Məhkəmə qərarları › İş №2(103)-3581/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3581/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3581/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X12 və X7 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi-vəkili X5 iştirakı ilə, İlk iddiaçı üzrə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh, X9, X10 və X8 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı BOKT ASC-yə qarşı “kredit, ipoteka və zaminlik müqaviləsinə xitam verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-56/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinəəsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh, X9, X10 və X8 qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müracət edərək, nəticədə ASC-nin xeyrinə xx xxxxxxx 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsi üzrə 68170,70 ABŞ dolları əsas, 127197,79 ABŞ dolları faiz, 185448,20 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 380816,69 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 120000 manat qiymətləndirilməsi, borcun əvəzinin bu qiymətlə ünvan 1 dalan ünvanında yerləşən X3 mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, fərdi yaşayış evi və tərkibindəki tikili və qurğuların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, orada yaşayanların fərdi yaşayış evinin açıq hərracda satışdan sonra bir ay ərzində könüllü tərk etmədikdə məcburi çıxarılması, evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı BOKT ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 vəfat etdiyindən onunla bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsinə, onun tərkib hissəsi olan xx xxxx 2012-ci il tarixli 313/12/ÇF/PB nömrəli ipoteka müqaviləsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli 3 N-li əlavə, həmçinin xx xxxx 2015-ci il tarixli 0733/15/ÇF/PB-D nömrəli daşınar əmlakın girov müqaviləsi, o cümlədən onunla bağlanmış xx xxxx 2015-ci il tarixli 0733/15/ÇF/PB-Z nömrəli zaminlik müqaviləsi qüvvədən düşdüyündən həmin müqavilələrə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ASC ilə X6 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 23 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 70000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı olaraq ünvan 1 dalan ünvanında yerləşən X3 mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğular girov müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. Borcun təminatı olaraq Cavabdeh ilə xx xxxxxxx 2015-ci il tarixli 0733/15/ÇF/PB-Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. X6 vəfat etmiş, bu səbəbdən Cavabdeh göstərilmişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməsi üçün dəfələrlə şifahi və yazılı xəbərdar edilməsinə baxmayaraq, kredit borcunu və ona hesablanmış faizləri qaytarmamışdır. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ASC ilə mərhum X6 arasında 4 dəfə kredit müqaviləsi bağlanmış, 2012, 2013 və 2014-cü illərdə bağlanmış kredit müqavilələri üzrə öhdəliklər vaxtından əvvəl icra olunmuşdur. xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi ABŞ dolları ilə verilmiş, ilk aylıq ödəniş xx.xx.2015-ci il tarixdə ödənilmiş, sonra devalvasiya olduğundan N.Babayev ödəniş edə bilməmiş, həmçinin o da bu cür ağır şərtlərə zamin olmamışdır. Banka dəfələrlə müraciət etsələr də qarşılıqlı razılıq əldə olunmamışdır. Müqavilə üzrə tərəf olan X6 vəfat etdiyindən onunla bağlanmış kredit müqaviləsinə, onun tərkib hissəsi kimi təqdim edilmiş ipoteka müqaviləsinə 03 nömrəli əlavə, daşınar əmlakın girov müqaviləsi və zaminlik müqaviləsi qüvvədən düşdüyündən həmin müqavilələrə xitam verilməlidir. Borclu öldüyündən, onun vərəsəsi qeydə alınmadığından, kredit müqaviləsi həmin tarixdən qüvvəsini itirmişdir. İpoteka müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlanmış, həmin tarixli kredit müqaviləsinin tərkib hissəsi olmuşdur. Həmin kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduğu üçün ipoteka müqaviləsinə də xitam verilmişdir, xitam verilmiş ipoteka müqaviləsinə əlavə tərtib etmək etibarsızdır, əqd əhəmiyyətsizdir. Kredit müqaviləsi qüvvəsini itirdiyi üçün zaminlik müqaviləsinə də xitam verilir. Zaminlik müqaviləsinə əsasən iddiaçının ona qarşı tələb etmə məqamı 2015-ci ilin dekabr ayından yaranır, iddia irəli sürmək üçün müddət isə xx.xx.2015-ci il tarixdən hesablanır, müddət keçmişdir. Əsas tələb rədd edildiyi təqdirdə evdən çıxarma və evin boşaldılması tələbi də rədd edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-56/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx xxxxxxx 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsi üzrə 68631,67 ABŞ dolları əsas, 30255,13 ABŞ dolları faiz borcu, 100,00 ABŞ dolları dəbbə pulu, cəmi 96986,80 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmeti olan ünvan 1 dalan ünvanında X3 mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların 485000 manat ilkin satış qiyməti ilə qiymətləndirilməsi və tələbin həmin əmlaka yönəldilməsi, fərdi yaşayış evi və tərkibindəki tikili və qurğular açıq hərracda satılaraq əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh keçirilmiş ekspertiza tədqiqatının dəyəri üzrə - 145,00 manatın tutularaq, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçının kredit müqaviləsi üzrə pul tələbi və həmin pul məbləğinin ipoteka predmetinə yönəldilməsi tələbləri üzrə o, əsl cavabdeh deyildir. Hazırki iş üzrə ipoteka müqaviləsi mövcud deyil, yalnız xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə 3 nömrəli əlavə mövcuddur. Bu əlavə ipoteka müqaviləsi sayıla bilməz, xitam verilmiş müqaviləyə əlavə bağlanıla bilməz. Borclu öldüyündən öhdəliyə xitam verilmişdir. İddiaçı ona qarşı tələb irəli sürmək üçün müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və digər cavabdehlər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki iddia qismən təmin edilmiş olsa da qətnaməni iddiaçı mübahisələndirməmiş, yalnız Cavabdeh mübahisələndirmişdir. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq və izahatı dinləyib hesab edir ki,Cavabdeh şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. İddiaçı BOKT ASC ilə X6 (borc alan) arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsinə görə, cavabdehə bağ evinin təmiri məqsədi ilə illik 23 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 70000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı BOKT ASC ilə X6 (borc alan) arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 313/12/ÇF/PB nömrəli ipoteka müqaviləsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli 3 №-li əlavədən aydın olur ki, ünvan 1 dalan ünvanında yerləşən X3 mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğular xx xxxx 2012-ci il tarixli 313/12/ÇF/PB nömrəli girov müqaviləsi ilə yüklü edilmişdir. xx xxxxxxx 2017-ci il tarixli arayışından görünür ki, İddiaçı BOKT ilə X6 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsi üzrə 68613,38 ABŞ dolları əsas, 68401,38 ABŞ dolları faiz, 91966,44 ABŞ dolları dəbbə pulu, cəmi 228999,49 ABŞ dolları borcu mövcuddur. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 0733/15/ÇF/PB-Z nömrəli zaminlik müqaviləsindən aydın olur ki, zamin, borclunun xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2016-cı il tarixdə ölmüşdür. xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 dalan ünvanında yerləşən X3 mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinin real bazar qiyməti 485000 manat təşkil edir. xx xxxxxxxx 2018-ci il tarixli ekspert rəyindən görünür ki, xx xxxxxxx 2015-ci il tarixli 0733/15/ÇF/PB nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixə cavabdehin 68631,67 ABŞ dolları əsas, 17232, 27 ABŞ dolları faiz, xx xxxxxxx 2017-ci il tarixə cavabdehin 68631,67 ABŞ dolları əsas, 30255,13 ABŞ dolları faiz borcu vardır. Müqavilə üzrə cərimə pulu nəzərdə tutulsa da bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tətqiqatla X4 cərimə hesablanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərinin icrasında iddiaçı qarşısında onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Borclu X1 qaytarılması üzrə öhdəliyini icra etməmiş və xx xxxxxx 2016-cı il tarixdə ölmüşdür. Borclunun vərəsələrinin mirası qəbul, öhdəliyi icra etmələri təsdiq edilməmişdir. Cavabdeh borclu N.Babayevin ölməsi ilə kredit müqaviləsinə xitam verildiyini və onun qüvvədən düşdüyünü qeyd edir, həmçinin zaminlik müqaviləsinə xitam verildiyini hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan xx xxxx 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, borclunun ölməsi zaminlik müqaviləsinə xitam verilməsinə əsas vermir, Cavabdeh bununla bağlı dəlilləri əsassızdır. Cavabdeh Mülki Məcəllənin 558.1-ci maddəsinə istinadən qeyd edir ki, öhdəliyə xitam verilmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Maddənin məzmunundan göründüyü kimi, borclunun ölümü o halda öhdəliyin xitamına səbəb olur ki, onun şəxsi iştirakı olmadan həmin öhdəliyi icra etmək mümkün olmasın. Hazırki işdə isə belə hallar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında da qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri və zaminlər tərəfindən icra edilməlidir. Cavabdeh digər bir dəlili ondan ibarətdir ki, ipoteka müqaviləsi mövcud deyildir, xitam verilmiş müqaviləyə «əlavə» bağlana bilməz. İş materiallarından müəyyən edilir ki, “İddiaçıbank” ASC ilə X6 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin icrasının təmin edilməsi üçün tərəflər arasında xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. “İddiaçıbank” ASC ilə X6 arasında bağlanmış xx.xx.2012-ci il 313/12/ÇF/PB nömrəli ipoteka müqaviləsinə xx xxxxxxx 2015-ci il tarixli 03 nömrəli əlavə ilə ünvan 1 dalan ünvanında yerləşən X3 mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğular xx xxxx 2012-ci il tarixli 313/12/ÇF/PB nömrəli girov müqaviləsi ilə yüklü edilmişdir. Müqavilədən aydın olur ki, xx.xx.2015-ci il tarixdə xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə 03 nömrəli əlavə bağlamaqla tərəflərin iradə ifadəsi xx.xx.2015-ci il tarixdə bağlanan kredit müqaviləsi üzrə borc öhdəliklərinin icrasının təmin edilməsinə yönəlmişdir. Müqavilə (Əlavə) notariat qaydada təsdiq olunmuş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mülki Məcəllənin 401.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. MM-nin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Kollegiya hesab edir ki, Cavabdeh bununla bağlı dəlilləri də əsassızdır. Digər tərəfdən cavabdeh Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməli olduğunu iddia edir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, cavabdehin istinad etdiyi hal əsas öhdəliyin icrası müddətinin göstərilmədiyi və ya müəyyənləşdirilə bilmədiyi hallara aiddir ki, hazırki iş üzrə də əsas öhdəliyin icrası müddəti göstərilmişdir, belə ki, öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitdiyi halda, iddiaçı hazırki iddianı hələ bu müddət bitmədən xx.xx.2017-ci il tarixdə qaldırmışdır. MM-nin 477.0.4-cü maddəsinin tətbiqi yalnız o halda mümkün olardı ki, hazırki iddia müqavilə müddəti (öhdəliyin icrası vaxtı) bitdiyi tarixdən 1 il keçdikdən sonra qaldırımış olardı. Odur ki, həmin normanın dispozisiya şərtləri hazırki iş üzrə yaranmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə mərhum X3 ipotekaya qoyduğu əmlakına vərəsələrinin dairəsi müəyyən edilmədən tutmanın yönəldilməsi ilə bağlı məsələyə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhum X6 Cavabdeh bacısının əri olmuşdur, yəni borclu və zamin qohum olmuşlar. Hazırki iş üzrə ipoteka ilə yüklü edilmiş yaşayış evində də Cavabdeh və onun ailə üzvləri olan digər cavabdehlər yaşayırlar. Lakin mərhum N.Babayevdən qalmış mirasın (ipoteka predmetinin) hər hansı vərəsəsi tərəfindən qəbul edilməsi iş materiallarından müəyyən olunmur. Müəyyən olunan isə odur ki, mübahisəli yaşayış evi faktiki olaraq Cavabdeh məxsusdur, mərhum N.Babayev isə ailəsi ilə birlikdə Maştağa qəsəbəsində yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin “Vərəsənin susması” adlanan 1273-1-ci maddəsinə əsasən isə vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı BOKT ASC kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə müvafiq cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, miras əmlakın hansı vərəsələr tərəfindən qəbul edilməsini gözləmək faydasız və mübahisənin uzun müddət həll edilmədən qalmasına səbəb ola bilər. Miras əmlakın bu və ya digər vərəsə tərəfindən qəbul edilməsi də tutmanın həmin əmlaka yönəldilməsinin qarşısını almır. Beləliklə, Kollegiya hesab edir ki, İddiaçı BOKT ASC yuxarıda göstərilən qaydada miras əmlakın hansı vərəsələr tərəfindən qəbul edilməsinin müəyyənləşdirilməsini gözləmədən müvafiq iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və bu, mərhum X3 vərəsələrinin hüquqlarını pozmur. Vərəsələr ipoteka predmeti açıq hərracdan satıldıqdan və bütün borclar və xərclər ödənildikdən sonra qalan vəsaitin əldə edilməsi hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qanuni və əsaslı nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-56/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar