Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3570/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1 Azad oğlunun, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, e-2(004)-647/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdehlə cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsində yerləşən 4C saylı əmlak kompleksi olan “Azərbaycan xörəkləri” kafesinin 300000 ABŞ dollarına alınması barədə razılığa gəlmişdirlər. İddiaçı tərəfindən cavabdehə 263000 ABŞ dolları məbləğində pul vəsaiti verilsə də, alğı-satqı müqaviləsi bağlanmamışdır. Hazırda iddiaçı cavabdehə verdiyi pulu geri tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, 249176 ABŞ dolları məbləğində pul, 186132,4 ABŞ dolları məbləğində faiz, 120 manat məbləğində hüquqi yardım xərci və 1031 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsində yerləşən 4C saylı əmlak kompleksi olan “Azərbaycan xörəkləri” kafesinin 300000 ABŞ dollarına satılması ilə bağlı cavabdehlə aralarında razılaşma olmuşdur. Aralarında olan razılaşmaya əsasən o həmin məbləği hissə-hissə olmaqla cavabdehə ödəməli idi. Bundan sonra isə aralarında həmin əmlakın alqı-satqısı ilə bağlı müqavilə bağlanmalı idi. Aralarında olan razılaşmaya əsasən cavabdehə 263000 ABŞ dolları məbləğində pul ödəmişdir. Lakin 263000 ABŞ dolları məbləğində pulu ödədikdən sonra cavabdehə qalan 37000 (otuz yeddi min) ABŞ dolları məbləğində pulu verməklə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsində yerləşən 4C saylı əmlak kompleksi olan “Azərbaycan xörəkləri” kafesinin alqı-satqısını icra etməyi təklif etdikdə cavabdeh müxtəlif bəhanələrlə qeyd edilən daşınmaz əmlakı ona satmaqdan imtina etmişdir. Bununla bağlı dəfələrlə aralarında danışıqlar aparılsa da, heç bir nəticə əldə etmək mümkün olmamışdır. Cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozmaqla yanaşı aldığı 263000 ABŞ dolları məbləğində pulu bu günə qədər ona geri qaytarmamaqla onun hüquqlarını kobud şəkildə pozaraq əsassız olaraq varlanmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarını müdafiə və bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə hazırki iddia tələbinə “iddia müddətinin tətbiqinə dair” ərizə təqdim edərək iddiaçı tərəfindən əsassız varlanma ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan 2 illik iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, e-2(004)- 647/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisədə tərəflər arasında hər-hansı bir müqavilə bağlanmamışdır, yəni əsassız varlanmanın əsası hər hansı bir müqavilə deyil, digər səbəblərdən yaranmış əsassız varlanmadır. Odur ki, mövcud mübahisə ilə bağlı iddia müddəti iki ildir.Hazırki mövcud mübahisəyə qeyd edilənlər nöqteyi nəzərdən yanaşılsa belə bir nəticəyə gəlmək olur ki, İddiaçı iddia tələbində qeyd etdiyi əsassız varlanma obyekti olan pul vəsaitinin qaytarılması ilə bağlı tələbi Cavabdeh onu aldatdığını, əmlak kompleksinə dair alqı-satqı müqaviləsini bağlamayacağını müəyyən etdiyi vaxtdan iki il ərzində həyata keçirə bilərdi. Belə ki, İddiaçı məhkəmə iclasında hakimin verdiyi suala cavab olaraq bildirmişdir ki, Cavabdeh onu aldatdığını, əmlak kompleksinə dair alqı-satqı müqaviləsini bağlamayacağını, yəni hüququnun pozulduğunu 2019-cu ilin ortalarında müəyyən etmişdir. 2019-cu ilin ortaları dedikdə 2019-cu ilin may, iyun, iyul, avqust ayları nəzərdə tutula bilər. İddiaçı isə əsassız varlanma ilə bağlı mövcud tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Mövcud iddia tələbi ilə iddiaçının məhkəməyə müraciət etməsi üçün nəzərdə tutulmuş son müddət 2021-ci ilin may, iyun, iyul, avqust aylarına təsadüf edir. Lakin iddiaçı iddia müddətinin axımının başladığı 2019-cu ilin ortalarından qanunvericilikdə nəzərdə tutulmuş 2 il ərzində, yəni 2021-ci ilin ortalarına qədər məhkəməyə müraciət etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərkən iki illik iddia müddətini ötürmüş, iddia müddətinin axımı başladıqdan yalnız 4 ildən daha artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı iddia müddətini ötürmüşdür. Həmçinin, iddiaçı qeyd edilən mübahisə ilə bağlı polis orqanına müraciət edən zaman (xx.xx.2022-ci il) da iddia müddəti artıq ötürülmüşdü. Belə ki, İddiaçı izahatında cavabdehin ona 2021-ci ilin dekabr ayında 8000 (səkkiz min) ABŞ dolları, 2022-ci ilin iyun ayında 2800 (iki min səkkiz yüz) ABŞ dolları və 40 (qırx) manat pulun qaytardığını söyləmişdir. Tarixə nəzər yetirdikdə görmək olur ki, cavabdeh tərəfindən iddiaçıya ödəniş iddia müddətinin mövcud olduğu dövrdə (2019-cu ilin ortalarından (may, iyun, iyul, avqust ayları) – 2021-ci ilin ortalarına qədər (may, iyun, iyul, avqust)) deyil, iddia müddəti başa çatdıqdan sonra ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, belə olduğu təqdirdə iddia müddətinin axımının kəsilməsindən də söhbət gedə bilməz. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, mövcud iddia tələbi əsassız varlanma obyektini qaytarılması ilə bağlı olduğundan iddiaçı belə hüququnun həyata keçirilməsi ilə bağlı iki illik iddia müddətini ötürdüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim olunduğundan İddiaçı Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbi barədə iddiası təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddianın tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə onun hüquqlarının 2019-cu ilin ortalarından pozulduğunu bildiyini, lakin həmin vaxtdan iki il müddətində məhkəməyə müraciət etmədiyini və buna görə də iddia müddətini ötürdüyünü əsas gətirərək iddianın rədd edilməsi haqqında qətnamə çıxarmışdır. Qeyd edir ki, məhkəmə zamanı verdiyi izahatında da bildirmişdir ki, nə həmin vaxt nə də ondan sonra cavabdeh heç bir zaman satılması nəzərdə tutulmuş obyekti ona satmayacağını və ya ödədiyi pulu geri qaytarmayacağını bildirməmişdir ki, o da hüquqlarının pozulmasını bilsin və ya hüququ pozulmuş olsun. Əksinə cavabdeh heç zaman onunla əlaqəni kəsməmiş, daim onunla əlaqədə olaraq nə vaxt ödəniş ödəyəcəyilə maraqlanmışdır. Həmçinin izahatında da qeyd etdiyi kimi hər zaman özünü cavabdehin qarşısında təqsirli hesab edir və ondan utanırdı. Belə ki, ödənişləri razılaşdırılmış vaxtda və qaydada icra etməmişdir. Buna görə də alqı-satqının onun təqsiri ucbatından gecikdiyi bilirdi. Qeyd edilən səbəblərdən məhkəmənin onun hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtı 2019-cu ilin ortalarından hesab etməsi tamamilə əsassız və qeyri-qanunidir. Bir daha qeyd etmək istəyir ki, bu günə qədər cavabdeh bir dəfə də olsun satılması nəzərdə tutulmuş obyekti ona satmayacağını və ya aldığı pulu geri qaytarmayacağını bildirməmişdir. Hətta polisdə araşdırmadan sonra da cavabdeh heç zaman satılması nəzərdə tutulmuş obyekti ona satmayacağını və ya pulu geri qaytarmayacağını bildirməmişdir. Əksinə cavabdeh razılaşdıqları pulu ödəməyi ona çətin olduğunu biləndə ödədiyi pulu qaytarmağa imkanının olmadığını bildirmiş və obyekti sataraq pulunu ödəməyi ona təklif etmişdir. Cavabdehin qeyd edilən obyekti ona satmaqdan imtina etməsi və ya pulunu ona ödəməməsi söhbət mövzusu belə deyildi. Belə olan halda onun hüquqları pozulmamışdı ki, oda bu məsələ ilə bağlı hüququnun pozulmasından xəbərdar olsun. Bundan başqa məhkəmə qətnamədə onun xx.xx.2022-ci ildə cavabdehdən polis orqanına şikayət edərkən iddia müddətini ötürməsinə də istinad etmişdir. Bildirir ki, heç bir vaxt cavabdehdən polis orqanına şikayət etməmişdir. Cavabdehdən şikayət edən hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 olmuşdur. Çünki 2022-ci ilin ortasında belə cavabdeh qeyd edilən obyekti ona satmaqdan imtina etdiyi və ya aldığı pulu ödəməyəcəyinə dair bir kəlmə də olsun ona söz deməmişdi və bu gün də demir. Əksinə mütəmadi olaraq cavabdehlə ünsiyyətdə olurdular. Cavabdeh hər zaman almalı olduğu pulun qalan hissəsini nə zaman ödəyəcəyilə maraqlanırdı. O isə hələ də pulun qalan hissəsini ödəyərək məsələni həll etmək istəyirdi. Sadəcə həmin vaxt iqtisadi çətinliklər səbəbindən və daha sonra isə dünyada baş verən COVİD-19 pandemiyası səbəbindən aralarında olan məsələləri həll etmək mümkün olmadı. Hətta həmin ərəfədə olan maddi çətinliklərilə əlaqədar olaraq cavabdeh müxtəlif vaxtlarda olmaqla iki dəfə ona pul da vermişdi. Əgər münasibətləri qeyd edilən əmlakın ona satılmaması və ya ödədiyi pulun ona qaytarılmaması ilə bağlı pis olsa idi cavabdeh heç bir zaman ona pul verməzdi. Buna görə də qeyd edilənləri nəzərə alaraq cavabdehin niyyətinin qeyd edilən əmlakı ona satmaq olmasından qətiyyən şübhə etmirdi və edə də bilməzdi. Çünki onun hərəkətləri və aralarında olan normal və isti münasibətlər bunun üçün heç bir əsas vermirdi. Daha sonra isə X1 cavabdehdən polis orqanına verdiyi şikayətlə bağlı cavabdehlə üz-üzə gəlməli olmuşlar. Həmin vaxt cavabdehlə bir daha qeyd edilən əmlakın alqı-satqısı ilə bağlı məsələni müzakirə edərkən cavabdeh bu məsələni birdəfəlik həll etmək üçün həbsdən çıxdıqdan sonra qeyd edilən əmlakı adına keçirəcəyi ilə bağlı söz verdi. O da bu təkliflə razılaşdı və qərara gəldilər ki, qısa müddət ərzində bu məsələni həll etsinlər. Lakin cavabdeh həbsdən çıxdıqdan sonra səhhətində olan problemləri əsas göstərərək qeyd edilən əmlakın alqı-satqısını ləngitməyə başladı. Bundan sonra bir müddət də cavabdehlə danışıqlar apararaq məsələni öz aralarında həll etməyə çalışdı. Lakin buna baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələrlə işi yekunlaşdırmağı ləngidirdi. Buna görə də sonunda məsələnin ikisinin arasında həll edilməsinin mümkün olmaması qənaətinə gələrək məhkəməyə müraciət etməli oldu. Lakin bir daha bildirir ki, bu gün də cavabdehlə münasibətləri normal olaraq qalmaqda davam edir və aralarında olan problemin həlli ilə bağlı danışıqlar aparırlar. Həmçinin cavabdeh iddianı ümumiyyətlə qəbul etmir. Belə olduğu halda məhkəmənin nəyə münasibətdə cavabdehin iddia müddətinin tətbiqi haqqında ərizəsini təmin etməsi aydın deyil. Hesab edir ki, iddia müddəti cavabdehin iddianı qəbul etdiyi, lakin müddətin ötməsi səbəbindən həmin tələbə münasibətdə iddia müddətinin tətbiq edilməsini tələb etdiyi halda və qanun buna yol verdikdə tətbiq edilməlidir. Lakin həm cavabdehin iddianı qəbul etmədiyi həm də iddia müddəti ötürülmədiyi halda məhkəmə iddia müddətini tətbiq edərək iddianı təmin etməməklə qanunverciliyin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin qismən edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, mövcud iddia tələbi əsassız varlanma obyektini qaytarılması ilə bağlı olduğundan iddiaçı belə hüququnun həyata keçirilməsi ilə bağlı iki illik iddia müddətini ötürdüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim olunduğundan İddiaçı Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbi barədə iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə maddi hüquq normasının tətbiqində səhvə yol verərək, hazırki mübahisənin əsassız varlanma ilə bağlı olması nəticəsinə gəlmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsində yerləşən 4C saylı, ümumi sahəsi 108,3 kv.m olan “Azərbaycan Xörəkləri” əmlak kompleksi müəssisəsini ona 300000 ABŞ dollarına satacağı ilə bağlı vəd verdikdən sonra ilkin olaraq 2015-ci ilin sentyabr ayında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X1 iştirakı ilə birbaşa Cavabdeh 50000 ABŞ dolları, daha sonra X1 vasitəsi ilə Cavabdeh 2015-ci ilin oktyabr, noyabr, dekabr aylarında hər ay 50000 ABŞ dolları olmaqla, cəmi 150000 ABŞ dolları, daha sonra əmlak kompleksinə ödəniləcək məbləğdən çıxılması şərtilə X3 2016-cı ilin yanvar ayında 3000 ABŞ dolları, daha sonra 2016-cı ilin may ayında Cavabdeh 50000 ABŞ dolları, daha sonra 2019-cu ilin ortalarında Cavabdeh 10000 ABŞ dolları olmaqla, cəmi 263000 ABŞ dolları məbləğində pul vermişdir. Göstərilən hallar iş materiallarında olan Xəzər RPİ İŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi qərarında da öz əksini tapmışdır. Göründüyü kimi, tərəflər arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsində yerləşən 4C saylı əmlak kompleksi olan “Azərbaycan xörəkləri” kafesinin 300000 ABŞ dollarına satılması ilə bağlı razılaşma olsa da, İddiaçı ilə Cavabdeh arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsində yerləşən 4C saylı, ümumi sahəsi 108,3 kv.m olan “Azərbaycan Xörəkləri” əmlak kompleksi müəssisəsinin alqı-satqısına dair hər hansı bir müqavilə bağlanmamışdır. Lakin iş materiallarından görünür ki, iddiaçı əmlakın dəyərini-300000 dolları birbaşa verə bilmədiyindən hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunmuş, iddiaçı tərəfindən qeyd olunan razılığa əsasən müəyyən ödənişlər həyata keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranan hazırki mübahisə əsassız varlanma ilə bağlı olmasını və qanunvericilikdə isə əsassız varlanma ilə bağlı xüsusi iddia müddəti nəzərdə tutulmasını göstərsə də, hazırki mübahisəyə qeyd etdiyi müddət tətbiq etməzdən əvvəl ilk növbədə iddia tələbinin əsaslı olub-olmamasına qiymət verməmişdir. İddia tələbinin əsaslı olub-olmamasından asılı olmayaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlandığı halda birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə yanlış olaraq əsassız varlanma kimi qiymət vermişdir və bununla da maddi hüquq normaların tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Belə olan halda müəyyən edilir ki, iddiaçı tələbinin əsası kimi əsassız varlanma ilə bağlı normalara istinad etməsinə baxmayaraq tərəflər arasında olan hazırki mübahisə əsassız varlanma ilə bağlı deyil, qeyd edildiyi kimi tapşırıq müqaviləsi münasibətləri olduğundan iddia müddətinin ötürülməsindən də söhbət gedə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən normaların tələblərinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bundan başqa tapşırıq müqaviləsinin predmeti vəkalət alanın vəkalət verənə qeyri-maddi olan vasitəçilik xidmətlərinin - əqdlərin bağlanması və bu məqsədlə müvafiq işlərin görülməsi və xidmətlərin göstərilməsidir. Hazırki işin hallarından da göründüyü kimi tərəflər arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsində yerləşən 4C saylı əmlak kompleksinin satılmasına dair şifahi tapşırıq müqaviləsi bağlanmış və cavabdeh tərəfindən həmin tapşırıq qəbul edilmişdir. Belə ki, qeyd edildiyi kimi iddiaçı tərəfindən müəyyən vaxtlarda tapşırıq müqaviləsinə əsasən ödənişlər edilmiş və cavabdeh həmin ödənişləri qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara yanaşı bildirir ki, iddiaçı ilə cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanaraq hər iki tərəf üzərlərinə öhdəlik götürsə də, iddiaçı tərəfindən razılaşdırılmış məbləğdə vəsait cavabdehə tam ödənilmədiyindən tərəflər arasında razılaşdırılmış alqı-satqı müqaviləsi bağlanmaması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı tərəfindən edilmiş ödənişləri qəbul etsə də, nəticə etibarı ilə razılaşma baş tutmadığından tapşırığın icrası nəticəsində əldə olunanların hamısını iddiaçıya qaytarmalı olmasına birinci instansiya məhkəməsi Mülki Məcəllənin 782.1-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Göründüyü kimi iddiaçı hazırki tələblə məhkəməyə müaciət etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan məbləğə münasibətdə qeyd edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan tapşırıq müqaviləsinə əsasən iddiaçı tərəfindən 263000 ABŞ dolları dolları məbləğində vəsait cavabdehə verilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, həmin vəsaitdən cavabdeh tərəfindən iddiaçıya müəyyən qədər pul vəsaiti qaytarılmışdır və qaytarılmayan vəsait ümumilikdə 249176 ABŞ dolları təşkil etmişdir ki, həmin vəsaitin tam olaraq iddiaçıya qaytarılmasına dair cavabdeh tərəf məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Cavabdeh tərəfin iddianın əsassız olmasına dair etirazının əsası kimi istinad etdiyi hallara məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, izahatlarda göstərilənlər iddiaçı qarşısında mülki məsuliyyətdən yayınmağa hesablanmışdır. Əks halda, yəni, həqiqətən də iddiaçının pulu tam qaytarılmış olsa idi, cavabdeh tərəf mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət etməzdi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan tapşırığın icrası nəticəsində əldə olunanlara iddiaçıya qaytarılmalı olduğundan və qaytarması barədə heç bir mötəbər sübut növü ilə təsdiq olunmadığından iddia tələbi cavabdehdən 249176 ABŞ dolları məbləğində vəsaitin tutulmasına dair hissəsində əsaslı olmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən nəzərə alır ki, Xəzər RPİ İŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında əks edilmiş hazırki iş üzrə 3-cü şəxs X4 izahatlarında baş vermiş danışıqlar, razılaşmalar və ödənişlər yalnız dollar valyutası ilə olmasını göstərmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 249176 (iki yüz qırx doqquz min yüz yetmiş altı) ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin – cavabdehdən 186132,4 ABŞ dolları məbləğində faizin tutulması hissəsində əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci və 449.2-ci maddələrində “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin qanunvericiliyin tələblərindən göründüyü kimi, faizlər kreditor tərəfindən o zaman tələb edilə bilər ki, borclu məhz pul məbləğinin ödənilməsini gecikdirirsə. Hazırda tərəflər arasında mübahisə isə kredit müqaviləsi və s. pul məbləğinin ödənilməsi ilə deyil, tapşırıq müqaviləsi üzrə öhdəliyin icra edilməməsi ilə bağlıdır. İddiaçı isə bu tələbinə münasibətdə istinad etdiyi faktları təsdiq edəcək hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə prosesi zamanı bu fakt öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, tərəflər arasında hesablar ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdehdən tutulmalı olan pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin - 120 manat məbləğində hüquqi yardım xərcinin tutulmasına münasibətdə isə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı olmuşdur. Belə ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından da göründüyü kimi iddiaçı hazırki tələblə məhkəməyə müraciət edən zaman hüquqi yardıma görə 120 manat məbləğində xərc çəkmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 120 manat məbləğində hüquqi yardıma görə çəlmiş xərc də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 1031 manat ödənilmiş dövlət rüsumundan 539,18 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 491,82 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, e-2(004)- 647/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 249176 (iki yüz qırx doqquz min yüz yetmiş altı) ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində pul, 120 (yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 539,18 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qismən təmin edildiyindən 1031 manat ödənilmiş dövlət rüsumundan qalan ödənilmiş 491,82 manat məbləğində pul iddiaçıya aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov