Məhkəmə qərarları › İş №2(103)-3570/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3570/2023

26.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3570/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X4 və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzilin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X14 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(005)-272/2023 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Zəngilan rayon, Vənətli kəndindən məcburi köçkünlər X11, X4, X7, Cavabdeh5 Elsəvər qızı, X5, Cavabdeh8 və Cavabdeh2 məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 100 saylı binanın 94 nömrəli mənzilində müvəqqəti məskunlaşmışlar. 2.Bu səbəbdən İddiaçı adına orderin olduğu həmin mənzilə dair sahiblik və istifadə hüquqlarından məhrum olduğunu iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən, 35 kv.m sahəsi olan 2 otaqlı, 94 saylı mənzilin zəruri məişət əşyaları ilə birlikdə boşaldılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, 35 kv.m sahəsi olan 2 otaqlı, 94 saylı mənzil ona məxsusdur. Mənzil "xxxx" ASC tərəfindən 04 oktyabr 2002-ci il tarixdə 177 nömrəli order əsasında ona verilmişdir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi ondan ibarətdir ki, hazırkı iddia tələbi üzrə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilərək, əmlakı könüllü şəkildə boşaltmaları tələb olunsa da, onlar bundan imtina etmişdirlər. Onların bu cür hərəkətlər etməsinin səbəbi isə “məcburi köçkün” statusundan istifadə edərək, ona məxsus mənzili birdəfəlik mənimsəmək niyyətləridir. Üstəlikdə ki, Ali Baş X1 rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğalda olan bütün torpaqları işğaldan azad etmişdir. Həmçinin bildirir ki, cavabdehlərin hər hansısa mənzil tələbləri mövcuddursa bununla bağlı AR Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər. Yəni ki, o, mülkiyyətçi olaraq özünün başqa yaşayış yeri olmadığı halda onları mənzillə təmin etməli olmadığını bildirmişdir. 5.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim-Aytən Novruzova) 10 yanvar 2023-cü il tarixli, 2(008)-272/2023 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddia tələbi təmin edilərək, ünvan 1, 94 saylı mənzilin əşyaları ilə birlikdə boşaldılması vəzifəsinin cavabdehlər X4, Cavabdeh2, Cavabdeh8 üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 6.İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 177 saylı orderinin məzmunundan görünür ki, İddiaçı Təbriz küçəsi 100 ünvanda yerləşən, 35.6 kv.m və 2 otaqdan ibarət Səttarxan adına zavoda məxsus 1 saylı yataqxanada mənzil sahəsi verilmişdir. 7.İş materiallarında olan AR BŞİH-nin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi təyinatlı MKTB-nin 114 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışının məzmunundan görünür ki, Təbriz küçəsi, 100 nömrəli evin, 4 mərtəbəli evin, 4-cü mərtəbəsində 35.0 kv.m sahəsi olan 2 otaqlı 94 saylı mənzilində müvafiq olaraq İddiaçı, X8, X6 və X3 qeydiyyatdadır. Hazırda mənzildə məcburi köçkünlər yaşayır. 8.İş materiallarında olan xx.xx.2022-ci iltarixli "xxxx" TASC-nin rəhbərliyiilə ZHİK-nin birgə yığıncağının “12” saylı protokolundan çıxarışa əsasən Təbriz küçəsi, 100 ünvanda yerləşən zavoda məxsus yataqxananın 4-cü mərtəbəsində, yaşayış sahəsi, 35.6 kv.m olan 2 (iki) otaqlı 94 saylı mənzil ailə tərkibi 5 nəfər olmaqla İddiaçı ailəsinə verilməsi qərara alınmışdır. 9.İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. 10.İş materiallarında olan Nərimanov RİHBA-nın xx.xx.2013-cü il tarixli arayışın məzmunundan görünür ki, Təbriz küçəsi, 100 nömrəli evin, 94-cü mənzilində yaşayan vətəndaş İddiaçı tək və ya ailə tərkibi ilə Nərimanov Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsinə götürülməmişdir. 11.İş materiallarında olan Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı məxsus mənzilin məcburi köçkünlər tərəfindən zəbt edilməsi ilə əlaqədar onların çıxarılması üçün müraciət aidiyyatı qaydada məhkəmədə baxılmalı olması sonuncuya bildirilmişdir. 12.İş materiallarında olan AR BŞİH-nin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi təyinatlı MKTB-nin 114 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışının məzmunundan görünür ki, Təbriz küçəsi, 100 saylı evin 94 nömrəli mənzilində Zəngilan rayonundan məcburi köçkünlər müvafiq olaraq, X4, Cavabdeh3, Cavabdeh4 oğlu, Cavabdeh5 oğlu, X13, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 müvəqqəti məskunlaşmışdırlar. 13.İş materiallarında olan Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Zəngilan rayon, Vənətli kəndindən məcburi köçkünlər Cavabdeh3 Hüseyn oğlu, həyat yoldaşı X11, X4, X7, Cavabdeh5 Elsəvər qızı, X5, Cavabdeh8 və Cavabdeh2 məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 100 saylı binanın, 94 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. 14.Məhkəmə müəyyən etmişdir ki, Zəngilan rayon, Vənətli kəndindən məcburi köçkünlər X11, X4, X7, Cavabdeh5 Elsəvər qızı, X5, Cavabdeh8 və Cavabdeh2 məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 100 saylı binanın 94 nömrəli mənzilində müvəqqəti məskunlaşmış, bu səbəbdən iddiaçı sahibliyində olan mənzilə dair sahiblik, istifadə vermək hüququnu həyata keçirə bilmir. 15.İddiaçı cavabdeh qismində -X4 və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 göstərmişdir. 16.Məhkəmə hazırlıq iclaslarında iddiaçıya cavabdehləri dəqiqləşdirməsi təklif olunmuş, iddiaçı verilmiş iddia ərizəsi ilə işə baxılmasında israr etmişdir. 17.Məhkəmə qeyd etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, 35 kv.m sahəsi olan 2 otaqlı, 94 saylı mənzilə dair verilmiş orderə əsasən mübahisəli evdən istifadə etmək hüququ əldə etdiyindən o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Cavabdehlər X4, Cavabdeh2, Cavabdeh8 müəyyən olunduğu kimi mübahisəli evə qanuni əsaslar olmadan köçmüşlər. 18.Məhkəmə əlavə etmişdir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsi, habelə “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydası”nın 4cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər” 19.Məhkəmə qeyd etmişdir ki, hər hansı hüquqi əsas olmadan cavabdehlər X4, Cavabdeh2, Cavabdeh8 mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. 20.Məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən qeyd edilən mənzilin tutulması mənzilin hazırkı mülkiyyətçisinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəmə belə qənaətə gəmişdir ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdır. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29 və 43-cü maddələrinə; “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsi: “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydası”nın 4cü maddəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 22.Qətnamədən cavabdeh X4 apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin tam həcmdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının həmin normasının tələbini də pozmuş, hazırkı mülki işə qərəzli, ədalətdən uzaq, tərəflərin hüquq bərabərliyini pozmaqla, faktlara rəğmən və qanuna “söykənməyərək”, formal və subyektiv mülahizələrə “müvafiq” baxmışdır. Birinci instansiya məhkəməsi həmin sahəvi maddi qanunvericiliyin normalarına “göz yummuş”, sübutları qiymətləndirərkən tətbiq edilməli maddi hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Həmin normalar ümumiyyətlə tətbiq edilməmiş, cavabdehlərin məcburi köçkün statuslarına “əhəmiyyət verilməmişdir”. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur, çünki, qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Başqa sözlə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olsa da, prosessual qanunvericiliyin həmin normasının tələbini pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyil. Ona görə ki, qətnamənin nəticəvi hissəsində cavabdeh kimi işə cəlb edilməmiş Cavabdeh8 adlı şəxsin də, mənzildən çıxarılması vəzifəsini onun üzərinə qoyulması birbaşa prosessual hüquq normalarının pozuntusudur. Məhkəmənin yekun aktı iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə aellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verdilər. 26.İş üzrə digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 27.Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 28.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 29.Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 30.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 31.Maddə 158.1.Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: -158.1.2. əmlakdan istifadə hüququ. 32.Maddə 158.4.Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 38.Belə ki, iş materillarına əsasən müəyyən edilmişdir ki, ünvan 1, mənzil 94 saylı mənzil İddiaçı adına "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 177 saylı orderi ilə qeydiyyatdan keçmişdir. Lakin mübahisəli mənzil cavabdehlər X4 və qeyriləri tərəfindən zəbt edilmişdir. 39.Buna görə də kollegiya hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 40.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 41.Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 42.Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (MM 158.1.2) 44.Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 45.“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X10 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 46.Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. 47.Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 48.Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. 49.Apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası onları əsassız və müdafiə xarakterli hesab etməklə qeyd edir ki, qətnamənin ləğvinə səbəb ola bilməz. 50.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 51.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 52.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 53.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 54.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 55.Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiya hesab edir ki, cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(008)-272/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(008)-272/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar