Məhkəmə qərarları › İş №2(103)-3575/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3575/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3575/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: icraatın dayandırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, e-2(001)-2841/2024 nömrəli qərardadından iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 49564,85 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdehin nümayəndəsi Vəkil iş üzrə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 8447/2024 nömrəli inzibati iş yekun məhkəmə aktı çıxarılanadək hazırki iş üzrə məhkəmə icraatının dayandırılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-8447/2024 nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı çıxarılanadək, hazırki inzibati iş üzrə məhkəmə icraatı dayandırılmalıdır. Belə ki, həmin inzibati məhkəmə işi üzrə Cavabdeh iddiaçı qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 29 mart 2021-ci il tarixli F-119 nömrəli əmrin 3-cü bəndinin “... Cavabdeh və Təhsil Nazirliyi arasında bağlanmış Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülsün” hissəsinin əsassız hesab edilməklə, həmin hissədə ləğv olunmasını xahiş etmişdir. Həmin məhkəmə işi 15 aprel 2024-cü il tarixdən Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuş və hakim Orxan Həsənovun sədrliyi ilə məhkəmə tərəfindən baxılacaqdır. Həmin hal EMİS-də olan ekabinetdən çıxarışla təsdiq olunur və hazırki ərizəyə əlavə edilir. Hazırki mülki iddia tələbinin faktiki əsasını Nazirlik ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli Müqavilə təşkil etdiyini nəzərə alsalar, Nazirlik tərəfindən həmin müqavilə əsasında məhkəməyə müraciət edilməsi səbəbinin 29 mart 2021-ci il tarixli F-119 nömrəli Əmrin əsas olduğu müəyyən olunur. Deməli, inzibati məhkəmə işi üzrə göstərilən Əmrin 3-cü bəndi, yəni “... Cavabdeh və Təhsil Nazirliyi arasında bağlanmış Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülsün” hissəsi əsassız hesab edilməklə, həmin hissədə ləğv olunduğu təqdirdə, həmin məhkəmə işi üzrə qəbul olunacaq yekun məhkəmə aktında, hazıki məhkəmə mübahisəsi ilə əlaqədar preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi açıq-aşkardır. Odur ki, qeyd olunan inzibati məhkəmə işi üzrə qəbul olunacaq yekun məhkəmə aktında, hazırki mübahisəsi ilə əlaqədar preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi açıq-aşkardır. Odur ki, qeyd olunan inzibati məhkəmə işi üzrə iddia tələbi təmin edildiyi təqdirdə, hazırki məhkəmə işina aid preyudisial əhəmiyyət kəsb edən faktlar müəyyən ediləcək və hazırki iddia tələbinin əsassız olması üzə çıxacaqdır. Artıq şərhə ehtiyac yoxdur ki, hazırki işin nəticəsinə birbaşa təsir göstərəcəkdir

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, e-2(001)- 2841/2024 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair mülki iş üzrə icraat iddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı inzibati aktın qismən ləğv edilməsi tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsində baxılıb qurtaranadək dayandırılmışdır.

5. Qərardadın əsaslarına görə, iddia tələbinin əsasını təşkil edən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 29 mart 2021-ci il tarixli F-119 nömrəli əmri cavabdeh tərəfindən inzibatı qaydada mübahisələndirilmişdir. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraaatı dayandırır.

6. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məhkəmənin həmin qərardaddan şikayət verərək, qeyd olunan qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikasının Elm və TəhsilNazirliyi Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında 03 oktyabr 2014-cü ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin 01 oktyabr 2014-cü il tarixli, 1046 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə, cavabdeh Türkiyə, Erciyes Universiteti ali təhsil müəssisəsində “mühəndislik” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2014-2018-ci tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 49564,85 manat vəsait ödənmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin 29 mart 2021-ci il tarixli, F-119 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında 03 oktyabr 2014-cü il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında 03 oktyabr 2014-cü ildə müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulduğundan “ödənilmiş təhsil xərclərinin geri qaytarılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Hazırkı iş üzrə iddia tələbinin predmeti öhdəliyin icrası ilə bağlı olmuşdur. İddia tələbindən göründüyü kimi, hazırkı iddia tələbi inzibati aktın icrası ilə bağlı deyil, yalnız tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış öhdəliklərin icrası ilə bağlıdır. Cavabdeh tərəfindən mübahisələndirilən inzibati aktın mövcud olub-olmamasından asılı olmayaraq, müqavilə münasibətlərindən yaranmış öhdəliklərin icrasını tələb etmək Nazirliyin müstəsna hüququdur. Cavabdeh tərəfindən “TN-nin 29 mart 2021-ci il tarixli, F-119 saylı əmrinin 3-cü bəndinin ləğv edilməsi barədə” iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etməsi iş üzrə icraatın dayandırılması üçün əsas ola bilməz. Belə ki, mübahisənin əsasını inzibati akt olan əmrin icrası deyil, müqavilə münasibətlərindən əmələ gələn öhdəliklərin icrası ilə bağlıdır. Tərəflər arasında yaranmış öhdəliklər əmrə əsasən deyil, bağlanmış müqaviləyə əsasən yaranmışdır. Ona görə də, hesab edirlər ki, məhkəmə tərəfindən iş üzrə icraatın dayandırılması barədə qərardadın hüquqi əsası yoxdur. Digər tərəfdən mübahisələndirilən əmrin ləğv edilməsi, tərəflər arasında yaranmış öhdəliklərin xitamına əsas ola bilməz. Hesab edirlər ki, hazırkı iş üzrə icraatın dayandırılması barədə qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. İşə baxan məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən əmrin müqavilə münasibətlərindən əmələ gəlmiş öhdəliyin icrasının tələb edilməsində səbəbli əlaqənin olub-olmamasını aydınlaşdırmalı olduğu halda bunu etməmiş və əsassız olaraq icraatı dayandırmışdır. Bildirir ki, tərəflər arasında yaranmış öhdəlik Təhsil Nazirliyinin müvafiq əmrləri ilə deyil, bağlanmış müqavilə şərtlərinə əsasən öhdəliyin icrası tələb edilmişdir. Mübaisələndirilən əmrin ləğv edilməsi öhdəliyin icrasının tələb edilməsinə maneçilik yarada bilməz. Ona görə də, hesab edirlər ki, qərardad ləğv edilməli və iş üzrə icraat təzələnməlidir. İddia tələbi üzrə zəruri sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, e-2(001)- 2841/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraaatı dayandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. İşdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, sonradan cavabdehin vəsatətinə əsasən iddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı inzibati aktın qismən ləğv edilməsi tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsində baxılıb qurtaranadək dayandırılması qərara alınmışdır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraaatı dayandırır.

13. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e- 2-1(112)-8447/2024 nömrəli sərəncamından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “inzibati aktın qismən ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 29 mart 2021-ci il tarixli F-119 nömrəli əmrin 3cü bəndinin “... Cavabdeh və Təhsil Nazirliyi arasında bağlanmış Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülsün” hissəsinin qanunsuz hesab edilməklə, həmin hissədə ləğv olunmasını xahiş etmiş və həmin iddia ərizəsi üzrə məhkəmə hazırlıq iclası 10 iyun 2024-cü il tarixə saat 10:35-ə təyin edilmişdir.

14. Göründüyü kimi, hazırkı iddia tələbi inzibati aktın icrası ilə bağlı deyil, tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış öhdəliklərin icrası ilə bağlıdır. Cavabdeh tərəfindən mübahisələndirilən inzibati aktın mövcud olub-olmamasından asılı olmayaraq, müqavilə münasibətlərindən yaranmış öhdəliklərin icrasını tələb etmək Nazirliyin hüququdur. Cavabdeh tərəfindən “TN-nin 29 mart 2021-ci il tarixli, F-119 saylı əmrinin 3-cü bəndinin ləğv edilməsi barədə” iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etməsi iş üzrə icraatın dayandırılması üçün əsas ola bilməz. Belə ki, mübahisənin əsasını inzibati akt olan əmrin icrası deyil, müqavilə münasibətlərindən əmələ gələn öhdəliklərin icrası ilə bağlıdır. Tərəflər arasında yaranmış öhdəliklər əmrə əsasən deyil, bağlanmış müqaviləyə əsasən yaranmışdır.

15. Digər tərəfdən mübahisələndirilən əmrin ləğv edilməsi, tərəflər arasında yaranmış öhdəliklərin xitamına əsas ola bilməz. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən mübahisələndirilən əmrin müqavilə münasibətlərindən əmələ gəlmiş öhdəliyin icrasının tələb edilməsində səbəbli əlaqənin olub-olmamasını aydınlaşdırmalı olduğu halda bunu etməmiş və əsassız olaraq icraatı dayandırmışdır.

16. Göründüyü kimi, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

17. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız olduğundan, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunduğundan, qərardadın ləğvinə əsas verir.

18. Göstərilənlərə əsasən və MPM-in 44, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, e-2(001)-2841/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, e-2(001)- 2841/2024 nömrəli qərardadı ləğv edilsin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair mülki işə mahiyyəti üzrə baxılması davam etdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Xəyal Sarıyev

Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar