Məhkəmə qərarları › İş №2(103)-3595/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3595/2023

22.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3595/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Xx nın maraqlı şəxs Azrbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti cəlb edilməklə şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə iş üzrə (Açar sözlər: şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Ərizəçi Xx maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-913/2023 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi xx maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti cəlb edilməklə nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və xx.xx.1986-cı il tarixdən Azərbaycan Respublikasında daimi yaşama faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-913/2023 nömrəli qərardadı ilə ərizə geri qaytarılmış və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

3. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş sənədlərin, o cümlədən qanunvericiliyə əsasən əlavə edilməsi vacib olan müvafiq sənədlərin əsli deyil, surəti əlavə edilmişdir. Eyni zamanda, həmin sənədlər tərcümə edilmədən təqdim edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə Dövlət Miqrasiya Xidmətinin arayışı deyil, cavab məktublarının surəti natamam şəkildə təqdim edilmişdir ki, məktubların imzalanması və kim tərəfindən göndərilməsi məktublardan görünmür. Doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd kimi Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən alınmış (tərcümə edilməmiş şəkildə) arayışın surəti ərizəyə əlavə edilmişdir ki, bu arayış 2015-ci ildə, yəni məhkəməyə müraciət etməmişdən xeyli müddət əvvəl alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. Ərizəçi qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəyə mahiyyəti üzrə baxılıb təmin edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad kifayət qədər əsaslandırılmamış, maddi və prosessual hüquq normalarına istinad olunmamış, iddia ərizəsinin geri qaytarılmasına səbəb olmuş pozuntunun nədən ibarət olması qeyd edilməmişdir. Bundan əlavə, tərcümə edilməyən yeganə sənəd Səfirliyin cavab məktubu olmuşdur ki, bu sənəd 149 və 150-ci maddələrdə məcburi əlavə edilməli sənədlər siyahısında olmamışdır. İddiaçının doğum şəhadətnaməsinin tərcüməsi və appostil olunmuş surəti əlavə edilmişdir. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə Dövlət Miqrasiya Xidmətinin arayışı deyil, cavab məktublarının surətinin natamam şəkildə təqdim edilməsi, yəni məktubların imzalanması və kim tərəfindən göndərilməsinin məktublardan görünməməsi barədə gəlinən nəticə yanlışdır. Belə ki, sənəd tam formada təqdim edilmiş, kim tərəfindən imzalanması ikinci vərəqə yəni sənədin arxa üzünə çap olunmuşdur. Doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd kimi Qazaxstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən alınmış (tərcümə edilməmiş şəkildə) arayışın 2015-ci ildə, yəni məhkəməyə müraciət etməmişdən xeyli müddət əvvəl alınması iddia ərizəsini geri qaytarılmasına əsas ola bilməz. Belə ki, həmin sənəd özlüyündə bir sübut növüdür. 2015-ci il tarixdən o arayışın da alınıb, maraqlı şəxsə təhvil verilməsi belə ərizəçinin 8 il ərzində bu problemin həlli məqsədilə lazım olan sənədi əldə edə bilməməsinin sübutudur. Eləcə də sənədlərin əslinin göndərilməməsi ilə bağlı dəlilə münasibətdə qeyd olunur ki, məhz iddia ərizəsinin üzərində sonuncu vərəqdə bununla bağlı qeyd yazaraq sənədlərin əslinin məhkəmədə təqdim ediləcəyi bildirilmişdir. Belə ki, xüsusi icraatda baxılan işləri elektron məhkəmə vasitəsi ilə vermək mümkün olmadığından iddia ərizəsi poçt vasitəsi ilə göndərilmiş, buna görə də sənədlərin əslinin itmə ehtimalı nəzərə alınaraq məhkəməyə təqdim ediləcəyi bildirilmişdir.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.10-1. Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 310.2. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Maddə 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.2. tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir; Maddə 167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-913/2023 nömrəli qərardadı ləğv edilməli və iş, bu qərardadda göstərilənlər nəzərə alınmaqla növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

11. Belə ki, işdə olan sənədlərdən görünür ki, ərizəçi ərizəsinə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2018-ci il tarixli, ******* nömrəli arayışını, həmçinin doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən xx.xx.2015-ci il tarixli, KБ-25 nömrəli arayışını əlavə etmişdir.

12. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin hakimi çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında ərizəçiyə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, onların əslini və tərcümə edilmiş nüsxələrini təqdim etməyi, habelə iş üçün əhəmiyyətli olan digər sənədləri işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edə bilər.

13. Lakin birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin bu tələblərini nəzərdən qaçırmış, ərizəni geri qaytarmaqla düzgün olmayan nəticəyə gəlmişdir.

14. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(009)-913/2023 nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar