla orada yaşamağa davam etməli idi. Lakin belə bir hal baş vermir və nəticədə yolun uzaq olmasını və yol xərcinin çox olmasını (təxminən 100 manat) əsas kimi göstərən cavabdeh onun iş yerinə heç də yaxın olmayan Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən evdə kirayə əsaslarla yaşamağa başlayır və verilən məlumata əsasən kirayə haqqı olaraq hər ay təxminən 200 (nümayəndəsinin məlumatına əsasən təxminən 300) manat məbləğində pul ödəyir ki, bu məbləğ də onun yüksək hesab etdiyi yol xərcindən xeyli artıqdır. Sonradan iddiaçı bu evdən də çıxır və yenə də mübahisəli mənzilə deyil, bacısının Əhmədli metrostansiyasının yaxınlığında yerləşən evinə köçür və artıq bir neçə aydır ki, həmin evdə yaşayır. Halbuki, 2017-ci ildən sonra ən azı hazırki iddia qaldırılan tarixədək, cavabdehin mübahisəli mənzilə qayıdıb orada yaşaması üçün hər hansı maneənin olduğu müəyyən edilmir. Hər bir halda, maneə olduğu təqdirdə mənzildə yaşamaq istəyən cavabdeh bunu məhkəmə qaydasında mübahisələndirmiş olardı. Nəticə etibarı ilə ödənişsiz əsaslarla yaşadığı, öz iradəsi ilə tərk etdiyi, lakin sonradan yenə də yaşamağa davam etmək üçün hər hansı maneənin olmadığı bir halda, cavabdeh hər ay kirayə haqqı ödəyib, başqa mənzildə, daha sonra isə bacısının mənzilində yaşamağı üstün tutmuşdur. Qeyd edilənlər də öz növbəsində onun mübahisəli mənzilə olan nəinki ehtiyacının, hətta ümumiyyətlə marağının aradan qalxdığını təsdiq edir.

31. Bununla belə, məhkəmə kollegiyası cavabdehin 2017-ci ildə öz iradəsinə uyğun olaraq həmin mənzili tərk etdiyi, ötən dövr ərzində (ən azı iddia qaldırılanadək) onun bu mənzilə qayıdıb yaşaması üçün hər hansı maneənin olmasının müəyyən edilmədiyi bir halda, mənzilə yaşamaq üçün qayıtmadığını və 3 müxtəlif ünvanda, o cümlədən kirayə haqqı ödəməklə yaşadığını, habelə 28-30-cu bəndlərdə göstərilən digər halları nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh mübahisəli mənzili 6 ilə yaxın müddətdir ki, müvəqqəti olaraq deyil, məhz daimi əsaslarla tərk etmiş və mübahisələndirilən hüququndan könüllü olaraq istifadə etmir. Onun həmin mənzilə, o cümlədən bu hüququnun reallaşmasına olan ehtiyacı, hətta ümumiyyətlə fiziki və hüquqi marağı aradan qalxmışdır. Bu baxımdan cavabdeh iddiaçının mülkiyyətində olan həmin mənzilə olan fiziki və hüququ bağlılığını, o cümlədən mənzildən istifadə hüququnu itirmişdir. Qeyd edilənlər öz növbəsində cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini şərtləndirir.

32. Cavabdeh tərəfin təqdim etdiyi bir neçə fotoşəkil isə onun hazırda da bu mənzilə hüquqi və fiziki bağlılığının olmasını təsdiq edə bilməz. Həmin şəkillər hər hansı parkda və iaşə obyektində çəkilmiş, onların yalnız ikisi cavabdehin hansısa otaqda olduğunu göstərir. Cavabdeh də bu otağın məhz mübahisəli mənzilin otağı olduğunu vurğulayır. Lakin 2017ci ildən sonra ötən 6 il ərzində cavabdehin bir dəfə mənzilə gəlməsi, hələ onun mənzildən istifadə hüququnu itirməsini istisna etmir. Hər bir halda, iş yerinin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşməsinə baxmayaraq, cavabdehin qızı (iş üzrə nümayəndəsi) hazırda da bu mənzildə yaşayır. Artıq müəyyən edildiyi kimi, mənzilə gəlmək üçün hər hansı maneənin olmadığı bir halda, cavabdeh sərbəst şəkildə öz qızının yanına getmək imkanına malik olmuşdur. Bununla belə, məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, nəticə etibarı ilə 2017-ci il tarixdən sonra cavabdehin mənzildə olmasını təsdiq edən yalnız 1 hal üzrə iki fotoşəkil təqdim edilmişdir. Həmin fotoşəkilin də hansı ilə aid olması aydın deyil. İddiaçı tərəfin suallarından cavabdehin həmin mənzildə keçirilən tədbirlərdə (iddiaçının ad günü və sair) iştirak etmədiyi də müəyyən edilmişdir. Hər bir halda, 2017-ci ildən sonra da həftədə 2-3 dəfə mənzildə qalmağa davam edən cavabdeh tam təsadüf nəticəsində belə mənzildə keçirilən tədbirlərin hər hansı birində iştirak etməli idi.

33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin mübahisəli mənzildə 2005ci ildən pasport qeydiyyatında olması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun hazırda da həmin mənzildə pasport qeydiyyatında olması mənzildən istifadə hüququnun saxlanılması kimi qiymətləndirilə bilməz.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli mənzilə olan istifadə hüququnu itirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinə səhv qiymət verərək və hüquq normalarını düzgün tədbiq etməyərək, iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 540/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməklə Cavabdeh mübahisəli mənzilən istifadə hüququ itirmiş hesab edilməlidir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-540/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsində yerləşən 4 saylı evinin, 46 saylı mənzilndən istifadə hüququ itirilmiş hesab edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar