Məhkəmə qərarları › İş №2(103)-3574/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3574/2022

07.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3574/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Bakı şəhəri 12 saylı notariat ofisinə, Cavabdeh3nə, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, özəlləşmənin etibarsız hesab edilməsi və əmlakın qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri 12 saylı notariat ofisinə, Cavabdeh3nə (MMC), Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (DƏDRX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanında yerləşən 1118,9 kv.m. ticarət və xidmət sahəsini Cavabdeh2 və X1 dair Bakı şəhəri 12 saylı Dövlət notariat kontorunda təsdiq olunan xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin əmlakın mülkiyyətinə qaytarılması, Cavabdeh3 MMC tərəfindən sahəsi 4198,5 kv.metr olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi və kompleksin, habelə qalan 2435,4 kv.metr ərazinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 may 1992-ci il tarixli 751 saylı sərəncamı ilə Nizami rayon İH-nin xahişi təmin olunaraq "xxxx" Elmi-İstehsalat Müəssisəsinin “Maral” Bakı şöbəsinə Bakı şəhər İHB-nın 12 dekabr 1991-ci il tarixli 153 saylı sərəncamına əsasən Nizami rayonu, Naxçıvanski küçəsində bulvar üçün ayrılan ərazidə ticarət-məişət və mədəni təyinat üzrə layihələndirmə və tikinti məqsədilə torpaq sahəsi ayrılmış, ümumi sahəsi 7752,8 kv.metr olan həmin ərazidə o, abadlıq işləri aparmağa başlamış, kənd təsərrüfatı məhsullarının topdan satış ticarət mərkəzini yaratmış, 2002-ci ilə qədər həmin topdan satış ticarət mərkəzini işlətmiş, yəni mərkəzi icarəyə vermişdir. 1999-cu ildən 2002-ci ilə qədər olan müddət ərzində X11 həmin mərkəzdə müəyyən sahəni ondan icarəyə götürüb işlətmiş, icarədarlardan bəziləri, o cümlədən Cəfər Səfərov onun işləməsinə maneə yaratdıqlarından 1999-cu ildə polisə və vergi idarəsinə müraciət edərək fəaliyyətinin dayandırılması barədə məlumat vermişdir. İşinə maneçilik törədən əslən Cəlilabad rayonundan olan Cəfər Səfərov və onun dəstəsi Fərhad və Rafiq Əliyev qardaşlarına arxayın olmuş, 2002-ci ilin aprel ayında Cəfər Səfərovla aralarında növbəti dəfə mübahisə olan zaman oraya Rafiq Əliyev öz avtomaşını ilə gəlmiş, sonuncunun rəhbərliyi altında 50- 60 nəfər əslən Cəlilabad rayonundan olan şəxslər ofisinə hücum çəkib iş otağını darmadağın etmiş, seyfini sındırıb bütün sənədləri götürmüş, onu, qardaşı X7 və işçilərini döyüb oradan qovmuşlar. Rafiq Əliyevin göstərişi ilə yeganə təsisçisi olduğu "xxxx" müəssisəsinin bazasında məcburiyyət qarşısında Cəfər Səfərovla "xxxx" tam-ortaqlı müəssisə yaratmış, həmin vaxtdan etibarən müxtəlif dövlət orqanlarına müəssisəsinin əlindən qanunsuz alınmasına dair çoxsaylı şikayətlər etmiş, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Əksinə, onun şikayət etdiyini görən Cəfər Səfərov və onun qardaşları qardaşı Əsrəddin Əsədovu evindən oğurlayıb “Yeganə” şadlıq evində saxlamış, eyni zamanda mənzilindən 12 karatlıq kolyeni və 123 000 ABŞ dolları pulu oğurlamışlar. Həmin vaxt ona Mamed adlı şəxs zəng edib qardaşı Əsrəddini azad etmək üçün 1 000 000 dollar ödəməli olduğunu demiş, həmin şəxsə adamlarının mənzilindən 400 000 ABŞ dolları dəyərində əmlakını oğurladıqlarını dedikdə, Mamed 600 000 dollar verməsi müqabilində qardaşının azad ediləcəyinə razılaşmışdır. Bundan sonra Cəfər Səfərova 600 000 ABŞ dollarını Dərnəgül yolunda “Eyyub Petrol” yanacaqdoldurma stansiyasında vermiş, 2 saat sonra qardaşı Əsrəddini azad etmişlər. 2005-ci ilin dekabr ayına qədər ticarət mərkəzinə buraxılmamış, ona vəsait verilməmiş, ümumiyyətlə ticarət mərkəzindən kənarlaşdırılmışdır. 2005-ci ilin ikinci yarısında Fərhad Əliyevin həbs edildiyini eşitmiş, buna görə də MTN-ə, nazir müavini Hilal Əsədovun adına şikayət ünvanlamışdır. Elə həmin gün onu X16 qəbul otağında Akif Çovdarov qəbul etmiş, bütün sənədləri ondan götürmüş, bütün əhvalatı Akif Çovdarova danışmış, orada olduğu zaman Cəfər Səfərovu və qardaşlarını oraya gətirmişlər. Cəfər Səfərov bildirmişdir ki, “obyekti Çingizə qaytarmağa hazırdı, lakin Çingiz ona 300 000 ABŞ dolları ödəməlidir”. Məcburiyyət qarşısında qalıb bu təkliflə razılaşmış, 24 dekabr 2005-ci il tarixdə o, Akif Çovdarov, Cəfər Səfərov, Qulu Səfərov və Cavabdeh2 12 saylı Dövlət notariat kontorunda görüşüb obyektin alqı-satqısı barədə müqavilə imzalamışlar. X12yınatası olan Cavabdeh2 bildirmişdir ki, obyekt onlara keçir, o da qorxduğu üçün bütün sənədləri imzalamışdır. Beləliklə 300 000 ABŞ dollarını Cəfər Səfərova ödəmiş, obyekt isə alqı-satqı müqaviləsinə əsasən Elşən Hüseynovun və Cavabdeh2 adlarına keçmişdir. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü ilə X5 və qeyriləri Azərbaycan Respublikası CM-nin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, hökmlə zərərçəkmiş şəxs X8 təqsirləndirilən şəxs X3 qarşı verdiyi mülki iddia qismən təmin olunaraq Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanda yerləşən ticarət və xidmət sahəsinin onun, sonradan isə "xxxx" müəssisəsinin mülkiyyətinə verilməsinə dair müvafiq olaraq xx.xx.1995-ci il tarixli 26985 saylı qeydiyyat şəhadətnaməsi və xx.xx.2001-ci il tarixli 000788 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə, eləcə də həmin ticarət və xidmət sahəsinə aid 2001-ci ildən xx.xx.2013-cü il tarixədək olan bütün əqdlər – "xxxx" müəssisəsinin təsisçisi İddiaçı xx.xx.2002-ci il tarixli 0102-A1-340 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatından keçib, özünə məxsus 50% payı alıcı X9 684 000 manata satmasına dair notarial qaydada təsdiq olunmuş xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi; X8 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsini 276 000 manata alıcı İddiaçı, yəni ona satmasına dair notarial qaydada təsdiq olunan xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; onun Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsini Cavabdeh2 və X2 dair notarial qaydada təsdiq olunan xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, X4 Cavabdeh3 MMC-nin kapitalında ona məxsus olan 50% payın X13 20 manata satmasına dair notarial qaydada təsdiq olunan xx.xx.2013-cü il tarixli 3M/346 nömrəli reyestrdə qeydə alınan müqavilə etibarsız hesab edilmiş və rəsmi olaraq X14, faktiki olaraq isə məhkum Akif Çovdarova məxsus olan yuxarıda qeyd edilən ünvanda 1118,9 kvadrat metr sahədə yerləşən ticarət və xidmət sahəsinin 50% payı cinayət yolu ilə əldə edilən əmlak kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, bu mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Güclü təsir altında imzaladığı alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edildiyi halda nəyə görə ona məxsus olan obyekt dövlətin nəfinə müsadirə edilməlidir? Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələblərinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Buna gönə də hesab edir ki, alqı-satqı müqaviləsi bağlanana qədər mülkiyyətində olan əmlak özünə qaytarılmalıdır. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanında yerləşən 1118,9 kv.m. ticarət və xidmət sahəsi onun mülkiyyətində olmuş, 06 yanvar 2006-cı il tarixdə Bakı şəhəri 12 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən təsir altında, məcburiyyət qarşısında tərəfindən Elşən Hüseynova və Cavabdeh2 satılmışdır. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü ilə həmin alqısatqı müqaviləsi yalnız cavabdeh Elşən Hüseynova satılması hissəsində etibarsız hesab edilib. Əgər alqı-satqı müqaviləsinin bir hissəsi etibarsız hesab edilirsə digər hissəsi necə qüvvədə qala bilər? Axı həmin alqı-satqı müqaviləsinə əsasən o, guya könüllü olaraq mülkiyyətində olan bazarı MTN generalı Akif Çovdarovun qonşusu Elşən Hüseynova və Hilal Əsədovun qayınatası olan Cavabdeh2 satmışdır. Hökmə görə isə Elşən Hüseynova “könüllü” satdığı əmlak kompleksinin 50% payı cinayət yolu ilə əldə edilən əmlak kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Halbuki bu əmlak onun mülkiyyətində olmuşdur və o, heç bir cinayət törətməmişdir. Nəyə görə onun əmlakı olmuş bazar müsadirə olunmalıdır? Həmin əmlakın digər 50%-nə gəldikdə isə başa düşmür nəyə görə həmin 50% pay Cavabdeh2 mülkiyyətində qalmalıdır? Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 may 1992-ci il tarixli 751 saylı sərəncamına əsasən ümumi sahəsi 7752,8 kv.metr olan ərazi təsisçisi olduğu "xxxx" Elmi-istehsalat müəssisəsinin “Maral” Bakı şöbəsinə ticarət-məişət və mədəni təyinat üzrə layihələndirmə və tikinti üçün ayrılmışdır və bunun 1118,9 kv. metr ərazisi meyvə-tərəvəz bazarı altındadır. Bəs ona verilən qalan torpaq sahəsi nəyə görə özünə qaytarılmır? Sadə hesablama yolu ilə müəyyən edilir ki, təsisçisi olduğu "xxxx" MMC- yə ayrılan 7752,8 kv.metrdən 1118,9 kv. metr çıxdıqda 6633,9 kv.metr qalır. Bəs bu 6633.9 kv. metr sahənin taleyi necə olmuşdur? Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən sorğusuna cavab olaraq 17 may 2021-ci il tarixli məktubla bildirilmişdir ki, tikinti-quraşdırma işləri başa çatan obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının xx.xx.2007-ci il tarixli aktı ilə Cavabdeh3 MMC-nin adına ünvan 1 ünvanda yerləşən 4198,5 kv.m. əmlak kompleksinə dair xx.xx.2007-ci il tarixli 000362 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bu hal da qanuni hesab edilsə belə, 2435,4 kv. metr sahənin (7752,8 - 1118,9 - 4198,5 = 2435,4) taleyi qeyri-müəyyən qalır. Bəs bu ərazi kimdədir? Buna görə də hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 50 ünvanda yerləşən 1118,9 kv.m. ticarət və xidmət sahəsini Cavabdeh2 satmasına dair notariat qaydada təsdiq olunan xx.xx.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh3 MMC tərəfindən 4198,5 kv. metr əmlak kompleksinin özəlləşdirilməsi qanunsuz hesab olunaraq kompleks ona qaytarılmalı və qalan 2435,4 kv.metr ərazi də ona qaytarılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, Bakı şəhəri 12 saylı notariat ofisinin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəməyə gəlməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 məsələdən xəbərsiz olduğunu və məhkəməyə çağırılmasının səbəbini bilmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil3 şikayətin əsassız olduğunu bildirməklə yanaşı, təmsil etdiyi hüquqi şəxsə qarşı yönəlmiş iddia tələbinə inzibati icraat qaydasında baxılmalı olduğunu irəli sürmüşdür. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 may 1992-ci il tarixli 751 saylı sərəncamı ilə Nizami rayon İH-nin xahişi təmin olunaraq "xxxx" Elmi-İstehsalat Müəssisəsinin “Maral” Bakı şöbəsinə Bakı şəhər İHB-nın 12 dekabr 1991-ci il tarixli 153 saylı sərəncamına əsasən Nizami rayonu, Naxçıvanski küçəsində bulvar üçün ayrılan ərazidə ticarət-məişət və mədəni təyinat üzrə layihələndirmə və tikinti məqsədilə torpaq sahəsi ayrılmış, ünvan 1 ünvanda yerləşən 1303,2 m2 əmlak kompleksinə dair "xxxx" müəssisəsinin adına xx.xx.2001-ci il tarixdə 000750 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, 15 saylı DNK-da rəsmiləşdirilmiş xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" müəssisəsi əmlakın 184,3 m2 hissəsini X10 adına özgəninkiləşdirmiş, yerdə qalan 1118,9 m2 əmlak kompleksinə dair "xxxx" müəssisəsinin adına xx.xx.2001-ci il tarixdə yeni şəhadətnamə verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, "xxxx" müəssisəsi ünvan 1 ünvanda yerləşən 1118,9 m2 əmlak kompleksini 12 saylı DNK-da rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satmış, həmin əmlak kompleksinə dair İddiaçı adına xx.xx.2006-cı il tarixdə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, İddiaçı həmin notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əmlakı Cavabdeh3 MMC-nin adına özgəninkiləşdirmiş, xx.xx.2006-cı il tarixdə əmlak MMC-nin adına qeydə alınmışdır. İşin müəyyən olunan digər halına görə, tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının xx.xx.2007-ci il tarixli aktı ilə Cavabdeh3 MMC-nin adına ünvan 1 ünvanda yerləşən 4198,5 m2 əmlak kompleksinə dair xx.xx.2007-ci il tarixli 000362 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə, xx.xx.2009-cu il tarixdə isə müvafiq çıxarış verilmişdir. Sözügedən əmlak kompleksinə dair Cavabdeh3 MMC-nin adına xx.xx.2007-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin hansı əsasla verildiyinə dair məlumat əldə olunması məqsədilə apellyasiya baxışı zamanı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ünvanlanmış, həmin sorğu əsasında göndərilmiş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh3 MMC ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 7752,8 m2 torpaq sahəsini xx.xx.2006-cı il tarixdə, 128,5 m2 torpaq sahəsini isə xx.xx.2008-ci il tarixdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən satın almış, xx.xx.2007-ci il tarixli şəhadətnamə də məhz “Dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı ... üzərində hüquqların əldə edilməsini təsdiq edən” sənəd olaraq verilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin , habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Həmin Fərmanın 3-cü bəndinə görə, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. İşin yuxarıda şərh olunan hallarından görünür ki, Cavabdeh3 MMC-nin adına ünvan 1 ünvanda yerləşən 4198,5 m2 əmlak kompleksinə dair xx.xx.2007-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə hər hansı mülki-hüquqi əqd əsasında deyil, Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunvericilik çərçivəsində verilmişdir. Beləliklə, iddiaçının Cavabdeh3 MMC tərəfindən sahəsi 4198,5 kv.metr olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi” tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; iddiaçı isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia edir. Nəzərə alınmalıdır ki, mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinə dair inzibati orqan olan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə bağlanmış alqı-satqı müqavilələri, həmçinin həmin əmlakla bağlı verilmiş çıxarış Dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, dövlət mülkiyyətində olan əmlakın xüsusi mülkiyyətə verilməsi ilə bağlı bağlanan müqavilələrin, habelə onların hüquqi nəticələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan Cavabdeh3 MMC tərəfindən sahəsi 4198,5 kv.metr olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi” tələbinə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə görə, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənləri nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh3 MMC tərəfindən sahəsi 4198,5 kv.metr olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilməli, həmin tələb üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən iddiaçıya izah edir ki, o, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə, müraciəti əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə, o cümlədən müvafiq özəlləşdirməni inzibati məhkəmədə mübahisələndirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3618/2021 saylı iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh3 MMC tərəfindən sahəsi 4198,5 kv.metr olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilsin. İddiaçı Cavabdeh3nə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Cavabdeh3 MMC tərəfindən sahəsi 4198,5 kv.metr olan əmlak kompleksinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi” tələbi üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə, müraciəti əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə, o cümlədən müvafiq özəlləşdirməni inzibati məhkəmədə mübahisələndirə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar