Məhkəmə qərarları › İş №2(103)-3608/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3608/2021

16.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3608/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və işə bərpa tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 dekabr 2020-ci il il tarixli qətnamədən iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, cavabdeh Məktəbin nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Məktəb arasında bağlanmış əmək müqavilələrinin etibarsız edilməsi və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 23.09.2015-ci il tarixdən 15.09.2020-ci il tarixə kimi cavabdeh Məktəbdə müxtəlif vəzifələrdə işləmişdir. Məktəbin rəhbərliyi işin daimi xarakterə malik olduğunu qabaqcadan bilərək, iddiaçının həmin məktəbdə 3 il işləməsinə baxmayaraq növbəti illər üçün onunla bir illik müqavilələr bağlamışdır. 15.09.2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarmasını əsas götürərək Məktəb rəhbərliyi iddiaçını işdən əsassız olaraq azad etmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, onunla Məktəb arasında bağlanmış əmək müqavilələri, onun hüquqlarını pozduğu üçün etibarsız hesab edilməli və o, işə bərpa edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.12.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə şikayətinin məzmununa uyğun izahat verdi. Cavabdeh Məktəbin nümayəndəsi apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işəgötürən olan cavabdeh Məktəb ilə işçi olan iddiaçı arasında 22.09.2015ci il tarixdə bağlanmış “Əmək müqaviləsindən” görünür ki, iddiaçı 22.09.2015-ci il tarixdən 22.09.2016-cı il tarixədək 1 il müddətinə Məktəbin istehsalat təlim ustası vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdeh Məktəbə ünvanlanmış 14.09.2018-ci tarixli ərizədən görünür ki, iddiaçı, onun Məktəbinin istehsalat təlim ustası vəzifəsindən azad olunaraq, təsərrüfat müdiri vəzifəsinə təyin edilməsini Məktəbin rəhbərliyindən xahiş etmişdir. Məktəb ilə iddiaçı arasında 17.09.2018-ci il tarixdə bağlanmış “Əmək müqaviləsindən” görünür ki, iddiaçı 15.09.2019-cu il tarixədək 1 il müddətinə Məktəbin təsərrüfat müdiri vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı 20.09.2018-ci il tarixli, xxxxxxx000207 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı, cavabdeh Məktəb tərəfindən 22.10.2015-ci il tarixdən müddətli (21.10.2018-ci il tarixədək) olaraq, vaxtamuzd, hər ay 152 manat əmək haqqı ödənilməklə, həmin məktəbin təsərrüfat müdiri vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 13.03.2018-ci il tarixli, xxxxxxx000202 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə Məktəb arasında bağlanmış əvvəlki əmək müqaviləsində olan “əmək haqqı hər ay 167 manat” ifadəsi “əmək haqqı hər ay 247 manat” ifadəsi ilə dəyişdirilmiş, iddiaçı, vaxtamuzd olaraq Məktəbə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdeh Məktəbə ünvanlanmış 16.09.2019-cu tarixli ərizədən görünür ki, iddiaçı 16.09.2019-cu il tarixdən Məktəbin təsərrüfat müdiri vəzifəsindən azad olunaraq, texnik vəzifəsinə keçirilməsini xahiş etmişdir. Məktəb ilə iddiaçı arasında 16.09.2019-cu il tarixdə bağlanmış “Əmək müqaviləsindən” görünür ki, iddiaçı, 16.09.2019-cu il tarixdən 15.09.2020-ci il tarixədək 1 il müddətinə Məktəbin (binanın istismarı üzrə) texniki vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 13.03.2020-ci il tarixli, xxxxxxx000214 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsində olan “əmək haqqı hər ay 282 manat” ifadəsi “əmək haqqı hər ay 314,46 manat” ifadəsi ilə dəyişdirilmiş, iddiaçı, vaxtamuzd olaraq Məktəbə texnik vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 15.09.2020-ci il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Məktəbin texniki vəzifəsində işləyən iddiaçı ilə 22.10.2015-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” 15.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə xitam verilmişdir. 15.09.2020-ci il tarixli 09.2019-08.2020-ci il tarixləri əhatə edən “Əmək haqqı hesablanması (son-haqq hesab) barədə cədvəldən” görünür ki, iddiaçıya son əmək haqqı 2020-ci ilin avqust ayında (282,00) manat olmaqla, cəmi 3.712,64 manat pul ödənilmişdir. İş materiallarında olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halları kimi müəyyən olunur ki, işəgötürən olan cavabdeh Məktəb ilə işçi olan iddiaçı arasında 16.09.2019-cu il tarixdə bağlanmış “Əmək müqaviləsinə” əsasən iddiaçı 16.09.2019-cu il tarixdən 15.09.2020-ci il tarixədək 1 il müddətinə Məktəbin (binanın istismarı üzrə) texniki vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının əmək müqaviləsinə 15.09.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə xitam verilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 43.1-ci maddəsinə görə, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə, əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilə bilər. Məcəllənin 70-ci maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Məcəllənin 73-cü maddəsinin İ hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Mülki Məcəllənin 390-cı maddəsinin mənasına görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (maddə 390.2.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (maddə 390.4.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5.). Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (maddə 390.6.). Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (maddə 390.7.). Hazırki iş üzrə tərəflər sərbəst surətdə əmək müqaviləsinin şərtləri ilə razılaşaraq müddətli əmək müqaviləsi bağlamışlar. İddiaçı həmin müqavilənin etibarlılığını mübahisələndirsə də, həmin müqavilənin etibarlı olmasını şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının dəlili əsaslı deyil. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh əmək müqaviləsinin müddətinin uzadılmasını arzu etməmiş, iddiaçı ilə əmək münasibətlərinin davam etdirməmiş və əmək müqaviləsinin müddətinin bitdiyi gün 15.09.2020-ci il tarixdə cavabdeh Məktəb onunla iddiaçı arasında olan əmək münasibətlərinə xitam vermişdir. Beləliklə də, apellyasiya araşdırmasının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 dekabr 2020-ci il il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar