Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3606/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı ümumi yığıncağın qərarının və sair sənədlərin verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(005)-492/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı ümumi yığıncağın qərarının və sair sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsindəki ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzillə bağlı İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsi öhdəliyinin cavabdeh “Zirvə-MV" mənzil-tikinti kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Zirvə-MV“ MTK ilə İddiaçı arasında 16 fevral 2016-cı il tarixli mənzil tikintisi və satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "Zirvə-MV” MTK tərəfindən tikilən yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsində 119 kv.m sahəsi olan 42 nömrəli mənzil İddiaçı tərəfindən satın alınmış, "Zirvə-MV” MTK tərəfindən verilmiş 16 fevral 2016-cı il tarixli kassa mədaxil qəbzinə əsasən mənzilin dəyəri olan 178500 manat pul tam səkildə ödənilmiş və mənzilin dəyərinin tam ödənilməsi təsdiq edən 16 fevral 2016-cı il tarixli maliyyə arayışı "xxxx" MTK tərəfindən təqdim edilmişdir. Onun tərəfindən müqavilə öhdəliyi tam şəkildə icra olunsa da, "Zirvə-MV” MTK müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, mənzili ona təhvil vermək istəməmişdir. O "xxxx" MTK-ya qarşı həmin mənzillə bağlı iddiaçının sahibliyi və istifadəsinə dair cavabdeh MTK tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Eyni zamanda “Zirvə-MV" MTK ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 16 fevral 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, kassa mədaxil orderinin və maliyyə arayışının ləğv olunmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Hər iki qətnamədən "Zirvə-MV“ MTK tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmiş, həmin məhkəmənin 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən “Zirvə-MV" MTK tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflər arasında olan mübahisəyə məhkəmə müstəvisində hüquqi qiymət verilərək, onun haqlı tələbi məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Onun vəkili tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilərək, ünvan 2 ünvanında yerləşən “Zirvə-MV“ MTK-ya məxsus binanın istismara qəbul edilib-edilməməsi, istismara qəbul edilmişsə istismara qəbul aktının təsdiq edilmiş surətinin təqdim olunması xahiş olunmuş, sorğuya cavab olaraq bildirilmişdir ki, “Zirvə-MV“ MTK-ya məxsus həmin yaşayış binasının istismarına 18 iyun 2019-cu il tarixində 051 nömrəli icazə sənədi verilmişdir. Vəkil tərəfindən 18 may 2020-ci il tarixində “Zirvə-MV“ MTK-ya sorğu göndərilərək, qeyd edilən mənzilin ona satışına dair kooperativin ümumi yığıncağının protokolundan çıxarışın təsdiq edilmiş surətinin təqdim olunması xahiş olunmuş, lakin bu günədək həmin sorğuya hər hansı cavab verilməmişdir. 11 noyabr 2021-ci il tarixində “Zirvə-MV" MTK-ya xəbərdarlıq məktubu göndərilərək, mənzillə bağlı ona mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan sənədlərin 10 gün müddətində verilməsi xahiş olunmuş, lakin tələb olunan sənədlər təqdim olunmamış, ümumiyyətlə məktuba cavab belə verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(005)- 492/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsindəki ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilin İddiaçı ayrılmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi etibarsız əqddir, çünki həmin müqavilə əslində tərəflər arasında yaranmış digər münasibətləri tənzimləyir və alqı-satqıya hər hansı aidiyyəti yoxdur. Bu səbəbdən qəbul edilmiş qətnamənin icrası mümkün deyil. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir, lakin qeyd edildiyi kimi iddiaçı hər hansı pay ödəməmiş və üzvlüyə qəbul olunmamışdır, onun üzvlüyə qəbul olunmasına dair hər hansı qərar yoxdur. Birinci instansiya məhkəməsi həqiqətən iddiaçının Cavabdeh Mənzil Tikinti Kooperativinə üzv olub-olmamasını araşdırmamışdır. Bundan əlavə, məhkəmə eyni zamanda MTK ilə cavabdeh arasında olan müqavilənin podratçısifarişçi münasibətlərinə üyğun olub-olmamasını araşdırmamış, həmin müqavilənin alqısatqı münasibətlərini tənzimlədiyinə hüquqi qiymət verməmişdir. İş materiallarında olan və iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2(005)-440/2018 saylı qətnaməsinin surətindən görünür ki, məhkəmə İddiaçı mənzilə sahibliyinə və istifadəsinə Cavabdeh MTK tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsini qət etmişdir. Mülkiyyət hüququ sahiblik, istifadə və əmlak üzərində sərəncam vermək hüququ deməkdir, lakin sahiblik və istifadə hüququnun olması mülkiyyət hüququnun olması demək deyil. Odur ki, hesab edilir ki, hazırkı iş üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə cavabdehin və ya onun nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, onlara bildiriş göndərməmiş və onların iştirakı olmadan işə baxaraq qətnamə qəbul etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan kooperativ mənzil tikintisi və satışına dair 16 fevral 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh MTK ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsindəki ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzili İddiaçı təhvil verməyi, sonuncu isə həmin mənzilə görə 178500 manat pulu 31 dekabr 2016-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 16 fevral 2016-cı il tarixli 46 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsindəki ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilin dəyərini tam ödəmişdir. 16 fevral 2016-cı il tarixli Cavabdeh MTK tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-nın hesabına 178500 manat ödəniş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2(005)-440/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(005)-3184/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh MTK cavabdeh X1rşı müqavilənin etibarsız hesab edilməsi, maliyyə arayışının, kassa mədaxil orderinin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(103)-843/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh MTK-nın apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli 2(005)-440/2018 saylı və 12 dekabr 2018-cı il tarixli 2(005)-3184/2018 saylı qətnamələri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli 2(102)-6091/2019 saylı qərarından görünür ki, Cavabdeh MTK-nın kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(103)-843/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sorğuya verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, “Zirvə-MV“ MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 2 girişli 11 (+texniki) mərtəbəli, 1-ci mərtəbəsi qeyri-yaşayış olan, 3 səviyyə yarımzirzəmili yaşayış binasının istismarına 18 iyun 2019-cu il tarixində 051 nömrəli icazə sənədi verilmişdir. İş materiallarında olan çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına 18 iyun 2018-cu il tarixli 051 nömrəli İcazənin surətindən görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, 18 iyun 2019-cu il tarixindən “Zirvə-MV“ MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 2 girişli 11 (+texniki) mərtəbəli 1-ci mərtəbəsi qeyri-yaşayış olan 3 səviyyə yarımzirzəmili yaşayış binasının istismarına icazə verilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh MTK-ya ünvanladığı xəbərdarlıq məktubunun surətindən görünür ki, ünvan 3 ünvanında olan yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsində 119 kv.m sahəsi olan 42 nömrəli mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plansxem və s.) 10 gün müddətində verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9 fevral 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə və həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, İddiaçı ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsindəki ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilin dəyərini Cavabdeh MTK-ya tam ödəyərək mənzil üzərində mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ əldə etmişdir. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı tələb olunduğundan, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin etibarsız əqd olması, İddiaçı kooperativ üzvü olmaması, tərəflər arasında alqı-satqı münasibətlərinin olmaması barədə apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız və formal mülahizələr kimi qiymətləndirir. Kollegiya qeyd edir ki, mənzillə bağlı tərəflər arasında bağlanmış müqavilənin etibarlı əqd olması qüvvədə olan məhkəmə qərarları ilə təsdiq olunmuş, mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınmış, həmin mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur. Cavabdeh MTK-nın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, cavabdeh MTK-nın nümayəndəsi məhkəmənin hazırlıq iclasında iştirak etmiş, məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(005)-492/2022-008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(005)- 492/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3606/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3606/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver