Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3607/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı2 və cavabdeh İddiaçı8 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 cavabdehlər İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 qarşı (üçüncü şəxs: Cavabdeh, X1) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh və ondan ayrılan əmlaka sahiblik edən İddiaçı7 və İddiaçı3 aid olan təsərrüfat cəmiyyətinin üzərinə onların birgə iştirakı ilə qanunvericiliyə müvafiq bölünmə balansının hazırlanıb Cavabdeh-nin qanunvericilikdə müəyyən edilmiş müddətdə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyi qoyulması, səhm əvəzində əmlakın götürülməsi zamanı bölünmənin təsirinə düşməyən borc öhdəliklərinə görə Cavabdeh-yə dəyən zərər 639 622,44 manat müəyyən edilməklə, bu məbləğin yarısı, yəni 319 811, 22 manat hissəsinin İddiaçı6, İddiaçı5, İddiaçı11, İddiaçı8, İddiaçı9 və İddiaçı10 onların hər biri arasında 53 301,87 manat olmaqla, İddiaçı7 2 117,15 manat, İddiaçı3 317 694, 07 manatın tutularaq Cavabdeh-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli, iş №2(008)-2/21) iddia rədd edilmişdir. İddiaçılar qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh-nin səhmdarlarının 6 avqust 2010-cu il tarixində keçirilmiş ümumi yığıncağının qərarına əsasən, səhmdarlar İddiaçı7 və İddiaçı3 məxsus olan müvafiq olaraq 25 və 37720 ədəd adi adlı sənədsiz səhmlərin müqabilində ünvan 1 ünvanda yerləşən əmlak kompleksi (istifadəsində olan 170861,9 m2 torpaq sahəsi ilə birlikdə) pay olaraq ayrılmışdır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həmin qərara əsasən səhmdar cəmiyyətinin 37745 ədəd səhminin dövriyyədən çıxarılmasını qeydə almış və ASC-nin İdarə Heyəti sədri İddiaçı5 tərəfindən səhmdarlara bu barədə bildiriş göndərilmişdir. Cavabdeh-nin dövriyyədə olan səhmləri müvafiq sayda azaldılaraq 213 751 ədədə enmişdir. 10 yanvar 2011-ci il tarixli təhvil-təslim aktına və ona əlavələrə əsasən əsas vəsaitlər, material ehtiyyatları və az qiymətli tez köhnələn əşyaların bölgüsü aparılaraq, İddiaçı7 və İddiaçı3 verilmişdir. Tərəflər arasında bölünmə balansı tərtib olunmamışdır. Eləcə də, tərəflər əmlakın bölünməsi zamanı debitor və kreditor borcları üzrə öhdəlikləri nəzərə almamışlar. Belə ki, vergi orqanına təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinə Əlavə N° 1”dən görünür ki, 2010-cu il üzrə vergi dövrünə, yəni əmlakın təhvil-təsliminə qədər Cavabdeh-nin debitor borcları 192 575,94 manat, kreditor borcları isə 136 224 manat bank kreditləri olmaqla, toplam 361 805,49 manat olmuşdur. Dolayısı ilə, əmlak payı alan səhmdarlar əsas vəsaitləri əldə etmiş, lakin bu əmlakların istifadəsi ilə cəmiyyətin yaratdığı öhdəliklərin icrası üzrə pay bölgüsündə iştirak etməmişlər. 2010-cu il üçün “Mənfəət vergisinin bəyannaməsinə Əlavə N° 1” dən o da görünür ki, əslində təhvil-təslim aktı imzalananadək səhmdarlar əmlak payını götürmüşlər. Belə ki, 2010-cu il ərzində vergi uçotunun məqsədləri üçün aktivlərin 2 020 565,86 manatlıq hissəsi, o cümlədən əsas vəsaitlərdən binalar, tikililər və qurğular - 759 245,47 manat, maşınlar, avadanlıqlar və hesablama texnikası - 607 688,48 manat və nəqliyyat vasitələr - 624 071,82 manat ləğv edilmişdir. Əslində bu əmlaklar səhmdarlar K. Yadigarova və V. Rzayevaya verilmişdir və iddianın əksini sübut edən və ona dəlalət edən amillər mövcud olmamışdır. Səhmdarlara cavabdehlərdən İddiaçı7 və V. Rzayevanın 75 490 manatlıq əmlakı götürdükləri bildirilsə də, əslində faktiki olaraq 2 020 565,86 manat dəyərində əmlak götürülmüşdür. Cəmiyyətdən ayrılan səhm sahiblərinə verilən əmlakın dəyəri onlara məxsus olan səhmlərin nominal dəyəri həcmində, yəni 75 490 manat təşkil edir. Bu isə rəsmi orqanlara təqdim olunan sənədlərə adekvat deyil. Vergi bəyannaməsinə əlavə ilə digər sənədlər arasındakı fərq 1 milyon 945 min 75 manat 86 qəpik təşkil edir. Yəni, İddiaçı7 və İddiaçı3 götürməli olduqlarından 1 milyon 945 min 75 manat 86 qəpik artıq dəyərdə əmlak əldə etmişlər., İddiaçı7 və İddiaçı3 Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən əmlakı götürməklə, cəmiyyətin əsas vəsaitlərinin elan edildiyi kimi 15 faizinə deyil, 81,63 faizinə sahib olmuşlar. Ayrılma üzrə yaradılmış komissiyanın sədri, həmin tarixə ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İddiaçı5 səhmdarların ümumi yığıncağına təqdim etdiyi yazılı arayışa əsasən tərəflər arasında yalnız əmlakın bölgüsü müəyyən edilmiş, səhmdar cəmiyyətinin borc öhdəlikləri ayrılma zamanı tərəflərin iştirak payı kimi müəyyən olunmamışdır. Səhm qarşılığında əmlakın İddiaçı7 və İddiaçı3 verilməsi üzrə yaradılan Komissiyaya İH sədri İddiaçı5, cəmiyyətin baş mühasibi Məhərrəm Məmmədov (bu dövrdə vəfat etmişdir və buna görə cavabdeh kimi cəlb olunmur), cəmiyyətin hüquq məsləhətçisi İddiaçı8, səhmdarlar İddiaçı11, İddiaçı9 və İddiaçı10, eləcə də əmlak tələbi üzrə ayrılma tələb edən şəxslər İddiaçı7 və İddiaçı3 daxil olmuşlar. Onların hər biri mühasibatlıq sənədləri sayılan müvafiq sənədləri, yəni təhvil-təslim aktını və ona əlavələri imzalamışlar. Cavabdeh-nin iki səhmdarına səhmdar cəmiyyətinin əmlakları verilərkən onun adından çıxış edən şəxslər səhmdar cəmiyyətinin mənafeləri üçün vicdanla və ağılla hərəkət etməmiş, nəticədə hüquqi şəxs ağır maddi duruma düşmüşdür. Belə ki, Maştağa sahəsindəki əmlak kompleksi ayrıldıqdan sonra kreditor borclarını ödəməkdə çətinlik çəkən səhmdar cəmiyyətin Bakı şəhəri, Zığ şosesi, 18 nömrəli ünvanında yerləşən inzibati binası vergi borcları və digər kreditorlara olan borcların ödənilməsi üçün satılmışdır. Belə ki, hələ 2007ci ilin yanvar ayının 9-na olan tarixə verilmiş iqtisadi mübahisələrə dair məhkəmə qərardadı üzrə İcra vərəqəsinə əsasən, Cavabdeh-nin “Qara- Qaya” Assosiasiyasına olan 150042,23 manat borcuna görə cəmiyyətin əmlaklarına, o cümlədən Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 18 ünvanında yerləşən İxtisaslaşdırılmış Xüsusi Tikinti Quraşdırma İdarəsinin üzərinə həbs quyulmuşdu. Həmin əmlakların açıq hərracda satılması və əldə olunacaq vəsaitin iddiaçıya - “Qara-Qaya” Assosiasiyasına ödənilməsi qət edilmişdi. Bundan başqa, 2007-2010-ci illəri əhatə edən dövrə aid onlarla məhkəmə icra sənədləri mövcud olmuşdur. Bunu Xətai Rayon Məhkəməsinin 08 avqust 2012-ci il tarixli Qərardadı da təsdiq edir. Həmin qərardada əsasən, ASC-nin Bakı şəhəri, Zığ şosesi, 18 nömrəli ünvanda yerləşən əmlak kompleksinə həbs qoyulmuşdur. Bu və digər məhkəmə qərarlarının icrası ilə əlaqədar həmin əmlak kompleksi 2013-cü ildə hərrac vasitəsilə satılmış və daxil olan pul vəsaiti Xətai rayon icra şöbəsi tərəfindən 35 sayda ödəniş tapşırıqlarının icrasına yönəldilmişdir. Bundan əlavə, cəmiyyətə məxsus olan demək olar ki, bütün maşın və mexanizmlər hərrac vasitəsilə satılaraq, kreditor bocların ödənilməsinə yönəldilmişdir. Hazırda ASC-nin təkcə "xxxx" ASC-yə olan borclarının məbləği 327 487,67 manatdır. Cavabdeh 2003-cü ildə ARDNŞ-nin “Xəzərdənizneftsosialtikinti” trestinin bazasında yaradılıb. Trestin rəisi İddiaçı6 özəlləşdirmə komissiyasının sədri olmuşdur. Özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinin səhmlərinin 26,99%-i və ya 67 900 ədədi onun həyat yoldaşı İddiaçı3 adına rəsmiləşdirilmişdir. Bundan başqa, Maştağa sahəsindəki əmlak müqabilində İddiaçı3 səhmlərin cəmi 15 faizini, yəni 37 720 ədədini təhvil vermiş, qalan səhmlər isə Rzayevlərin qızı X2 adına ötürülmüşdür. İddiaçı6 ASC-nin MŞ sədri səlahiyyətinə 2011-ci il 30 dekabr tarixli səhmdarların ümumi yığıncağında MŞnin yeni tərkibi seçilməklə xitam verilmişdir. Hazırda İddiaçı6 mülkiyyətində Cavabdeh-nin 20 səhmi vardır. Onun qızı Ülviyənin adında isə 30180 ədəd səhm vardır (səsli səhmlərin 14,1192 faizi). Yuxarıda qeyd olunduğu kimi, 2010-cu il 6 avqust tarixli ümumi yığıncağın qərarı dövlət qeydiyyat orqanına təqdim olunmadığı üçün İddiaçı6 hələ də cəmiyyətin MŞ sədri sayilır. Hazırkı iddia ilə iddiaçılar idarəetmə orqanlarında təmsil olunan İddiaçı6 və İddiaçı5 vəzifələrini pozduqlarına görə pozuntu nəticəsində Cavabdeh-yə dəymiş zərərin əvəzinin hüquqi şəxsə ödənilməsini tələb edirlər. Bölünmə balansının tərtib olunmaması və təhvil aktında bu barədə qeydlərin olmaması iddia tərəfinə Xətai rayon məhkəməsi tərəfindən baxılan 2(011)- 1932/2013 nömrəli işin məhkəmə araşdırması zamanı əldə olunan sənədlər nəticəsində məlum olmuşdur. Belə ki, səhmdarların qeyd olunan ümumi yığıncağında təhvil-təslim akti təqdim olunmamış, eləcə də bölünmə balansının tərtib olunub-olunmadığı barədə məlumat verilməmiş, belə bir balans ümumi yığıncağa nə həmin gün, nə də sonrakı dövrdə təqdim olunmuşdur. İş üzrə iddiaçılar həmçinin hesab edirlər ki, 6 avqust 2010-cu il tarixindən sonra keçən müddətdə Cavabdeh-nin debitor borclarının təqdim olunması, eləcə də kreditor borcları, o cümlədən bank kreditləri üzrə borclar (əsac borc və ona hesablanmış faizlər və dəbbə pulu), vergi borcları üzrə ödəmələrin ümumi məbləği müəyyən olunmaqla, cəmiyyətdən ayrılan tərəfin, yəni İddiaçı7 və İddiaçı3 pul məbləği ilə ifadə olunan maddi məsuliyyət həddi təyin olunmalıdır. İddiaçılar hesab edirlər ki, zərərin ödənilməsi məsələsində məhkəmənin ədalət prinsipi nəzərə alınmalı və vurulan zərərdə cavabdehlərin iştirakı adekvat qiymətləndirilməlidir. Cavabdehlər İddiaçı8, İddiaçı11 və İddiaçı9 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişlər ki, 2003-cü ildə ASC yaranan zaman onun nizamnamə kapitalı ********* AZN (indiki 502992 manat) müəyyən edilmişdir. 2003-cü ildən bəri həmin əmlakların amortizasiyasını, həmçinin ASC-nin Bakı şəhəri, Xətai rayonu, Əbilov 18-də yerləşən inzibati binasının və 200-yə yaxın nəqliyyat vasitəsinin məhkəmə qərarlarına əsasən hərracda satıldığını nəzərə alsaq, ASC-yə məxsus əmlakın hazırkı qiyməti 502992 manatdan da xeyli az olar. İddiaçıların Cavabdeh-yə dəymiş zərərin əvəzinin hüquqi şəxsə ödəniləməsini tələb etməsi tamamilə qanunsuzdur. Həmin şəxslərin (iddiaçıların) “Xətai Tikinti Mexanizasiya" ASC-nin adından çıxış etmək səlahiyyəti yoxdur. İddiaçıların birlikdə XTM ASC-dəki səhmləri 2,2428 % təşkil edir. Mülki Məcəllənin 106-1.3-cü maddəsində səhmdarların hüquqları sırasında səhmdarın Səhmdar Cəmiyyətə dəymiş zərərin əvəzinin tələb etməsi nəzərdə tutulmayıb. Qanunvericilikdə, o cümlədən Mülki Məcəllədə, həmçinin ASC-nin nizamnaməsində səhmdara səhm müqabilində əmlak payı verilməklə "Ayrılma" hüququnun verilməməsinə gəlincə, heç bir qanunvericilikdə səhmdara səhm müqabilində əmlak payı verilməsini qadağan edən bir norma yoxdur. Cəmiyyətin nizamnamə kapitalı ********* manat (indiki 502992 manat) müəyyən edilmiş, nizamnamə kapitalına uyğun olaraq hər birinin nominal dəyəri 10000 manat hazırkı məzənnə ilə 2 manat) olmaqla 251496 ədəd (iki yüz əlli bir min dörd yüz doxsan altı) sənədsiz adlı səhm buraxılmışdır. Həmin səhmlərdən 37745 ədədi (otuz yeddi min yeddi yüz qırx beş) İddiaçı7 (25 ədəd) və İddiaçı3 37720 ədəd) məxsus olmuşdur. Göstərilən şəxslər 12 aprel 2009-cu ildə Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət edərək onlara məxsus səhmlərin müqabilində Səhmdar Cəmiyyətin Maştağa sahəsində yerləşən əmlakının və ərazidən istifadə hüququnun onlara verilməsi və bu məsələnin ümumi yığıncağı gündəliyinə daxil edilərək müvafiq qərar qəbul olunmasını xahiş etmişlər. 10 yanvar 2011-ci ildə təhvil-təslim aktı tərtib olunmuş, Səhmdar Cəmiyyətin Maştağa sahəsində yerləşən əmlakının və ərazidən istifadə hüququnun İddiaçı7 və İddiaçı3 onlara verilməsi Səhmdar Cəmiyyətə aid olan hissədə başa çatmış və dəyişiklik nizamnamədə və digər sənədlərdə rəsmiləşdirilmişdir. 22 avqust 2010-cu ildə Xalq qəzetində Cavabdeh-yə məxsus səhmlərin bir qisminin dəyərinin əmlakla ödənilməsi ilə bağlı səhmdar cəmiyyətin nizamnamə kapitalının 75,49 min manat azaldılması barədə elan verilmişdir. 28 sentyabr 2010-cu il tarixli qərarı ilə Cavabdeh-nin 37745 adi adlı sənədsiz səhmlərinin dövriyyədən çıxarılması rəsmiləşdirilmişdir. Milli Depozit Mərkəzi tərəfindən Cavabdeh-nin 37745 adi adlı adsız qiymətli kağızlarının ləğv edilməsinə dair 04 noyabr 2010-cu il tarixli AKT tərtib edilmişdir. Göstərilənlərlə əlaqədar Cavabdeh-nin Nizamnaməsində 28.12.2010-cu ildə müvafiq dəyişiklik edilmişdir. Həmçinin İddiaçı2 2013-cü ildə Cavabdeh-yə qarşı "əmlak və torpaq sahəsinin adi adlı sənədsiz səhmdəki paylara uyğun olaraq ayrılması haqqında səhmdarların ümumi yığıncağının 06 avqust 2010-cu il tarixli qərarının etibarsız hesab edilməsi, dəymiş maddi ziyana görə 15753 manat pul tələbinə dair" iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə daha sonra isə apellyasiya instansiyasına və kassasiya instansiyasına müraciət etmişdir. Xətai rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəmsinin 27 noyabr 2013-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2014-cü il tarixli qərarı ilə iddia tamamilə əsassız olduğu üçün təmin edilməmişdir. Bütün məhkəmə instansiyaları əmlak və torpaq sahəsinin adi adlı sənədsiz səhmdəki paylara uyğun olaraq ayrılması prosesinin qanunauyğun keçirildiyini və bu prosesin həyata keçirilməsi nəticəsində İddiaçı2 heç bir ziyan dəymədiyini qət etmişlər. Belə olan halda onların adlarına çıxarışın verilməsi iddiaçının heç bir hüququnu pozmur və həmin şəxsin bu proseslə əlaqədar məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququ yoxdur. İş üzrə məhkəmə icraatı başa çatdıqdan sonra həmin əmlak kompleksinin üzərində 24 aprel 2014-cü il tarixdə İddiaçı7 (0,07 %) və İddiaçı3 (99,93 %) mülkiyyət hüququ tanınaraq rəsmiləşdirilmişdir. Yəni, bütün proses mövcud qaununvericiliyin tələblərinə tamamilə uyğun həyata keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsində irəli sürülən eyni məzmunlu dəlillərlə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, cavabdehlərin 8 ildən sonra iddiaya etiraz edərək iddiaçıların Cəmiyyətin nizamnamə kapitalının 5 faizinə malik olmadıqlarını bildirmələri əsassızdır. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı tərtib edilmiş əsas sənədlər və digər sübutlar ilk növbədə müəssisədə, eyni zamanda müəssisənin rəhbərliyində olmalıdır. Belə olan halda, qanunvericilik tərəflərdən birinin sübutları müstəqil şəkildə əldə etmək imkanının olmaması halında həmin sübutları məhkəmə qaydasında tələb etmək hüququnu tanıyır. İddiaçı2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh İddiaçı8 apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Cavabdeh səhmdarlarının ümumi yığıncağının 06 avqust 2010-cu il tarixli protokol qərarı ilə Xətai Tikinti ASC-nin Maştağa sahəsində yerləşən və müvafiq Komissiyanın arayışında göstərilmiş ümumi məbləği 75490.0 manat olan əmlak və onun yerləşdiyi Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanındakı 17861.9 kv.m torpaq sahəsi səhmdar İddiaçı7 dövlət qeydiyyat nömrəsi DP00171616 olan 25 adlı sənədsiz səhiminin və İddiaçı3 dövlət qeydiyyat nömrəli DP00181914 olan 37720 adlı sənədsiz səhiminin payı olaraq onlara ayrılmışdır. Cavabdeh-nin Nizamnamə kapitalının miqdarı 427502.00 manatdır. İddiaçılardan İddiaçı4 Çaylı oğlunun 1264 ədəd, İddiaçı1 2650 ədəd, İddiaçı2 Selaydinoviçin 560 ədəd qiymətli kağızları vardır və həmin qiymətli kağızlar öhdəliklər ilə yüklü edilməmişdir. İddiaçıların tələbi bölünmə balansının hazırlanıb Cavabdeh-nin səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyi qoyulması, səhm əvəzində əmlakın götürülməsi zamanı bölünmənin təsirinə düşməyən borc öhdəliklərinə görə Cavabdeh-yə dəyən zərər 639 622,44 manat müəyyən edilməklə, bu məbləğin yarısının, yəni 319 811, 22 manat hissəsinin İddiaçı6, İddiaçı5, İddiaçı11, İddiaçı8, İddiaçı9 və İddiaçı10 onların hər biri arasında 53 301,87 manat olmaqla, İddiaçı7 2 117,15 manat, İddiaçı3 317 694, 07 manatın tutularaq Cavabdeh-yə ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 49, 55.2, 57, 58, 59, 107-ci maddələrinə istinad edərək iddia tələbini əsassız saymış və rədd etmişdir. Məhkəmənin qənaətinə görə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişlər. Məhkəmə müəyyən etmişdir ki, iddiaçılardan İddiaçı2 ayrı icraatda Cavabdeh-yə və qeyrilərinə qarşı dəymiş zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia qaldırmış, lakin həmin iddia Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmənin qənaətinə görə iddiaçılar tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (maddə 49.2). Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır (maddə 55). Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir (maddə 56.4). Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur (maddə 57). Hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar (maddə 58.1). Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər (maddə 99.1). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsası kimi istinad olunan hallarla eyni məzmunlu olmaqla həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün və müfəssəl hüquqi qiymət verilmişdir. Apellyasiya şikayətinin digər dəlillərinə, yəni işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. kimi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin halları tam, obyektiv, hərtərəfli araşdırılmış, işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş, iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apellyatorlar öz tələblərini və eləcə də apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3607/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3607/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver