Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3584/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «cavabdehlərin mənzildən çıxarlması və iddiaçının mənzilə köçürülməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-98/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri, Nərimanov Rayonu, Orucəliyev küçəsindəki V saylı evin, 16 nömrəli mənzili İddiaçı Həsən oğlunun adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.1995-ci il tarixdə qeydə alınmışdır.
2. İddiaçı ilə Cavabdeh1 xx.xx.1996-cı ildə nikah bağlamış, birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 doğulmuş, nikahı Nərimanov rayon Qeydiyyat Şöbəsində 230 nömrəli xx.xx.2001-ci il tarixli akt qeydinə əsasən pozulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 3 evin 16 saylı mənzilindən hər birinə 5000 manat, cəmi 10.000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və çıxarılması, özünün həmin mənzilə köçürülməsi barədə qətnamədən qəbul edilməsini xahiş etmişdir.
4. İddiada göstərilir ki, ailə qurduqdan sonra bir neçə il cavabdehlə bir yerdə yaşasada sonradan xasiyyətləri uyğun gəlmədiyində nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra o, öz xüsusi mülkiyyətindən məhrum olmuşdur. Cavadehlərə dəfələrlə mənzilinin boşaldılmasını bildirsə də heç bir müsbət nəticəsi olmamışdır. Öz mənzilindən məhrum olaraq müxtəlif ünvanlarda aylıq 300 manat kirayə haqqı olmaqla kirayələrdə qalmışdır. Artıq iyirmi ildən çoxdur ki, 72000 manat maddi ziyana düşmüşdür. Cavabehlər onu öz mənzildən sərbəst istifadə etməyə mənzilində yaşamağa maneçilik törədərək imkan vermirlər.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-98/2023 saylı, 07 mart 2023cü il tarixli qətnaməsi (hakim Səbinə Nuriyeva) ilə iddia tələbinin qismən təmin edilərək İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddiaçının mənzilə köçürülməsi hissəsində iddia tələbinin həm faktiki, həm də maddi hüquqi əsası sabit olduğundan onun ünvan 1 ünvanına köçürülməsi zəruridir. Məhkəmə iddia tələbinin cavabdehlərin ünvan 1 ünvanından hər birinə 5000 manat kompensasiya ödənilməklə çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, tələbin qeyd olunan hissəsi üzrə müvafiq hüquqi qiymətləndirilmənin aparılması zamanı cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının yaranması araşdırılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi mənzil iddaçının mülkiyyətinə 1995-ci il tarixdə keçmişdir. xx.xx.1996-cı il tarixdə iddiaçı ilə bağlanmış nikah Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə həmin mənzilə istifadə hüquqları yaranmışdır. Göründüyü kimi hazırki mübahisə predmeti üzrə münasibətlərin hüquqi dəyərləndirilməsi həmin münasibətlərin yarandığı tarixdə qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsi həyata keçirilməlidir. Göründüyü kimi cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqları yarandığı tarixə qüvvədə olan maddi hüquq normalarının tələbinə əsasən, cavabdehlərin mənzilə dair istifadə hüquqlarına xitam verilməsi zamanı mənzil mülkiyyətçisi ilə qohumluq əlaqələrinin müəyən edilməsi zəruridir. İşin hallarından göründüyü kimi cavabdehlər iddiaçının ailə üzvü olaraq (Cavabdeh1 arvadı və Cavabdeh2 isə tərəflərin birgə nikahdan doğulmuş övladlarıdır) mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq məhkəmə araşdırması zamanı mənzilin bazar qiymətini müəyyən etmişdir. İş materiallarında olan ekspert rəyindən müəyyən olunur ki, mənzilin bazar dəyəri 95500,0 manatdır. Bu səbəbdən də, məhkəmə tərəfindən mənzilin müəyyən edilmiş dəyərinə mütənasib olaraq cavabdehlərin hər birinə ödənilməli kompensasiya məbləğini 30.000 manat miqdarında müəyyən etmişdir. Qeyd olunan kompensasiya məbləği müqabilində cavabdehlər mənzildən çıxmağa razı olmalarına baxmayaraq iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya məbləğini yüksək olması səbəbindən ödəməkdən imtina etmişdir. Belə olan halda məhkəmə tərəflər arasında yaranmış tənzimləyən maddi hüquq normalarını rəhbər tutaraq iddia tələbinin “cavabdehlərin ünvan 1 ünvanından hər birinə 5000 manat kompensasiya ödənilməklə çıxarılmaları” hissəsində əsassız hesab etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin qismən ləğv olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 3evin 16 saylı ünvanında yerləşən fərdi yaşayış evindən hər birinə 7000 manat olmaqla, cəmi 14.000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə iş materiallarında olan ekspert rəyindən müəyyən etmişdir ki, mənzilin bazar dəyəri 95500,0 manatdır. Bu səbəbdən də, məhkəmə tərəfindən mənzilin müəyyən edilmiş dəyərinə mütənasib olaraq cavabdehlərin hər birinə ödənilməli kompensasiya məbləğini 30.000 manat miqdarında müəyyən edilməlidir. Belə olduğu halda, iddiaçıya 35.500 manat məbləğdə pul düşür ki, buda mənzilin 1/3 hissəsi edir. Bu səbəbdən də, məhkəmənin gəldiyi nəticə mülki qanunvericiliyin normalarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarı”na əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünə məxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hazırda cavabdehlərin faktiki olaraq həmin ünvanda yaşayış yaşamamaları barədə heç bir obyektiv araşdırma aparmamışdır. Onlarda olan məlumata görə Cavabdeh2 10 ilə yaxındır ki, ABŞ-da yaşayır. Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə vəkil sorğusu verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında Cavabdeh1 və onun vəkili X3 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1-228.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
13.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.
15. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır....”
16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni kompensasiya ödənilməklə cavabdehlərin mübahisəli ünvandan çıxarılmasının təmin edilmədiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. İddanın faktiki əsası (faktiki hallar) mübahisələndirilən hissədə tələbin qanuni əsasının şərtlərinə- kompensasiya məbləğinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri kompensasiya məbləğində uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar mübahisələndirilən hissədə tələbin qanuni əsasının şərtlərinə - kompensasiya məbləğinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri kompensasiya məbləğində uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından həmin hissədə kompensasiyanın məbləği baxımından iddia haqlı sayılmır.
25. İddiaçı apellyasiya şikayətində kompensasiyanın məbləğini artıraraq hər bir cavabdehə görə 7000, cəmi 14000 manat kompensasiya təklif edir. Apellyasiya baxışı zamanı işin hallarını və tərəfləriin izahatını əsas götürərək apellyasiya instansiya məhkəməsi kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq birinci instansiya məhkəməsindən fərqli olaraq hər bir cavabdehə görə 30000 manat deyil, Cavabdeh1 münasibətdə 25000(iyirmi beş min) manat, Cavabdeh2 münasibətdə isə 15000(on beş min) manat müəyyən etdi. İddiaçının nümayəndəsi və vəkili bu məbləğlə də razılaşmadı, yalnız apellyasiya şikayətində göstərdiyi məbləğdə kompensasiya məbləğinin ödənilə biləcəyini bildirdi. 26.Hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, apellyasiya instansiya məhkəməsi özünün müəyyən etdiyi və iddiaçının bununla razılaşmadığı Cavabdeh1 münasibətdə 25000(iyirmi beş min) manat, Cavabdeh2 münasibətdə isə 15000(on beş min) manat məbləğində kompensasiyanı ədalətli və ağlabatan hesab edir. Məhz bu məbləğ cavabdehlərə mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Apellyasiya instansiya məhkəməsinin kompensasiyanın məbləğini Cavabdeh1 münasibətdə 25000(iyirmi beş min) manat, Cavabdeh2 münasibətdə isə 15000(on beş min) manat müəyyən etməsi işin hallarına uyğundur. Çünki, Cavabdeh1 27 ilə yaxındır ki, davamlı olaraq həmin mənzildə yaşayır və mənzillə sabit əlaqəsi heç vaxt kəsilməmişdir. Digər cavabdeh olan iddiaçının oğlu da doğulduğu vaxtdan həmin mənzildə yaşayıb böyümüşdür. Əksinə iddiaçının 1998-ci ildən həmin mənzildə ös istəyinə uyğun olaraq davamlı olaraq yaşamadığı bəlli oldu. Bu cür vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləği həm də tərəflərin qarşılıqlı münasibətləri baxımından ədalətli sayılır.
27. Əlbətdə ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi və cavabdehlərin də bununla razılaşdığı, ümumilikdə 60000 (altımş min) manat kompensasiyanın ödənilməsini iddiaçının mülkiyyətinə hər hansı bir hüquqi əsas olmadan müdaxilə kimi qiymətləndirilir ki, bu da yol verilməzdir. Çünki, kompensasiya institutu cavabdehə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Bu institutun mahiyyəti yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Buna görə də apellyasiya məhkəməsinin müəyyən etdiyi, iddiaçının isə razılaşmadığı kompensasiya məbləği işin hallarına uyğundur. Mənzilin dəyərinin kompensasiyanın məbləğinə hər hansı bir təsiri olmasa da, kompensasiyanın məbləğinin bazar qiymətinə uyğunluğunun yoxlanılması üçün mənzilin bazar dəyəri də həm ekspertiza, həm də qiymətləndirici rəyi ilə müəyyən edilmiş, hər iki rəydə mənzilin bazar dəyəri demək olar ki, eyni olmuşdur. Göründüyü kimi, iddiaçı keçmiş arvadı və oğlunun mənzildən istifadə hüquqlarına xitam verilməsinə və çıxarılmasına nail olmaqda israrlıdırsa kompensasiya məbləğini apellyasiya məhkəməsinin müəyyən etdiyi məbləğdə təklif etməlidir.
28. Bundan əlavə, iddiaçı digər cavabdeh olan oğlunun onda olan məlumata əsasən 10 ilə yaxındır ki, ABŞ-da yaşadığını göstərsə də apellyasiya baxışı zamanı onun bu dəlili elektron məhkəmə informasiya sistemində olan məlumatlara əsasən yoxlanıldı və öz təsdiqini tapmadı. Əksinə iddiaçının 1998-ci ildən davamlı olaraq X1 yaşamasını iddiaçı tərəf təkzib etmədi.
29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-98/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-98/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.