Məhkəmə qərarları › İş №2(103)-3598/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3598/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3598/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin icra olunması, mənzilin təhvil verilməsi və pul vəsaitin tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli qətnamədən İddiaçı və Cavabdeh ayı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh vəkili (nümayəndəsi) X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanılmış xx.xx.2018ci il tarixli müqaviləyə əsasən MMC tərəfindən ona təhvil verilməsi nəzərdə tutulmuş 96 kv.metr sahəsi olan mənzilin ona təhvil verilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulması, 2021-cü ilin oktyabr ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək MMC-dən onun xeyrinə hər aya görə 1.100 manat pul vəsaitinin, həmin vəsaitin tam məbləğinə hesablanmış illik 5 faiz vəsait, əlavə olaraq vəsaitin tam məbləğinə Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faiz vəsaitin tutulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun və iddiaçının hüququ yardım almaq üçün vəkil çəkdiyi xərcin əvəzinin cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC və Nəsimi RİH arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsi barədə” müqaviləyə əsasən iddiaçı özünə məxsus və Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 189-da yerləşən, ümumi sahəsi 34 kv.m, faktiki sahəsi 44,98 kv.m olan 1 otaqlı mənzili MMC-yə təhvil vermək, MMC isə müqabilində həmin ünvanda yeni inşa edilən binanın “A” blokunun 7-ci mərtəbəsində perimetri 96 kv.m olan təmirsiz mənzili (mənzilə giriş qapısı, pəncərə qoyulması və divarların suvanması şərti ilə) iddiaçının mülkiyyətinə vermək barədə öhdəliklər götürmüşlər. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, MMC, yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq nəzərdə tutulmuş mənzili iddiaçıya verməli idi. Binanın bünövrəsi 2019-cu ilin mart ayında qoyulub. Yəni müqavilə şərtlərinə görə bina uzağı 2021-ci ilin oktyabrında hazır olmalı, cavabdeh müqavilədə ərizəçi üçün nəzərdə tutulmuş mənzili təhvil verməli idi. Lakin binada hələ də işlər gedir, o hazır deyil. Xaricdə yaşayan iddiaçı bu (2024-cü il) ilin avqust ayında Azərbaycana gələrkən MMC-nin işçisi iddiaçı üçün nəzərdə tutulmuş mənzili iddiaçıya göstərmişdir. Lakin binanın nə lift, nə də başqa ümumi kommunikasiya qurğuları hazır deyildi və mənzilin divarlarından başqa heç nə olmamışdır. Beləliklə, MMC, üzərinə götürdüyü öhdəliyin icrasını bugünə artıq 36 aydır ki, yubadır. Müqavilə üzrə nəzərdə tutulmuş mənzil iddiaçıya vaxtında, yəni 2021-ci ilin oktyabr ayında təhvil verilsə idi, iddiaçı mənzili kirayə verə bilərdi. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin iddiaçıya verdiyi arayışda qeyd edilir ki, cavabdeh MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binasının ərazisində yerləşən 2-otaqlı mənzillərin aylıq icarə bazar dəyəri 1.100 manat təşkil edir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə iştirakı və verdikləri izahatlar barədə məlumat

4. İddiaçının vəkili (nümayəndəsi) Vəkil iddia ərizəsinin və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını Rayon Məhkəməsindən xahiş etmişdir.

5. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) İmran Abdullayev iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, həmin mənzili onlar 2024cü ilin fevral-mart aylarında təhvil vermişlər və mənzildə təmir işlərinə başlanmışdır. Təmir işləri ilə bağlı 800 manat ödəniş etmişdilər. Divar sökülüb yenidən tikilmişdir. İddiaçının xaricdə yaşadığından təhvil-təslim rəsmiləşdirilməmiş, bununla bağlı müvafiq akt tərtib edilməmişdir. İddiaçı xaricdən qayıdandan sonra iddiaçı ilə birlikdə mənzilə baxış keçirilmiş, iddiaçı, mənzilin zal otağı ilə mətbəx otağı arasındakı divarın sökülməsini, onların birləşdirilməsini istəmişdir. İddiaçıya bildirilmişdir ki, bu mümkündür, bunun üçün 800 manat tələb olunur. 2023-cü ilin yay aylarında həmin məbləğ ödənilmişdir. Mənzil və ümumilikdə bina artıq hazırdır və binada sakinlər atqı yaşayırlar.

6. İş üzrə üçüncü şəxs olan Nəsimi RHİ məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsa da, məhkəmə baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Bu səbəbdən də Rayon Məhkəməsi işə Nəsimi RHİ-nin nümayəndəsinin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən mənzilin iddiaçıya təhvil verilməli olduğu 2022-ci ilin iyul ayından mənzilin iddiaçıya təhvil verildiyi vaxtadək, yəni 2024-cü ilin sentyabr ayınadək əldən çıxmış faydanın əvəzi kimi cəmi 9.100 manat məbləğində pul vəsaiti, həmçinin iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 manat, iddiaçının hüququ yardım almaq üçün vəkil çəkdiyi xərcin əvəzi olaraq 1.150 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

8. Rayon Məhkəməsi iddianın “xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız hesab edilməklə rədd edilməlidir. Çünki məhkəmə araşdırması zamanı tərəflərin izahatları nəticəsində müəyyən edilmişdir ki, mübahisəli mənzil artıq 2024-cü ilin sentyabr ayında iddiaçıya təhvil verilmişdir. İddianın “2021-ci ilin oktyabr ayından hesablanmaqla məhkəmə qətnaməsi tam icra olunanadək cavabdeh MMC-dən iddiaçının xeyrinə hər aya görə 1.100 manat pul vəsaitinin tutulması” hissəsinə münasibətdə Rayon Məhkəməsi qeyd etmişdir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Çünki tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh MMC yeni binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 18 ay müddətinə başa çatdırmaqla mülkiyyətçiyə təmirli mənzilin təhvil vermək öhdəliyini üzərinə götürmüş, lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh bu öhdəliyi lazımi qaydada və vaxtında icra etməmişdir. Halbuki, Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddiaçı tərəf binanın təməlinin 2019-cu ilin mart ayında qoyulduğunu qeyd etsə də, mülki işin materiallarında olan “Monolit beton işləri jurnalı”ndan görünür ki, yuxarıda qeyd edilən küçələrinin kəsişməsi ərazisində binanın təməlinin betonlanması xx.xx.2021-ci il tarixdə olmuşdur. Demək ki, binanın təməli 2021-ci ilin yanvar ayında qoyulduğundan və tərəflər arasında bağlanmış müqaviləyə əsasən məhz həmin vaxtdan başlayaraq 18 ay müddətində, yəni 2022-ci ilin iyul ayında cavabdeh mənzili iddiaçıya təhvil verməli olsa da, MMC bu öhdəliyini pozmuş, yerinə yetirməmişdir. Halbuki, Mülki Məcəlləsinin 445.6-cı maddəsinə əsasən borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Belə olan halda, iddiaçının həmin mənzilin ona təhvil verilməsinin gecikməsi ilə bağlı əldən çıxmış fayda kimi zərəri tələb etmək hüququ mövcuddur. Əldən çıxmış faydanın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilinməsi barədə məhkəmə qeyd edir ki, son illər kirayə mənzilə ehtiyacın olduqca yüksək olduğu Bakı şəhərində iddiaçının yeni binadakı mənzilini kirayəyə verərək, ondan gəlir əldə etməsi ehtimalı çox yüksək və realdır. İddiaçı tələbin kirayə haqqına münasibətdə sübut kimi "xxxx" MMC-nin xx.xx.2025ci il tarixli arayışını təqdim etmişdir ki, həmin arayışda qeyd edilir ki, mənzilin xx.xx.2025-ci il tarixinə mövcud normativ və qanunvericiliyə uyğun olaraq hesablanmış faktiki tikinti sahəsi 83.91 kv.m orta aylıq kirayə dəyərinin isə 1.100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın əvəzi kimi aylıq kirayə haqqı kimi tutulmalı məbləğin tələb edilən həddə yox, 350 manat məbləğində müəyyən edilməsi hazırki işin halları baxımından daha real və ağlabatandır (müqavilə üzrə 3 otaqlı mənzillər üçün ayda 350 manat kirayə haqqının müəyyən edilməsi baxımından). Bundan əlavə, məhkəmə 350 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı əlavə olaraq qeyd edir ki, hazırki iddiaçı mübahisəli (təhvil verilmiş) mənzili təhvil almasında gecikdirilməsi onun 3 otağa münasibətdə gözləntisi olduğundan və bu gecikmə də cavabdehin təqsiri səbəbindən olduğundan iddiaçıya əvvəlki qaydada razılaşdırılmış müqaviləyə əsasən nəzərdə tutulmuş məbləğdə pulun verilməsi daha ədalətlidir. Beləliklə də, mənzilin təhvil verilməli olduğu vaxtdan, yəni 2022-ci ilin iyul ayından mənzilin iddiaçıya təhvil verildiyi vaxtadək, yəni 2024-cü ilin sentyabr ayınadək (2022-ci ilin iyul ayından başlamaqla 2024-cü ilin sentyabr ayınadək, yəni 2 il 2 ay, cəmi 26 ay x 350 manat =) cəmi 9.100 manat əldən çıxmış faydanın əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi həmin qalan hissədə təmin edilməməlidir. İddianın “həmin vəsaitin tam məbləğinə hesablanmış illik 5 faiz vəsait, əlavə olaraq vəsaitin tam məbləğinə Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faizin tutulması” hissəsinə münasibətdə Rayon Məhkəməsi qeyd etmişdir ki, iddianın bu hissəsi əsassızdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. İddiaçı tərəf həmin hissədə tələbini qeyd edilən maddi hüquq normaları baxımından əsaslandırmışdır. Halbuki, həmin tələblərin qanuni əsası kimi nəzərdə tutulan Mülki Məcəllənin 445.7 və 449-cü maddələri aşkar şəkildə pul öhdəliyinin icra edilməməsi ilə bağlı məsuliyyətlə əlaqədardır. Hazırda tərəflər arasında pul öhdəliyi mövcud olmayıb, yalnız tikilməli binada mənzilin inşa edilib verilməsi ilə bağlı öhdəlik mövcuddur. Odur ki, bu tələb rədd edilməldir. Rayon Məhkəməsi iddianın “ödənilmiş dövlət rüsumunun və vəkil xərclərinin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə 101 manat məbləğində dövlət rüsumu, hüququ yardım almaq üçün isə vəkilə 1.150 manat məbləğində pul ödənilmişdir. Buna görə də bu xərclərin əvəzi MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. d) apellyasiya şikayətləri barədə məlumat

9. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir.

10. Əsasları iddia ərizəsinin “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizənin əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh MMC iddiaçı qarşısında götürdüyü öhdəlikləri pozduğuna, öhdəliyin icrasının gecikdirdiyinə görə, iddiaçıya vurduğu zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. "xxxx" MMC-nin verdiyi qiymətləndirmə hesabatına əsasən müəyyən edilir ki, cavabdeh MMC-nin iddiaçıya verməli olduğu mənzilin aylıq icarə dəyəri 1.100 manat təşkil edir. Bu qiymət MMC tərəfindən mübahisələndirilməyib. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış və həmin qiymətdən təxminən üç dəfə aşağı olan qiyməti – 350 manatı əsas götürmüş və bu məbləği haradan götürdyünü əsaslandırmamışdır. Bundan başqa, təmir üçün mənzil ötən 2024-cü ilin sentyabr ayında iddiaçıya təhvil verilsə də, bunu mənzilin müqavilə və qanun şərtlərinə uyğun olaraq təhvil verilməsi kimi qəbul etmək mümkünsüzdür. Belə ki, binanın inşası bu gün də davam edir. Binada qaz təchizatı yoxdur. Aydındır ki, belə mənzildə iddiaçı onun təmirinə ötən ilin sentyabr ayında başlamasına baxmayaraq, yaşayış yoxdur və ola da bilməz. Cavabdehin təqsiri ucbatından mənzilin təmiri hələ də başa çatdırılmayıb, belə ki, mənzilin eyvanı (balkonu) ilə bağlı cavabdeh hələ bir sıra işləri görməyib. İkinci, eyvanda cavabdehin gördüyü iş keyfiyyətsizdir, eyvanın küçəyə çölə yaxın hissəsində hətta kafellər də qırıqdır, cavabdeh onların dəyişdirilməsini yubadır. Uzun müddət binada elektrik enerjisi xətti sıradan çıxıb və bu nasazlığın gec aradan qaldırılması da mənzilin təmir edilməsini ləngidib. Ona görə də, mənzil müqavilə və qanun şərtlərinə uyğun şəkildə ərizəçiyə verilənədək icarə haqqının və faizlərin hesablanması qanuni tələbdir. Göstərilənlərə əsasən mənzilin təhvil verilməsi tarixi kimi 2024-cü ilin sentyabr ayının qəbul edilməsi müqavilə və qanun şərtlərinə uyğun sayıla bilməz. Deməli, cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin qoyulması tələbi məhkəmə qətnaməsi ilə təmin olunmalıdır.

11. Cavabdeh MMC də qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.

12. Bu apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iddianın qismən təmin edilməsi qənaətinə gəlmiş Rayon Məhkəməsi öhdəliyin yaranmasına əsas olmuş xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə ümumiyyətlə əhəmiyyət verməmişdir. Halbuki, mülki mübahisə həmin müqavilənin şərtləri nəzərə alınmaqla həll edilməli idi. Belə ki, qeyd edilən ünvanda yerləşən binaların söküntüsü zaman, MMC, həmin binalarda yaşayan sakinlərə onların söküntüsü üçün təhvil verdikləri mənzillərin sahəsinə 15% əlavə sahə hesablamaqla yeni mənzillər verir, binan inşası bitənədək müəyyən məbləğlərdə kirayə haqqı və kirayə götürüləcək sahəyə köçmək üçün birdəfəlik pul vəsaiti ödəyir. Lakin iddiaçı bu kimi pul məbləğlərindən imtina etmişdir. Buna görə də, iddiaçı ilə cavabdeh MMC və Nəsimi RİH arasında bağlanmış həmin müqavilədə nəzərdə tutulmuşdur ki, iddiaçının söküntü üçün təhvil verdiyi faktiki sahəsi 44,98 kv.m olan 1 otaqlı mənzilin əvəzində iddiaçıya yeni binada sahəsi 96 kv.m olan təmirsiz mənzil veriləcək. Yəni iddiaçı qeyd edilən məbləğlərdən imtina etdiyi üçün iddiaçıya 15% əlavə sahə deyil 100%-dən artıq əlavə mənzil sahəsi (96 kv.m təmirsiz mənzil) verilməsi nəzərdə tutulmuş və təhvil verilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, zərərin əvəzinin ödənilməsi barədə tələbin əsaslandırılması kimi iddia ərizəsində qeyd edilir ki, guya yeni mənzil iddiaçıya təhvil verilsə idi, iddiaçı həmin mənzili kirayə verib, gəlir əldə edə bilərdi. Amma nə köhnə, nə də ki, yəni mənzillə bağlı iddiaçının hər hansı şəxslər “kirayə müqaviləsi” bağlaması iş materialları ilə təsdiq edilmir. Daha sonra nəzərə alınmalıdır ki, iddiaçı mənzili MMC-dən təhvil aldıqdan 1 ay sonra (xx.xx.2024-cü il tarixində) hazırkı iddia tələbi ilə Rayon Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Əldən çıxmış fayda dedikdə, hüquq pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir başa düşülür. Buna misal kimi, müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində kreditorun əldə edə bilmədiyi gəlirlər əldən çıxmış fayda hesab edilə bilər. Bu zaman, belə əsasla tələb yönəlmiş tərəfin səhlənkarlığı, qüsurlu icrası, icra edilməməsi kimi hərəkətlərinin gəlir əldə etmək üzrə fəaliyyətin dayandırılması, davam etdirilməsinin mümkünsüzlüyü ilə səbəbli əlaqədə olması ilə şərtlənir. Əldən çıxmış faydanın tələb edilmə xüsusisyyəti isə əldə edilə bilinəcək faydanın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilinməsidir. Bunun üçün adi mülki dövriyyə şəraitində əvvəlki dövrün gəlirlərin hesablanmasının aparılması, qarşı tərəfin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmış xərclərin müəyyən edilməsi əhəmiyyət kəsb edir. Lakin işə baxmış Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarını nəzərə almamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh MMC tərəfindən iddiaçıya qarşı hər hansı bir qərəzli hərəkət etməsi işin halları ilə müəyyən edilmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, yeni binanın inşasının gecikdirilməsi MMC-nin qərəzli hərəkətləri nəticəsində deyil, obyektiv səbəblərdən (pandemiya, tikintinin aparılacağı sahədə yerləşən digər mülkiyyətçiləri ilə razılaşmanın əldə edilməməsi və s. bu kimi hallar) baş vermişdir. Mülki Məcəlləsinin 445.5-ci maddəsinə görə isə, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

13. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi.

14. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, MMC-nin verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi.

15. İş üzrə üçüncü şəxs olan Nəsimi RİH apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də, apellyasiya baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Nəsimi RİH-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, iddiaçı ilə cavabdeh MMC və Nəsimi RİH arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsi barədə” müqaviləyə əsasən iddiaçı özünə məxsus və Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 189-da yerləşən, ümumi sahəsi 34 kv.m, faktiki sahəsi 44,98 kv.m olan 1 otaqlı mənzili MMC-yə təhvil vermək, MMC isə müqabilində həmin ünvanda yeni inşa edilən binanın “A” blokunun 7-ci mərtəbəsində perimetri 96 kv.m olan təmirsiz mənzili (mənzilə giriş qapısı, pəncərə qoyulması və divarların suvanması şərti ilə) iddiaçının mülkiyyətinə vermək barədə üzərilərinə öhdəliklər götürmüşlər.

18. Müqavilənin 2.2.2-ci bəndində qeyd edilmişdir, MMC, yeni inşa edilməli olan yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdırmalı və müqavilənin predmetini - 96 kv.m olan təmirsiz mənzili iddiaçıya verməlidir.

19. İddiaçı bildirir ki, cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, yeni mənzili ona ən geci 2021-ci ilin oktyabr ayından təhvil verilməli olduğu halda bunu etməmişdir. Buna görə də o, mənzilin ona təhvil verilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulmasını xahiş edir.

20. Rayon Məhkəməsi yuxarıda artıq qeyd edildiyi kimi bu tələbi, mənzilin 2024-cü ilin sentyabr ayında iddiaçıya təhvil verilməsi əsası ilə təmin etməmişdir.

21. Məhkəmə bildirir ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan məlum olur ki, mənzil MMC tərəfindən iddiaçıya 2024-cü ilin sentyabr ayının əvvələrində təhvil verilmişdir.

22. Belə olan halda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi bu əsasla qeyd edilən tələbi təmin etməməkdə haqlı olmuşdur.

23. Belə ki, cavabdeh MMC-nin iddiaçı qarşısında mənzilin təhvil verilməsi ilə bağlı icra edilməmiş öhdəliyi yoxudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi isə borclu tərəfindən icra edilmiş öhdəliyin icra edilməsinin borclunun üzərinə bir vəzifə kimi qoyulmasını nəzərdə tutmur.

24. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi qeyd edilən bu tələbi təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

25. İddiaçının digər tələbi 2021-ci ilin oktyabr ayından hesablanmaqla məhkəmə qətnaməsi tam icra olunanadək cavabdeh MMC-dən onun xeyrinə hər aya görə 1.100 manat pul vəsaitinin tutulması barədədir.

26. İddiaçı bu tələbini onunla əsalandırır ki, cavabdeh MMC mənzili ona 2021-cü ilin oktyabr ayında təhvil verilməli idi lakin vaxtında təhvil verməmiş və o, mənzili kirayə verib gəlir əldə edə bilərdi. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin ona verdiyi arayışda qeyd edilir ki, cavabdeh MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binasının ərazisində yerləşən 2-otaqlı mənzillərin aylıq icarə bazar dəyəri 1.100 manat təşkil edir. Buna görə də mənzilin təhvil verilməsinin gecikdirilmiş hər ayı üçün MMC-dən onun xeyrinə hər ay 1.100 manat məbləğində pul tutulmalıdır.

27. İşə baxmış Rayon Məhkəməsi bu tələbi qismən təmin edərək, mənzilin iddiaçıya təhvil verilməsinin 26 ay müddətinə gecikdirlməsinə gərə, hər ay üçün 350 manat olmaqla əldən çıxmış faydanın əvəzi kimi cəmi 9.100 manat məbləğində pul MMC-dən tutularaq iddiaçıya verilməlidir.

28. Rayon Məhkəməsinin bu nəticəsi həm iddiaçı, həm də, cavabdeh MMC tərəfindən mübahisələndirilmişdir. İddiaçı hesab edir ki, onun bu tələbi tam təmin edilməli, cavabdeh MMC isə hesab edir ki, iddiaçının bu tələbi tam rədd edilməli idi (apellyasiya şikayətlərinin bu nəticəyə dair dəlilləri yuxarıda qeyd edildiyi üçün Məhkəmə onları bir daha təsvir etmir).

29. Rayon Məhkəməsinin bu nəticəsinin əsaslılığı ilə bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.).

30. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüququ mövqeyə görə, Mülki Məcəllənin 21ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

32. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, əldən çıxmış faydanın əvəzinin ödənilməsini tələb edən iddiaçı sübut etməlidir ki, o, faydanın əldə olunması onun üçün real olmuş və o, cavabdeh MMC-nin hərəkəti nəticəsində həmin faydanı itirmişdir. Bunun üçün iddiaçı, ona məxsus əvvəlki mənzilin onun tərəfindən əvvəllər kiməsə kirayə verilməsini və yaxud ona təhvil verilməli olan mənzilin, mənzil ona təhvil verilməsi ehtimal olan tarixdən kiməsə kirayəyə verilməli olmasını təsdiq edən müqavilələri məhkəmələrə təqdim etməli idi. Lakin o, bu kimi sübutu məhkəmələrə təqdim etməmişdir.

34. Belə olan halda qəbul edilməlidir ki, müzakirə edilən tələb tam əsassızdır. İşə baxmış Rayon Məhkəməsi tam həcmdə olan iddia tələbini qismən də olsa təmin etməkdə haqlı olmamışdır. Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə dair iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız, cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlili isə əsaslıdır.

35. Qeyd edilən tələb tam həcmdə əsassız, Rayon Məhkəməsinin isə həmin tələbin qismən təmin edilməsi barədə nəticəsi səhv olduğundan, Məhkəmə, apellyasiya şikayətlərinin həmin nəticəyə aid digər dəlillərinin müzakirə edilməsini lüzum görmür.

36. İşə baxmış Rayon Məhkəməsi iddianın “əldən çıxmış fayda məbləğinə illik 5 faiz vəsait, əlavə olaraq vəsaitin tam məbləğinə Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faiz vəsaitin tutulması” barədə hissəsini təmin etməmişdir.

37. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsinin bu nəticəsi səhvdir.

38. Rayon Məhkəməsinin bu nəticəsinin əsaslılığı ilə bağlı qeyd edir ki. müzakirə edilən bu tələblər, hazırkı qətnamənin 25-ci bəndində qeyd edilən və artıq əsassız olması müəyyən edilən tələbdən irəli gəlir. Həmin (əsas) tələb əsassız olduğundan ondan irəli gələn bu tələblər də əsassız hesab edilməlidir.

39. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi mahiyyət etibarı ilə düzgündür. İddiaçının apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

40. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmçinin qət etmişdir ki, iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 manat, iddiaçının hüququ yardım almaq üçün vəkil çəkdiyi xərcin əvəzi olaraq 1.150 manat məbləğində pul cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

41. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in “Məhkəmə xərcləri” adlı Vİİİ Fəslinin tələblərinə görə bu xərclər işin baxılması ilə əlaqədar məsrəflərə aiddir (maddə 115.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119).

42. İşin hallarından müəyyən edilir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi tam həcmdə əsassızdır. Buna görə də, qəbul edilməlidir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi səhvdir. h) nəticə

43. Beləliklə apellyasiyanın nəticələrini, MPM-nin MPM-nin 385 və 384-cü maddələrinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalı, iş üzrə ödənilmiş dövlət rüsumları və iddiaçının aldığı hüquqi yardıma görə vəkilə çəkdiyi xərc MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçıya aid edilməlidir.

44. Məhkəmə həmçinin bildirir ki, iddiaçının iddiası və apellyasiya şikayəti təmin edilmədiyindən, iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. Digər proses iştirakçıları isə hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

45. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402. 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli qətnamə qismən, yəni iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsin. Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin qalan hissəsi, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları və iddiaçının aldığı hüquqi yardıma görə vəkilə çəkdiyi xərc iddiaçıya aid edilsin. Bu məqsəd ilə Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi – 50 (əlli) manat İddiaçı Cavabdeh xeyrinə tutulsun. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar