Məhkəmə qərarları › İş №2(103)-3568/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3568/2023

17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3568/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov (Sovetski küçəsi məhəllə 479), 57/24 və 55 saylı binalarının qarşısında yerləşən ikimərtəbəli qarajların birinci mərtəbəsində 2 qaraj – 01/0302 nömrəli birinci qaraj və 01/0314 nömrəli ikinci qaraj hər birinin sahəsi 22 kv.m olan qarajların dövlət reyestrində qeydiyyata alınması üçün Ərizəçi məxsus olması faktının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərardadı ilə (hakim T.Xəlilova, iş № e-2(004)-2043/23) iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilmişdir. İddiaçı qərardaddan şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər icra hakimiyyətinin Xalq Sovetinin 3\96 11 may 1990-cı ildə vəsatəti təmin olunmuş və Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi(Sovetski küçəsi, məhəllə 479, 57\24) iki mərtəbəli qarajın tikintisinə icazə verilmişdir. Bu icazə hüquqlarımızın dövlət qeydiyyatına alınması üçün kifayət qədər əsaslı sənəd sayılır. Orqan tərəfindən verilən cavabdan göründüyü kimi müılkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün bir sıra sənədlər lazım olmuşdur. Lakin, qeyd olunan sənədləri heç bir halda əldə etmək mümkün olmamış və bu fakt Milli Arxiv İdarəsinin 7 aprel və 13 aprel tarixli arayışları ilə təsdiq olunmuşdur. Bu hal məhkəmə tərəfindən nəzərə alınaraq mülki hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb təmin olunmalıdır. Sənədlərin bərpasının və heç bir halda əldə edə bilməməyimizi təsdiq edən sübut əhəmiyyətli lazımi sənədlər ərizəyə əlavə edilərək məhkəməyə göndərilmişdir. Bununla belə, bu hal məhkəmə tərəfindən nəzərə alınmamış iş kifayət qədər araşdırılmadan ərizə geri qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən ərizəçinin hüquqi faktın müəyyən olunması üçün birbaşa məhkəməyə müraciət etdiyinə, həmçinin ərizəçi tərəfindən həmin sənədlərin əldə edilməsinin mümkün olmaması barədə məhkəməyə sənədlər təqdim edilmədiyinə istinad etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********03 saylı məktubu ilə ərizəçiyə onun qarajlar üzərində hüquqlarının dövlət qeydiyyatı üçün lazımi sənədələrin təqdim olunması, eyni zamanda məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmamasının nəzərə alınması izah edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini iddianın yolverilməzliyi əsası ilə icraata qəbul etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar