Məhkəmə qərarları › İş №2(103)-3601/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3601/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3601/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-5514/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2300 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi mal-qara saxlanması üçün nəzərdə tutulan ferması olan şəxs kimi tanımışdır. Qəzənfər Abdullayev ona müraciət edərək Ceyrançöl ərazisində icarəyə götürmək üçün otlaq sahəsi lazım olduğunu bildirmişdir. Bu barədə cavabdehlə danışdıqda onun otlaq sahəsi (yatağı) olduğunu və 3000 manata icarəyə verdiyini, yatağın da təmir olunduğunu Qəzənfərə bildirmişdir. Qəzənfər Abdullayev əvvəl ona 2500 manat, sonradan isə 500 manat pul vermişdir. O, 2500 manat pulu cavabdehə vermiş, qalan 500 manatı isə sonradan problem yarandığı üçün Qəzənfərə qaytarmışdır. Sonradan Qəzənfər cavabdeh barəsində polis orqanına şikayət etmiş, eşitdiyinə görə cavabdehlə Qəzənfər pulun qaytarılması barədə razılığa da gəlmişlər. Lakin sonradan Qəzənfər Abdullayev ona qarşı iddia qaldırmış və ondan pul tutulması barədə qətnamə çıxarılmışdır. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-5514/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin olunması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o, İddiaçı vəkalət verməmiş və ona heç bir şey tapşırmamış, tapşırıq olmadığı üçün də heç nə icra edilməyib. Yatağın kirayə verilməsi barədə İddiaçı onunla iki dəfə söhbət edib, lakin iş bundan o yana getməyib, yataqda heç bir təmir işi aparılmayıb. Qəzənfər Abdullayevlə İddiaçı arasında baş tutmuş məhkəmə qondarmadır, ondan pul qoparmaq (digər məsələlər də ola bilər) istəyidir. Məhkəmə guya pulun yatağın təmirinə xərcləndiyini etiraf etdiyini qeyd edir, bu həqiqətə uyğun deyil, o, pul almamış, heç bir danışıqda iştirak etməmiş, heç kimə vəkalət verməmişdir. Məhkəmə düzgün olmayan nəticəyə gəlmiş və əsassız qətnamə qəbul etmişdir. Heç bir sübut olmadan, iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədən iddia tələbini necə təmin etmək olar. Məhkəmə işin nə vaxt icra edildiyini araşdırmamış, bu barədə heç bir qeyd yoxdur. Ola da biməzdi, çünki yalanı hamının eyni məzmunda deməsi mümkün deyil, vaxt isə dəqiqlik tələb edir. Onunla İddiaçı arasında yuxarıda dediyi kimi yatağın icarəyə verilməsi barədə söhbət 2015-ci ilin yayında olmuş və nəticə hasil olmamışdı. Əgər bu doğru olsa belə iddia müddəti ötürülmüşdür. O, bu barədə məhkəməyə ərizə təqdim etmiş, məhkəmə bu məsələyə də biganə yanaşmış, nəticədə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, buna görə də kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin müəyyən olunmuş hallarına əsasən iddiaçı cavabdehə məxsus torpaq sahəsinin (yatağın) X1 icarəyə verilməsi ilə bağlı vasitəçilik edərək, sonuncudan aldığı 2500 manat pulu cavabdehə vermişdir. Lakin sonradan Qəzənfər Abdullayev tərəfindən yatağın icarəyə götürülməsindən imtina edilmiş, ödənilmiş pul vəsaiti isə geri qaytarılmamışdır. Bundan başqa, Tovuz Rayon Məhkəməsinin 2(062)-1849/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Qəzənfər Abdullayevin iddiası təmin edilərək İddiaçı 2300 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X2 ifadəsində bildirmişdir ki, heyvanları üçün otlaq sahəsi tapmaqdan ötrü iddiaçıya müraciət etmiş, iddiaçı belə bir yerin olduğunu və yatağın da təmir olunduğunu ona bildirmişdir. Yatağın ümumi icarə haqqını 6500 manata razılaşmışlar və buna görə də, cavabdehə vermək üçün iddiaçıya əvvəl 2500 manat, sonradan isə 500 manat pul vermişdir. Sonradan yatağa baxan çoban oranı bəyənmədiyi üçün yatağı icarəyə götürməkdən imtina etmişlər. Onun pulunu qaytarmadqları üçün cavabdeh barəsində polisə şikayət etmişdir. Polis orqanında cavabdeh ziyana düşdükləri üçün pulun yarısını qaytarmağı ona təklif etmişdir. Pul ona lazım olduğundan razılaşmış və həmin gün cavabdeh ona 200 manatlıq arpa vermiş, 200 manat pulu sonradan almış, 300 manatı pulu isə ona iddiaçı qaytarmışdır. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, əvvəlcə iddiaçı ilə X2 arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, Qəzənfər Abdullayev heyvanları üçün otlaq sahəsinin (yataq) tapmaqdan ötrü iddiaçıya sifariş vermişdir. İddiaçı tapşırıq müqaviləsini icra etmiş və otlaq sahəsi üçün icarə haqqı da qismən verilsə də, sonradan icarə müqaviləsi bağlanmamış, nəticədə Qəzənfər Abdullayev iddiaçıya qarşı iddia qaldıraraq qalan icarə haqqının iddiaçıdan tutulmasına nail olmuşdur. Belə ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1849/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 2300 manat pulun iddiaçıdan tutularaq Qəzənfər Abdullayevə verilməsi qət edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə, iddiaçının iddiasını təmin etməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, cavabdehə məxsus otlaq sahəsinin icarəyə götürülməsi üçün ona 2500 manat pul verilmiş, sonradan isə icarə müqaviləsinin bağlanması baş tutmamış, otlaq sahəsi (yataq) Qəzənfər Abdullayevin istifadəsinə verilməsə də, icarə haqqı qismində verilmiş pul vəsaiti cavabdeh tərəfindən geri qaytarılmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı hesabına 2300 manat məbləğində əsassız varlanması barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətində irəli sürdüklərini sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-5514/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar