Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3578/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə İddiaçı “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı (şirkət) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, şirkətin xx.xx.2019-cu il tarixli AS-k-19/241 saylı əmrinin ləğv və işinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini, birinci instansiya məhkəməsinin işin hallarına düzgün hüquqi qiymət vermədiyi, iddiaçının əmək qanunvericiliyinin tələblərinə əməl olunmaqla işdən çıxarıldığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Şikayətin dəlillərinə görə, iddiaçı xx.xx.2019-cu il tarixdə X1 Deparlamentinin yerləşdiyi binada qəsdən, etinasızlıqla əməkdaşı olduğu şöbə müdirinin fəaliyyətinə kəskin və yüksək səslə etiraz etməklə, eləcə də əmək müqaviləsinə əsasən əmək funksiyasına və vəzifə borcuna aid olmasına baxmayaraq sığorta hadisələrinin rəhbəri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə vəzifə təlimatı ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməklə baş vermiş yol-nəqliyyat hadisələrini araşdırmaqdan yüksək səslə və şöbə müdiri ilə kəskin formada mübahisə edərək imtina etməklə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, nəticədə ona verilən tapşırığı icra etməmiş, beləliklə cəmiyyətin maddi zərərə məruz qalmaq ehtimalı yaranmışdır. Qeyd olunan halı İddiaçı işlədiyi Departamentin direktoru və digər işçiləri akt tərtib edərək təsdiqləmişlər. Qanunvericilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları, eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilmişdir. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamma və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin vəzifəsidir, lakin işçi, yəni iddiaçı, əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını yerinə yetirməmiş, kobud şəkildə pozmuş və əmək intizamına riayət etməmiş, nəticədə işçi kimi vəzifələrini düzgün icra etməmişdir. İddiaçı qanunla müəyyən olunan iş vaxtı normasını pozmuş və işin bu halları iş yerində olan digər əməkdaşlar tərəfindən tərtib olunmuş aktla öz təsdiqini tapmış, onun qanunla müəyyən edilmiş qaydada işdən azad edilməsi üçün əsaslar yaranmış, bu səbəblə də onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndinə əsasən xx xxxxxx 2019-cu il tarixdən xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili şikayətin əsassız olduğunu bildirərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, İddiaçı xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxx” ASC-nin X1 X3 şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, şirkətin xx.xx.2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında surəti olan xx xxxxxx 2019-cu il tarixli AS-k-19/241 saylı əmrdə iddiaçının konkret olaraq hansı pozuntuya yol verdiyi üçün işdən azad edilmiş olduğu əsaslandırılmasa da, əmrin əsası kimi göstərilən və iş materiallarına surəti əlavə olunmuş aktda göstərilmişdir ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə X1 Departamentin yerləşdiyi binada qəsdən, etinasızlıqla əməkdaşı olduğu şöbənin müdirinin fəaliyyətinə kəskin və yüksək səslə etiraz etməklə, eləcə də əmək müqaviİəsinə əsasən əmək funksiyasına və vəzifə borcuna aid olmasına baxmayaraq sığorta hadisələrinin rəhbəri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə araşdırmaqdan yüksək səslə və şöbə müdiri ilə kəskin formada mübahisə edərək imtina edərək iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, nəticədə onaverilən tapşırığı icra etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən qənaətini belə əsaslandırmışdır ki, işçinin şöbə müdiri ilə mübahisə etmiş olması onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsas ola bilməz və iddiaçıya töhmət, xəbərdarlıq edilmədən, tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa həmin əsasla xitam verilməsi işəgötürənin işçiyə qarşıqərəzli mövqedə olduğuna dəlalət edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğuna görə məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin digər işçi ilə mübahisəsinin onun əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil etməsi üçün, qeyd olunan bu hal nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Halbuki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əsas götürülən aktdan aydın olur ki, o, xx.xx.2019-cu il tarixdə iş yerində şöbə müdürünün fəaliyyətinə etiraz etmiş, onunla sözlü mübahisə etmiş, bu mübahisəni yalnız müəssisənin müvafiq əməkdaşları görmüş, bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu ümumiyyətlə göstərilməmişdir. Kollegiyanın qənaətinə görə, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, əvvəllər intizam tənbehi almamış olması, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsi əmək funksiyasını tam və ya qismən yerinə yetirməyən, yaxud keyfiyyətsiz yerinə yetirən, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun xarakterinə adekvat olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş olmasına baxmayaraq ondan izahat alınmamışdır; halbuki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7275/2019 saylı iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Ziya Şirinov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3578/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3578/2020
23.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver