Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-357/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (hazırda "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 Növruz qızına, Cavabdeh3 və Cavabdeh2 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)-61/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (hazırda "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 onun xeyrinə 19598,60 manat əsas, 15890,57 manat faiz, 517,98 manat cərimə borcu olmaqla, cəmi 36007,15 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllədə yerləşən, 2 otaqlı, 49.21 kv.m. ümumi, 29.11 kv.m. yaşayış, 20.1 kv.m. yardımçı sahədən ibarət 1 nömrəli evin 69 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak hərracda satıldıqdan sonra bir ay ərzində həmin əmlakdan cavabdehlərin mənzilə olan isifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə arasında bağlanmış 10.06.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 25% hesablanmaqla 26000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllədə yerləşən, 2 otaqlı, 49,21 kv.m ümumi, 29,11 kv.m yaşayış, 20,1 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 69 nömrəli mənzilə dair 10.06.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə banka 03.06.2019-cu il tarixinə banka 19598,60 manat əsas, 15890,57 manat faiz, 517,98 manat cərimə borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Sonradan iddiaçı, 27.08.2020-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehdən Cavabdeh1 onun xeyrinə 18297,78 manat əsas, 20809,59 manat faiz, 2513,80 manat cərimə borcu, kredit müqaviləsi üzrə 10.06.2019-cu il tarixdən 23.07.2020ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 1024,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 42646,12 manat borcun tutulmasını xahiş etmiş, qalan tələblər isə olduğu kimi saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)-61/2021 saylı qətnaməsi ilə (hakim Günel Abbasova) "xxxx" (Nikoyl İKB) ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.06.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 18297,78 manat əsas, 11150,20 manat faiz, 200 manat cərimə borcu, illik 5% hesablanmaqla 915 manat faiz məbləği olmaqla, cəmi 30562,98 manat borc, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllə, ev 1, 69 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiyməti 75000 manat müəyyən edilməsi, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin oradan çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri kimi 320 manatın müştərək qaydada iddiaçıdan 160 manat və Cavabdeh1 160 manat tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin 10.06.2019-cu il tarixədək müəyyən edilməsi, həmin tarixə cavabdehin banka olan faiz borcunun 15688.06 manat təşkil etməsi, iddiaçı tərəfindən 26.08.2020-ci il tarixli iddia ərizəsinə əlavə ilə müraciət olunarkən təqdim olunmuş 23.07.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin faiz borcunun 20809.59 manat təşkil etməsi, lakin məhkəmənin cavabdehdən ekspert rəyinə əsasən 03.04.2019-cu il tarixədək hesablanmış faiz borcunu tutması, halbuki, məhkəmənin ekspert qarşısında banka olan borc məbləğlərinin 03.04.2019-cu il tarixə deyil, kredit müqaviləsinin müddətinin sonu olan 10.06.2019-cu il tarixə müəyyən edilməsi barədə məsələ qoymalı olması, təkrar mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatətlə məhkəməyə müraciət etmələri, lakin vəsatətin təmin olunmaması, bundan başqa, məhkəmə tərəfindən dəbbə pulunun 200 manat məbləğdə müəyyən edilməsi, iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə az olması və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərinin nəzərə alınmaması, eyni zamanda əsasız olaraq 26.08.2020-ci il tarixli iddia ərizəsinə əlavədə tələb olunan kredit müqaviləsi üzrə 10.06.2019-cu il tarixdən 23.07.2020-ci il tarixidək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 1024,95 manat məbləğində əldən çıxmış faydanı öz hesablaması ilə azaldaraq 915 manat məbləğində müəyyən etməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 11150,20 manat faiz, 200 manat cərimə borcu, illik 5% hesablanmaqla 915 manat faiz məbləğinin tutulması hissədə narazı qalaraq apellyasiya şikayəti vermişlər. Birinci instansiya məhkəməsi ekspertizalar təyin etsə də, faizləri müqavilə müddətinin sonuna hesablamamışdır. Bununla yanaşı, cərimə məbləği çox azaldılmışdır. Eyni zamanda, məhkəmə illik 5% hissədə müddəti yalnız 1 il hesablamış, lakin bankın tələbində həmin müddət daha artıq olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, lakin cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalıdır. Yoxlanılan hissədə işdə olan sənədlərə əsasən - iddiaçı ilə Cavabdeh1 arasında 10.06.2014-cü il tarixli, 11-G-1-0-253-14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə (son tarix: 10.06.2019-cu il) illik 25% olmaqla, 26000 manat kredit verilmiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. İddiaçı tərəfindən tərtib olunmuş 03.04.2019-cu il tarixli maliyyə arayışına əsasən, həmin tarixə 19598,60 manat əsas, 15890,57 manat faiz, 517,98 manat cərimə olmaqla, cəmi 36007,15 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmiş və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İşə birinci instansiya məhkəməsindən baxılarkən cavabdehin vəsatətləri əsasında məhkəmə-mühasibalıq ekspertizaları təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 25.11.2019-cu il tarixli, 20018 nömrəli ekspert rəyinə əsasən cavabdehin 03.04.2019-cu il tarixə banka olan əsas borcu 21468,46 manat, faiz borcu isə 10692,33 manat müəyyən edilmiş, təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə isə 10.03.2020-ci il tarixli, 09/24 nömrəli ekspert rəyində, həmin tarixə əsas borcun 19597,80 manat, faiz borcunun isə 11150,20 manat olduğu göstərilmişdir. 27.08.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə və 23.07.2020-ci il tarixli maliyyə arayışı təqdim edərək, cavabdehin həmin tarixə banka 18297,78 manat əsas, 20809,59 manat faiz, 2513,80 manat cərimə borcu, əsas borca 5%-lə hesablanmış 1024,95 manat əldən çıxmış fayda olmaqla, cəmi 41621,17 manat borcunun, kredit müqaviləsinin bitmə tarixinə (10.06.2019-cu il) isə, 18297,78 manat əsas və 15688,06 manat faiz borcunun qaldığını bildirmiş və məhkəmədən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Məhkəmənin 27.08.2020-ci il tarixli qərardadı ilə vəsatəti təmin olunaraq, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında 10.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin banka olan əsas və faiz borcunun müəyyən edilməsi məsələsi qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 02.12.2020-ci il tarixli, 9/3971 nömrəli ekspert rəyinə əsasən, cavabdehin 03.04.2019-cu il tarixə banka olan əsas borcu 19.597,80 manat, faiz borcu isə 11.150,20 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən ilk dəfə 03.04.2019-cu il tarixə hesablanmış əsas, faiz və cərimə borucunun tutulması tələb edilsə də, müqavilə müddətinin bitdiyi tarixdən (10.06.2019-cu il) sonra yeni maliyyə arayışı təqdim edilərək, 23.07.2020-ci il tarixə hesablanmış əsas, faiz, cərimə borcu və əsas borca 5%-lə hesablanmış əldə çıxılmış faydanın ödənilməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsi isə, ikinci maliyyə arayışını nəzərə almayaraq, ekspert qarşsında 03.04.2019-cu il tarixə əsas və faiz borcunun hesablanması məsələsini qoymuş və cavabdehdən həmin tarixə hesablanmış borcları tutmuşdur. Belə olan halda, apellyasiya icraatı zamanı kredit borcunun məbləğinin obyektiv müəyyən olunması, həmçinin cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin yoxlanılması üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəməyə daxil olmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 9/7321 saylı ekspertiza rəyindən görünür ki, tərəflər arasında bağlanmış 10 iyun 2014-cü il tarixli, 11-G-1-0-253-14 saylı kredit müqaviləsi üzrə borcalanın 10 iyun 2019-cu il tarixə banka olan borcu - əsas borc üzrə 21468,46 manat, faiz borcu üzrə 11691,21 manat təşkil etmişdir. Ekspertiza rəyindən də göründüyü kimi, kredit müqaviləsinin müddətinin bitdiyi 10 iyun 2019-cu il tarixə faiz borcu 11691,21 manat həddində mövcud olmuşdur. Bu səbəbdən də, məhkəmə kollegiyası həmin hissədə şikayətin dəlilləri ilə qismən razılaşaraq, qətnamənin qismən ləğv olunaraq, iddianın faizlərin tutulması hissəsində 11691,21 manat məbləğində təmin olunması nəticəsinə gəlir. Ekspertiza rəyində, həmçinin qeyd edilmişdir ki, cavabdeh tərəfindən 16 avqust 2021-ci il tarixdə banka 500 manat məbləğində ödəniş edilmişdir, lakin ekspertiza tədqiqatı zamanı həmin məbləğ nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin ödəniş birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra həyata keçirildiyində icra icraatı zamanı nəzərə alına bilər. Bu səbəbdən də məhkəmə kollegiyası bu halı yoxlamağı zəruri hesab etmir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti dəbbə pulu hissədə də qismən təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, yüksək dəbbə pulunun azaldılması zamanı, həmçinin kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər birlikdə nəzərə alınmalıdır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə əsas borcu 18297,78 manat həddində təmin etmiş, tələb olunmuş 2513,80 manat cəriməni isə 200 manat həddinədək azaltmış, bununla da tənasübü düzgün müəyyən etməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini, həmçinin kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri birlikdə nəzərə alaraq hesab edir ki, tələb olunmuş cərimənin (dəbbə pulunun) 1000 manat həddində müəyyən olunması qanuni və əsaslı olmaqla, həm də tərəflərin mənafeyinə uyğundur. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “10.06.2019-cu il tarixdən 23.07.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 1024,95 manat pulun» tutulması hissəsində tam əsaslı olmuşdur. Qeyd olunmalıdır ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə qismən təmin edərkən, yalnız 1 il müddəti nəzərə almışdır. Halbuki, iddiaçı 10.06.2019-cu il tarixdən 23.07.2020-ci il tarixədək (01 il 01 ay 13 gün) gecikdirilmiş vaxt üçün 5 faizlə hesablamışdır. Məhkəmə nəyə görə müddəti qismən nəzərə almasını qətnamədə əsaslandırmamışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, iddia həmin hissədə tam təmin olunmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni «Cavabdeh1 11150,20 manat faiz, 200 manat cərimə borcu, illik 5% hesablanmaqla 915 manat faiz məbləğinin iddiaçının xeyrinə tutulması» hissədə ləğv olunmalı, iddia həmin hissələrdə qismən təmin olunmalıdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası, həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı 50 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də Cavabdeh1 aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin (hazırda "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 Növruz qızına, Cavabdeh3 və Cavabdeh2 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)-61/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)- 61/2021 saylı qətnaməsi qismən, yəni «Cavabdeh1 11150,20 manat faiz, 200 manat cərimə borcu, illik 5% hesablanmaqla 915 manat faiz məbləğinin iddiaçının xeyrinə tutulması» hissədə ləğv olunsun, iddia həmin hissələrdə qismən təmin olunsun. Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin (hazırda "xxxx" ASC) xeyrinə tutulmalı olan kredit faizlərinin məbləği 11691,21 (on bir min altı yüz doxsan bir manat 21 qəpik) manat, cərimənin məbləği 1000 (bir min) manat, kredit müqaviləsi üzrə 10.06.2019-cu il tarixdən 23.07.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 1024,95 (bir min iyirmi dörd manat 95 qəpik) manat pul vəsaitləri tutulsun. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh1 aid edilsin. Həmin cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-357/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-357/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver