Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3592/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-ə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, haqqı ödənilən ictimai işlər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “əmrin ləğv edilməsi, əmək haqqı, işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-2624/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 2-ci bəndinə əsasən bu əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. Əmək müqaviləsinin müəyyən edilmiş müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə 30 dekabr 2021-ci il tarixinədək uzadıla bilər.
2. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən Lənkəran X6 İdarəsinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə kimi qeyd edilmişdir.
3. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı göndərilmiş bildirişdə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam veriləcəyi bildirilmişdir.
4. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 3-17-7/3-4-817/2025 nömrəli əmri ilə Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş “Azəriqaz” X1 X4 İdarəsi üzrə Lənkəran şəhəri ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiçdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MMC-ə qarşı “əmrin ləğv edilməsi, əmək haqqı, işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X7 X2 Qaz İstismar İdarəsinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə (əvvəlki işinə) bərpa olunmağına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə, əmək müqaviləsinin müddətsiz bağlanması öhdəliyinin işəgötürənin üzərinə qoyulması və ödənilən 60 manat mediasiya rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixində Cavabdeh MMC tərəfindən Lənkəran X6 İdarəsinə ictimai işlər üzrə köməkçi işinə qəbul olunmuşdur. Heç bir səbəb olmadan xx.xx.2025-ci il tarixində işdən azad olunmuşdur. İşdən azad olunmağına səbəb Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 28 iyun 2024-cü il il tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə olunmuş son dəyişikliklərlə bağlı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Qeyd olunan dəyişiklikdən sonra ona məlum olmuşdur ki, onunla bağlanılan əmək müqaviləsi müddətli əmək müqaviləsidir. Buna qədər bağlanmış əmək müqaviləsindən məlumatı olmamış və 3 dəfə əmək müqaviləsinə edilmiş dəyişiklikdən də xəbərsiz olmuşdur. Əmək müqaviləsinin müddətli bağlanmasının yolverilməzliyi və qanunsuz olması barədə xx.xx.2024-cü il tarixində MMC-yə rəsmi müraciət etmiş və müqavilənin bağlanmasına etirazını bildirmişdir. Sonradan MMC-nin əməkdaşı (070) ***-**-** mobil telefondan ona zəng edərək əslində haqlı olduğunu bildirmiş və qeyd etmişdir ki, Azərbaycan Respublikasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda o cümlədən, Cavabdeh MMC-də bağlanmış bütün müqavilələr müddətli əmək müqavilələridir. Əməkdaş tərəfindən rəhbərliklə danışıldıqdan sonra ona bildirilmişdir ki, bütün işçilərin müqavilələri müddətli olduğuna görə, onunla bağlanmış müqaviləni müddətsiz etmək olmaz. Eyni zamanda bildirilmişdir ki, müddətli müqavilə davam etdiriləcəkdir. Bundan sonra xx.xx.2025-ci il tarixində qərəzli olaraq həmin ayda tək o, işdən azad olunmuş və hətta sonrakı ayda da işdən azad olunan işçi olmamışdır. İşdən qərəzli şəkildə azad olunmağına səbəb yalnız qanuni tələbi ilə bağlı olmuşdur. Qanunsuz işdən azad olunmağı ilə bağlı tərəfindən ilk növbədə MMC-yə rəsmi müraciət olunmuşdur. Eyni zamanda işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə mediasiya təklifi verilmiş, bununla bağlı mediasiya iclası keçirilmiş və Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli prosesin davam etdirilə bilməməsi barədə arayışı təqdim olunmuşdur. İşdən azad olunmağı ilə bağlı Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulduğuna görə verilən əmr qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Onunla müqavilə bağlanarkən Cavabdeh MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-ci bəndinə əsasən Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndini əsas götürərək əmək müqaviləsini 1 ay 1 gün müddətinə bağlamışdır. Əgər Cavabdeh MMC-nin qanunsuz istəyi və tələbi ilə razılaşsa belə, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin e) bəndinə əsasən olmalı idi. Əmək Məcəlləsinin 47-ci maddəsinin e) bəndində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müddətli bağlanıla bilər. Lakin hazırki işin xarakterindən görünür ki, göstərilən xidmətlər davam etdirilir və daimi xarakterə malikdir. Yəni, hal hazırda Cavabdeh MMC ilə görülən işlər və bağlanılan müqavilələr davam etdirilir. Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iş və göstərilən xidmətlər daimi xarakterə malik olduğu halda, Cavabdeh MMC tərəfindən əsassız olaraq Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi əsas gətirilərək 1 ay 1 gün müddətinə bağlanılmışdır. Hamıya məlumdur ki, əmək münasibətlərində işçi ilə işəgötürən faktiki cəhətdən bərabər olmurlar. Yəni, işçi ilə işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcuddur. Müddətli əmək müqaviləsinin bağlanması işin daimi xarakter daşımadığı hallarda tərəflərin qarşılıqlı razılığı əsasında mümkün ola bilər. Əgər işin daimi xarakter daşıdığı əvvəlcədən bəlli olarsa, müqavilə müddətsiz bağlanmalıdır. Nəzərə almaq lazımdır ki, işçilərin daimi yerinə yetirdikləri işlər əksər vaxt müddətli əmək müqaviləsinin bağlanmasına zəmin yaratmır. Hazırki işdən də görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixində bağlanılmış müqavilə xx.xx.2025-ci il tarixinə kimi, yəni 4 il 1 ay müddətinə davam etmişdir. Hal hazırda da cavabdeh MMC tərəfindən eyni işlər üzrə digər işçilərlə işlər davam etdirilir. Eyni zamanda MMC rəsmi müraciətinə cavab olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-ci bəndinə əsasən ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. MMC tərəfindən yazılan bu cavabın heç bir əsası yoxdur. “MMC tərəfindən bağlanılan müddətli əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyası, işin mövsümi xarakterli olması və sair) çıxış edərək müddətli əmək müqaviləsi bağlanması göstərilməmişdir. Bütün bunlardan başqa Əmək Məcəlləsinin 73.1ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. xx.xx.2025-ci il tarixində xitam verilmiş əmək müqaviləsi ilə bağlı ona rəsmi olaraq işəgötürənin imzası ilə heç bir təsdiq olunmuş bildiriş göndərilməmiş və kağız daşıyıcıda da rəsmi xəbərdarlıq edilməmişdir. Eyni zamanda, əmək kitabçası, əmrin surəti və son haqq hesab da ona verilməmişdir. Ümumiyyətlə, Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur.
7. Cavabdeh MMC iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019- 2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019- 2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOST” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə İddiaçıla Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” X1 X6 İdarəsinə Lənkəran rayonu üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2025-ci il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş və son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən haqqı ödənilən ictimai işlər görülərkən müddətli əmək müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur. Qeyd edilən əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin qeyd edilən bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 ay müddətinə uzadıla bilər. Hazırki mübahisə üzrə cavabdeh MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Hesab edir ki, yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2624/2025 nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) iddia təmin edilməmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər vəzifəsinə təyin edilmiş, onunla bağlanmış əmək müqaviləsi müddətli olmuşdur. 05 fevral 2025-ci il tarixli, 3-17-7/3-4-817/2025 nömrəli əmrlə iddiaçı AR ƏM-in 68-ci maddəsinin 2 ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47 ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib. Həmin hallardan biri kimi də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülməsidir. Digər tərəfdən iddiaçı ilə bağlanmış əmək müqaviləsi onunla işəgötürənin qarşılıqlı razılığı əsasında müddətli bağlanmış, həmin müqavilə iddiaçı tərəfindən imzalanmışdır. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin xarakteri müvəqqəti xarakterli ictimai işlər olmuşdur.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 45.4, 47, 68.2.b, 73.1, 300.1-ci maddələrinə, Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci bəndinə, “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2, 2.6-cı bəndinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan heç bir faktiki hal araşdırılmamış və yalnız Əmək Məcələsinin 47-ci maddəsinin tələbləri əsas götürülərək iddia təmin edilməmişdir. İş üzrə maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, məhkəmə yalnız şəxsi formal mülahizələrə əsasən heç bir hüquq normasına belə sığmayan qətnamə çıxarmışdır. xx.xx.2021-ci il tarixində bağlanmış müqaviləyə əsasən iş və göstərilən xidmətlər daimi xarakterə malik olduğu halda, cavabdeh MMC tərəfindən əsassız olaraq Əmək məcələsinin 47-ci maddəsinin f) bəndi ilə müddətli müqavilə bağlanılmışdır. Məhkəmə tərəfindən onunla bağlanmış müqavilənin 4 il 1 ay davam etməsi nəzərə alınmamış və eyni zamanda da hal-hazırda həmin işdə digər işçilərlə bağlanmış müqavilənin davam etdirilməsinə hüquqi qiymət verilməmişdir. 4 il 1 ay müddətinə davam edən və digər işçilərlə əmək münasibətləri davam etdirilən iş necə daimi xarakterə malik olmaya bilər və müddətli əmək müqaviləsi bağlanıla bilər? Məhkəmə ümumiyyətlə heç bir hüquqi normaya istinad etməyərək, ədalətsiz bir qətnamə çıxarmışdır. Təqdim olunan ilkin əmək müqaviləsi, əmək müqaviləsinə olunan dəyişikliklər, elektron əmək müqaviləsi araşdırılmamışdır. Eyni zamanda əmək kitabçasının, əmrin surətinin və digər müvafiq sənədlərin xx.xx.2025-ci il tarixində ona təqdim olunmasına dair məhkəməyə rəsmi sübutlar təqdim etməyinə baxmayaraq, bu sübutların heç biri araşdırılmamış və ondan istifadə olunmamışdır. Cavabdeh MMC tərəfindən bağlanılan müddətli əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyası, işin mövsümi xarakterli olması və sair) çıxış edərək müddətli əmək müqaviləsi bağlanması göstərilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilmiş, etiraz iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən caavbdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47.”e” Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən müddətli əmək müqaviləsi bağlana bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
17. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli Qərarı: 2.6. İctimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və məşğulluq mərkəzinin birgə razılığı ilə bu müddət artırıla bilər. 2.7. İctimai işlərdə iştirak etmək istəyən işsiz şəxslərlə işəgötürənlər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır. İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər. Əmək qanunvericiliyi, işsizlikdən sığorta və sosial sığorta haqqında qanunvericilikictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilir. 2.8. Müqaviləyə əsasən ictimai işlərin yerinə yetirilməsi müddəti qurtardıqda və bu müddət ərzində işsiz şəxs daimi iş yeri ilə təmin olunmadıqda mərkəzlər işsiz şəxsi yenidən ictimai işlərə göndərə bilər və yaxud ona yeni peşə və ixtisasa yiyələnmək təklif edə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İşdən görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh MMC tərəfindən Lənkəran X6 İdarəsinə ictimai işlər üzrə köməkçi kimi işə qəbul edilmiş, əmək müqaviləsi 1 ay müddətinə bağlanmış, sonradan əmək münasibətləri davam etdiyinə görə hər dəfə müqavilə müddəti 1 ay uzadılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçını elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq etməklə xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam vermişdir.
23. Əmək qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bununla belə, Əmək Məcəlləsinin 47-ci maddəsində istisnalar müəyyən edilmiş, həmin istisnalardan biri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülməsidir. Belə olan halda əmək müqaviləsi cavabdeh tərəfindən müddətli bağlana bilər.
24. İşdən də görünür ki, cavabdeh ictimai işlərin görülməsi üçün iddiaçı tərəfindən müqavilə əsasında 1 aylıq müddətə işlə təmin edilmiş, tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə azı bir həftə qalmış müqaviləyə xitam verilməsi barədə xəbərdar etmədiyindən həmin müddət bir neçə dəfə uzadılmış, cavabdeh xx.xx.2024-cü il tarixdə (müddətinin bitməsinə azı bir həftə qalmış) iddiaçını elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq etməklə xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam vermişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və müqavilənin müddəti qurtardığına görə ona xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2624/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.