Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-36/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər X6 və digərlərinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X14 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh X4 və onun nümayəndəsi (vəkili) Vəkil4 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər X6 və digərlərinə qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-463/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 27 fevral 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin 29 dekabr 2019-cu il tarixli **********46 nömrəli məktubuna görə, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X15 və Novruzov Qardaşları küçələrinin kəsişməsində yerləşən 4,50 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına dair rəy bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2019cu il tarixli 7-2846/7 nömrəli məktubuna baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmirlər.
2. Bakı şəhər İHB-nın 04 mart 2020-ci il tarixli 51 nömrəli sərəncamına əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli 02/1321 nömrəli məktubuna görə, Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-yə Bakı şəhər İH-in xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamı ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 11 nömrəli məktubuna Mərkəzdə baxılmışdır. Həmin ünvanda İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 nömrəli cizgi həmin MMC-yə göndərilmişdir. 1:3000 miqyaslı cizgi məktuba əlavə edilmişdir.
4. 17 aprel 2020-ci il tarixli 1576 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, icarəyəverən Bakı şəhər İH ilə icarəçi İddiaçı MMC arasında Bakı şəhər İHB-nın xx.xx.2020-ci il tarixli, 51 nömrəli sərəncamı və xx.xx.2020-ci il tarixli, 20/18 nömrəli cizgiyə əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4.2258 kv.m. torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.
5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli 02/767 nömrəli məktubuna görə, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2651 nömrəli məktubuna Mərkəzdə baxılmışdır. Yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur.
6. Cavabdehlərin qeydiyyatda olduğu, iddiaçıya ayrılmış müvafiq torpaq sahəsinin hüdudları daxilində yerləşən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla, dövlət qeydiyyatına alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" MMC cavabdehlər X6 və digərlərinə qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli, 51 nömrəli Sərəncamı ilə Nəsimi rayonu, H.Əliyev,Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-yə həvalə edilmişdir. Sərəncamın 1.1-ci bəndində göstərilir ki, tikintiyə icazə verilmiş ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi “PİLOT 16" MMC-yə həvalə edilsin. Eyni zamanda, sərəncamda ərazinin və obyektin şəhərsalma sənədlərinin hazırlanması və təqdim edilməsi göstərişi verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş, yaşayış evləri but daşlardan, mismarlanmış əhəng daşından, dam örtükləri, taxta konstruksiyadan inşa edilmiş, yaşayış evlərinin büt daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olunmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş, köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir, həmin evlərdə, binada təmir-bərpa, gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 70-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin ünvan 2 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 103,712 kvadrat metr olan fərdi yaşayış evinin sahibləri olan cavabdeh tərəf kirayə haqlarını "xxxx" MMC-dən almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək yaşayış binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişdilər. Tikilməsinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri MMC tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində "xxxx" MMC öhdəlik götürmüşdür. Cavabdeh tərəfin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehlərin yaşadığı evin yanındakı ev sahibləri qeyd edilənləri nəzərə alaraq evlərinin sökülməsi barədə MMC ilə razılığa gəlmişlər, həmin şəxslər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin qanunazidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdehlər istismar müddəti bitmiş, şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz qanunazidd hərəkərlərini davam etdirməklə, faktiki olaraq MMC-ni şantaj edirlər. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli, 51 nömrəli Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən, ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərin ödənilməsi “PİLOT 16" MMC-yə həvalə edilmişdir. "PİLOT-16” MMC sərəncamda göstərilən tapşırıq və tələbləri olduğu kimi də vicdanla və ləyaqətlə yerinə yetirir, Bakı şəhərinin görkəminə uyğun olmayan köhnə tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması çox sürətlə yerinə yetirilir. Müasir binaların tikilməsi eyni zamanda, yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlarla manat vergi ödənilməsi deməkdir. İddiaçı MMC cavabdeh tərəfin hüququnu bu və ya digər formada pozmur, əksinə ədalətli qaydada əvəzin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzində müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. Göstərilənlərə əsasən ünvan 2-in sökülməsi, ünvan 4 əvəzinə ünvan 2 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 124,50 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin X4 mülkiyyətinə verilməsi, yeni mənzillə təmin edilənədək İddiaçı MMC tərəfindən X6 hər ay 500 manat kirayə haqqının ödənilməsi, cavabdehlərin ünvan 2-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək onun əsassız olduğunu, qarşı tərəfin təkliflərinin real olmadığını, kompensasiyaya ilə razı olmadıqlarını və s. bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 463/2022 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi təmin olunmamışdır.
11. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırıb ki, iddia tələbinin qanuni əsasını (müdaxilə üçün hüquqi zəmini) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli, 51 nömrəli sərəncamı təşkil edir. İşdən göründüyü kimi iddiaçı MMC mənzilin sahibləri olan cavabdehlərlə razılığa gələ bilməmiş, kompensasiya məbləği müəyyən edilərkən cavabdehin mülkiyyətində olan mənzil təftiş edilməmiş, mənzilin cari vəziyyəti və təmirin səviyyəsi, eləcə də diqqətəlayiq digər hallar nəzərə alınmamışdır. Bundan başqa, iddiaçının binanın qəzalı vəziyyətdə olmasına dəlalət edən sübutu binanın qəzalı vəziyyətdə olmaqla, dərhal sökülməli olmasını sübut edən müvafiq icra hakimiyyəti orqanının (Fövqəladə Hallar Nazirliyinin) hər hansı bir sənədini təqdim etməmişdir (ictimai maraqlara xidmət etmə).
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33, 43, Mülki Məcəllənin 6.3, 15, 16, 560, “İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1, Mülki Prosessual Məcəllənin 14, 76-cı maddələri ilə əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar
a) Apelyasiya şikayətinin dəlilləri
13. İddiaçının apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli, 51 nömrəli Sərəncamı ilə Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-yə həvalə edilməsi, ərazidə yaşayan şəxslərin böyük əksəriyyəti ilə razılıq əldə edilərək, onların ərazidən çıxarıldığı, evlərinin sökülərək yerində yüksəkmərtəbəli yeni yaşayış binasının inşa edilməsi, hazırkı cavabdehlərə təmirli yeni mənzilin verilməsi, bu müddət ərizəndə isə kirayə haqqının verilməsi təklif olunmasına baxmayaraq, mübahisəli ünvanda yaşayan cavabdehlərlə razılıq əldə olunmasının mümkün olmaması, cavabdehlər tərəfindən süni maneyələrin yaradılması, nəticədə digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulması, eləcə də tələbin əsasının cavabdehlərin mülkiyyət hüququnun pozulması və ya ondan məhrum edilməsi deyil, mövcud tikilinin sökülərək yerində müasir tələblərə cavab verən, daha abad və yeni dövrün yaşam tələblərinə cavab verən yeni tikililərdə hazırkı sahədən daha böyük sahənin verilməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.
14. Apellyasiya icraatı zamanı iddiaçı ekspertiza rəyini də nəzərə alaraq son təklifində cavabdeh tərəfə ümumi sahələri 530,448 m2 təşkil edən təmirli 5 ədəd mənzil verilməsini, yəni Bakı şəhəri Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 9-cü blokun 2-ci mərtəbəsində 179.5 kv.metr 4 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, N.Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci blokun 4-cü mərtəbəsində 130 kv.metr 3 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, N.Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci blokun 5-ci mərtəbəsində 130 kv.metr 3 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, Y.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 4-cü blokun 5-ci mərtəbəsində 50.5 kv.metr 1 otaqlı və Bakı şəhəri Nəsimi rayonu, Y.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 4-cü blokun 6-ci mərtəbəsində 50.5 kv.metr 1 otaqlı təmirli yeni mənzillərin verilməsi, cavabdehlərin yeni mənzillərlə təmin edilənədək İddiaçı MMC tərəfindən cavabdehlərə ümumilikdə hər ay cəmi 2.000 manat kirayə haqqının ödənilməsi təklif etmişdir.
a) Apellyasiya şikayətinə qarşı etiraz
15. Cavabdeh tərəf apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş, həmçinin göstərilmişdir ki, MMC-nin rəhbərliyi vətəndaşlarla kompensasiya qarşılığından onların mənzillərindən məhrum edilməsi barədə qarşılıqlı razılığa gələ bilməmiş, mənzillər təftiş edilməmiş, onların cari vəziyyəti – təmirin vəziyyəti və s. diqqətə layiq hallar müəyyən edilməmişdir. İddiaçı sökülməsini tələb etdiyi evlərin istifayədə yararsız olması barədə barədə hər hansı dəlil təqdim etməmişdir.
16. Bundan başqa, cavabdeh tərəfin apellyasiya şikayətinə təqdim etdiyi digər etirazda iddiaçının tələbin artırılması barədə ərizəsinin qanuna zidd olması, sökülməsi nəzərdə tutulan ərazidə keçən müddət ərzində yalnız bir binanın (bir blokun) tikilməsi, digər blokların tikinisinin həyata keçirilməməsi, iddiaçı tərəfindən müvafiq 20 faiz əlavə sahənin verilməsinin yalnız dövlət layihələri üçün keçərli olması, hazırkı layihənin isə bu cür layihə olmaması, iddiaçının təklifləri ilə razı olmaması, həmin fərdi yaşayış evində yaşamaları, kompensasiya verilməklə sökülməsinə razı olmaması və s. göstərilmiş, şikayətin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması xahiş olunmuşdur.
c) Tərəflərin izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli, 51 nömrəli Sərəncamının və digər aidiyyəti qərarların icrası ilə bağlı keçən müddət ərzində Nəsimi rayonu, H.Əliyev,Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin kəsişməsindəki ərazidə yerləşən yaşayış və qeyri yaşayış sahələrinin sahiblərinin böyük əksəriyyəti ilə razılıq əldə olunmuşdur. Belə ki, hazırki vəziyyətdə tikinti ərazisində mövcud olmuş 338 fərdi evdən 316 fərdi ev sökülmüş, həmin 316 fərdi yaşayış sahəsinin sahiblərinə əvəzləşdirmə qaydasında yeni tikilən binalardan mənzillərin veriləcəyi barədə razılıq əldə olunmuş, qalan 22 fərdi yaşayış evlərinin sahibləri ilə danışıqlara aparılır. Həmçinin razılıq əldə olunmayan sakinlərin çıxarılması barədə qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Həmin məhkəmə aktları təqdim olunmuşdur və məhkəmələr təklif olunmuş kompensasiyaları ədalətli hesab edərək, razılıq əldə olunmayan evlərin sökülməsi barədə qərar vermişlər. Cavabdehlərin yaşadıqları fərdi yaşayış evi isə özbaşına tikili olmaqla, dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh tərəf köhnə məhkəmə qərarını təqdim etsə də, həmin qərardan görünür ki, ev özbaşına tikili olmaqla, ümumi sahəsi cəmi 53,7 m2 olmaqla cavabdeh X1 istifadəsində saxlanılmışdır. Hazırda isə cavabdehlər orada yeni özbaşına tikintilər inşa etmişlər. Buna baxmayaraq iddiaçı ekspertiza rəyi ilə bütün özbaşına tikililərin sahəsini nəzərə alaraq və ümumi sahəyə təqribən 20 faiz də əlavə edərək, ümumi sahələri 530,44 m2 təşkil edən 5 ədəd təmirli mənzillər təklif edir. Bunlar, Bakı şəhəri Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 9-cü blokun 2-ci mərtəbəsində 179.5 kv.metr 4 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, N.Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci blokun 4-cü mərtəbəsində 130 kv.metr 3 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, N.Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci blokun 5-ci mərtəbəsində 130 kv.metr 3 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, Y.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 4-cü blokun 5-ci mərtəbəsində 50.5 kv.metr 1 otaqlı və Bakı şəhəri Nəsimi rayonu, Y.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 4-cü blokun 6-ci mərtəbəsində 50.5 kv.metr 1 otaqlı təmirli yeni mənzillərdən ibarətdir. Həmin mənzillərin bir neçəsi isə artıq inşası tamamlanmış 4-cü blokundan veriləcəkdir. Həmçinin, MMC tərəfindən ümumilikdə 5 mənzil olmaqla, verilməsi, yeni mənzillərlə təmin edilənədək İddiaçı MMC tərəfindən cavabdehlərə ümumilikdə hər ay cəmi 2.000 manat kirayə haqqının ödənilməsi təklif etmişdir. Cavabdeh tərəfin davranışlarından o hal müəyyən olunur ki, onlar MMC-dən daha çox mənzil əldə etməyə çalışırlar və bunun üçün isə bu cür əsassız manelər yaradır, hüquqdan sui-istifadə edirlər. Bu isə mübahisəli ərazidə evləri sökülmüş və yeni mənzillərini gözləyən yüzlərlə insanın qanuni mənafelərinə qəsddir.
18. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinə qarşı etirazda göstərilənlərə, eləcə də birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahata vermiş, əlavə olaraq göstərmişlər ki, mübahisəli ərazi cavabdehlərə babalarından qalmış, uzun müddətdir orada yaşayırlar və köçmək istəmirlər. İddiaçı tərəf cavabdehlərlə hər hansı razılığa gəlmədən, hazırki iddianı irəli sürmüşdür. İddiaçı tərəfindən təklif olunan kompensasiya ilə də razı deyillər. Həmçinin şirkətə torpaq sahəsinin ayrılması barədə Sərəncamın verilməsindən xeyli müddət keçməsinə baxmayaraq, ərazidə yalnız bir bina inşa edilmişdir. Mübahisəli ünvanda Mirasifin ailəsi, anası, qardaşı Mirintiqam və bacıları, onların övladlarının yaşayır. Mirasifin oğlu ailə qurmaq ərəfəsindədir, bu səbəbdən də oğlu ayrıca ailə kimi nəzərə alınmalıdır. Həmçinin anası yaşlı qadındır və tək yaşayır. Bütün bu hallar nəzərə alınmalıdır, iddiaçı isə cəmi 5 mənzil təklif etmişdir. Yaşadıqları tikililərin və onların yerləşdiyi torpaq sahəsinin hüquq müəyyənedici sənədləri (çıxarış, texniki pasport) olmasa da, artıq uzun müddətdir ki, orada yaşayırlar, gözlənilən mülkiyyət hüquqları mövcuddur. Bununla bağlı məhkəmə qərarı da vardır, onu məhkəməyə təqdim etmişlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər.
19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
20. Əvvəlki məhkəmə iclasında iştirak etmiş digər cavabdehlər cavabdeh X4 izahatına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16.1-ci maddəsinin 1-ci bəndinə əsasən azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokol: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır;
23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər; 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir; 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.
24. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir; 4.2 və 4.2.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Maddə 7.0. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliyin təmin edilməsi.
25. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Bu öhdəliklər Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 13-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) üzərinə qoyulub. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Digər tərəfdən Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Milli Məclis mülkiyyət hüququnun məzmununun müəyyən olunması üzrə öz səlahiyyətlərini reallaşdırarkən bu hüdudları və mülkiyyətin funksiyalarının mütənasibliyini nəzərə almalıdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Maddə 384.0 və 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apelyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
33. İşin halları yuxarıda ətraflı qeyd edildiyindən məhkəmə kollegiyası onları təkrarlamağı zərurət görmür. Qısa olaraq qeyd edilməlidir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına (və digər əlaqəli aktlara) əsasən Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə (4,2258 hektar torpaq sahəsi) yerləşən mövcud yaşayış və qeyri yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Mübahisə predmeti olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi də həmin sərəncamla əhatə olunan ərazidə yerləşir. Ev özbaşına tikilidir. Evin heç bir hüquqmüəyyənedici sənədi olmasa da iddiaçı "xxxx" MMC onun cavabdehlərə məxsusluğunu qəbul edir və evin söküntüsü müqabilində onlara yeni tikiləcək binada müxtəlif ölçüdə, tam təmirli 5 ədəd yaşayış sahəsi (mənzillər) təklif edir.
34. Göründüyü kimi, iddiaçının tələbinin əsası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı və digər aidiyyəti aktlar təşkil edir. Bu istiqamətdə iddiaçı həmin ərazidə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün orada yaşayan əmlak mülkiyyətçiləri (istifadəçiləri) ilə razılıq əldə edib, müqavilələr bağlamaq, habelə qanunvericiliklə müəyyən edilmiş hədlərdə digər tədbir görmək səlahiyyətinə malikdir. Bu səlahiyyətlər çərçivəsində də iddiaçı həmin sahədə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və yerində yeni yaşayış binasının inşa edilməsi ilə bağlı əmlak mülkiyyətçiləri (istifadəçiləri) ilə razılıq əldə edərək, müqavilələr bağlamışdır. Lakin sökülməsi üçün təhvil veilməli olan əmlakın həm sahəsi, həm də ümumilikdə bunun əvəzi olaraq təklif olunan kompensasiya ilə bağlı cavabdeh tərflə razılığa gələ bilmir. Nəticədə aralarında məhkəmə mübahisəsi yaranmışdır.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malikdir. Lakin, mübahisənin yekun həlli məqsədi ilə cavabdehlərin hüquqlarına müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüquq və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış (artıq köçürülmüş) digər sakinlərin hüquqları və mənzilməişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlıq müəyyən edilməlidir.
36. Nəzərə alınmalıdır ki, iddiaçının tələbinin mahiyyəti cavabdehləri mübahisəli tikililərə olan hüquqlarından məhrum etmək, habelə həmin əmlakı əvəzsiz şəkildə özgəninkiləşdirmək məqsədini daşımır. İddiaçı özbaşına tikililərin əvəzinə orada inşa ediləcək yeni yüksək mərtəbəli çoxmənzilli yaşayış binasından əmlakın sahəsindən də artıq sahəsi olan, tam təmirli yaşayış sahələri vermək niyyətindədir.
37. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar).
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X9rşı» işdə göstərmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi adətən mülkiyyət hüququna qeyri mütənasib müdaxilə təşkil edir və beləı müdaxiləyə 1 saylı protokolun 1-ci maddəsi ilə haqq qazandırmaq olmaz.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X3rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir.
40. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür.
41. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb»
42. İddianın mövqeyinə görə, cavabdehlərin istifadəsində olan fərdi yaşayış evi özbaşına tikili olmaqla, Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir, qəzalı vəziyyətdlədir. Cavabdehlərin istifadəsində olan fərdi yaşayış evlərinin yaxınlığındakı bir çox evlər artıq sökülmüş (evlərin sahibləri ilə müvafiq razılıqlar əldə olunmuş və ya məhkəmə qərarları mövcuddur), onların yerində bir bina (4-cü blok) inşa edilmiş, qalan binaların inşası üçün hazırlıq işləri görülmüş, özüllər qoyulmuşdur. Lakin, cavabdehlər istismar müddəti bitmiş, şəhərin görkəminə xələl gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassız və qeyri-real qiymət (və ya daha çox mənzil) tələb etməklə, əks təqdirdə binaların tikintisinə imkan verməyəcəyini bildirməklə, hüquqdan suiistifadə edir, müvafiq sərəncamın həyata keçirilməsinə mane olurlar.
43. Məhkəmə kollegiyası cavabdeh tərəfin qeydiyyatda olduğu mübahisəli daşınmaz əmlakın statusu ilə bağlı qeyd edir ki, həmin əmlak özbaşına tikili olmaqla, hər hansı əşya hüququ üzrə dövlət qeydiyyatına alınmamışdır.
44. Cavabdeh tərəf izahatında tikililərin babasından qaldığını və 18 may 1964-cü il tarixli qətnaməyə əsasən prokurorluğunun tikilinin sökülməsi barədə iddiasının təmin olunmamasını, 4-cü Perevalnıy küçəsi ev 75 ünvanında yerləşən evin Həsənov Seyid- Həsən Əli-Həsən oğlunun istifadəsində qalmasını, həmin dövrdən orada yaşamalarını və yeni tikililər inşa etmələrini göstərmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan qətnamənin mövcudluğu qəbul edilsə belə (tərəflər həmin qətnamənin mövcudluğunu və göstərilən ünvana aid olmasını mübahisələndimirlər) orada göstərilən tikilinin sahəsi təqribən 53 kv.m qeyd edilmişdir. Lakin, hazırki vəziyyətdə həmin əlavə özbaşına tikillər mövcuddur (görünür sonradan inşa edilmişlər).
46. Belə ki, işdə olan ekspertiza rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən isə küçə ilə əhatə olunub, torpaq sahəsinə bir ədəd giriş-çıxış qapısı var, torpaq sahəsinin üzərində iki ədəd tikili var. (rəyə əsasən qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin ümumi sahəsinin 690,0 kv.m (0.069 ha), torpaq sahəsinin üzərində yerləşən A literli fərdi yaşayış evinin içdən-içə 345,59 kv.m, zirzəminin sahəsinin 150,81 kv.m, çöldən-çölə 423,2 kv.m, B literli fərdi yaşayış evinin birinci mərtəbə üzrə içdən-içə sahəsinin 50,33 kv.m, çöldən-çölə 73,4 kv.m, B literli fərdi yaşayış evinin ikinci mərtəbə üzrə içdən-içə sahəsinin 46,12 kv.m, çöldən-çölə 61,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir).
47. Bununla yanaşı, məhkəmə kollegiyası tərəflərin iştirakı ilə yerində müayinə aparmış və müəyyən edilmişdir ki, ekspert rəyində göstərildiyi kimi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən isə küçə ilə əhatə olunub, torpaq sahəsinə bir ədəd giriş-çıxış qapısı vardır. Lakin, müayinə zamanı torpaq sahəsinin üzərində bir ədəd fərdi yaşayış evi (rəyə əsasən A literli fərdi yaşayış evi), bir ədəd isə iki mərtəbəli yarımtikili (rəyə əsasən B literli fərdi yaşıyış evi) mövcuddur. Həmin tikili (ikimərtəbəli, B liter) yalnız mişar daşları ilə hörülmüş, tikilinin qapı və pəncərələri yoxdur, tam təmirsizdir və mövcud vəziyyətdə yaşayışa yararlı deyildir (orada ümumiyyətlə yaşayış mövcud deyildir).
48. Eləcə də, ekspert rəyində A literli fərdi yaşayış evinin içdən-içə ümumi sahəsi 345,59 kv.m kimi göstərilsə də, sadə hesablamada sahələrin cəmi 355,05 kv.m təşkil edir ki, bu hal riyazi hesablama səhvi kimi qiymətləndirilməlidir (cavabdeh tərəf ekspertiza rəyinə yalnız A literli fərdi yaşayış evinin içdən-içə ümumi sahəsinin 345,59 kv.m deyil, 355,05 kv.m olmasını bildirmiş, qalan hissələrdə rəyə etiraz etməmişdir)
49. Beləliklə, müəyyən olunur ki, cavabdeh tərəf hazırda yalnız A literli evdə yaşamaqla, oradan istifadə edirlər. Həmin tikilinin sahəsi isə faktiki 355,05 kv.m təşkil edir.
50. Buna baxmayaraq, iddiaçı yaşayışa tam yararsız olan B literli tikilini də nəzərə almaqla cavabdeh tərəfə kompensasiya olaraq ümumi sahələri 530,448 m2 təşkil edən təmirli 5 ədəd mənzil (4, 3 və 1 otaqlı mənzillər) təklif etmişdir.
51. Hətta, cavabdehlərin istifadəsində olan tiklilərə gözlənilən mülkiyyət hüququ ilə yanaşıldıqda belə (halbuki, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir) o mütləq deyildir və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
52. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).
53. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).
54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
55. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı» xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
57. Hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli Qərar)
58. Analoji mübahisələr üzrə Konstitusiya Məhkəməsinin də mövqeyindən göründüyü kimi, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar
59. Qeyd edilməlidir ki, cavabdeh tərəf faktiki özbaşına tikililərin hesabına kompensasiya olaraq sahələri əhəmiyyətli dərəcədə böyük olan mənzillərə mülkiyyət hüququ əldə edəcəklər.
60. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı təklif etdiyi kompensasiya kifayət qədər ədalətli və ağlabatandır.
61. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfin faktiki istifadəsində olan tiklilərin yerləşdiyi müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və həmin torpaq sahəsi yuxarıda qeyd edilən məqsədlər üçün iddiaçının qanuni istifadəsinə ayrıldığından, cavabdehlərin iddiaçının təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına da maneçilik yaradır.
62. Həmçinin, iş materiallarından (təqdim olunmuş fotolardan, video görüntülərdən, yerində müayinədən və s.) müəyyən olunur ki, ərazidə yerləşən fərdi evlərin böyük əksəriyyəti sökülmüş (iddiaçı tərəfindən təqdim olunmuş məlumatlara əsasən ərazidə yaşayan 338 fərdi yaşayış evindən 316-sı sökülmüş, digərləri ilə də danışıqlar aparılır), ərazi boşaldımış, tikinti işləri müxtəlif mərhələlərdə davam edir. Eləcə də, cavabdeh tərəfə məxsus yaşayış sahəsinin də ətrafı boşaldılmış, torpaq sahəsi hamarlanmışdır. Əmlakları sökülmüş digər şəxslər isə onlara veriləcək yeni mənzillərini gözləməkdədir.
63. Cavabdeh tərəfindən digər etirazı ərazidə işlərin ləğv getməsi, bu müddət ərzində yalnız bir binanın (blokun) inşa olunması ilə bağlı olsa da, təklif olunan mənzillərdən və iddiaçının nümayəndəsinin izahatından görünür ki, mənzillərin ikisi artıq inşası başa çatmış binadan (4-cü blok), üçü isə boşaldılmış ərazidə inşasına hazırlıq işləri başlanılmış binalarda yerləşir.
64. Bununla yanaşı, cavabdeh tərəf mübahisəli ünvanda faktiki daha çox ailənin (izahatlarda 5-7 arası bildirmişlər) yaşamasını bildirmsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu hal yerində müayinə zamanı da müəyyən olunmamışdır.
65. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh tərəf faktiki olaraq sahəsi 355,05 kv.m təşkil edən A literli yaşayış sahəsində yaşayır və bunun müqavilində iddiaçı kompensasiya olaraq ümumi sahələri 530,448 m2 təşkil edən təmirli 5 ədəd mənzil (4, 3 və 1 otaqlı mənzillər) təklif etmişdir.
66. Həmin kompensasiya isə yaşayışa yararlı olmayan tam təmirsiz (yalnız mişar daşından ibarət) özbaşına inşa edilmiş B literli tikilinin sahəsini də əhatə edir. Halbuki, məhkəmə təcrübəsində belə özbaşına tikililərə əlavə 20 faiz olmaqla yeni, təmirli yaşayış sahələrinin verilməsi hallarına demək olar ki, rast gəlinməmişdir.
67. Bundan başqa, işdə olan, hazırkı mübahisə ilə analoji xarakter daşıyan (eyni ərazi üzrə "xxxx" MMC-nin digər şəxslərə qarşı iddiaları üzrə) məhkəmə mübahisələrinə dair qüvvədə olan çoxsaylı məhkəmə aktlarından görünür ki, oxşar mübahisələr üzrə məhkəmələr tərəfindən xüsusi mülkiyyətdə olan, habelə özbaşına tikililərlə bağlı ədalətli hesab olunan müvafiq əvəzləşmə (kompensasiya) tələbləri təmin olunmuş, tikililər sökülmüşdür (məsələn, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-497/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2(102)-340/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2(102)-1878/2024 nömrəli qərarları və s.).
68. Həmçinin, cavabdeh tərəf iddia tələbinin təmin olunmaması barədə də məhkəmə aktı təqdim etmiş, lakin orada işin halları tam fərqli olmuşdur (xüsusi mülkiyyət, kompensasiyanın ədalətli olmaması və s.). Yuxarıda da qeyd edildiyi kimi, hazırkı iddia tələbi üzrə sökülməsi tələb olunan yaşayış sahəsi statusuna görə özbaşına tikili olmaqla, cavabdeh tərəfin həmin tikili üzərində yalnız sahiblik və istifadə hüququ mövcuddur (Məsələn, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2691/2023 nömrəli qərarı).
69. Göründüyü kimi, məhkəmə təcrübəsi əsasən ədalətli kompensasiyanın müəyyən olunması istiqamətində formalaşmışdır. Bununla yanaşı, özbaşına tikililərlə müqayisədə xüsusi mülkiyyətdə olan daşınmaz əmlaklara fərqli kompensasiya təklif olunsa da, hazırki işdə təklif olunan kompensasiya xarakterinə görə xüsusi mülkiyyətdə olan əmlakalara uyğun olduğundan ədalətli hesab edilməlidir.
70. Cavabdeh tərəfin digər etirazı iddiaçının məhz apellyasiya instansiyasında tələbin həcmini artırması, bunun isə prosçessual qanunvericiliyin tələblərinə zidd olması ilə bağlı olmuşdur.
71. Məhkəmə kollegiyası həmin dəlillə də razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə görə, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
72. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən kompensasiya həcminin artırılmasını mümkün hesab edərək, mübahisəyə məhz hazırki (sonuncu) təklif əsas götürməklə hüquqi qiymət verməyi zəruri hesab edir.
73. Məhkəmə kollegiyası iddiaçının hazırda təklif etdiyi kompensiyanın növünü və ümumi dəyərini, habelə kirayə haqqı olaraq hər ay üçün təklif edilən 2000 manat pul məbləğini məqbul hesab edir və belə qənaətə gəlir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ağlabatandır və cavabdeh tərəfin üzləşəcəyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla onların üzərinə fərdi və həddən artıq yük qoymuş olmur.
74. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən iddiaçı MMC tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınmış, onlar tərəfindən cavabdehlərin hüququnun pozuntusu hallarına yol verilməmişdir. Eləcə də, iddiaçı tərəfindən cavabdeh tərəfin qeyd olunan hüquqlarının gələcəkdə pozulması və ya pozula bilməsi halı və niyyəti müəyyən olunmur.
75. Belə olan halda isə, iddiaçının tələbi cavabdehlərin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları, onların tikililər üzərində istifadə və sahiblik hüququnun qanunsuz məhdudlaşdırlması kimi qəbul edilə və qiymətləndirilə bilməz.
76. Cavabdeh tərəf iddiaya qarşı etiraz edərək, tikililərin sökülməsinə razı olmadığını bildirsə də, məhkəmə araşdırması zamanı ifadə olunmuş mövqe (izahatlar, iddiaya qarşı etirazın mahiyyəti) məhz daha çox kompensasiyaya əldə etməyə yönəlmişdir.
77. Bu halda cavabdehlərin öz əmlak hüquqlarından sui-istifadə edərək, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya və ya əvəzləşmə tələb etməsi Sərəncamın icraçısı ilə razılığın əldə olunmamasına səbəb olur. Nəticədə, yeni mənzillərini gözləyən digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
78. Halbuki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (MM, 16.1).
79. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (MM, 152.5, 152.6).
80. Nəzərə alınmalıdır ki, hazırda ərazidən köçürülmüş sakinlər tezliklə binaların tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdeh tərəfin hüquqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Bu zaman isə, iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadə etməsi yolverilməzdir (hüquqa və haqq ədalətə ziddir).
81. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehlərin istifadəsində olan yaşayış sahəsindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasına, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.
82. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının təklif etdiyi yeni mənzillər eyni ərazidə, yəni söküləcək evin yerində (yanında, qonşuluğunda) veriləcəkdir. Belə olan halda isə, cavabdehlər üçün daşığı mənəvi dəyəri, iqtisadi dəyəri, həm digər şəraiti və halları baxımından söküləcək evdən fərqlənən yeni mənzil əksinə onların istəyinə və maraqlarına uyğundur.
83. Bununla yanaşı, iddiaçı cavabdeh tərəfə veriləcək hər bir mənzilin yerini, sahəsini və s. göstərməklə, konkretləşdirmişdir ki, bu da hüquqi müəyyənliyə xidmət etməklə tərəfləri gələcək mübahisələrdən qoruyacaqdır.
84. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”.
85. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır.
86. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
87. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
89. Cavabdeh tərəfin izahatı da iddianın əsassız olması nəticəsinə gəlməyə yetərli deyildir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
90. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
91. Azərbaycan Respublikası MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır («X11 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 03 noyabr 2008-ci il tarixli Qərarı).
92. MPM-in 384.0 və 384.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
93. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı, cavabdehlər ünvan 4 ünvanında yerləşən tikililərdən çıxarılmaqla və həmin tikililər boşaldılmaqla sökülməli, sökülən tikililərin əvəzi (kompensasiya) olaraq iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 9-cü blokun 2-ci mərtəbəsində 179.5 kv.metr 4 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, N.Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci blokun 4-cü mərtəbəsində 130 kv.metr 3 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, N.Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci blokun 5-ci mərtəbəsində 130 kv.metr 3 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, Y.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 4-cü blokun 5ci mərtəbəsində 50.5 kv.metr 1 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, Y.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 4-cü blokun 6-ci mərtəbəsində 50.5 kv.metr 1 otaqlı təmirli yeni mənzillər verilməli, habelə qeyd edilən yeni mənzillər verilənədək İddiaçı MMC tərəfindən cavabdehlərə ümumilikdə hər ay 2000 manat kirayə haqqı ödənilməlidir.
94. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
95. İşdən görünür ki, hazırki apellyasiya icraatı zamanı 50 manat ekspertiza tədqiqatının dəyəri kimi məhkəmə xərci mövcud olmuşdur.
96. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya icraatı zamanı yaranmış həmin məhkəmə xərci iddiaçıya aid edilməlidir.
97. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" MMC-nin cavabdehlər X6 və digərlərinə qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-463/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 463/2022 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. Cavabdehlər ünvan 4 ünvanında yerləşən tikililərdən çıxarılmaqla və həmin tikililər boşaldılmaqla sökülsün, sökülən tikililərin əvəzi (kompensasiya) olaraq "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 9-cü blokun 2-ci mərtəbəsində 179.5 kv.metr 4 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci blokun 4-cü mərtəbəsində 130 kv.metr 3 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci blokun 5-ci mərtəbəsində 130 kv.metr 3 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, Y.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 4-cü blokun 5-ci mərtəbəsində 50.5 kv.metr 1 otaqlı, Bakı şəhəri Nəsimi rayonu, Y.Çəmənzəminli küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 4-cü blokun 6-ci mərtəbəsində 50.5 kv.metr 1 otaqlı təmirli yeni mənzillər verilsin, habelə qeyd edilən yeni mənzillər verilənədək İddiaçı MMC tərəfindən cavabdehlərə ümumilikdə hər ay 2000 (iki min) manat kirayə haqqı ödənilsin. Məhkəmə xərci iddiaçı "xxxx" MMC-yə aid edilsin, apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri olan 50 (əlli) manat pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.