Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3580/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və s." tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, e-2(006)-610/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı cavabdehin qızıdır. Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, döngə 1, ev 45 ünvanında yerləşən mənzil iddiaçının atası tərəfindən əldə edilmiş və 1988-ci il tarixdən etibarən tərəflər həmin ünvanda yaşamağa başlamışlar. Həmin ev özbaşına tikilidir. 22 may 2002-ci il tarixli vəsiyyət əsasında iddiaçının atası X15 tərəfindən qızı, yəni hazırki iş üzrə iddiaçı və həyat yoldaşı, yəni hazırki iş üzrə cavabdehə vəsiyyət edilmişdir. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə köçürülməsini, həmçinin ümumi qaydalarla istifadə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı "istifadəyə verilmə və yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, döngə 1, ev 45 ünvanında yerləşən ev iddiaçının atası tərəfindən iddiaçı üçün 1988-ci il tarixdə ermənidən alınmışdır. Məhz iddiaçı üçün alındığı səbəbindən həmin ev üzrə qeydiyyata alınan ilk şəxs iddiaçı olmuşdur. Ermənidən alınan ev üzrə sənədləşmə işləri məlum məsələlərlə bağlı aparıla bilmədiyindən indiyədək ev sənədsiz ev kimi qalmışdır. İddiaçı ev üzrə ilk sahib olmuşdur. Sonradan atasını evə qeydiyyata alınmasına razılıq vermişdir. Daha sonra anası və qardaşının evə qeydiyyata alınmasına razılıq vermişdir. Hazırda ev üzrə iddiaçı, iki oğlu və qızı qeydiyyatdadırlar. İddiaçı və övladlarından savayı ev üzrə anası Cavabdeh və qardaşı (3 ailə üzvü ilə birgə) qeydiyyatdadırlar. İddiaçı ev üzrə mülkiyyətçi statusuna malikdir. Uzun müddət həmin evdə yaşamışdır. Hazırda müvəqqəti olaraq həmin evdə müəyyən mübahisələr səbəbindən yaşamır. Lakin, evin bir hissəsində faktiki anası və qardaşı oğlu yaşayır. İddiaçı evin tam hissəsinə sahiblənmək iddiasında deyildir. Amma ən azından həyət evinin tikili sahəsinin 40 faizinə sahiblənmək hüququna malikdir. İddiaçıdan başqa 40 faiz qardaşına (ailəsi ilə birgə) və qalan 20 faiz hissəsinə anasının sahiblənmək hüququna malik olduğunu hesab edir. Atası da sağlığında buna etiraz etmədiyini, hətta bu barədə vəsiyyətnamə yazmışdır. Vəsiyyətnamədə hətta evin 50 faizinin iddiaçıya, 50 faizinin isə anasına məxsus olmasına razılıq vermişdir. Belə ki, atasına qulluq edən şəxs iddiaçı olmuşdur. Atasının şəkər xəstəliyi zamanı onunla bir qalmışdır. Onun hər kaprizi ilə barışmış və onun xidmətində olmuşdur. Bu evdə iddiaçı ailə üzvləri ilə bir böyümüş, birlikdə yaşamışlar. Aralarında bununla bağlı əvvəllər mübahisə olmayıb. Sonradan anaları tərəfindən aralarında nifaq, narazılıq salınmış və münasibətlər müəyyən qədər pozulmuşdur. Son bir neçə müddətdir ki, iddiaçı həmin evdə yaşamır. Belə ki, anası tərəfindən ciddi mübahisələr yaradılır. Normal yaşayış tərzi sürə bilmir. Həmçinin, ev həyət evidir. Həyət tikililərdən və torpaq sahəsindən ibarətdir. Anası həyətlərində olan bəzi otaqları kirayə verib pul qazanır. Lakin həmin puldan iddiaçıya pay verməkdən imtina edir. Mübahisələri də ona görə yaradır ki, iddiaçı orada yaşamasın və ondan pul tələb etməsin. Əldə etdiyi məlumata əsasən ev 300-350 kv.m tikililərdən ibarətdir. Əvvəllər iddiaçı onunla barışmağa cəhd göstərsə də, bunun nəticəsi olmamışdır. İddiaçının öz yaşayış sahəsi olub. Bundan başqa, iddiaçı o evdə yaşadığı zaman iddiaçının istifadəsində olan otaqlar olub. Bütün bunlardan başqa ev alınanda iddiaçıya verilmək üçün nəzərdə tutulmuşdur. İlk qeydiyyata alınan şəxs o olmuşdur. Bütün bu narazılıqların qarşısının alınması üçün və hər kəsin hüquqlarını və qanuni mənafelərini qorumaq məqsədilə hesab edir ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin otaqları (tikililəri) aralarında bölünməsi məqsədəmüvafiqdir. Hazırda evdəki tikililərin sahələri üzrə bölgü aparılmasına ehtiyac var ki, yaşayış sahələrindən istifadə qaydaları müəyyən edilsin. Hər kəs hansı sahənin ona məxsus olmasını, istifadəsinə verilməsini bilsin və öz istədiyi tərzdə həmin sahəni idarə etsin. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, döngə 1, 45 saylı evin təxminən 150 kv.m olan yaşayış və sair təyinatlı tikililərinin iddiaçı və övladlarının istifadəsinə verilməsinə, həmçinin həmin evin dəhlizindən, mətbəxindən və sanitar qovşağından ümumi qaydalarla istifadə edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, döngə 1, 45 saylı evə ailə üzvləri ilə birgə köçürülməsi, bundan başqa qeyd edilən ünvanda yaşayış və sair təyinatlı tikililərə dair iddiaçının və övladlarının istifadə qaydalarının müəyyən edilməsi, həmin sahələrdən sərbəst istifadəyə edilən maneələrin cavabdehə qadağan edilməsi, həmçinin həmin evin dəhlizindən, mətbəxindən və sanitar qovşağından ümumi qaydalarla istifadə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, döngə 1, ev 45 ünvanında yerləşən ev iddiaçının atası tərəfindən iddiaçı üçün 1988-ci il tarixdə ermənidən alınmışdır. Məhz iddiaçı üçün alındığı səbəbindən həmin ev üzrə qeydiyyata alınan ilk şəxs iddiaçı olmuşdur. Ermənidən alınan ev üzrə sənədləşmə işləri məlum məsələlərlə bağlı aparıla bilmədiyindən indiyədək ev sənədsiz ev kimi qalmışdır. İddiaçı ev üzrə ilk sahib olmuş, sonradan atasını evə qeydiyyata alınmasına razılıq vermişdir. Daha sonra anası və qardaşının evə qeydiyyata alınmasına razılıq vermişdir. Hazırda ev üzrə iddiaçı, iki oğlu və qızı qeydiyyatdadırlar. Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, döngə 1, ev 45 ünvanda yerləşən ev üzrə qeydiyyatında 4 nəfər ailə üzvü olduğundan, evin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxs kimi hazırda evdən ümumiyyətlə istifadə edə bilmir. Amma cavabdeh isə evdən tam şəkildə yararlanır. Evin otaqlarını icarəyə verməklə pul qazanır. Həmçinin, iddiaçı evdən çıxdıqdan sonra iddiaçının o zaman yaşadığı sahənin qapısının kilidi sındırılmış və həmin sahə də icarəyə verilmişdir. İlk günlər iddiaçıya icarə pulundan 500 manat aylıq haqq verəcəyi vədi ilə cavabdeh onu sakitləşdirmişdi. Həmin dövrdən iddiaçıya ümumiyyətlə icarə pulu ödənilməmişdir. Bununla cavabdeh iddiaçını əmlakından məhrum etmək niyyəti güdür. Onların həmin mənzilə dair gözləntiləri vardır. İddiaçının övladları üçün yaşayış sahəsi əldə edilməlidir. Hazırki vəziyyətdə isə onların bu hüququ pozulmuşdur. Bundan başqa, atası tərəfindən tərtib edilmiş vəsiyyətnaməyə əsasən qeyd edilən evin 50 faizi iddiaçıya verilməlidir. Səbəb isə iddiaçının ailəsinə məxsus olan Masallıda bir neçə mülk və torpaq sahələri (3 ayrı dəb-dəbəli evləri var, biri kirayə verilib, digəri qardaşlarına verilib, dəyəri 50000 manatdan az olmayan Viləş yaxınlığında torpaq sahələri və s.) vardır ki, onlardan iddiaçıya düşən pay əvəzi hazırki evin yarısı iddiaçıya verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, e-2(006)- 610/2025 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və məhkəmə xərcləri iddiaçının özünə aid edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iddiaçı sözügedən mənzildə 1988-ci ildən (alınan vaxtdan) yaşamağa başladığından 2000-ci il sentyabrın 1-dən əvvəlki hüquq münasibətlərinə istinad etmək lazımdır. İddiaçı Sübhan qızı Cavabdeh ilə birlikdə 1988-ci ildən mübahisəli mənzildə yaşamışdır. Sonradan iddiaçı ailə həyatı qurmuş, mübahisəli mənzildən çıxmış, lakin daha sonra ailə münasibətləri pozulduqdan sonra uşaqları ilə birlikdə mübahisəli mənzilə qayıtmış və ikinci dəfə ailə həyatı qurduqdan sonra mübahisəli mənzildən çıxmışdır. Artıq 2 ildir ki, iddiaçı və onun ailə üzvləri mübahisəli mənzildə yaşamırlar. Həmçinin, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından biri də odur ki, iddiaçının adına "xxxx" MTK-ya məxsus binada ümumi sahəsi 115 kv.m olan 3 otaqlı 1771 nömrəli mənzil 22 iyun 2017-ci il tarixli müqavilə əsasında əldə edilmişdir, hansı ki, hal-hazırda iddiaçı və onun ailə üzvləri sözügedən evdə yaşayırlar. Mübahisəli mənzil olan Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, döngə 1, ev 45 ünvanda yerləşən yaşayış sahəsi isə özbaşına tikili olmaqla həmin əmlak üzərində bu və ya digər şəxsin hüquqları təsbit edilməmişdir. Bundan başqa həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzil üzrə köçməsini tələb etdiyi ev üzrə mənzil xüsusi mülkiyyətdə olmuş olsaydı, onun istifadə hüququnun müəyyən edilməsi barədə məsələyə baxılarkən belə şəxsin sözügedən mənzilə artıq istifadə hüququ aradan qalxmış olacaqdı. Belə ki, ilkin olaraq hüquq 1988-ci ildən yaranmış olsa da, sonradan ilk dəfə ailə həyatı qurduqdan sonra getməsi artıq həmin hüququn aradan qalxması demək olmuş və hətta sonradan (ikinci dəfə) ailə həyatı qurduqdan sonra belə yenə mənzil ehtiyacı aradan qalxmışdır (podrat münasibətləri üzrə yeni mənzilə hüquq əldə etmişdir). Məhkəmə vurğulamışdır ki, iddiaçının hazırda yaşadığı "xxxx" MTK-ya məxsus binada yerləşən mənzili kreditlə əldə etməsi, buna görə borcunun olması, maddi cəhətdən imkanın aşağı olması və mübahisəli mənzilə dair onun da pay hüququnun olmasına dair irəli sürdüyü dəlillər hazırki iddia tələbinin təmin edilməsi üçün əsas sayıla bilməz. İlk növbədə göründüyü kimi iddiaçı artıq 2 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır. Məhkəmə iddiaçının mübahisəli mənzildə yaşamamasının səbəblərini araşdıraraq hesab etmişdir ki, iddiaçının uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, iş materialları və faktiki halları ilə təsdiq olunur ki, iddiaçı ikinci dəfə ailə həyatı quraraq daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Məhkəmə iş üzrə İddiaçı Sübhan qızının pasport qeydiyyatında olduğu və özbaşına tikili statusunda olan yaşayış sahəsini 2 ildən çox müddətə tərk edərək başqa yaşayış sahəsində yaşamasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı ailə həyatı quraraq və birgə nikahda olduğu dövrdə iddiaçının adına yeni mənzil əldə edilərək artıq iddiaçı özünün və ailə üzvlərinin yaşayış sahəsinə olan ehtiyaclarını təmin edərək mübahisəli ünvanda yerləşən yaşayış sahəsindən özlərinin yaşayış yeri ehtiyaclarını təmin etmək zərurəti aradan qalxdığından hazırda iddiaçının mübahisəli ünvanda yerləşən yaşayış sahəsinə köçürülmə barədə tələbləri əsassızdır və təmin edilməməlidir Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçının tələbi ailə üzvləri ilə birgə mübahisəli mənzilə köçürülmə hissəsində rədd edildiyindən, tələbin digər hissələri də ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi qalan hissələrdə də rədd edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildən həmin evdə daimi yaşayır və 2003-cü ildən həmin evə qeydiyyata alınıb. Ev iddiaçının atası tərəfindən iddiaçı üçün 1988-ci il tarixdə ermənidən alınmışdır. Məhz iddiaçı üçün alındığı səbəbindən həmin ev üzrə qeydiyyata alınan ilk şəxs iddiaçı olmuşdur. Ermənidən alınan ev üzrə sənədləşmə işləri məlum məsələlərlə bağlı aparıla bilmədiyindən indiyədək ev sənədsiz ev kimi qalmışdır. İddiaçı ev üzrə ilk sahib olmuş, sonradan atasını evə qeydiyyata alınmasına razılıq vermişdir. Həmçinin, iddiaçının atasının verdiyi vəsiyyətnamədə evin 50 faizinin iddiaçıya, 50 faizinin isə iddiaçının anasına məxsus olmasına razılıq verilmişdir. İşə baxan məhkəmə iddiaçının istifadə hüququnun yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına əsasən belə hesab edir ki, 2 ildən çox müddətə tərk edərək başqa yaşayış sahəsində yaşadığı üçün iddiaçının həmin evdən istifadə etmək hüququnun olmaması qənaətinə gəlinmişdir. Bu məsələ ilə bağlı bildirir ki, məhkəmə iddiaçının 2 ildən artıq sözügedən evdə yaşamamasını təsdiq edən heç bir sübuta əsaslanmamışdır, cavabdehin mülahizələrinə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı uzun müddətdir həmin evdə yaşamır və onun həmin evdən istifadə hüququ yoxdur. Lakin, işə baxan məhkəmə nəzərə almamışdır ki, iddiaçı 1988-ci ildən davamlı olaraq həmin evdə yaşamış, hətta ailə həyatı qurandan sonra da onun və ailə üzvlərinin evi olmadığı üçün sözügedən evdən istifadə etmişlər. Hətta cavabdeh məhkəməyə verdiyi ifadəsində də qeyd etmişdir ki, iddiaçı atasının sağlığında ona müəyyən qədər pul məbləği (kirayə haqqı kimi) ödəyərək ailəsi ilə birgə həmin evdə yaşamışdır. Həmçinin, Nəsimi Rayonu Mənzil- Kommunal Təsərrüfat Birliyinin 14 saylı Mənzil-Kommunal İstismar Sahəsinin təqdim etdiyi və bu apellyasiya şikayətinə əlavə edilən arayışdan da göründüyü kimi iş üzrə İddiaçı, onun oğlanları və qızı xx.xx.2003-cü il tarixindən qeydiyyata alınmaqla həmin evdə yaşayırlar. İddiaçı 2023-cü ilin sonuna qədər həmin evdə yaşayış, 2023-cü ildə isə cavabdeh iddaçıya və onun uşaqlarına sözügedən evdən istifadə etməyə məhdudiyyət yaratmış, iddiaçının sahibliyində olan evin açarlarını dəyişdirmiş və buna görə də 2023cü ilin sonundan etibarən iddiaçı və onun ailə üzvləri sözügedən evdən istifadə edə bilməmişlər. Buna görə də iddiaçı hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Lakin, işə baxan məhkəmə ümumiyyətlə araşdırmamışdır ki, iddiaçı və onun uşaqları sözügedən mənzildə nə vaxtdan nə vaxta qədər yaşayıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcələsinin 60-cı maddəsi haqqında Qərardan da göründüyü kimi məhkəmə tərəfindən istifadə hüququna dair mübahisələrə baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalıdır. İndiki halda işə baxan məhkəmə iddiaçının sözügedən evdən hansı müddət ərzində istifadə etməməsini, istifadə etməyibsə bu müddətin nə qədər davam etməsini və bunun səbəblərini araşdırmamış, gəldiyi qənaət üzrə heç bir sübuta əsaslanmamış və cavabdehin mülahizələri əsasında qətnamə qəbul etmişdir. Bu hal isə iddiaçının həmin evdən istifadə hüququnun və mülkiyyət maraqlarının ciddi şəkildə pozulmasına səbəb olmuşdur. Məhkəmənin qətnamədə də istinad etdiyi qüvvədən düşmüş Mənzil Məcələsinin 60-cı maddəsinə görə şəxsin bu maddədə müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İndiki halda iddiaçının və onun ailə üzvlərinin sözügedən evdən istifadə etmək hüququnun itirilməsinə dair həmin evdə yaşayan və buna dair subyektiv hüququ olan şəxslərdən heç biri iddiaçının evdən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair məhkəmədə iddia qaldırmamışdır. İşə baxan məhkəmə isə evdən istifadə hüququnun yarandığı vaxt qüvvədə olan maddi hüquq normasının tələbini pozaraq iddiaçının sözügedən mənzildən istifadə hüququnun itirilməsi qənaətinə gəlmişdir. Halbuki iddiaçının və onun ailə üzvlərinin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün həmin evdə yaşayan və buna dair subyektiv hüququ olan şəxslərin məhkəmədə iddia qaldırması maddi hüquq normasının tələbidir. Bundan başqa işə baxan məhkəmə qətnamədə iddiaçının öz yaşayış ehtiyacını qarşılayacaq mənzilinin olması qənaətinə gələn zaman mülki iş materialarında olan 22 iyun 2017-ci il tarixli, 1771 nömrəli Kooperativ Mənzil Tikintisi Haqqında müqaviləyə əsaslanmış və qeyd etmişdir ki, "xxxx" MMC ilə X5 arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cəmiyyət ünvan 2 ünvanında inşa edilmiş və ya inşa olunan yaşayış kompleksində giriş 15, mərtəbə 3, ümumi sahəsi 115.00 kv.m olan 3 otaqdan ibarət 1771 saylı mənzili payçıya təhvil verməyi, payçı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Kooperativ Mənzil Tikintisi Haqqında müqaviləyə istinad edən məhkəmə nəzərə almamışdır ki, iddiaçı həmin mənzilin kredit ödənişini bitirməyib. Belə ki, mülki iş materialarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən məhkəmə sorğusuna cavab olaraq ünvanlanan 06 dekabr 2024-cü il tarixli, 314 nömrəli cavab məktubundan görünür ki, Yasamal rayonu, X27 Əhmədov 24B blok 15, mənzil 1770 ünvanında yerləşən mənzillə bağlı məhkəmənin sorğusuna "xxxx" MTK-da baxılmışdır. Bildirilmişdir ki, sorğuda qeyd edilən ünvanda yerləşən binada giriş 15, mərtəbə 3 ümumi sahəsi 115 kv.m olan 3 otaqlı 1771 nömrəli mənzil 22 iyun 2017-ci il tarixli müqavilə əsasında X2 20 il müddətinə daxili kredit şərtilə satılmışdır. Göründüyü kimi sözügedən mənzilin kredit məbləğinin ödənilməsinin yekunlaşdırılması 2037-ci ildə yekunlaşacaq. Həmin vaxta qədər iddiaçı davamlı olaraq həmin mənzilin əvəzi olaraq aylıq kredit məbləğini MTK-ya ödəməlidir. Başqa sözlə, iddiaçı "xxxx" MMC-dən aldığı mənzildə sanki kirayə qalır. Necə ki, şəxs kirayə qaldığı halda aylıq kirayə haqqı ödəyir, bu işdə də iddiaçı ipoteka müqaviləsi əsasında aldığı mənzilə aylıq haqq ödəyir.Yəni, həmin mənzil onun mülkiyyətində deyil. Belə olan halda işə baxan məhkəmə qətnamədə necə qeyd edə bilər ki, iddiaçının hazırda yaşadığı "xxxx" MTK-ya məxsus binada yerləşən mənzili kreditlə əldə etməsi, buna görə borcunun olması, maddi cəhətdən imkanın aşağı olması və mübahisəli mənzilə dair onun da pay hüququnun olmasına dair irəli sürdüyü dəlillər hazırki iddia tələbinin təmin edilməsi üçün əsas sayıla bilməz. Bütün bu qeyd edilənlər bir daha sübut edir ki, iddiaçının öz yaşayış ehtiyacını qarşılamalı olduğu mənzilə ehtiyacı var və bu ehtiyacını o qeydiyyatda olduğu, həmçinin istifadə hüququ olan mübahisə predmeti olan ev hesabına qarşılaya bilər. İşə baxan məhkəmə bu kimi sübutları araşdırmamış və prosessual hüquq normasının tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsivəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olan): 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə müvafiq olaraq, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 14 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Y.Vəzirov, döngə 1 küçəsindəki 45 saylı evdə İddiaçı Sübhan qızı, oğlu X3, qızı X6, anası Cavabdeh, oğlu Nəsirov Davud, qardaşı X16, q/oğlu X17, q/oğlu X18 və q/qızı X19 daimi qeydiyyatdadırlar. Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov küçəsi, 45 saylı evdə yaşayan X15 tərəfindən tərtib edilən 22 may 2002-ci il tarixli vəsiyyətnamədən görünür ki, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən yuxarıda göstərilən ünvanda yerləşən ünvan 6lan bütün əmlaklarla bərabər həyat yoldaşı X13 və qızı X4 vəsiyyət edir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən məhkəmə sorğusuna cavab olaraq ünvanlanan 06 dekabr 2024-cü il tarixli, 314 nömrəli cavab məktubundan görünür ki, Yasamal rayonu, X27 Əhmədov 24B blok 15, mənzil 1770 ünvanında yerləşən mənzillə bağlı məhkəmənin sorğusuna "xxxx" MTK da baxılmışdır. Bildirilir ki, sorğuda qeyd edilən ünvanda yerləşən binada giriş 15, mərtəbə 3 ümumi sahəsi 115 kv.m olan 3 otaqlı 1771 nömrəli mənzil 22 iyun 2017-ci il tarixli müqavilə əsasında X2 20 il müddətinə daxili kredit şərtilə satılmışdır. 22 iyun 2017-ci il tarixli, 1771 nömrəli Kooperativ Mənzil Tikintisi Haqqında müqavilədən görünür ki, "xxxx" MMC ilə X5 arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cəmiyyət ünvan 2 ünvanında inşa edilmiş və ya inşa olunan yaşayış kompleksində giriş 15, mərtəbə 3, ümumi sahəsi 115.00 kv.m olan 3 otaqdan ibarət 1771 saylı mənzili payçıya təhvil verməyi, payçı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 2000-ci il sentyabrın 1-dən əvvəlki hüquq münasibətlərinə istinad etmişdir. Belə ki, iddiaçı sözügedən mənzildə 1988-ci ildən (alınan vaxtdan) yaşamağa başlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Kollegiya hesab edir ki, mübahisə predmetit özbaşına tikili olduğu üçün və həmin statusla tikili ilə bağlı mübahisələr qanunvericiliklə tənzimlənmədiyindən analogiyaya uyğun 2000-ci il sentyabrın 1-dən əvvəlki hüquq münasibətlərinə istinad edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı Sübhan qızı Cavabdeh ilə birlikdə 1988ci ildən mübahisəli mənzildə yaşamışdır. Sonradan iddiaçı ailə həyatı qurmuş, mübahisəli mənzildən çıxmış, lakin daha sonra ailə münasibətləri pozulduqdan sonra uşaqları ilə birlikdə mübahisəli mənzilə qayıtmış və ikinci dəfə 13 fevral 2009-cu il tarixdə ailə həyatı qurmuşdur və həmin tarixdən sonra mübahisəli evdə yaşamasını sübut edə bilməmişdir. İddiaçının bildirdiyinə görə o, artıq 2 ildir ki, ailə üzvləri ilə mübahisəli mənzildə yaşamırlar (səh 48). Halbuki, apellyasiya şikayətində bunun heç bir sübutla təsdiq edilməməsini göstərmişdir. Həmçinin, iddiaçının adına "xxxx" MTK-ya məxsus binada ümumi sahəsi 115 kv.m olan 3 otaqlı 1771 nömrəli mənzil 22 iyun 2017-ci il tarixli müqavilə əsasında əldə edilmişdir, hansı ki, hal-hazırda iddiaçı və onun ailə üzvləri sözügedən evdə yaşayırlar. Mübahisəli mənzil olan Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, döngə 1, ev 45 ünvanda yerləşən yaşayış sahəsi isə özbaşına tikili olmaqla həmin əmlak üzərində bu və ya digər şəxsin hüquqları təsbit edilməmişdir. Göründüyü kimi iddiaçı uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır. İddiaçının uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, iş materialları və faktiki halları ilə təsdiq olunur ki, iddiaçı ikinci dəfə ailə həyatı quraraq daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Qərarında aşağıdakı hüquqi mövqe müəyyən edilmişdir: “Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı ailə həyatı quraraq və birgə nikahda olduğu dövrdə iddiaçının adına yeni mənzil əldə edilərək artıq iddiaçı özünün və ailə üzvlərinin yaşayış sahəsinə olan ehtiyaclarını təmin edərək mübahisəli ünvanda yerləşən yaşayış sahəsindən özlərinin yaşayış yeri ehtiyaclarını təmin etmək zərurəti aradan qalxdığından hazırda iddiaçının mübahisəli ünvanda yerləşən yaşayış sahəsinə köçürülmə barədə tələblərinin əsassız olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bundan başqa Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə hesab etmişdir ki, iddiaçının mübahisəli mənzil üzrə köçməsini tələb etdiyi ev üzrə mənzil xüsusi mülkiyyətdə olmuş olsaydı, onun istifadə hüququnun müəyyən edilməsi barədə məsələyə baxılarkən belə şəxsin sözügedən mənzilə artıq istifadə hüququ aradan qalxmış olacaqdı. Belə ki, ilkin olaraq hüquq 1988-ci ildən yaranmış olsa da sonradan ilk dəfə ailə həyatı qurduqdan sonra getməsi artıq həmin hüququn aradan qalxması demək olmuş və hətta sonradan (ikinci dəfə) ailə həyatı qurduqdan sonra belə yenə mənzil ehtiyacı aradan qalxmışdır (podrat münasibətləri üzrə yeni mənzilə hüquq əldə etmişdir). Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçı apellyasiya şikayətində cavabdehin ona və uşaqlarına sözügedən evdən istifadə etməyə məhdudiyyət yaratmasını bildirsə də, bu barədə mötəbər sübutlar təqdim etməmiş, həmin hallar iş materialları ilə müəyyən edilməmişdir. Bunun əksinə olaraq iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ailə həyatı qurmuş, mübahisəli mənzildən çıxmış, lakin daha sonra ailə münasibətləri pozulduqdan sonra uşaqları ilə birlikdə mübahisəli mənzilə qayıtmış və ikinci dəfə ailə həyatı qurduqdan sonra mübahisəli mənzildən çıxmışdır. Kollegiya bir daha qeyd edir ki, iddiaçının mübahisəli evdə qeydiyyatda olmasına baxmayaraq ikinci dəfə ailə qurandan sonra həmin evdə yaşamasına dair sübutlar işdə yoxdur. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının hazırda yaşadığı "xxxx" MTK-ya məxsus binada yerləşən mənzili kreditlə əldə etməsi, buna görə borcunun olması, maddi cəhətdən imkanın aşağı olması və mübahisəli mənzilə dair onun da pay hüququnun olmasına dair irəli sürdüyü dəlillər hazırki iddia tələbinin təmin edilməsi üçün əsas sayıla bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçı hazırda "xxxx" MTK-ya məxsus binada yerləşən mənzildə yaşayır və həmin mənzilin iddiaçının mülkiyyətində olmaması hazırki iddianın əsaslı olması anlamına gəlmir, çünki qeyd edildiyi kimi iddiaçı "xxxx" MTK-ya məxsus binada yerləşən mənzilə dair 22 iyun 2017-ci il tarixli müqavilə bağlanmış və müqavilə əsasında X2 20 il müddətinə daxili kredit şərtilə satılmışdır ki, hazırda iddiaçı həmin mənzildə yaşayır və uzun müddətdir ki, mübahisəli mənzildə yaşamamaqla onun mənzil ehtiyacı aradan qalxmışdır. Kollegiya hesab edir ki, iddiaçının qeydiyyatda olması mənzilə istifadə hüqunun yaranmasına və köçürülməsinə əsas yaratmır. Həmçinin bu hal kommunal xidmət üzrə müqavilələrin də şəxsin adına olmasına da aiddir. Kollegiya həmçinin vurğulayır ki, iddiaçının təqdim etdiyi kommunal xidmət üzrə müqavilələrin biri ( qaz üzrə) mübahisəli ünvana deyil, digər ünvana aiddir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Кollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Кollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, e-2(006)- 610/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə