Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3572/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-328/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu mülkiyyətində olan Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, ev 20 C saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı göstərir ki, cavabdeh Daşdəmirova (Əşrəfova) Amirə Suliddin qızı ilə 19.09.2011-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan iki övladları - 07.11.2012-ci il təvəllüdlü X1 və 29.07.2016-cı il təvəllüdlü X2 adlı uşaqları var. Cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan ailədə baş vermiş narazılıqlar üzündən Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdehlə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi,Yuxarı Mədən küçəsi ev 20 C saylı evdə yaşamışdır. Evin 1/2 hissəsi onun, 1/2 hissəsi isə cavabdehin mülkiyyətindədir. Lakin hal-hazıda cavabdeh onu evdə yaşamağa qoymur. Ev onun tərəfindən tikilmiş, yəni evin inşa edilməsi üçün pul vəsaiti onun tərəfindən ödənilmişdir. Övladları və cavabdehlə birgə eyni ünvanda yaşamış, onunla həmin ünvanda birgə təsərrüfat aparmışlar. Qeyd edilən yaşayış evi onun daimi yaşayış yeri olmuş və istifadə hüququ olmuşdur. Lakin cavabdeh onu artıq bir necə vaxtdir ki, evdən qovmuş, mənzilə daxil olmağa icazə verməmişdir. Maddi və mənəvi əziyyət çəkir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-328/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edir ki, iddiaçı istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra ona qarşı fiziki zor tətbiq edib. Ən son 2021-ci ilin yay aylarında onu şiddətli şəkildə döydüyü üçün Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. İddiaçı barəsində cinayət işi açılaraq Suraxanı Rayon Məhkəməsinə göndərilib. 1(010)-321/2021 saylı cinayət işi hakim Ceyhun Qədimovun icraatındadır və hələ qərar qəbul edilməyib. Bundan başqa, İddiaçı ona qarşı paylı mülkiyyətdə olan evin naturada bölünməsi, yaxud hərracda satılaraq payın alınması tələbinə dair 2(010)-2354/2021 saylı mülki Suraxanı Rayon Məkəməsində hakim Səlimə Miriyevanın icraatındadır və həmin mülki iş də yekunlaşmayıb. Hazırki mülki işə rayon məhkəməsində baxılarkən o, qeyd etdiyi məhkəmə prosesləri ilə əlaqədar hazırki mülki iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim etmiş, lakin məhkəmə həmin vəsatəti yazılı etiraz kimi qəbul edərək vəsatətlə bağlı heç bir qərardad qəbul etməmiş və onun hüquqlarını pozmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəlləsinin 27.1, 27.3, 152.1-ci; Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar” qərarına; Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işinə dair” qərarına istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, İddiaçı mübahisəli mənzilə köçmək və orada yaşamaq hüququ vardır. Çünki, həmin mənzilə ½ hissədə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Tətbiq edilməli hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 5.1.Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, cavabdehin yeganə toxunduğu məsələ məhkəmənin onun mülki iş üzrə icraatın dayandırılması barədə vəsatətinə əsasən mülki iş üzrə icraatı dayandırmaması və iş üzrə qətnamə qəbul etməsidir. Şikayətin predmetini birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İV hissəsinin, 43-cü maddəsinin, Mülki Məcəllənin 152.1.-ci maddəsinin, Mənzil Məcəlləsinin 5.1-ci və 5.3-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. İkincisi, iddiaçı cavabdehlə bərabər köçmək istədiyi evin ½ hissəsinin paylı mülkiyyətçisidir. Buna baxmayaraq, cavabdeh həmin evdə yaşayır, iddiaçı isə bu evə köçüb yaşamaq istəyir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçının qeyd olunan evdə mülkiyyət payı ½ hissədə olsa da, bu hal onun həmin evə köçürülməsindən imtina üçün əsas ola bilməz. Üçüncüsü, cavabdehin şikayətində göstərdiyi dəlillər hazırki iddianın təmin edilməməsi yaxud hansısa mülki işə baxılıb həll edilməyincə bu işin icraatının dayandırılması üçün əsas ola bilməz. Çünki, iddiaçının mülkiyyətində olan mənzilə köçüb yaşamaq onun konstitusion hüququdur və heç bir halda o, yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. O ki, qaldı iddiaçının cavabdehə qarşı cinayət törətməsi bu məsələyə cinayət mühakimə icraatı qaydasında baxılmalı və hüquqi qiymət verilməlidir. Bu halın həqiqi olması belə hazırki iddianın rədd edilməsinə əsas vermir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-328/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-328/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3572/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3572/2022
11.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver