Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3572/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə3 və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-674/2023 saylı 13 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 31 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən o, Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Abşeron rayonu Mehdiabad qəsəbəsi MKİS-nə qeydiyyatçı-kargüzar vəzifəsinə qəbul edilmişdir.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli Şiddətli töhmət verilməsi barədə əmrinə əsasən iddiaçıya üzərinə düşən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz işində qəsdən ciddi nöqsanlara yol verdiyi və bununla da əmək intizamını kobud surətdə pozduğu üçün Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Nəzərinə çatdırılmışdır ki, əgər belə hallar bir daha təkrar olunarsa onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəkdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində bu halı etiraf edərək, iştirakı olsa da mühəndisin göstərişi ilə verdiyini göstərərək, öz işində qalmağına köməklik göstərilməsini xahiş edərək, işdə olan nöqsanına, səhlənkarlığına görə üzr istəmişdir.
3. xx.xx.2022-ci il tarixli Direktor müavini tərəfindən Direktora ünvanlanmış xidməti məlumatda göstərilmişdir ki, İddiaçı intizam təhbehindən nəticə çıxarmamış və öz qanunsuz əməllərini törətməyə davam etmişdir. Bunu həmin işçiyə rəsmi xəbərdarlıq edildikdən sonra əldə olunmuş və təkzibedilməz faktlar sübut edir. Buna görə də İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilməsinə göstəriş verilməsi xahiş edilmişdir.
4. 03.10.2022-ci il tarixdə Direktor tərəfindən HİK-in sədrinə təqdimat göndərilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi məsələsinə baxılması və qərar qəbul olunması üçün iclas keçirilməsi təklif edilmişdir. HİK-in xx.xx.2022-ci il tarixli protokolundan müəyyən edilir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə pozulmasına razılıq verilməsi qərara alınmışdır.
5. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 04 oktyabr 2022-ci il tarixli 1030 saylı əmrinə əsasən Abşeron rayon Mehdiabad Mənzil- Kommunal İstismar Sahəsinin qeydiyyatçı-kargüzarı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələblərinə müvafiq olaraq 70-ci maddəsinin ç) bəndinə əsasən 04 oktyabr 2022-ci il tarixdən xitam verilmişdir.
6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli Əmək müqaviləsi Bildirişində isə əmək müqaviləsinə xitam verilməsini əsası kimi “68.2.a tərəflərdən birinin təşəbbüsü” göstərilmişdir.
7. İşəgötürən tərəfindən X6 Xidmətinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Abşeron rayonu Mehdiabad MKİS-nin qeydiyyatçı-kargüzarı İddiaçı və Şabran rayon MKİS-nin fəhləsi X2 iş vaxtı törətdikləri nöqsanlara görə işlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasan xitam verilməsi nəzərdə tutulmuşdur. Yalnız texniki səhv nəticəsində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin 2 yarımbəndinə əsasən xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq əmək müqaviləsi bildirişinin mövcud xitam bəndinin etibarsız hesab edilərək Əmək Məcəlləsinin 70-ci maddəssinin “ç” bəndi ilə dəyişdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir.
8. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsinin əsası “70.ç işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiksə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 1030 nömrəli əmrin ləğv olunması, işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün 1535 manat pulun cavabdehdən alınaraq ona verilməsi, mediasiya ilə bağlı 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2018-ci ildən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mehdiabad qəsəbəsi üzrə MKİS-də qeydiyyatçı-kargüzar vəzifəsində işləyir, işlədiyi müddətdə həmişə işinə məsuliyyətlə yanaşmış, işini vicdanla yerinə yetirmiş, hətta iş saatından çox işlərə cəlb edilsə də, heç zaman səsini çıxarmamış, başını aşağı salıb öz işini görmüşdür. Həmçinin həmin ərazinin sakinləri arasında hörmətə malik olmuşdur. İşlədiyi müddət ərzində hər hansı intizam tənbehi almamış, ona qarşı heç bir xəbərdarlıq və ya töhmət verilməmişdir. 2022-ci ildə MİD-ə Etiqad Məmmədov direktor müavini təyin olunduqdan sonra həm MİD-də, həm də onun tabeliyində olan MKİS-də xaos vəziyyəti yaranmış, onun faktiki olaraq rəhbərlik etdiyi bir neçə ay ərzində onun çalışdığı MKİSdə onun qanunsuz əməllərini qeyd-şərtsiz yerinə yetirən Ayşən Əlvəndova vasitəsi ilə 5 işçi şərlənərək qanunsuz olaraq işdən azad edilmişdir. Hər iki şəhərcikdə Etiqad Məmmədovun çoxsaylı korrupsiya əməlləri ilə bağlı məlumatlı olduğu üçün sonuncu öz əlaltısı Ayşən Əlvəndova ilə birləşərək ona şər atmağa başlamışlar. Ona bildirirdilər ki, “ərizəni yaz, könüllü işdən çıx, yoxsa səni şərləyərək maddə ilə işdən çıxaracağıq”. Çalışdığı 4 il ərzində əmək məzuniyyətinə çıxmaq istəsə də, MİD-in direktoru Səbuhi Əhmədov buna icazə vermirdi. Sonda isə tam qanunsuz olaraq və belə hal baş vermədiyi halda onu guya üzürsüz səbəb olmadan işə gəlməməsinə görə işdən azad ediblər. İş yerinin girişində video-nəzarət kamerası var və həmçinin idarədə tabel kitabı var ki, bunlar nəzərdən keçirilsə, görülər ki, onu qondarma, saxta əsasla işdən çıxarıblar. Ağır maddə ilə qanunsuz işdən çıxarılmasına baxmayaraq, qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq ondan heç bir izahat alınmamışdır. Əmək müqaviləsi ilə bağlı elektron informasiya sistemində xitam maddəsi Əmək Məcəlləsinin 68.2a maddəsi göstərilsə də, işdən çıxarılma ilə bağlı əmrdə "70-ci maddənin ç və 72-ci maddənin a bəndləri” göstərilmişdir. Bu isə cavabdehin qanunsuz əməlindən savayı, həm də onların qeyri-peşəkarlığının göstəricidir. O, nə özü işdən çıxmağı ilə bağlı ərizə yazmış, nə də əmrdə yazılan pozuntunu törətmişdir. Mübahisələndirilən əmrlə bağlı ilk növbədə qeyd olunmalıdır ki, onun əmək müqaviləsinə xitam verilməsi əmri qanunvericiliyin tələbinə uyğun əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə onun yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamışdır. Əmr ümumiyyətlə əsaslandırılmamışdır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 fevral 2023-cü il tarixli 2(004)-674/2023 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin edilmiş, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xx.xx.2022-ci il tarixli, 1030 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Abşeron Rayon Mehdiabad Mənzil-Kommunal İstismar Sahəsinin qeydiyyatçı-kargüzar vəzifəsinə bərpa olunması, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən 50 (əlli) manat mediasiya xərcinin İddiaçı ödənilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçının əmək vəzifələrini kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əmrin verilməsinə əsas kimi əmrdə Mənzil İstismar Departamentinin Həmkarlar İttifaqı Komitəsinin 04 oktyabr 2022-ci il tarixli 12 saylı protokolu göstərilmişdir. Həmin protokoldan isə görünür ki, Həmkarlıq İttifaqı işəgötürən Mənzil İstismar Departamentinin direktorunun İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz işində qəsdən ciddi nöqsanlara yol verərək saxta arayışlar verməsi, yol verdiyi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilməsi, buna baxmayaraq yenidən eyni nöqsana yol verməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə təqdimatına əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə pozulmasına razılıq vermişdir. İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi əsasları pozulmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 70 “ç” bəndi, 72 “a” bəndi, 76, 83, 84, 300.1, Mülki Prosessual Məcəllənin 119.1, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı Komitənin Mənzil İstismar Departamentinin Abşeron rayon Mehdabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar sahəsində qeydiyyatçı-kargüzar vəzifəsində işlədiyi tarixdə əmək intizamını kobud surətdə pozaraq və özbaşınalıq edərək məcburi köçkün qəsəbəsində qeydiyyatda olmayan və faktiki yaşamayan şəxslərin orada yaşamaları haqqında saxta arayışlar hazırlamış və həmin arayışları rəsmi qaydada təsdiqləyərək əlbir olduğu şəxslərə təqdim etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin ərizə təqdim edərək, göstərdi ki, İddiaçı barəsində 04 oktyabr 2022-ci il tarixli əmrində mexaniki səhv olaraq göstərilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi düzəliş edilərək həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndi kimi qəbul edilmişdir. Bununla bağlı müvafiq xx.xx.2023-cü il tarixli əmri təqdim etdi.
18. Cavabdeh tərəf həmçinin qeyd etdi ki, iddiaçı saxta arayış verdiyinə görə xx.xx.2022-ci il tarixlə sonuncu xəbərdarlıqla şiddətli töhmət aldıqdan sonra, həmin töhmətə kimi başqa şəxslərə də saxta arayışlar verdiyi üzə çıxdığından, cəmi 10 gündən sonra əmək müqaviləsinə xitam verilmişdir. Yəni, iddiaçı töhmət aldıqdan sonra hər hansı yeni intizam xətasına yol verməmişdir.
19. İddiaçı tərəf isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, cavabdehin saxta adlandırdığı arayışlar məhz hazırki işdə cavabdehi təmsil edən nümayəndəsi ilə məsləhətləşmələrdən sonra verilmişdir. Digər tərəfdən isə həmin arayışlar saxta olmamışdır, verilən arayışlarda barəsində arayış verilən şəxsin arayışda göstərilən ünvanda müvəqqəti olaraq qeydiyyatsız yaşaması qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verildikdən sonra o, işə buraxılmamışdır. Yəni, töhmət verildikdən sonra hər hansı fəailiyyəti olmamışdır ki, töhmətdən də nəticə çıxarsın.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
20. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
21. Maddə 68.2.“a” bəndi. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür.
22. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
23. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
24. Maddə 72. “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
25. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
26. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
27. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
28. Maddə 187, hissə 2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
29. Maddə 187, hissə 3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
30. Maddə 189, hissə 1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
31. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göründüyü kimi işəgötürənin xx.xx.2022-ci il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərinə uyğun olaraq 70-ci maddəsinin “ç” bəndinə əsasən əsasən xitam verilmişdir.
41. Sistemə yerləşdirilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində isə əmək müqaviləsinə xitam verilməsinin əsası “68.2 “a” bəndi tərəflərdən birinin təşəbbüsü” göstərilmişdir. Sonra isə müraciət edərək, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasan xitam verilməsi nəzərdə tutulduğunu, yalnız texniki səhv nəticəsində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin 2 yarımbəndinə əsasən xitam verildiyi göstərildiyini və əmək müqaviləsi bildirişinin mövcud xitam bəndinin etibarsız hesab edilərək Əmək Məcəlləsinin 70-ci maddəssinin “ç” bəndi ilə dəyişdirilməsinə köməklik göstərilməsi xahiş edilmiş və xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsinin əsası “70.ç işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiksə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” göstərilmişdir.
42. İş materiallarında olan xidməti məktublara, Direktor tərəfindən verilmiş təqdimata və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli protokoluna nəzər yetirdikdə, qeyd olunan sənədlərdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi qeyd edilmişdir.
43. Apelyasiya baxışı zamanı cavabdeh tərəf ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı barəsində 04 oktyabr 2022-ci il tarixli əmrində mexaniki səhv olaraq göstərilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi düzəliş edilərək həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndi kimi qəbul edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli işəgötürənin əmrini təqdim etmişdir. Əmrdə göstərilmişdir ki, X9 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərinə müvafiq olaraq 2023-cü il 14 fevral tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Mexaniki səhv olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72ci maddəsinin “a” bəndi düzəliş edilərək həmin məcəllənin 72-ci maddəsinin “e” bəndi kimi qəbul edilsin.
44. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçının əmək vəzifələrini kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi əsasları pozulmuşdur.
45. Kollegiya əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
46. xx.xx.2022-ci il tarixli “Şiddətli töhmət verilməsi barədə” əmrə əsasən iddiaçıya üzərinə düşən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz işində qəsdən ciddi nöqsanlara yol verdiyi və bununla da əmək intizamını kobud surətdə pozduğu üçün Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
47. İşçiyə şiddətli töhmət verildiyi tarixdən sonra sonuncu tərəfindən hər hansı intizam xətasına yol verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
48. Cavabdehin istinad etdiyi saxta arayışlar xx.xx.2022-ci il tarixli X3 ünvan 1 ünvanında müvəqqəti məskunlaşması barədə və xx.xx.2022-ci il tarixli X4 ünvan 2 ünvanında müvəqqəti məskunlaşması barədə olmuşdur.
49. Göründüyü kimi hər iki arayış şiddətli töhmət verilməmişdən əvvəlki tarixlərə aiddir.
50. Apelyasiya baxışı zamanı təqdim edilmiş arayışlar isə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli olmaqla, həmin arayışlar da şiddətli töhmət verilməmişdən əvvəlki tarixlidir.
51. İşçiyə şiddətli töhmət verildikdən sonra işdən çıxarıldığı vaxta qədər işçi tərəfindən təkrar hansı intizam xətasına yol verilməsi müəyyən edilməmişdir. Əksinə, müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verildikdən sonra iddiaçı işə buraxılmamışdır.
52. Qeyd olunmalıdır ki, iddiaçıya konkret olaraq hansı arayışa (arayışlara) görə töhmət verilməsi, hansı arayışa (arayışlara) görə isə işdən çıxarılması cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən olunmur, nə də nümayəndələri bununla bağlı tutarlı arqument təqdim edə bilmədilər.
53. Eyni zamanda cavabdeh tərəf təqdim etdiyi arayışların hansının nə vaxt aşkar olunması ilə bağlı da heç bir aydınlıq gətirə bilmədilər. Halbuki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra isə işçiyə intizam tənbehi verilə bilməz.
54. Beləliklə müəyyən olunur ki, iddiaçıya saxta arayışlar verdiyinə görə xx.xx.2022-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və həmin tarixdə o, faktik olaraq işdən kənarlaşdırılmışdır. Həmin vaxtdan iddiaçının hər hansı fəaliyyəti olmadığı halda, Mənzil İstismar Departamentinin direktor müavini Ehtiqad Məmmədov direktor Səbuhi Əhmədova yazdığı xx.xx.2022-ci il tarixli xidməti məlumatda guya iddiaçının aldığı intizam tənbehindən nəticə çıxarmayaraq öz qanunsuz əməllərini davam etdirdiyini, bunu həmin işçiyə rəsmi xəbərdarlıq edildikdən sonra əldə olunmuş və təkzibolunmaz faktlar sübut etdiyini göstərmişdir.
55. Halbuki aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı töhmət aldıqdan sonra hər hansı intizam xətasına yol verməmişdir. İstər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya baxışında təqdim olunmuş arayışların (cəmi 4 ədəd) hamısı xx.xx.2022-ci il tarixədək verilmişdir. Yəni, iddiaçı həmin tarixədək yol verdiyi intizam xətalarına görə artıq intizam tənbehi almışdır və töhmət verildikdən 10 gün sonra işdən çıxarılması (əmək müqaviləsinə xitam verilməsi) eyni əmələ görə təkrar intizam məsuliyyətinə cəlb olunma kimi qiymətləndirilir ki, bu da kobud qanun pozuntusu hesab olunur.
56. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
57. Apelyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-674/2023 saylı iş üzrə 13 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.