Məhkəmə qərarları › İş №2(103)-3598/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3598/2022

27.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3598/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2022 saylı 29 mart 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2022 saylı 29 mart 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya izah olunmuşdur ki, onun hazırkı iddia ərizəsi ilə aidiyyəti üzrə müvafiq inzibati mübahisələrə dair işlər üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2022 saylı 04 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2022 saylı 29 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işə bərpa və.s tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü mübahisə aidiyyəti üzrə müvafiq inzibati mübahisələrə dair işlər kateqoriyasına aid olduğundan iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati mübahisələrə dair işlər üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı oxşar tələblə məhkəməyə müraciət etmiş və Səbail Rayon Məhkəməsinin 28.04.2020-ci il tarixli qərardadı ilə (hakim İlkin Rüstəmli) iddia ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Bundan sonra Səbail Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınsa da, Bakı Apellyasiya Məhkəməsinin 09.10.2020-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş həmin məhkəməyə göndərilmişdir. İşə mahiyyəti üzrə baxılmış və İddiaçı iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2020 saylı iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2020 saylı iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Müdafiə Nazirliyi Mərkəzi Ərzaq Anbarı rəisinin 18.06.2020-ci il tarixli 135 saylı əmri ləğv edilmiş, İddiaçı əvvəlki işinə bərpa edilmiş və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09.10.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı ilə Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarının arasında xidməti hüquq münasibəti deyil, əmək hüquq münasibəti mövcuddur, o cümlədən İddiaçı dövlət qulluqçusu və ya hərbi qulluqçu deyil, mülki işçidir. İnzibati-Prosessual Məcəllənin 2-ci maddəsinin göstərişləri baxımdan hazırkı mübahisə inzibati mübahisə sayılmır. Ona görə də işə ümumi məhkəmədə baxılmalıdır. Hazırki iddia tələbindən görünür ki, iddiaçı 05 mart 2022-ci il tarixli, 54, 63 saylı əmrlərin ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş əvvəlki işinə bərpa edilməsini xahiş etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli qərarının 12- ci bəndinə görə inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Göründüyü kimi, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarının arasında xidməti hüquq münasibəti deyil, əmək hüquq münasibətində olması, o cümlədən İddiaçı dövlət qulluqçusu və ya hərbi qulluqçu deyil, mülki işçi olması məhkəmə aktları ilə müəyyən edilsə də, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən məhkəmə aktlarını nəzərə almamış, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlər geri qaytarılması barədə səhv nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək mübahisələrindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Hazırki işdən iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət edilib-edilməməsi müəyyən edilmir. Hazırki mübahisə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinin təsir dairəsinə düşən mübahisələr kateqoriyasına (əmək münasibətlərindən irəli gələn mübahisələr) aid edildiyindən iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılarkən iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət edilib-edilməməsi məsələsi də müzakirə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalı, məhkəmə tərəfindən yuxarıda qeyd edilənlər nəzərə alınaraq hazırki iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılmaqla qanuni və əsaslı qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2022 saylı 29 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işə bərpa və.s tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2022 saylı 29 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işə bərpa və.s tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar