Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3600/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair» 2(011)-520/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 720 manat məbləğində vurulmuş zərər, sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin verilməsi üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 760 manatın alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, «Moskviç 21412» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil 10.12.2019-cu ildən 10.12.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 10.12.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 08 fevral 2020-ci il tarixdə Cavabdeh etibarnamə olmadan idarə etdiyi «Moskviç 21412» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində «VAZ 21074» markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Sabunçu RPİ-nin DYPŞ tərəfindən 08.02.2020-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu RPİ-nin DYPŞ-in 08.02.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Fiziki şəxs X1 tərəfindən 08.02.2020ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində «Vaz 21074» markalı, ** UB *** dövlət nömrə nişanlı avtomobilə 720 manat məbləğində zərər dəymişdir. İddiaçı 19.02.2020-ci il tarixdə həmin məbləği zərəçəkmiş şəxs Mahmudov Rəsul Tərlan oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi və apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi dedikdə sürücülük vəsiqsəini, etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini özündə saxlaması deməkdir. Lakin Xətai Rayon Məhkəməsi hesab etmişdir ki, ... «qanuni əsaslar» dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Beləliklə də, icbari qaydada sığortalanmış «Moskviç 21412» markalı, **-BB-*** dövlənt qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində digər şəxsə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə uyğun olaraq cərimə edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Lakin Xətai Rayon Məhkəməsi yuxarıda qeyd edilən imperativ normanın tələblərini bir kənara qoyaraq sadəcə «...Şəxsin avtomobili etibarnamə olmadan idarə etməsi, onun avtomobili idarə etmək hüququn olmaması kimi qəbul edilməməlidi.....kimi «əsaslandrma» verməklə, məhkəmə kimi üzərinə düşən vəzifəni, yəni iddiaçının sübutlarını nə üçün qəbul etmədiyinə dair dəlliləri göstərməməklə, MPM-nin 220-ci maddəsində göstərilmiş vəzifəni yerinə yetirməkdən özünü kənarlaşdırmışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ-ci hissəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü, sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, "xxxx" ASC tərəfindən verilmiş sığorta aktında qeyd olunanlara əsasən, 08.02.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı «Vaz 21074» markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə 720 manat məbləğində zərər dəymişdir. Sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh məxsus «Moskviç 21412» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı tərəfindən sığortalanmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin 08.02.2020-ci il tarixli, İXP № ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən, 08.02.2020-ci il tarixdə «Moskviç 21412» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yol nəqliyyat hadisəsi törədərək, «Vaz 21074» markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan xətanı törətmişdir. AD seriyalı 217877 saylı sürücülük vəsiqəsinə əsasən Cavabdeh avtomobil idarəetmə hüququ vardır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı iddiaçının tələblərini əsaslandırdığı hallar öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Çünki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən «hüququ olmayan şəxs» ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Bu baxımdan, sözügedən maddədə «qanuni əsaslar» dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırkı halda cavabdehin sözügedən avtomobili idarə etmək hüququ olmaqla idarə etməsi işin mübahisə olunmayan halıdır. Bu hal iş materialları ilə öz təsdiqini tapmışdır. Şəxsin avtomobili etibarnamə olmadan idarə etməsi, onun avtomobili idarə etmək hüququnun olmaması kimi qəbul edilməməmlidir. Çünki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən «hüququ olmayan şəxs» hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18.02.2022-ci il tarixli, 2(011)-520/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3600/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3600/2022
24.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver