Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3605/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: " yaşayış evinə köçürülmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X3 ibarət tərkibdə, Nuri Bəsti Qurban qızının katibliyi, Xətai Rayon Məhkəməsinin e-2(011)-661/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 09 sentyabr 2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Daha sonra ər-arvad münasibətləri kəskinləşmiş və nikahları formal xarakter daşımışdır. Bunun nəticəsində də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzili əldə edərək orada yaşamışlar. Həmin mənzildə həyat yoldaşı ilə yaşayaraq birgə təsərrüfat aparmışlar. Yaşayış evinin kommunal xərcləri barədə qəbzlərə də nəzər salınsa görmək olar ki, həmin qəbzlər iddiaçının yoldaşının adına gəlmiş və tərəflərindən ödənilmişdir. Cavabdehlə aralarında mübahisə olmuşdur və iddiaçı övladı ilə birlikdə anasının evində müvəqqəti yaşamağa məcbur qalmışdır. İddiaçı və uşağının anasının yanında qalmaqları mümkün deyildir. Cavabdehə dəfələrlə bu barədə məlumat versə də, yaşadıqları evə köçürülməyini ona bildirsə də, cavabdeh iddiaçı və uşağının həmin yaşayış evinə köçməyinə imkan verməmişdir. Hal-hazırda cehiz əşyaları həmin evdə yerləşir. İddiaçının hazırda yaşamağa, qalmağa heç bir yeri yoxdur. İddiaçı hesab edir ki, cavabdeh kimi onun və uşaqlarının da həmin evdən istifadə etmək hüququ olduğundan iddiaçı və uşağı həmin yaşayış sahəsinə köçürülməlidir.
1. İddiaçı göstərilənləri nəzərə alaraq, özünün və uşağı – xx.xx.2014-cü il təvəllüdlü X1 birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Xətai Rayon Məhkəməsinin e-2(011)-661/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı övladı xx.xx.2014-cü il təvəllüdlü X2 ilə ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nəbi küçəsi, məhəllə 2319, ev 3A, mənzil 28 – Cavabdeh dövlət qulluğunda fəaliyyəti ilə əlaqədar olaraq 2014-cü ildə XDMX-də keçdiyi xidmətə görə verilmişdir. Mənzil üzərində Cavabdeh istifadə hüququ mövcuddur. İddiaçı ilə Cavabdeh arasında olan nikah münasibətləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6218/2019 saylı qətnaməsi ilə rəsmi olaraq xitam edilmişdir. Nikahın pozulmasından sonra, tərəflər arasında birgə yaşayışa dair hüquqi əsaslar ortadan qalxmışdır və iddiaçının cavabdehin istifadəsində olan mənzildə yaşamaq hüququ yoxdur. İddiaçının və onun anasının cavabdeh şəxsə qarşı dəfələrlə təhqiramiz davranışlar sərgilədiyi, fiziki təzyiqlər göstərdiyi və ölüm təhdidlərinə əl atdığına dair sübutlar mövcuddur. Cavabdeh şəxsin həyat və sağlamlığı üçün real təhlükənin mövcud olduğu hallarda, onların eyni yaşayış sahəsində yerləşdirilməsi insan hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə, qətnaməni qəbul edərkən tərəflər arasında olan hüquqi münasibətləri, yaşayış sahəsinin mülkiyyət mənsubiyyətini və cavabdehin təhlükəsizliyinə dair əsaslı iddiaları lazımi qaydada qiymətləndirməmişdir. Məhkəmə qətnamə çıxararkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbini pozmuşdur. Mənzil üzərində Cavabdeh istifadə hüququ vardır, nikah pozulduqdan sonra İddiaçı mənzilə olan istifadə hüququna qanuna əsasən saxlanılmadığından onun hazırki mənzilə köçürülməsinə dair məhkəmə qətnaməsi hüquqaziddir. Qanunda mülkiyyətçi anlayışından istifadə edilir, Cavabdeh mənzilin istifadəçisidir, mənzilin hüquq müəyyənedici sənədinə əsasən onun mənzil üzərində gözlənilən mülkiyyət hüququ vardır. İddiaçının mənzilə olan istifadə hüququ tərəflərin nikahı pozulduqdan sonra saxlanılmadığı üçün məhkəmənin qətnaməsi qanuni və əsaslı deyil. Məhkəmə bu meyarları pozmuşdur. Qanunilik və əsaslılıq iddianın təmini üçün əsas şərt olmalı idi. Lakin, bu şərtlər olmadan məhkəmənin iddianı təmin etməsi qeyri-hüquqi hərəkətlərdir. Məhkəmə qətnamə çıxarakən MPM-nin 217.1-ci maddəsinin tələbini pozmuşdur. Tərəflərin izahatı:
5. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
7. İddiaçı Cavabdeh ilə 23 sentyabr 2009-cu il tarixdə rəsmi nikahla ailə qurmuş, birgə rəsmi nikahlarından iki övladı doğulmuşdur.
8. Tərəflər arasında olan nikah Xətai Rayon Məhkəməsinin 2(011)-6218/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur.
9. Mülki iş materiallarında olan cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik B.H.Eyyubova ünvanlanmış 14 yanvar 2025-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh (ehtiyatda olan kapitan) 1995-ci ildən 2014-cü ilədək Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur.
10. 18 dekabr 2009-cu il tarixdə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin əmri ilə ünvan 4 ünvanında 4 nəfər ailə tərkibi ilə Xidməti mənzillə təmin olunmuşdur.
11. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş 01 iyun 2010-cu il tarixli, 28 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 1.1-ci bəndinə əsasən Kirayəyə verən ünvan 4 ünvanında yerləşən, Dövlət Mənzil Fonduna aid, ümumi sahəsi 80,8 kv. metrdən, yaşayış hissəsi 76,6 kv. metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün AR Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, xidmət müddətinə Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.
12. Həmin müqavilənin 1.2-ci bəndində Kirayəçinin ailə üzvləri kimi həyat yoldaşı- İddiaçı, oğulları – X4, X4 qeyd olunmuşdur.
13. Mülki iş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, məhəllə 2319, ev 3A, 28 saylı mənzildə qeydiyyatdadır.
14. Mülki işin materiallarında olan AZE seriyalı, 12177338 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 25 fevral 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır və o, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, məhəllə 2319, ev 3A, 28 saylı mənzildə qeydiyyatdadır. Tətbiq edilən maddi hüquq normaları:
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43.İ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Maddə 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Maddə 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. Maddə 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 20. Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
21. ”Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı.
Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
25. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
34. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh apellyasiya şikayətinə əsasən tam yoxlayır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının köçürülməsini tələb etdiyi mənzil cavabdehlə birgə nikah dövründə verildiyindən( əldə edildiyindən) və müvafiq olaraq da iddiaçı azyaşlı övladları ilə birgə köçürülməsini tələb etdiyi mənzilə münasibətdə cavabdehlə eyni hüquqa malik olduğundan, iddiaçının azyaşlı uşaqları ilə birlikdə yaşayış sahəsindən məhrum edilməsi qanunsuz olmuş, rayon məhkəməsinin iddianın təmininə dair gəldiyi qənaət əsaslıdır.
40. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" xx.xx.2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 3.2-ci maddəsinə əsasən ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
41. Həmin qərarın 3.6-cı maddəsinə əsasən əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.
42. Cavabdeh apellyasiya şikayətində iddiaçı və onun anası tərəfindən dəfələrlə təhqiramiz davranışlara, fiziki təzyiqə məruz qaldığını, ölümlə təhdid olunduğunu, bu səbəbdən də birlikdə yaşamalarınının mümkünsüz olduğunu qeyd etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh eyni zamanda bildirir ki, həmin mənzil ona xidməti mənzil kimi verilmiş, bu səbəbdən də iddiaçının həmin mənzilə heç bir hüququ yoxdur.
43. Məhkəmə cavabdehin şikayətinin həmin dəlili üzrə bildirir ki, Mənzil Məcəlləsinin 68.3-cü maddəsinin tələbinə görə sosial kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilməlidir. 01 iyun 2010-cu il tarixli kirayə müqaviləsinın 1.2-ci bəndində kirayəçinin ailə üzvləri kimi iddiaçının özü ilə yanaşı, cavabdeh E.Süleymanova və onların iki azyaşlı uşaqları da göstərilmişdir.
44. Belə olan halda isə məlum olur ki, cavabdehin şikayətinin həmin dəlili də əsassızdır. Çünki Mənzil Məcəlləsinin 68.2-ci maddəsinin tələbində sosial kirayə müqaviləsinə əsasən verilən mənzilə mübasibətdə kirayəçinin ailə üzvlərinin kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduqları təsbit edilmişdir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən də kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Demək ki, iddiaçının və onunla qalan və tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşaqlarının həmin mənzilə qanundan irəli gələn istifadə hüquqları mövcuddur.
45. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Belə olan halda müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Rayon məhkəməsi iddianı təmin etməklə mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir.
47. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
48. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh özünə aid edilməlidir.
50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin e-2(011)-661/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.