Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3563/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borc) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində yerləşən sayğaca baxış keçirilmiş və sayğacdan kənar qaz istifadəsinin olduğu aşkarlanmışdır. Bundan sonra akt tərtib edilərək, iddiaçıdan dəymiş zərərin əvəzi tələb olunmuşdur. İddiaçı isə həmin aktla razılaşmayaraq, məhkəməyə müraciət etmiş və akt əsasında hesablanmış borcun silinməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh həmin qətnamə ilə razılaşmayaraq, apellyasiya şikayəti vermişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (bundan sonra – birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 3844,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh bir neçə akt tərtib etmiş və aktlarda guya sayğacdan kənar qeyri-qanuni qaz xətti çəkildiyi aşkar olunmuşdur. Nəticədə, onun adına olan **********00000 hesab koduna əsassız olaraq 3844,40 manat məbləğində cərimə yazılmışdır. Qeyd olunan ünvanda sayğacdan kənar qeyri-qanuni heç bir qaz xətti çəkilməmişdir. Cavabdehin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə ona məxsus ünvan 1 ünvanında qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar xəttdən istifadə olunması barədə 136432 nömrəli akt onun imzası olmadan tərtib olunmuş və hesab koduna 1004 manat əsassız borc yazılmışdır. Bundan başqa, 2019-cu ilin fevral ayı 799,20 manat, 2019-cu ilin mart ayı 133,20 manat, 2019-cu ilin aprel ayı 133,20 manat, 2019-cu ilin may ayı 32,40 manat, 2020-ci il 28 fevral tarixində ******* nömrəli akt əsasında 907,20 manat, 2020-ci ilin mart ayında 295,20 manat, 2021-ci il 15 fevral tarixində ******* nömrəli akt əsasında 540 manat olmaqla, cəmi 3844,40 manat məbləğində əsassız cərimə hesab koduna yazılmışdır.
4. Birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərək, iş üzrə məhkəmətrasoloji ekspertizası təyin edilmiş, icraat dayandırılmış, ekspert rəyi alındıqdan sonra isə icraat təzələnmişdir.
5. Həmin ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə, habelə sayğacdan kənar qaz xətti aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli (2(008)-334/2024 nömrəli mülki iş üzrə, hakim T.Əsədova) qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehin tərtib etidyi aktlar əsasında hesablanmış 3844,40 manat məbləğin **********00000 nömrəli hesabdan silinməsi, 58,44 manat dövlət rüsumunun cavabdehdən dövlət mədaxilinə alınması, ekspertizanın dəyərinin 32,5 manatının iddiaçıdan, 32,5 manatının cavabdehdən tutulması qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının kənar xəttdən istifadə etməsi sübuta yetirilmədiyindən, iddia təmin edilməli, 3844,40 manat məbləğində borc silinməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, cavabdehin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən, iddiaçının yaşadığı ünvanda qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Cavabdehin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamə, abonent saldosu və s.) Birliyə vurulmuş zərəri sübut edir. Bununla yanaşı, ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmamış, qanunsuz birləşmənin mövcud olduğu yerləri tədqiq etməmişdir. Bu səbəbdən də ekspert rəyi ilə iş materiallarında olan digər sübutlar, xüsusilə də fotoşəkillər arasında kifayət qədər ziddiyyətlərin (fotoşəkillərdən açıq-aşkar görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur), həmçinin də ekspert rəyinin mötəbərliyi ilə bağlı kifayət qədər şübhələrin olmasına və vəsatət verilməsinə baxmayaraq, məhkəmə təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş və bununla da prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol vermişdir. Yekunda, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün saymışdır.
Tətbiq edilən hüquq
“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı:
12. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
15. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia tələbi təmin olunduğundan və apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam şəkildə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
22. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.
23. Sübutların toplanması və təqdim edilməsi yükü isə tərəflərin üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. İddiaçının tələbinin əsaslı olması keçirilmiş ekspertizanın nəticələrindən müəyyən edilsə də, cavabdeh etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apellyasiya şikayətini formal mülahizələrlə əsaslandırmışdır.
25. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin xx.xx.2023-cü il tarixli rəyindən iddiaçıya məxsus fərdi yaşayış evində olan borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədənin, habelə sayğacdan kənar qaz xəttinin aşkar olunmadığı, qaz sayğacından kənar xətlərin çəkilməsinin müşahidə edilmədiyi müəyyən olunur. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert cavablandırdığı suallar üzrə tam və hərtərəfli tədqiqat aparmışdır. Rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi də uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
26. Cavabdeh isə məhkəməyə araşdırma zamanı tədiqiq olunan ekspert rəyinin əsaslılığını şübhə altına salan hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, apellyasiya şikayətinin dəlillərində sadəcə sayğacın saldolarının, aktların, tələbnamələrin və fotoşəkillərin sübut qismində araşdırlmamasını qeyd etmişdir. Cavabdeh tərəfindən qeyd olunanlar iddia tələbinin əsaslığını təkzib edə biləcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki abonentin saldosu hesablanmış və ödənilmiş borcları, tərtib olunmuş akt keçirilmiş yoxlamanın nəticələrini, tələbnamə dəymiş ziyanı göstərir. Həmin sənədlər onsuzda iddiaçı tərəfindən mübahisələndirilir və onların qanuniliyi şübhə altındadır. Cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdə isə mübahisənin nəticəsi üçün kifayət qədər əhəmiyyət kəsb edəcək hallara rast gəlinmir.
27. Nəzərə almaq lazımdır ki, təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
28. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
29. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı).
30. Belə olan halda, həmin sənədlərin mötəbərliyi şübhə altında olduğundan istehlakçının, yəni iddiaçının adına hesablanmış borcun əsaslı olmasını təsdiq etmir.
31. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış, onların mötəbərliyini nəzərə almaqla istifadə etmiş və iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdeh isə iddia tələbinə etirazının dəlillərini sübut edə bilməmiş və şikayətində formal mülahizələrə əsaslanmışdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Qətnamənin dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
35. MPM-in 119.1 və 124.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini təmin edildiyini nəzərə alaraq, 58.44 manat məbləğində rüsumu dövlət mədaxilinə cavabdehdən almaqda haqlı olmuşdur.
36. MPM-in 107 və 115.0.1-ci maddələrinin tələblərinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə, işə baxılması ilə əlaqədar məsrəflər isə məhkəmə xərclərinə daxildir. MPM-in 119.1-ci maddəsinə əsaslanaraq, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 65 manat təşkil edən eskpertiza xərcini tərəflər arasında mütənasib olaraq bölməklə düzgün nəticəyə gəlmişdir.
37. Həmçinin məhkəmə kollegiyası MPM-in 402-ci maddəsini əsas tutaraq qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
38. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-334/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.