Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3563/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X5 oğlundan ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2470/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı övladları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səbuhi Orucov küçəsi (keçmiş 3-cü Mədən küçəsi), giriş 93 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, o, 7 iyul 1998-ci il tarixində Cavabdeh1 ilə ailə qurmuşdur. Nikahları həmin tarixdə rəsmi qaydada Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alınıb. Əvvəllər mehriban olsalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyini anlamışlar. Davamlı mübahisə ediblər. Aralarındakı nikah qeydi formal xarakter daşıyır. Bildirir ki, aralarında ailə münasibətləri tamamilə pozulub. Hətta o artıq birgə yaşadığı evdən uşaqları ilə bərabər çıxmaq məcburiyyətində qalmışdır. Başqa yaşayacaq yeri də yoxdur. Əri ilə artıq boşanmaq ərəfəsindədir. Bu səbəbdən də o yaşamaq üçün həmin evə köçmək istəyir. Həmin mənzildə yaşayan zaman ailə büdcəsinin hesabına həmin mənzil tikilmiş, təmir edilmiş, yaşayış üçün yaxşı vəziyyətə gətirilmiş, həmin mənzildə əziyyəti çox olmuşdur. Yaşamaq üçün başqa yaşayış yeri yoxdur.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2470/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı övladları xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səbuhi Orucov küçəsi (keçmiş 3-cü Mədən küçəsi), giriş 93-də yerləşən 1 qonaq otağı, 3 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evinə köçürülməsi təmin edilmişdir.
4. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2470/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının evdən qovulması və başqa yaşayış yerinin olmamasına dair gəldiyi nəticə i şin halalrına uyğu deyildir. İddiaçının bir cümlədən ibarət bu fikri iddianın təmin edilməsinə yönələn öyrədilmiş cümlə olmaqla iddiaçı tərəfindən sdübut edilməmiş, məhkəmə isə iddiaçənən bu dəlilini sübut kimi qəbul etməsini əsaslandırmayaraq ümumiyyətlə araşdımaq blə istəməmişdir. Köçürülməsi qeyd edilən fərdi yaşayış evini məhz iddiaçı tərəfindən tikilməsi heç bir dəlil ilə təsdiq edilmir. İddiaçı faktiki nikah münasibətlərinin pozulduğunu etiraf etmişdir. Bundan başqa iddia ərizəsində qeyd edilir ki, həmin mənzildə yaşayan zaman həmin tikilmiş, təmir edilmiş, yaşayış üçün yaxşı vəziyyətə gətirlmiş, həmin mənzilin əziyyəti çox olmuşdur. Məhkəmə tərəfindən iddiaçının bu dəllilləri araşdırılmamış və sübut edilməmişdir. Belə ki, iddiaçı 1998-ci il tarixdən nikaha daxil olduğunu bildirsə də 1998-2001-ci il tarixlərdə hansı mənzildə yaşamasını, fərdi yaşayış evininin tikilməsində iştirakını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki iddiaçıdan fərqli olaraq cavabdeh qətnaməyə əsasən izahatında qeyd edir ki, - evi özü tikib. Gəlini əvvəl onun evində yaşayıb, sonra həmin evin yanında ev tikilib və oğlu arvadı ilə həmin evdə yaşayıblar. İddiaçıdan fərqli olaraq cavabdeh kimi adı qeyd edilən Cavabdeh2 evin tikildiyini, lakin özü tərəfindən tikildiyini bildirir, lakin tikinitini onun torpağında və özü tərəfndən tiklidiyini bildirir. İddiaçının üzərinə iddiada göstərdiyi halda sübut etmək yükü olduğu halda məhkəmə tərəf saxlayaraq iddiaçını bu yükdən azad edir. Hazrkı iddianın təmin edilməsi ilə cavabdeh və mülkiyyətçi olan Cavabdeh2 mülkiyyət hüquqları pozulmuşdur. Köçürülməsi qeyd edilən ünvandakı fərdi yaşayış evinin mülkiyyətçisinin kimin olması müəyyən edilməmişdir.
Apelyasiya baxışı zamanı verilən izahatlar
7. İddiaçı QSC “AZEMİS” vasitəsilə ərizə ünvanlayaraq, iddiadan imtina etməsini qəbul edərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
10. 52.1-ci və 52.5-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
11. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
12. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
13. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
14. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
15. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
16. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
17. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
18. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.
19. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
20. Kollegiya iddiaçının təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
21. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı iddiadan imtina edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
22. Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı iddiadan imtinası qəbul olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2470/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev