Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3587/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3587/2023 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin vəkili Nümayəndə, Cavabdeh nümayəndə-vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «qalıq borcun və dəbbə pulunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2124/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 12 iyul 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli D-31/20 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə icraçı İddiaçı MMC sifarişçi Cavabdeh sifarişi əsasında ünvan 1 ünvanda 600 m2 sahədə fasad və iç dizayn xidmətlərini həyata keçirməyi, sifarişçi isə sifariş etdiyi xidmətləri icraçıdan qəbul edib müqavilədə razılaşdırılmış ƏDV daxil olmaqla 15.000 manat xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC Cavabdeh qarşı «qalıq borcun və dəbbə pulunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli D-31/20 saylı «Xidmət müqaviləsi»nə əsasən 7.500 manat məbləğində qalıq borcun, gecikdirilmiş dövr üçün hesablanmış 775 manat dəbbə pulunun və məhkəmə xərclərinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli D-31/20 saylı xidmət müqaviləsinə əsasən, icraçı İddiaçı MMC sifarişçi Cavabdeh sifarişi əsasında ünvan 2 ünvanda 600 m2 sahədə fasad və iç dizayn xidmətlərini həyata keçirməyi, sifarişçi isə sifariş etdiyi xidmətləri icraçıdan qəbul edib xx.xx.2020-ci il tarixli D-31/20 saylı «Xidmət müqaviləsi»nin 3-cü bəndində razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bəhs edilən müqavilə üzrə sifarişçi Cavabdeh ümumi dəyəri ƏDV daxil olmaqla 15.000 manat məbləğində xidmət haqqını icraçı İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi Cavabdeh tərəfindən xidmət haqqının 50 %-i öncədən İddiaçı MMC-yə ödənilmiş, lakin icraçı İddiaçı MMC öhdəliklərini tam şəkildə icra etməsinə baxmayaraq, sifarişçi Cavabdeh tərəfindən xidmət haqqının qalan 50 %-i İddiaçı MMC-yə ödənilməmişdir. Müqavilənin ilk səhifəsində əsas hüquq və vəzifələrini şəxsi imzası ilə qəbul etməsinə baxmayaraq, bu müqavilədən yarana biləcək mübahisələrin həlli qaydası, müqaviləyə əlavə və dəyişikliklərin edilməsi və digər şərtlərlə bağlı müddəalara həsr olunmuş ikinci səhifə sifarişçi tərəfindən imza edilməmişdir. 18 aprel 2022-ci il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh yazılı xəbərdarlıq məktubu ünvanlanaraq, müqavilənin 2-ci səhifəsinin imzalanması və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunmuş, xəbərdarlıq məktubu xx.xx.2022-ci il tarixdə təhvil alınmasına baxmayaraq Cavabdeh bu günə qədər öhdəliklərinin icrasından boyun qaçırır. Eyni zamanda, xx.xx.2020-ci il tarixli D-31/20 saylı «Xidmət müqaviləsi»nin 6.2-ci bəndinə əsasən, sifarişçi bu Müqavilənin 3-cü bəndində göstərilən məbləği (15.000 manat) icraçının hesabına ödəməzsə, onda hər gecikdirilmiş gün üçün müqavilə məbləğinin 0,1 %-i miqdarında icraçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, cərimənin ümumi məbləği müqavilə qiymətinin 5 %-indən artıq olmamalıdır.
4. Bakı şəhəri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2124/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddianın qismən təmin edilməsi, 7.500 manat pul vəsaitinin, 100 manat dəbbə pulunun və ödənilmiş 102 manat 75 qəpik dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 467-ci maddələri, Mülki Prosessual Məcəllənin isə 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Məhkəmə müəyyən edilmiş fakt olmadan, iddiaçının əsassız mülahizəsini sübut kimi qəbul edərək, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, müqavilə bağlanan gün, xidmət haqqının 7.500 manatı cavabdeh tərəfindən qabaqcadan ödənilmişdir. Lakin bu günədək sifarişçiyə xidmət göstərilməmişdir. Əksinə ödədikləri 7.500 manatın geri qaytarılmasını tələb etməməyi Türkiyədə olması ilə bağlı olmuşdur. Qətnamədə qeyd olunandan fəqli olaraq, İddiaçı MMC müqavilə öhdəliklərini icra etməmişdir. Sifarişçi Cavabdeh Ağamirzə qızına icraçı tərəfindən hər hansı bir formada dizayn layihəsi təqdim olunmamışdır. İş materiallarında da iddiaçının öhdəliklərini tam və vaxtında icra etdiyini təsdiq edən sübut müəyyən olunmamışdır. Bundan başqa, xidmət müqaviləsinin 5.2-ci bəndinə əsasən, icraçı xidməti “işlərin yerinə yetirilməsi haqqında” aktla təhvil verməli olduğu halda, belə bir akt mövcud deyil. Habelə, sifarişçi tərəfindən layihənin qəbul edilməməsi, yaxud hər hansı formada icradan imtina etməsini təsdiq edəcək dəlil yoxdur. Bundan başqa, xx.xx.2020-ci il tarixli xidmət müqaviləsinin 5.1-ci bəndinə əsasən, icraçı 50 iş günü ərzində müqavilədə nəzərdə tutulan işləri yerinə yetirməyi öhdəsinə götürür. Artıq icra müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Göründüyü kimi, iş materiallarında nəinki öhdəliyini icrası müddəti ilə bağlı, ümumiyyətlə, icrası və təhvil verilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İş materiallarında mötəbər sübut olmadığı (hətta saxtalaşdırılmasına şübhə yarandığı) halda, məhkəmənin ninəlivaqüm“ ikinci səhifəsinin imzalanması və qalan pul vəsaitinin ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehin xəbərdar olunması” qənaətə gəlməsi anlaşılan deyil. Müqavilənin ikinci səhifəsinin sifarişçi tərəJindən imza edilməməsi və bundan boyun qaçırması barədə qeyd olunanlar tamamilə şər, böhtan, olmaqla iddiaçının uydurduğu cəfəngiyyatdır. İddia ərizəsinə əlavə edilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl “sənəd-sübutları qaydaya salmaq” məqsədilə formal hazırlanmış sənəddən başqa bir şey deyildir. Məktubu alan Eldar adlı şəxsin şəxsiyyəti ümumiyyətlə bizə məlum deyil. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1 il 7 aydan sonra (xx.xx.2022-ci il tarixdə) xəbərdarlıq məktubunun göndərilməsi də iddianın əsassızlığına dəlalət edən hallardan biridir. Kreditorun gecikdirilmə nəticəsində marağını itirdiyi icranı qəbul etməkdən imtina etmə hüququ qanunvericilikdə təsbit olunduğundan, eyni zamanda xidmət təhvil verilmədiyindən İddiaçı MMC-nin bu müddət ərzində hər hansı bir tələbinin irəli sürülməməsi ağlabatan idi. Məhkəmə qətnamədə göstərmişdir ki, “Cavabdeh Ağamirzə qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.” Halbuki, iş materiallarında Cavabdeh Ağamirzə qızının məlumatdırılmasına dair sübut yoxdur. Belə ki, cavabdehin ünvanına məhkəmə bildirişlərin çatdırılması barədə sənəd, habelə, həmin bildirişin rabitə qovşağına təqdim edilməsinə dair müvafiq reyestr və məktubun göndərilməsinə dair rabitə qovşağı tərəfindən qeydə alınmış nömrəsi barədə işdə məlumat mövcud deyildir. Bundan başqa, AZEMİS vasitəsilə cavabdehin mobil telefon nömrəsinə SMS xəbərdarlığı göndərilməmişdir. Göründüyü kimi, məhkəmə iş materiallarında olan sənədləri tam və hərtərəfli tədqiq edib qiymətləndirə bilməmiş, nəticədə əsasləndırılmamış qətnamə qəbul edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli xidmət müqaviləsinin 4.1-ci bəndində müqavilə qiyməti nağd qaydada icraçıya ödənildikdən sonra görüləcək işlərə start verilməsi nəzərdə tutulduğu halda, iddiaçı tərəfin ödənişin yarı hissəsini almaqla icranı yekunlaşdırması inandırıcı deyil. Belə ki, bütün məbləğ ödənildikdən sonra işə (xidmətə) başlanmalı idisə, ümumiyyətlə, icraya başlanmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 385. Ödəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
15. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
16. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 445.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
20. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəflərin izahatlarını nəzərə alıb, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli D-31/20 saylı «Xidmət müqaviləsi»ndən görünür ki, tərəflər arasında daşınmaz əmlakda fasad və iç dizayn xidmətlərinin yerinə yetirilməsi və bu xidmətlərin yerinə yetirilməsinə görə muzdun ödənilməsi barədə müqavilə bağlanmışdır.
30. Müqavilənin 1.1-ci bəndinə əsasən – bu Müqavilə ilə İcraçı Sifarişçinin sifarişi əsasında ünvan 2 ünvanda 600 m2 sahədə fasad və iç dizayn xidmətlərini yerinə yetirməli, Sifarişçi isə sifariş etdiyi xidmətləri İcraçıdan qəbul edir və ona müqavilənin 3-cü bəndində razılaşdırılmış muzd ödəməlidir.
31. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin qiyməti 15.000 manat ƏDV daxil olmaqla, həmin məbləğ Sifarişçi tərəfindən İcraçıya nağd qaydada ödənilməli və müqavilə üzrə görüləcək işlərə start verilməlidir.
32. Müqavilənin 6-cı bəndi cərimə hesablanması qaydasını və məbləğini müəyyən edir.
33. 15 sentyabr 2020-ci il tarixli 572330 saylı kassa mədaxil orderinə əsasən sifarişçi olan cavabdeh icraçı olan iddiaçının hesabına müqavilə ilə müəyyən edilmiş xidmət haqqının (muzdun) 50 % hissəsini, yəni 7.500 manatı ödəmişdir.
34. Müqavilənin mühüm şərtlərini əks etdirən birinci səhifəsi hər iki tərəf, digər şərtlərini əks etdirən ikinci səhifəsi isə yalnız İcraçı tərəfindən imzalanmışdır. Sifarişçi ikinci səhifəni imzalamağı unutmuşdur. İcraçı tərəf bu məqama diqqət yetirməmişdir.
35. İlk öncə məhkəmə kollegiyası müqavilənin mühüm şərtlərini deyil, digər şərtlərinə dair müddəaları nəzərdə tutan ikinci səhifəsinin cavabdeh tərəfindən imzalanmaması faktı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu hal müqavilənin həqiqi müqavilə olmasına şübhə doğurmur. Çünki cavabdeh tərəf mövcud müqaviləni (bütöv şəkildə) qəbul edir və özü də tərəflər arasında qeyd olunan şərtlərlə bağlanmış müqavilənin həqiqiliyini mübahisələndirmir. Tərəflər müqavilənin qiyməti, öhdəlilərin icrası müddəti, ödəniş şərtləri və s kimi mühüm şərtlərinə dair razılıq əldə etməklə, iradə ifadələrinə uyğun müqavilə bağlamış, hər bir tərəf digər tərəf qarşısında öhdəlik və vəzifələr götürmüşdür. İşdə olan kassa mədaxil orderinə əsasən cavabdehin müqavilə ilə müəyyən edilmiş xidmət haqqının (muzdun) 50% hissəsini, yəni 7.500 manatı ödəməsi də tərəflər arasında real müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edir.
36. Beləliklə, tərəflər arasında xx.xx.2020-ci il tarixində bağlanmış müqavilə həqiqi müqavilə olmaqla, onun iştirakçıları üçün qarşılıqlı hüquq və vəzifələr yaratmışdır.
37. Hazırki iş üzrə iddiaçı tələbinin faktiki əsası kimi bildirir ki, o, müqavilə şərtlərinə əməl edərək üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq, Cavabdeh razılaşdırılmış xidmət haqqının qalan 50%-ni ödəməkdən boyun qaçırır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə müqavilə ilə razılaşdırılmış xidmət haqqının-yəni 15.000 manat məbləğin tam şəkildə sifarişçi, yəni cavabdeh tərəfindən ödənilməsinə əsas olan öhdəliklərin icraçı, yəni iddiaçı tərəfindən icra olunubolunmaması araşdırılmalıdır.
39. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iddiaçının nümayəndə-vəkili izahatında bildirmişdir ki, cavabdehlə müqavilə bağlandıqdan sonra 7500 manat ödəniş edib. Qalan 7500 manatı evin layihəsi təqdim edildikdən sonra ödəməli idi. Evin layihəsi vaxtında hazır olmuş, qarşı tərəfə flashkarta yazılaraq həm poçt vasitəsilə, həm də “whatsapp” proqramı vasitəsilə göndərilmişdir. Hətta “whatsapp” yazışmalarında cavabdeh nəfəsliyin harada yerləşməli olduğu və s. haqqında fikirlər də bildirmişdir. Buradan da aydındır ki, o, dizayn layihəsi ilə tanış olmuşdur. Hesab edirlər ki, cavabdeh indi qiymətlə (gələcək işlərin görülməsi, evin tikintisi və s.) razı olmadığına görə mübahisə yaradır.
40. Məhkəmə iclaslarında həmçinin cavabdehin nümayəndə-vəkili belə izahat vermişdir ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra 15.000 manat xidmət haqqından 7500 manat ödəniş olunmuş, qalan 7500 manat isə evin layihəsi təqdim edildikdən sonra ödəniləcəkdi. Lakin layihə bugünədək heç bir formada təqdim olunmadığından qalıq borcun - 7500 manatın verilməsi üçün üzərinə düşən öhdəliyini icra etməmişdir. Həmçinin cavabdehin xaricdə olması iddiaçının sifarişi vaxtında yerinə yetirməsinə maneə yarada bilməz. Layihə gecikdiyinə görə cavabdeh məcbur qalıb sonradan istəmədiyini bildirmişdir.
41. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında müqavilə bağlanan zaman 15.000 manat xidmət haqqının 7500 manat hissəsini cavabdeh iddiaçıya ödəmiş, qalan 7500 manat məbləğin isə evin layihəsi təqdim edildikdən sonra ödənilməsi razılaşdırılmışdır.
42. Hazırki iş üzrə tərəflərin izahatlarından görünür ki, iddiaçı evin layihəsinin hazır olduğunu və cavabdehə vaxtında təqdim edildiyini iddia etsə də, cavabdeh bu halı qəbul etməyərək təkzib edir və bununla bağlı hər hansı sübutun mövcud olmadığını ifadə edir.
43. Apellyasiya baxışı zamanı iddiaçı tərəf məhkəməyə layihənin həm poçt vasitəsilə cavabdehə göndərildiyini təsdiq edən qaimənin surətini, həm də “whatsapp” proqramı vasitəsilə göndərildiyini təsdiq edən tərəflər arasındakı yazışmaları təqdim etmiş və bildirmişdir ki, bu sübutların birinci instansiya məhkəməsində təqdim edilməməsinə səbəb cavabdehin layihə ilə tanış olduğunu inkar edəcəyini bilməməsindən və cavabdehin məhkəmə iclaslarında iştirak etməməsindən irəli gəlib. Məhkəmə iclasında həmin sübutlarla cavabdeh tərəf tanış olmuş, nəticədə “whatsapp” yazışmalarını qəbul etdiyini bildirsə də, “Atlas Express”-ə məxsus qaimənin surətinin sübut kimi qiymətləndirilməsinə etiraz etmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmədiyindən, hazırda isə onun tərəfindən irəli sürülən dəlillərə cavab olaraq iddiaçı tərəfindən təqdim edilən “Whatsapp” yazışmaları qəbul edilməlidir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, poçt qaiməsinin surəti cavabdeh tərəfindən mübahisələndirildiyindən və əsli təqdim edilmədiyindən o, layihənin göndərilməsi faktını təsdiq edən sübut kimi qəbul edilə bilməz.
45. Belə ki, Azərbaycan Respublikası MPM-nin 89.2-ci maddəsinə görə faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə görə sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
46. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
47. Qeyd edilən müddəaları nəzərə alaraq, kollegiya hesab edir ki, tərəflər arasındakı “whatsapp” yazışmalarının hazırki mübahisənin həllində istifadə edilməsi mümkündür.
48. Kollegiya qeyd edir ki, tərəflər arasındakı yazışmalar, tərəflər arasında yaranmış münasibətlər və onların sonrakı hərəkətləri nəzərə alınmaqla kollegiya belə qənaətə gəlir ki, iddiaçı müqavilə münasibətlərindən irəli gələn öhdəliyini icra edərək, layihəni hazırlamış, cavabdehə təqdim etmiş və cavabdeh evin layihəsi ilə tanış olmuşdur. Belə olan halda, iddiaçı xidmət haqqının qalan hissəsinin, yəni 7500 manat vəsaitin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
49. Yuxarıda qeyd olundu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, (məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
50. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən mülki qanunvericiliyə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
51. Apelyatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tərəflər arasında yazılı müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
52. Digər tərəfdən, cavabdeh MMC tərəfindən ona bugünədək layihənin təqdim edilmədiyini bildirsə də, qeyd etdikləri ilə bağlı hər hansı bir sübut (yəni iddiaçının təqdim etdiyi sübutları təkzib edəcək sübutları) təqdim edə bilməmişdir.
53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələb etdiyi dəbbə pulunun qismən təmin edilərək 100 manat məbləğində müəyyən edilməsi ilə bağlı qənaəti də ədalətli olmaqla, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini qorumuş olur.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
56. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
58. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2124/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva