Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3580/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş (Açar sözlər: «istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilin boşaldılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi X4 və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-752/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(102)-1231/2021 nömrəli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 130/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə iş üzrə verilmiş mülki iddiaların maddi ziyan hissələri tam, mənəvi ziyan hissələri qismən təmin edilmiş, İddiaçı 68850 manat maddi ziyan, 5000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 73880 manat pul ödənilməsi hökm edilmiş və mülki iddianın təmin edilməsi üçün Cavabdeh2 adına olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbs saxlanılmışdır. Hökmdən narazı qalan maraqlarına toxunan şəxs Cavabdeh2 apellyasiya şikayəti verərək ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi və müsadirə olunan əmlakların siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-51/2021 saylı, xx.xx.2021- ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
2. “X1” "xxxx" MMC-nin 21 sentyabr 2022-ci il tarixli, 207/22 saylı Hərracın Yekunları barədə Protokolu ilə təsdiq olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə və Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 770-ci məhəllədə yerləşən 6 nömrəli evin 7 saylı mənzili tələbkar İddiaçı tərəfindən əldə edilmiş və o, tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olmuşdur. Əmlakın təkrar hərracdakı alış qiyməti 178000 manat təşkil edir. 3.Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 770-ci məhəllədəki, 6 nömrəli evin, 7 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022ci il tarixdə qeydiyyata alınmışdır.
4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 770-ci məhəllədəki, 6 nömrəli evin, 7 nömrəli mənzilində Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 qeydiyyatdadır.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhlədə yerləşən, ümumi sahəsi 145.9 kv.m. olan 6 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və cavabdehlərdən Cavabdeh1 övladı azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X5 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, mənzilin tam boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Tələbdə göstərilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xüsusi müsadirə tətbiq edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhəllə, ev 6, 7-ci mənzil xx.xx.2022-ci il tarixdə hərrac vasitəsilə həmin cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınan İddiaçı satılmışdır. Bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli Protokol tərtib edilmiş, protokola əsasən mülkiyyət hüququnu təsdiq edən sənəd İddiaçı adına verilmişdir. Cavabdehlər və onların ailə üzvləri mənzilin könüllü olaraq boşaldılmasından imtina etdiklərindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-752/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi (hakim Nərgiz Tağıyeva) ilə iddia tələbi təmin edilərək Cavabdeh2, Cavabdeh1, X6 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi; cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 xx.xx.2019-cu il təvəllüdlü qızı X8 və digər şəxslər Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhəllədə yerləşən, 6 nömrəli evin 7 saylı mənzilindən çıxarılmaqla mənzilin tam boşaldılması və İddiaçı təhvil verilməsi; iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh1, X6 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə İddiaçı tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, cinayət əməli nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və mübahisələndirilən mənzilin üzərinə qoyulmuş həbsin saxlanılması qərara alınmışdır. Həmin hökmdən apellyasiya və kassasiya şikayətləri verilsə də hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında hərrac keçirilmiş, üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 770-ci məhəllədə yerləşən, 6 nömrəli evin 7 saylı mənzili 21 sentyabr 2022-ci il tarixli, 207/22 saylı Hərracın Yekunları barədə Protokola əsasən İddiaçı satılmışdır və iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Hazırda iddiaçı mənzilin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğuna əsaslanaraq cavabdehlər mənzildən könüllü çıxmadıqlarından, onların mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə yaşamaları və maneələr yaratması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. İddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göstərilən Qanunun 9-cu maddəsinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilə dair keçirilmiş hərracın nəticəsi olaraq həmin əmlakı hərracdan iddiaçı almış və hazırda əmlak onun mülkiyyətindədir. Əmlak iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehlərin əmlaka dair istifadə hüquqlarının saxlanılması barədə onların arasında hər hansı razılıq olmamış, o cümlədən cavabdehlərin əmlaka münasibətdə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, bu hüququn yenidən əmələ gəlməsi, habelə həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamışdır. Hüquqi baxımdan cavabdehlərin hazırda həmin əmlaka hər hansı bağlılığı qalmamışdır. Onlar hazırda hər hansı əsas olmadan mənzildə yaşamış, mənzilə olan pasport qeydiyyatları isə formal xarakter daşımışdır. Bu səbəbdən məhkəmə iddia tələbini “cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməsi” hissəsində əsaslı hesab edərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq qeydiyyata alınmışdır və o, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəst olmuş və buna dair ona heç kimdən razılığın alınması tələb edilməmişdir. Cavabdehlərin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının, o cümlədən onlarla iddiaçı arasında bağlanmış kirayə və sair müqavilənin olması müəyyən edilməmişdir. İstifadə və sahiblik hüququnun olması isə cavabdehlərin əmlakda yalnız bilavasitə yaşaması (fiziki baxımdan mövcudluğu) ilə əlaqələndirilə bilməz. Belə ki, onların hazırda orada yaşamaları iddiaçının, mülkiyyətçi olmasına baxmayaraq, əmlakdan istifadə etmək və ona sahib olmaq hüquqlarını məhdudlaşdırır. Mövcud vəziyyətdə cavabdehlərin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. Cavabdeh1 azyaşlı övladının mənzildən çıxarılması ilə bağlı qeyd olunmalıdır ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehlər hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatdadır və həmin mənzildə yaşayırlar. Müvafiq mənzilə mülkiyyət hüququ İddiaçı məxsus olsa da, onlar mənzilin boşaldılması və təhvil verilməsindən imtina edirlər. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehlərin isə mövcud vəziyyətdə mənzildən istifadə hüquqları olmadığından iddia təmin edilməlidir. Digər şəxslərin mənzildən çıxarılması ilə bağlı məhkəmə qeyd edir ki, həmin ifadə qeyri müəyyən olsa da, cavabdehlərin hüquqlarından sui-istifadəsinin, əsassız məhkəmə araşdırmalarının qarşısını alınması və mülkiyyətçinin hüquqlarının daha səmərəli qorunması baxımından iddia həmin hissədə də təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilir ki, iş üzrə ən önəmli məsələ budur ki, icra məmuru tərəfindən hərraca yönəldilən əmlakların cox böyük hissəsi məhkum X3 cinayət törətməmişdən xeyli müddət əvvəl qohumları tərəfindən və onların şəxsi vəsaiti hesabına əldə edilmişdir və bu məsələlər araşdırılmadan qanunverciliyin tələblərinə məhəl qoyulmadan hazırki iş üzrə cavabdehin mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, ilkin hüquqverici və mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında tam təsdiq edilir ki, həmin əmlaklar cinayət baş verən vaxtdan uzun illər əvvəldə edilmiş və cinayət vaxtıda, yəni 2011-ci ilin dekabr ayında Elmira Şirinovaya məxsus olmamış və olması da qeyri-mümkün olmuşdur. Üzərinə həbs qoyulmuş əmlakların dəyəri verilmiş mülki iddianın qiymətindən qat-qat çoxdur. Bu isə son nəticədə üzərinə həbs qoyulmuş əmlakların sayının süni surətdə çoxaldılmasına, guya mülki iddianın təmin edilməsi istiqamətində tədbirlərin görülməsi görüntüsü yaradılmasına, şəxslərin konstitusion hüquqları olan mülkiyyət toxunulmzalığının pozulmasına, qəsdən süründürməçilik yaradılaraq şəxslərə mülkiyyətlərində olan əmlaklardan istifadənin və sərəncam verilməsinin qarşısının alınmasına, bu qədər əmlakı hərraca yönəltməklə, qəsdən qiymətin aşağı salınması, suiistifadə hallarının yaradılması və s. yönəlməkdədir. CPM-in 250.2-ci maddəsinin tələbinə əsasən mülki iddiaçı tərəfindən verilmiş mülki iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulan əmlakın dəyəri iddianın qiymətindən artıq olmamalıdır. Cinayət işi üzrə qəbul edilmiş qərarlar iş materiallarında olan sübutların obyektiv qiymətləndirilməsinə əsaslanmır, əsassız olaraq başqasına məxsus olan əmlak üzərinə həbs qoyularaq mülki iddianın təmin edilməsinə və müsadirəyə yönəldilmişdir. Belə ki, cinayət işinin istintaq materiallarından görünür ki, ibtidai araşdırma orqanı heç bir əsas olmadan X3 qohumlarını siyahısını və onların adına olan daşınmaz və daşınar əmlakı müəyyən etmiş və yalnız bundan sonra X2 qohumlarının adında olan əmlakların satılaraq vurulmuş zərərin əvəzinin ödənilməsi barədə ərizə almışdır. Yuxarıda qeyd edildiyi kimi, çoxsaylı qanunsuzluqdan sonra başda Hamlet Heseynov olmaqla Hüseynovlar ailəsinə məxsus olan bütün daşınmaz, eləcə də avtomobil qismində bütün daşınar əmlakı əlindən alınmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 və nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Cavabdeh2 məhkəməyə ünvanladığı teleqramda səhhətində yaranan problemlə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işə baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməyib. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh4 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat vermir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 9. Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
15. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları Mülki Məcəllənin yuxarıda qeyd olunan dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.
25. Hərraca yönəldilən əmlakların böyük hissəsinin məhkum X3 cinayət törətməmişdən xeyli müddət əvvəl qohumları tərəfindən və onların şəxsi vəsaiti hesabına əldə edilib-edilməməsinin araşdırılması hazırki apellyasiya icraatının predmetinə aid məsələ deyildir. Qeyd olunan məsələlərin araşdırılması cinayət mühakimə icraatının predmetinə aid olmuş və həmin icraat üzrə də ittiham hökmü qanuni qüvvəsini almışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir(MPM.m.82.4).Ona görə də yuxarıda qeyd olunan məhkəmənin hökmü hazırki mülki işə baxan məhkəmə üçün məcburidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 03 aprel 2023-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsinin Plenumu göstərdi ki,..3-cü bənd Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki və bu qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsasən, əmlakın xüsusi müsadirə cinayəthüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna baxmayaraq icra edilməlidir. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsi Plenumu həmçinin göstərdi ki,... Beləliklə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər. Göründüyü kimi, cavabdeh mübahisə predmeti olan mənzilin hökmün icrası və hərracın nəticəsində iddiaçının mülkiyyətinə keçməsindən narazı idisə yaxud narazıdırsa mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilməsi üçün müraciət edə bilərdi.Ona görə də hazırki iş üzrə məhkəmənin cavabdehin mülkiyyət hüququnun pozmasından söhbət gedə bilməz.
27. Cavabdeh mübahisə predmeti olan mənzili boşaldıb iddiaçıya ona görə təhfil verməlidir ki, iddiaçı həmin mənzili hökmün icrası və hərracın nəticələri olaraq əldə etmiş və altı aydan artıqdır ki, mənzilə mülkiyyət hüququ mövcuddur. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Qanunvericiliyin məhz şərh olunan normalarının tələbinə əsasən cavabdeh artıq başqasının mülkiyyətində olan əmlakı boşaldıb ona təhvil verməlidir. Əks halda mülkiyyətin toxunulmazlığına qanuni əsas olmadan xələl gələ bilər.
28. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-752/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-752/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.