Məhkəmə qərarları › İş №2(103)-3601/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3601/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3601/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh MTK-nın nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra, cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında)məhkəməyə müraciət edərək, cavabdehdən 28 iyul 2021-ci il tarixli müqavilənin tam şəkildə icra edilməsinin təmin edilməsi məqsədi ilə 33000 manat təmir pulunun və 9000 manat kompensasiya pulunun, habelə dövlət rüsumu olaraq ödənilmiş 216 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 28 iyul 2021-ci il tarixdə onunla Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvanı, ev B.22 ünvanda yerləşən "xxxx" MTK ilə (indiki adı Cavabdeh MTK) arasında bağlanılmış müqavilənin 1.2-ci maddəsinə əsasən o, “Əmlak mülkiyyəıtçisi” kimi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 52 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən cavabdeh həmin ərazidə inşa etdiyi binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsində (qeyri-yaşayış obyektinin girişi Ceyhun Haçıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca) uzunluğu 7.20 metr olmaqla 110 kv.metr təmirli qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən cavabdeh inşa edəcəyi coxmərtəbəli yaşayış binasının tikintisi başa çatana və “Əmlak mülkiyyətçisi”ni təmirli qeyri-yaşayı sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə bu müqavilə imzalanan gündən başlayaraq “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində hər ay 1500 manat ödəyir. Hazırda tikinti şirkəti tərəfindən iddiaçıya qeyri-yaşayış sahəsi ayrılmış, lakin həmin qeyri-yaşayış sahəsində heç bir təmir işləri aparılmır və kompensasiya olaraq ödənilməli olan pul bir neçə aydır ki, ödənilmir. Tərəfindən cavabdehə rəsmi xəbərdarlıq edilmiş, pretenziya məktubu göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-dan 9000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 110 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və etirazın dəlilləri: Apellyasiya şikayəti - qətnamənin iddianın təmin olunan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, tərəflər arasında qarşılıqlı münasibətlərə və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, iddiaçı tərəfindən layihə sənədlərinin vaxtında təqdim olunmaması, daha sonra podratçıların təmir zamanı sahədən qovulması, təmir əvəzinə pulun tələb olunması, bu halın iddiaçının nümayəndəsi və iş üzrə şahid kimi dindirilən Şahid3 tərəfindən də təsdiq olunması və s. kimi göstərilmişdir. İzahatlar, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahatlara uyğun izahat vermiş əlavə olaraq göstərmişlər ki, cavabdeh MTK-nın əvvəlki adı, eləcə də tərəflər arasında 28 iyul 2021-ci il tarixdə müqavilə bağlanan zamanı adı "xxxx" MTK olmuş, sonradan Cavabdeh MTK-ya dəyişdirilmişdir. 28 iyul 2021-ci il tarixli müqavilə ilə iddiaçı ona məxsus qeyri-yaşayış sahəsini sökülməsi üçün şirkətin sərəncamına vermiş, qarşılığında isə 24 ay müddətində şirkət tərəfindən inşa ediləcək binanın birinci mərtəbəsindən iddiaçıya təmirli müvafiq qeyri-yaşayış sahəsi verilməli idi. Bu müddətdə isə, yəni müvafiq təmirli sahə iddiaçıya təhvil verilənək, ona hər ay 1500 manat kirayə haqqı (kompensasiya) ödənilməli idi. Müddət 2023-cü ilin iyul ayında bitsə də, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi təmir olunmamış vəziyyətdə olmuşdur. Lakin, bunun təqsiri MTK-da deyil, iddiaçı tərəfin üzərində olmuşdur. Belə ki, bütün bu proseslərdə iddiaçının anası Şahid3 iştirak etmiş, danışıqlarda iddiaçının nümayəndəsi kimi şirkətlə qarşılıqlı münasibətlərdə iddiaçını məhz o, təmsil etmişdir. 2023-cü ilin təqribən iyun ayında Sevinc xanımın mobil telefonuna SMS mesaj göndərildi ki, təmirlə bağlı layihə-sxemi təqdim etsin ki, təmir həmin qaydada aparılsın, lakin onlara belə sxem təqdim olunmamışdır. Eyni zamanda rəsmi məktublar da yazılmış, Sevinc xanım tanış olsa da, onları qəbul etməkdən imtina etmişdir. Müqavilədə təmir üçün obyekt sahiblərinin layihə-sxem təqdim etməli olmaları qeyd edilməsə də, qeyri-yaşayış sahələri üzrə belə layihə tələb olunmuşdur. Lakin, mənzillərin təmiri əvvəlcədən müəyyən olunmuş sxem üzrə MTK tərəfindən həyata keçirilmişdir. Qeyri-yaşayış sahələrinin hər kvadrat metr sahəsinin təmiri üçün podratçı şirkətlə 150 manata razılaşmışlır. Sonradan podratçı şirkət təmir işlərinə başlamaq istəsə də, Sevinc xanım maneələr yaratmış, isti pol vurulmasını tələb etmiş, ustaları oradan qovmuşdur. Bu səbəbdən də, təmir işləri başa çatdırılmamışdır. Bu hal birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 və digər şəxslərində ifadələrindən də görünür. Sonradan təmir pulu qarşılılı razılığa əsasən 2024-cü ildə iddiaçı tərəfə nağd şəkildə ödənilmiş, təmir işləri iddiaçının özü tərəfindən həyata keçirilmişdir. 2023-cü ilin iyun ayı da daxil olmaqla hər ay 1500 manat kirayə haqqı iddiaçı tərəfə ödənilmiş, ondan sonra ödəniş dayandırılmışdır. Çünki, iddiaçı tərəf maneə yaratmaqla, MTK-dan əsassız olaraq hər ay pul almaq istəyir. İddiaçı əvvəl digər iddia ilə də məhkəməyə müraciət etmiş, lakin sonradan qeyri-yaşayış sahəsinin çatışmayan 6 m2 hissəsi MTK tərəfindən əlavə olunaraq verilmiş, bu səbəbdən də iddia baxılmamış saxlanılmışdır. İddiaçı tərəfin istəyinə uyğun qeyri-yaşayış sahəsinin daxilində bir neçə dəfə arakəsmələr inşa olunaraq sökülmüş və yeri dəyişdirilmiş, əlavə qapı yerləri açılmışdır. Göründüyü kimi, iddiaçı tərəfin təqsirli hərəkətləri nəticəsində şirkət tərəfindən müvafiq təmir işləri aparıla bilməmişdir. Buna görə də, bu hallar nəzərə alındığında cavabdeh tərəfindən öhdəliklərin icra olunmaması kimi göstərilə bilməz və kompensasiya tələbi əsassızdır. Cavabdehin nümayəndəsi Nümayəndə3 15 avqust 2024-cü il tarixdə keçirilmiş apellyasiya baxışı zamanı, məhkəmə iclasının sonunda məhkəmə kollegiyasına yazılı qəbz təqdim edərək izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh hüquqi şəxsin direktoru Teymur müəllimin ona verdiyi məlumata əsasən, keçən məhkəmə iclasından sonra tərəflərə mübahisənin barışıqla həll olunması üçün vaxt verilərkən Şahid3 08 avqust 2024-cü il tarixdə şirkətə yaxınlaşaraq, 10000 manat pul almış və qarşılığında bildirmişdir ki, kirayə pullarının tələbi barədə olan hazırki məhkəmə mübahisələri həll olunacaq və nəticəsindən asılı olmayaraq kassasiya şikayəti də verməyəcək. Pulu şirkətin rəhbəri Teymur müəllimin razılığı ilə şirkətin mühasibi vermişdir. Qəbzdəki “on min manat aldım” yazısı və imza Şahid3, digər yazılar isə şirkətin mühasibinə aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh MTK açıq-aşkar müqavilə öhdəliklərini pozmuş, müvafiq qeyri-yaşayış sahəsini 2023-cü ilin iyul ayınadək təmirli vəziyyətdə iddiaçıya təhvil verməmişdir. Belə olan halda, müqavilənin 1.4-cü bəndinə əsasən cavabdeh iddiaçıya hər ay 1500 manat kompensasiya ödəməlidir. Cavabdeh 2023-cü ilin iyul ayından etibarən həmin pul vəsaitini öədəməkdən imtina edir və bunun səbəbini iddiaçı tərəfin təmir işlərinə maneə olması ilə əsaslandırır. Halbuki, belə bir maneə olmamış, cavabdeh bu istiqamətdə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Həqiqətən iddiaçının MTK ilə danışıqlarda onun anası Şahid3 təmsil etmişdir. Bu səbəbdən də Şahid3 hərəkətləri məhz iddiaçının hərəkətləri kimi qəbul edilə bilər. Cavabdeh qeyd edir ki, xəbərdarlıqlar edilməsinə baxmayaraq iddiaçı təmir üçün layihəsxem təqdim etməyib. Birincisi cavabdeh tərəfdən belə bir layihə istənilməmiş, ikincisi isə müqavilədə iddiaçının belə öhdəliyi qeyd olunmamışdır. Düzdür, müqavilədə təmirli əmlak deyəndə təmirin detalları ətraflı qeyd olunmasa da, cavabdeh ən azı orta keyfiyyətli təmirli əmlakları iddiaçıya təhvil verməli idi. Bununla yanaşı, iddiaçı tərəfin təmir işlərinə maneə yaratması faktiki mümkün də deyildir. Çünki, bina cavabdeh MTK-ya məxsusdur və onun tərəfindən tikinti və təmir işləri aparılır. Qeyri-yaşayış sahəsi iddiaçıya təhvil belə verilməmişdir. Cavabdeh MTK özü istəyinə uyğun təmir edib əmlakı təhvil verməlidir. Ümumiyyətlə, əvvəl qeyri-yaşayış sahəsi ölçüsündən daha az inşa edilmiş, təqribən 6 m2 çatışmazlıq olmuş, iddiaçı məhkəməyə müraciət edəndən sonra həmin sahə əlavə olunaraq verilmişdir. MTK daima iddiaçı ilə qərəzli münasibətdə olmuş, onu incitmişdir. Cavabdehin istinad etdiyi Şahid2 birinci instansiya məhkəməsində şahid qismində ifadə verən zamanı özü bildirmişdir ki, qeyri-yaşayış sahəsində hər hansı təmir işləri aparmamış, yalnız elektrik şəbəkələri cızlanmışdır. Şahidin maneə törədilməsi ilə bağlı ifadələri isə həqiqətə uyğun deyildir və işdə hər hansı digər sübutla təsdiq olunmur. Bir daha qeyd edir ki, iddiaçı və ya onun anası Şahid3 təmirə mane olmamış, heç kimi oradan qovmamış, ümumiyyətlə belə bir imkanları olmamışdır. Həmçinin hesab edir ki, cavabdeh MTK birinci instansiya məhkəməsinə təqdim etdiyi xəbərdarlıq məktublarını birtərəfli qaydada, sonradan tərtib etmiş, guya iddiaçı tərəfin onları qəbul etməkdən imtina etmələri barədə qeyd də yazmışlar. Halbuki, iddiaçı tərəfə ümumiyyətlə belə bir xəbərdarlıq bildirişləri təqdim olunmamış və ya göndərilməmişdir. Cavabdeh MTK sonradan, 2024-cü ildə təmir pulunu nağd şəkildə ödəmiş və qeyri-yaşayış sahəsini təmirsiz vəziyyətdə iddiaçının sahibliyinə vermiş, bu səbəbdən də hazırda onun tərəfindən təmir edilir. Cavabdehin hərəkətləri tərəflər arasında bağlanmış müqaviləyə zidd olmaqla, öhdəliyin pozulmasıdır. Buna görə də, 2023-cü ilin iyul ayından etibarən dayandırlmış aylıq 1500 manatlıq kompensasiya ödənişləri ondan tutulmalıdır. Birinci instansiya məhkəməsində yalnız 6 ayın pulu, yəni 9000 manat tələb olunmuşdur. İddiaçının nümayəndəsi (vəkili) həmçinin bildirmişdir ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə saxtalaşdırılmış qəbz təqdim edilmiş, guya anası Şahid3 tərəfindən 08 avqust 2024-cü il tarixdə MTK-dan 10000 manat pul alınmasını, bunun müqabilində kirayə pullarının tələbi barədə olan hazırki məhkəmə mübahisələrinin həll olunacağına vəd verilməsi və s. göstərilmişdir. Lakin, bu hallar həqiqətə uyğun deyildir. Həmin qəbz 2021-ci ilə aid olmaqla, həmin vaxt obyektlərin icarə haqqı kimi 10000 manat kompensasiyanın verilməsi ilə bağlı tərtib olunmuşdur. Diqqətlə baxdıqda qəbzdəki imza və yazının fərqli rəqəmlərlə yazıldığı, eləcə də qəsdən 2021 yazısında “1”-in “4” edildiyi, nəticədə “2021”-in “2024” kimi qələmə verildiyi, bununla da məhkəməyə saxta sənəd təqdim edildiyi açıq-aşkar görünür. Eyni zamanda, əgər iddiaçının anası Şahid3 həqiqətən 08 avqust 2024-cü il tarixdə cavabdeh MTK-da olmuşdursa, bunun təsdiqi kimi digər sübutlar, məsələn kamera görüntüləri və s. təqdim olunardı. Qəbzin yazılışından da onun hazırki mübahisənin həlli ilə bağlı olması görünmür. Yaranmış zərurətlə əlaqədar olaraq, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 yenidən apellyasiya baxışı zamanı şahid qismində dindirilmişdir. Şahid3 ifadəsində bildirmişdir ki, o iddiaçının anasıdır, hazırkı mübahisə üzrə şirkətlə danışıqları iddiaçının adından o, aparmışdır. 2023-cü ilin təqribən iyul ayında ona şirkət tərəfindən mesaj göndərilmiş, lakin mesajın mətni yadında qalmamışdır. Daha sonra gedib veriləcək obyektə baxış keçirmiş, sahəni ölçən zaman sahənin verilməli olandan az olduğunun şahidi olmuş, aralarında mübahisə yaranmış, bununla bağlı məhkəməyə müraciçət etmişdir. Sonradan, yəni 2023-cü ilin avqust ayında əksik sahə şirkət tərəfindən tamamlanmış və barışıq əldə olunmuş, bu səbəbdən də iddia geri götürülmüşdür. Həmin ilin təxminən oktyabr-noyabr aylarında sahəyə baxış zamanı ilk dəfə Teymur adlı şəxsi görmüş, həmin vaxt obyektdə təmir işlərinin aparılmamış, arakəsmələr inşa olunmamışdır. Teymur obyekti sifariş əsasında təmir edəcəyini, ona təmir üçün cəmi 24000 manat ayrıldığını, təmirin isə döşəmənin vurulması və divarların ağardılması olduğunu bildirmiş, əlavə olaraq tavana alçipanın vurulmayacağı və isti pol olmayacağı bildirmişdir. Daha sonra obyekti daha yaxşı təmir etdirmək üçün şirkətin nümayəndələri ilə görüşərək, 30000 manat qarşılığında təmirsiz obyekti təhvil ala biləcəyini, lakin şirkət nümayəndələrinin 24000 manat verə biləcəklərini, qarşılığında isə müqavilə bağlayaraq, şirkətə qarşı gələcəkdə hər hansı iddialarının olmayacağı barədə öhdəlik götürülməsini təklif etmiş, bu səbəbdən razılıq əldə olunmamışdır. Bununla da, şirkət tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, yəni qeyri-yaşayış sahəsi vaxtında təmir olunaraq iddiaçıya təhvil verilməmişdir. Sonradan, yəni 2024-cü ildə qarşlıqlı razılıq əsasında təmir pulu ona ödənilmiş, bu səbəbdən də qətnamədən həmin hissədə şikayət verməmişlər. Əlavə olaraq, suallara cavab olaraq bildirmişdir ki, o ilk dəfə obyektə baxış keçirən zaman qeyri-yaşayış sahəsi təmirsiz olmuş, həmin vaxt hər hansı təmir işləri aparılmamış, eləcə də aparılacaq təmirə hər hansı maneyə yaradaraq, təmir edən şəxsləri obyektdən qovmamışdır. Şahid3 cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi, 10000 manat pulun alınması barədə qəbzə etiraz edərək, 08 avqust 2024-cü il tarixdə cavabdeh şirkətdən pul almadığını, ümumiyyətlə latın qrafikası ilə yazı yazmamasını, yazılarını kiril əlifbası ilə icra etməsini, 08 avqust 2024-cü ildə cavabdeh hüquqi şəxsin rəhbərliyi ilə hazırki mübahisə ilə bağlı hər hansı danışığının və razılığının olmamasını bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdehlə ilk danışıqlar zamanı, yəni 2021-ci ildə iki qeyri yaşayış sahəsinə görə (hər qeyri-yaşayış sahəsi üçün 1500 manat olmaqla, cəmi 3000 manat) 3 ay yarım müddət üçün 10000 manat kirayə haqqı, yəni kompensasiya ödənilmişdir (digər qeyriyaşayış sahəsi ilə bağlı da məhkəmədə analoji mübahisə vardır). Ola bilsin ki, qəbzə həmin vaxtı imza etmişdir, lakin bunu tam xatırlamır. Cavabdeh tərəf həmin qəbzdə düzəlişlər edərək, onu 2024-cü ilə aid etmişdir. Bir daha qeyd edir ki, o, ümumiyyətlə apellyasiya baxışı zamanı cavabdeh tərəflə hər hansı danışıqlar aparmamış, aralarında hazıki mübahisə üzrə barışıq əldə olunmamış, bu məqsədlə pul vəsaiti almamışdır. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı şəhəri 12 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilməklə, tərəflər arasında bağlanılmış 28 iyul 2021-cü il tarixli “Əvəzləşmə müqaviləsi”nin 1.2-ci bəndindən görünür ki, “Əmlak mülkiyyətçisi” olan iddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 52 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, bu Müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada cavabdeh tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən cavabdeh ünvan 2 ünvanında yerləşən "Əmlak mülkiyyətçisinin mülkiyyətində olan qeyri-yaşayış sökülməsini və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsinə (qeyri-yaşayış obyektinin girişi Ceyhun Hacıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca uzunluğu 7.20 m. Olmaqla) 110 kv.m. təmirli qeyri-yaşayış sahəsini "Əmlak mülkiyyətçisi"nin mulkiyyətinə vermə ödəliyini üzərinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə görə, cavabdeh inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və "Əmlak mülkiyyətçisini təmirli qeyri-yaşayış sahəsi təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə bu Müqavilə imzalanan gündən başlayaraq iddiaçıya kompensasiya şəklində hər ay 1500 manat ödəyir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq Müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş qeyri-yaşayış obyektini iddiaçıya təhvil vermək cavabdehin vəzifəsidir. İşdə olan İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 28 iyul 2021-ci il tarixli müqavilə üzrə müəyyən edilmiş 110 kv.m. qeyri-yaşayış obyektinin müqavilədə nəzərdə tutulmuş əsaslarla ona təhvil verilməsi, bu mümkün olmadıqda isə hər kv.m. üçün 300 manat olmaqla 33000 manat təmir pulu və 4 ayın hər ay 1500 manat olmaqla 6000 manat kompensasiya pulunun ona ödənilməsini təmin edilməsi xahiş olunmuş, 10 gün ərzində müqavilə üzrə öhdəliklər icra edilmədiyi təqdirdə tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İşdə olan Cavabdeh MTK-nin sədri Teymur Əmirov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 48/23 nömrəli məktubun məzmunundan görünür ki, "xxxx" MTK ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.2.4-cü bəndinin tələbinə əsasən 24 ay müddətinə, həmin müqavilənin 1.3-cü bəndinə əsasən isə, 110 kv.m. qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə ona təhvil verməlidirlər. Arakəsmə divarların yerdəyişməsini müəyyən etmək və təmirə başlamaq məqsədi ilə may ayının 5-dən gec olmamaq şərti ilə onu məsləhətləşməyə dəvət edirlər (MTK-nin direktoru tərəfindən məktuba edilmiş 02.05.23-cü il tarixli qeyddən görünür ki, İddiaçı məktubu qəbul edib tanış olmuş, imzalamaqdan imtina etmişdir). İşdə olan Cavabdeh MTK-nin sədri Teymur Əmirov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 50/23 nömrəli məktubun məzmunundan görünür ki, dəfələrlə şifahi və yazılı məlumat verməklə bildirmişdilər ki, təmirə başlamaq üçün layihəni onlara təqdim etsin. Bu barədə xx.xx.2023-cü il tarixli yazılı müraciətlə tanış olsa da, qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən qohunu və nümayəndəsi Sevinc xanıma (tel: ***-***-**-**) sms bildirişi də göndərmişdirlər. Təmirə başlamaq üçün layihəni təqdim etməyəcəyi halda, xx.xx.2023-cü il tarixdən kirayə haqqının ödənişi dayandırılacaqdır. Təmirin gecikməsinə görə məsuliyyət onun üzərinə düşür (MTK-nin direktoru tərəfindən məktuba edilmiş 02.06.23-cü il tarixli qeyddən görünür ki, İddiaçı məktubu qəbul edib tanış olmuş, imzalamaqdan imtina etmişdir). Birinci instansiya məhkəməsi iddianın təmin olunması qənaətinə gələrkən - tərəflər arasında 28 iyul 2021-cü il tarixdə bağlanmış “Əvəzləşmə müqaviləsi”nə istinad edərək, iddiaçı tərəfindən onun üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, 110 kv.m. qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verməmiş, obyekt təmirli təhvil verilənədək hər ay mülkiyyətçiyə ödəməli olduğu 1500 manat məbləğində kompensasiyanın verilməsini 2023-cü ilin iyul ayından dayandırmışdır. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Nəticədə məhkəmə hesab etmişdir ki, cavabdeh 110 kv.m. qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verilənədək hər ay iddiaçıya 1500 manat məbləğində kompensasiya verməlidir. İş materiallarından və tərəflərin izahatından məlum olmuşdur ki, cavabdeh 2023-cü ilin iyul ayından kompensasiyanın verilməsini dayandırmışdır. Odur ki, 9000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (MM-nin 387.2-ci mad.). MM-nin 436-cı maddəsinə əsasən əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir. MM-nin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, habelə icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 445.5 və 445.6-cı maddələrinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. İşin mübahisə olunmayan hallarına əsasən - iddiaçı, tərəflər arasında bağlanmış 28 iyul 2021-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 52 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqavilə imzalanandan 24 ay müddətində, yəni 2023-cü ilin iyul ayınadək iddiaçıya təmirli şəkildə müqavilədə göstərilən müvafiq qeyri-yaşayış sahəsini inşa edərək təhvil verməyi, eyni zamanda təhvil vermə anınadək hər ay iddiaçıya 1500 manat kompensasiya ödəmyi öhdəsinə götürmüşdür. İşin mübahisə olunmayan digər halı ondan ibarətdir ki, cavabdeh 2023-cü ilin iyul ayınadək iddiaçıya müvafiq qeyri-yaşayış sahəsini təmirli şəkildə təhvil verməmişdir. Cavabdehin etirazının, eləcə də apellyasiya şikayətinin dəlili kimi iddiaçı tərəfə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təmir üçün layihə-sxem sənədlərini vaxtında təqdim olunmamasını, sonradan isə təmirə maneələr yaradaraq podratçını sahədən qovmasını, beləliklə öhdəliyin lazımi qaydada icra olunmamasında MTK-nın təqsirinin olmamasını və s. göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin etirazı ilə razılaşmır. Birincisi, müqavilənin şərtlərində iddiaçının üzərinə təmir üçün layihə-sxem və s. hər hansı sənədlərin təqdim olunması vəzifəsi qoyulmamışdır. Eyni zamanda, cavabdeh sonradan tərəflər arasında belə bir razılaşmasının olması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, cavabdehin qeyd edilən mövqeyi anlaşılmaz olmaqla, işdə olan sübutlarla təsdiq olunmur. Cavabdeh məhkəməyə sübut kimi iddiaçıya ünvanladığı 01 may 2023-cü il tarixli və 01 iyun 2023-cü il tarixli məktubları təqdim etmişdir. Həmin məktubların mətnində iddiaçıdan təmirlə bağlı layihənin təqdim olunması tələb olunmuş, əks halda 01 iyul 2023cü il tarixdən etibarən kirayə haqlarının ödənilməsinin dayandırılacağı qeyd olunmuşdur. Lakin, cavabdeh qeyd olunan məktubların iddiaçıya təqdim olunması və ya ünvanına göndərilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəf isə, qeyd edilən halları təsdiq etməmişdir. Belə olan halda isə, yəni cavabdeh tərəfindən birtərəfli qaydada tərtib olunmuş qeyd edilən məktublar müvafiq sübut əhəmiyyətinə malik olmamaqla, cavabdehin istinad etdiyi halların mövcudluğunu təsdiq edə bilməz. Cavabdeh digər sübut kimi, iddiaçının anası Şahid3 mobil telefonuna göndərilmiş, 2023-cü ilin iyul ayına təsadüf edən votsap yazışmasını təqdim etmişdir. Həmin yazışmanın mətninə görə - ayrılan sahənin ara divarlarının hörülmə qaydası və sxemi razılaşdırıldıqdan sonra təmirə başlanacağı, əks halda təmirin standart formada həyata keçiriləcəyi cavabdeh tərəfindən qeyd olunmuş, Şahid3 isə təhvil verilməli olan qeyriyaşayış sahəsinin ölçüsünün az olmasını (6 m2 az) bildirərək, etirazını qeyd etmişdir. Tərəflərin izahatlarından müəyyən olunur ki, həqiqətən təhvil verilməli olan sahənin ölçüsündə fərq yarandığından, həmin sahə sonradan MTK tərəfindən bərpa olunmuşdur. Lakin, yuxarıda da qeyd edildiy kimi, qeyri-yaşayış sahəsinin təmiri üçün iddiaçı tərəfdən hər hansı layihə və ya sxem tələb olunması müqavilə ilə razılaşdırılmamışdır. Bu səbəbdən də iddiaçı tərəfə müvafiq mesaj göndərilməsinin səbəbləri aydın deyildir. Bununla yanaşı, cavabdeh müvafiq layihə təqdim olunmadığı halda da sahəni təmir etmək vəzifəsini yerinə yetirməmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh öhdəliyini artıq 2023-cü ilin iyul ayında tam olaraq yerinə yetirməli və təmirli vəziyyətdə müvafiq qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməli idi. Lakin, elə iyul ayında iddiaçı tərəfə qeyd edilən məzmunda müraciət olunması faktı özü-özlüyündə öhdəliyin icrasının cavabdeh tərəfindən gecikdirilməsinə dəlalət edir. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, tərəfər arasında təmirlə bağlı iddiaçının ilkin olaraq layihə və ya digər sənədləri təqdim etməli olması razılaşdırılmamışdır (cavabdeh bu istiqamətdə məhkəməyə sübut təqdim etməmişdir). Bu səbəbdən də, cavabdehin təmiri gecikdirməsinin borclunun müvafiq qarşılıqlı icra hərəkətinin olmamasına istinad etməsi qanunvericiliyin tələbləri və müqavilənin şərtləri ilə uzlaşmır. Bununla yanaşı, borclunun belə bir öhdəlinin olması istər bu sahədə formalaşmış işgüzar adətlərdən, eləcə də müqavilənin şərtlərinin təhlilindən də irəli gəlmir. Çünki, hər bir şəxsin özünün istəyinə uyğun təmir forması MTK-nın da maraqları çərvisində olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərinə və öhdəliyin mahiyyətinə uyğun gəlmir. Xüsusilə, cavabdehin özünün təqdim etdiyi “Xidmətlərin göstərilməsi haqqında” 27 fevral 2023-cü il tarixdi müqavilədən görünür ki, inşa olunan müvafiq yaşayış binasında olan əmlakların təmiri ilə bağlı podratçı ilə əvvəlcədən hər m2 sahə üçün 170 manat müəyyən olunmuşdur. Göründüyü kimi, təmirin əvvəlcədən müvafiq standartlara uyğun olaraq həyata keçirilməsi podratçı ilə razılaşdırılmışdır. Cavabdehin digər dəlilləri isə təmir işlərinə iddiaçı tərəfin maneə törətməsi ilə bağlı olmuşdur. İddiaçı tərəfin bildirməsinə görə təmir işlərinə yuxarıda qeyd edilən müvafiq müddət keçdikdən sonra da başlanılmamış, əvvəlcə sahənin az olması istiqamətində mübahisələri yaranmış, bununla bağlı məhkəməyə müraciət olunmuş, lakin cavabdeh sonradan həmin çatışmazlığı aradan qaldırmış, bu səbəbdən də iddia ərizəsini geri götürmüşdür. Həmin müddətdə isə təmirdən ümumiyyətlə söhbət gedə bilməzdi. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərardadından görünür ki, həqiqətən iddiaçının müvafiq iddiası üzrə tərəflər arasında həmin dövrdə əmlakla bağlı mübahisə qarşılıqlı razılıqla həll olunmuşdur. Eyni zamanda cavabdehin nümayəndəsi də qeyd edilən halı təsdiq edərək, iddiaçının məhkəməyə müraciətindən sonra sahə fərqi ilə bağlı çatışmazlığın aradan qaldırıldığını bildirmişdir. Bununla yanaşı, cavabdehin istinad etdiyi etdiyi Şahid2 birinci instansiya məhkəməsində şahid qismində ifadə verən zamanı bildirmişdir ki, qeyri-yaşayış sahəsində hər hansı təmir işləri aparmamış, yalnız elektrik şəbəkələri cızlanmışdır. Şahid həmçinin iddiaçı tərəfin maneəsinin konkret nədən ibarət olmasını, bunun hansı qaydada həyata keçirilməsi və s. bu kimi halları əsaslandıra və izah edə bilməmiş, yalnız ümumi sözlərdə iddiaçının anası Şahid3 sözünə görə materialları götürməsini bildirmişdir (bununla yanaşı, şahid ziddiyyətli ifadə verərək, bir tərəfdən təmirin Şahid3 xoşuna gəlməməsini, digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi sahədə hər hansı təmir işlərinin aparılmamasını bildirmişdir). Birinci instansiya məhkəməsində dindirilmiş digər şahidlər isə cavabdehin MTK-nın işçiləri olmaqla, onların da ifadələrindən maneənin mövcudluğu birmənalı müəyyən olunmur. Həmçinin qeyd edilməlidir ki, mübahisə predmeti olan daşınmaz əmlak məhz cavabdeh MTK-nın sahibliyində və nəzarətində olması, eləcə də həmin sahənin iddiaçıya təhvil verilmədiyi (iddiaç ilə bağlı təhvil təslim aktı da məhkəməyə təqdim olunmamışdır, halbuki digər sakinlərlə bağlı təhvil təslik aktları mövcuddur) şəraitdə, iddiaçının və ya onun anasının təmir işlərinə necə, hansı üsul və qaydada maneə törətməsi aydın olmamaqla, sadə məntiqə sığmır. Hətta, hər hansı maneə olmuş olsaydı belə cavabdehin bu halı rəsmiləşdirmək imkanında olmaması (kamera görüntüləri, şahidlər, hüquq mühafizə orqanıların şikayət və s.) da ağlabatan deyildir. Beləliklə, işin halları ilə açıq-aşkar müəyyən olunur ki, cavabdeh müvafiq öhdəliyini 2023-cü ilin iyul ayınadək yerinə yetirməmiş, iddiaçıya təmirli vəziyyətdə qeyri-yaşayış sahəsini təhvil verməmiş, buna baxmayaraq müqavilənin 1.4-cü bəndinin tələblərini pozaraq aylıq 1500 manat kompensasiyanı 2023-cü ilin iyul ayından etibarən dayandırmış, bununla da müvafiq öhdəliyini təqsirli olaraq pozmuşdur. Bununla yanaşı, tərəfərin izahatlarından müəyyən olunur ki, təmir işlərinin sonradan da cavabdeh tərəfindən həyata keçirilməmiş, 2024-cü ildə iddiaçı tərəfə təmir pulu nağd şəkildə ödənilmiş, yalnız bundan sonra həmin sahə iddiaçının özü tərəfindən təmir olunmağa başlamışdır. Bu hal isə, ən azı iddiaçının 2023-cü ilin dekabr ayı da daxil olmaqla (2023-cü ilin iyul-dekabr ayları) 6 ay müddət üzrə müvafiq pul vəsaitini tələb etmək hüququnun olmasını ehtiva edir. Beləliklə, cavabdeh tərəfindən şikayətin dəlili kimi göstərilən icranın iddiaçı tərəfin təqsirli hərəkətli nəticəsində gecikməsi və ya mümkünsüzlüyü halı müəyyən olmur, cavabdeh isə öz etirazının əsası kimi istinad etdiklərini əsaslandıra bilmir. Bununla yanaşı, apellyasiya baxışı zamanı, 15 avqust 2024-cü il tarixli məhkəmə iclası zamanı (iclasın sonuna yaxın) cavabdehin nümayəndəsi məhkəməyə qəbz (kassa məxaric orderi) təqdim edərək bildirmişdir ki, cavabdeh hüquqi şəxsin direktoru Teymur müəllimin ona verdiyi məlumata əsasən, keçən məhkəmə iclasından sonra tərəflərə mübahisənin barışıqla həll olunması üçün vaxt verilərkən Şahid3 08 avqust 2024-cü il tarixdə şirkətə yaxınlaşaraq, 10000 manat pul almış və qarşılığında bildirmişdir ki, kirayə pullarının tələbi barədə olan hazırki məhkəmə mübahisələri həll olunacaq və nəticəsindən asılı olmayaraq kassasiya şikayəti də verməyəcək. Pulu şirkətin rəhbəri Teymur müəllimin razılığı ilə şirkətin mühasibi vermişdir. Qəbzdəki “on min manat aldım” yazısı və imza Şahid3, digər yazılar isə şirkətin mühasibinə aiddir. Şahid3 cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi həmin qəbzə etiraz edərək, 08 avqust 2024-cü il tarixdə cavabdeh şirkətdən pul almadığını, qəbzdəki imza və “on min manat aldım” yazısının ona məxsus olmamasını, ümumiyyətlə latın qrafikası ilə yazı yazmamasını, yazılarını kiril əlifbası ilə icra etməsini, 08 avqust 2024-cü ildə cavabdeh hüquqi şəxsin rəhbərliyi ilə hazırki mübahisə ilə bağlı hər hansı danışığının və razılığının olmamasını və s. bildirmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi xx.xx.2024-cü il tarixli kassa məxaric orderinin əslindən görünür ki, orada Şahid3 Söhbət qızına 81 və 3 nömrəli qeyri-yaşayış sahələrinə görə 10000 manat kompensasiya verilməsi barədə müvafiq qeydlər vardır. Apellyasiya baxışı zamanı təqdim olunmuş qəbzin birinci instansiya məhkəməsinə təqdim olunmasının qeyri-mümkünlüyünü nəzərə alaraq, mübahisənin düzgün həlli məqsədilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1433 nömrəli ekspert rəyinə əsasən "xxxx" MTK yazılmış xx.xx.2024-cü il tarixli kassa məxaric orderində “Aldı:” qrafasında olan imza – Şahid3 tərəfindən icra olunmuş, lakin “On min manat aldım” yazılar - Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza rəyi məhkəmə iclasında tədqiq olunarkən cavabdehin nümayəndəsi və Şahid3 bildirmişlər ki, cavabdehlə ilk danışıqlar zamanı, yəni 2021-ci ildə iki qeyri yaşayış sahəsinə görə (hər qeyri-yaşayış sahəsi üçün 1500 manat olmaqla, cəmi 3000 manat) 3 ay yarım müddət üçün birdəfəlik 10000 manat kirayə haqqı, yəni kompensasiya ödənilmişdir. Ola bilsin ki, həmin qəbzə həmin vaxtı imza etmişdir. Lakin, cavabdeh tərəf həmin qəbzdə düzəlişlər edərək, onu 2024-cü ilə aid etmişdir. Belə ki, diqqətlə baxdıqda qəbzdəki imza və yazının fərqli rəqəmlərlə yazıldığı, eləcə də qəsdən 2021 yazısında “1”in “4” edildiyi, nəticədə “2021”-in “2024” kimi qələmə verildiyi, bununla da məhkəməyə saxta sənəd təqdim edildiyi açıq-aşkar görünür. Eyni zamanda, əgər iddiaçının anası Şahid3 həqiqətən 08 avqust 2024-cü il tarixdə cavabdeh MTK-da olmuşdursa, bunun təsdiqi kimi digər sübutlar, məsələn kamera görüntüləri və s. təqdim olunardı. Qəbzin yazılışından da onun hazırki mübahisənin həlli ilə bağlı olması görünmür. Məhkəmə kollegiyası cavabdeh tərəfin təqdim etdiyi qeyd olunan qəbzə tənqidi yanaşaraq hesab edir ki, həmin qəbzin məhz 08 sentyabr 2024-cü il tarixdə, hazırki işlə bağlı barışıq məqsədilə tərtib olunması müəyyən olunmur. İlkin olaraq qeyd edilməlidir ki, əgər tərəflər həqiqətən hazırki apellyasiya icraatı zamanı barışığa gələrək müvafiq öhdəliyə qarşılıqlı razılıq əsasında xitam vermişdirlərsə, bunun qanunvericliyə uyğun, aydın və anlaşılan formada rəsmiləşdirilməməsi (halbuki, cavabdeh hüquqi şəxs olmaqla, tərəflər peşəkar vəkillərlə təmsil olunmuşlar), eyni zamanda barışıqla bağlı məsələnin bilavasitə məhkəmə iclasının əvvəlində deyil, sonunda cavabdehin nümayəndəsi tərəfindən bildirilməsi və müvafiq qəbzin təqdim edilməsi sadə məntiqə sığmır. Əksinə qəbzin mətnindən orada qeyd olunan pul vəsaitinin məhz hazırki işlə bağlı mübahisənin barışıq yolu ilə həll olunması məqsədilə verilməsi görünmür, orada sadəcə 10000 manat pul vəsatinin Şahid3 ödənilməsi öz əksini tapmışdır. Qəbzdən açıq aydın görünür ki, o, 2021-ci il tarixdə çap olunmuş formulyar olmaqla, üzərində cavabdehin əvvəlki adı ("xxxx" MTK) qeyd olunmuşdur. Eyni zamanda qəbzin üzərində olan 2021-ci il tarixi, diyircəkli qələm vasitəsilə 2024-cü il tarixinə düzəliş edilmişdir. Tərəflər arasında münasibətlərin 2021-ci ilin müvafiq dövründə yaranması nəzərə alınmaqla, həmin dövrdə iddiaçı tərəfə müvafiq pul vəsaitinin (kompensasiyanın) verilməsi istisna olunmur. Həmçinin, cavabdehin nümayəndəsi qəbzdə “On min manat aldım” yazıların Şahid3 tərəfindən icra olunduğunu bildirsə də, ekspertiza rəyi ilə həmin yazıların başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, əgər iddiaçının anası Şahid3 həqiqətən 08 avqust 2024-cü il tarixdə cavabdeh MTK-da olmuşdursa, bu faktın təsdiqi kimi müvafiq obyektiv sübutların (məsələn, kamera görüntüləri, danışıqlar və s.) mövcud olmaması da ağlabatan deyildir. Lakin, cavabdeh bu istiqamətdə də məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı tərəflərin barışığa gəlməsi ilə bağlı açıq-aşkar həqiqətə uyğun olmayan məlumatlar verməklə yanaşı, həmin halın təsdiqi üçün hər hansı sübut əhəmiyyətinə malik olmayan (üzərində düzəlişlər edilmiş) mötəbərliyi aşkar şübhə doğuran sənəd (kassa məxaric orderi) təqdim etmişdir. Konstitusiya Məhkəməsi Plenumu “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göründüyü kimi, cavabdeh etirazının, habelə şikayətin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Cavabdeh tərəfin izahatı da iddianın əsassız olması nəticəsinə gəlməyə yetərli deyildir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki halların, işdə olan sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, yoxlanılan hissədə qətnamənin ləğvinə əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən həmin dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı 110 manat məbləğində aparılmış ekspertiza tədqiqatının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci Cavabdeh MTK-ya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh MTK-ya aid edilsin. Cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar