Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3604/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-437/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı 16.03.2020-ci il tarixli müqaviləyə əsasən, Nado-Yumsaq-3 yerli və 1 yerli-Sungerli mebel əşyası, 2 ədəd Bugatti Stul üçün 3430 manat ödənilməmiş hissə, 669 manat dəbbə pulu, 25.11.2019-cu il tarixli müqaviləyə əsasən, LG Led televizor üçün 1245 manat ödənilməmiş hissə, 362 manat dəbbə pulu olmaqla, ümumilikdə 5706 manat borc və 77,06 manat ödənilməmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 16.03.2020-ci il və 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Nado-Yumsaq-3 yerli və 1 yerli-Sungerli mebel əşyası, 2 ədəd Bugatti Stul, LG Led televizor almış və nəticədə 5706 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4916 manat (24 ay x 203 manat + 44 manat ilkin ödəniş) Nado-Yumsaq-3 yerli və 1 yerli-Sungerli mebel əşyası, 2 ədəd Bugatti Stul üçün ümumilikdə 4099 manat olmaqla ondan, 3430 manat ödənilməmiş hissə, 669 manat dəbbə pulu, 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2004 manat (18 ay x 93 manat + 330 manat ilkin ödəniş) olan LG Led televizor üçün ümumilikdə 1607 manat olmaqla ondan, 1245 manat ödənilməmiş hissə, 362 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh 16.03.2020-ci il tarixli müqaviləyə əsasən, 04.11.2020-ci il tarixində Bugatti markalı stuldan imtina etmiş və məhsul 1442 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 16.03.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 44 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1442 manat, ümumilikdə, 1486 manat təşkil edir. 25.11.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ isə 759 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Cavabdeh tərəf isə məhkəmə iclasında iddianı qismən qəbul edərək cərimə borcunun şişirdilmiş olduğunu bildirmiş və məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-437/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 16 mart 2020-ci il tarixli müqaviləyə görə 3430 (üç min dörd yüz otuz) manat ödənilməmiş hissə, 343 (üç yüz qırx üç) manat dəbbə olmaqla, ümumilikdə 3773 (üç min yeddi yüz yetmiş üç) manatın, 25 noyabr 2019cu il tarixli müqaviləyə görə 1245 (min iki yüz qırx beş) manat ödənilməmiş hissə, 124 (yüz iyirmi dörd) manat dəbbə olmaqla, ümumilikdə 1369 (min üç yüz altmış doqquz) manatın Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi; 77,06 (yetmiş yeddi manat altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti bununla əsaslandırmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur norması düzgün tətbiq olunmamışdır. Belə ki, məhkəmə iddiaçının məhkəməyə bildirdiyi iddiaçıya guya ödənilmədi borcun, borc üzrə hesablanmış absurd cərimə məbləğlərinin əsassız olmasını araşdırmalı olsa da, məhkəmə mülki işi tam araşdırmayaraq absurd əsaslandırma ilə 16.03.2020-ci il tarixli müqaviləyə görə 3430 manat ödənilməmiş hissə, 343 manat dəbbə pulu, ümumilikdə 3773 manat, 25.11.2019-cu il tarixli müqaviləyə görə 1245 manat ödənilməmiş hissə, 124 manat dəbbə pulu, ümumilikdə 1369 manat məbləğində borcun ödənilməli olduğu qənaətinə gəlmişdir. Halbuki məhkəmə dəbbə pulunun yaranma əsasını qətnamədə əsaslandırmamış, göründüyü kimi sözügedən normanın tələblərini kobud surətdə pozmuşdur. Dəbbə pulunun bu qədər çox hesablanması cavabdehin hüquqlarına toxunmaqdan başqa bir şey deyildir. Məhz bu səbəblərə görə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi bu məsələyə də öz hüquqi münasibətini bildirərək əsassız hesablanmış dəbbə pulunun silinməsi qənaətinə gələcəkdir. İddiaçı tərəf isə elektron kabinet vasitəsilə apellyasiya şikayətinə yazılı etiraz təqdim etmiş və etirazını bununla əsaslandırmışdır ki, cavabdehə yaranmış borc öhdəliyinin icra edilməsi üçün dəfələrlə telefonla, sonradan isə rəsmi xəbərdarlıq məktubu ilə mübahisənin məhkəməyə qədər həll olunması üçün iddiaçı tərəfindən güzəştli addımlar atılsa da, cavabdeh onun üzərinə düşən öhdəlikləri bilə-bilə icra etməkdən yayınmışdır. Cavabdehin ünvanına göndərilmiş 28.10.2021-ci il tarixli xəbərdarlıq məktubundan aydın görünür ki, iddiaçı cavabdehin üzərinə düşən öhdəlikləri icra etməsini qanunvericliyin tələblərinə uyğun şəkildə tələb etmişdir. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış müqavilələrdə hər ödənilməmiş günə 1% dəbbə pulu hesablandığı halda, MMC tərəfindən ümumi borcun 10% miqdarında dəbbə pulu hesablanaraq cavabdehə güzəşt edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsini və sübut kimi ona əlavə olunmuş tərəflər arasında bağlamlmış müqaviləni, onun təhvil-təslim aktını, ödəniş cədvəlini, maliyyə cədvəlini, xəbərdarlıq məktubu təqdim etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 385.1, 442, 462.1, 467, 443.1-ci; Mülki Prosessual Məcəllənin 119.1, 222.2-ci maddələrinə istinad edərək qənaətini əsaslandırmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə.600.1.Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın cərimə hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləğidir(MM.mad.462.1). Cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyi iş materialları ilə açıq-aşkar təsdiq olunur. Buna görə də cavabdehdən cərimə də tələb edilməsi əsassız olmamışdır. Cərimənin tam silinməsi isə qanunvericilikdə nəzərdə tutulmadığından şikayət təmin edilə bilməz. İkincisi, cavabdeh iddiaçı ilə müqavilələri könüllü olaraq bağlamışdır. Müqavilədə nəzərdə tutulan şərtlərdən əvvəlcədən məlumatlı idi. Müqavilə müddətində öhdəliyin hissə-hissə icra edilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh müqavilələrin müddətinin bitməsinə baxmayaraq bugünə qədər öhdəliyini tam yerinə yetirməmişdir. Ona görə də iddiaçının məhkəməyə müraciət edərək cavabdehdən öhdəliyinin icrasını birdəfəyə yerinə yetirməyi tələb etmək hüququ olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Cavabdehin mübahisələndirdiyi hissə hər iki müqavilə üzrə cərimənin cəmi 467(343+124=467) manat olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.Çünki, qətnamənin mübahisələndiriləcəyi hissəsində iddianın qiyməti beş min manatdan az olacaqdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-437/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-437/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3604/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3604/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver