Məhkəmə qərarları › İş №2(103)-3608/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3608/2023

09.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3608/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı (Əzimova) və Cavabdeh1 iştirakı ilə, iddiaçı Mirzəyeva (Əzimova) Rufanə Etibar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə, evə istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində yerləşən 4/44 №-li evə (bundan sonra – ev) köçürülsün, ona evdə yaşayan digər şəxslərlə bərabər evdən istifadə hüququ verilsin, evdən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçı azyaşlı uşaqları – xx.xx.2009-cu il təvəllüdlü Amil Mirzəyev və xx.xx.2012-ci il təvəllüdlü İsmayıl Mirzəyev ilə birlikdə evə köçürülsün, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Bundan əvvəl işə bir dəfə apellyasiya qaydasında baxılıb, Nizami RM-nin qətnaməsi mübahisələndirilən hissədə - evə köçürülmə hissəsində Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb, lakin Ali Məhkəmə həmin qətnaməni ləğv edib və mülki işi yeni apellyasiya baxışına göndərib. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh İddiaçı (Əzimova) isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı (Əzimova) ilə Cavabdeh2 2008-ci ildə faktiki ailə qurublar, xx.xx.2011-ci ildə nikah bağlayıblar. Onların 2 uşağı - xx.xx.2009-cu il təvəllüdlü Amil Mirzəyev və xx.xx.2012-ci il təvəllüdlü İsmayıl Mirzəyev doğulub. İddiaçı cavabdehlə ailə qurduqdan sonra – 2008-ci ildə evə köçüb, 13 il evdə yaşayıb, əri ilə münasibətləri pozulduğuna görə 2021-ci ildə evi tərk etməyə məcbur olub, daha sonra isə nikah pozulub. Cavabdeh1 Cavabdeh2 atasıdır. Ev qeydiyyatsız tikilidir. O, 2002-ci ilədək inşa edilib, Cavabdeh1 faktiki sahibliyində olub. İşin bu halı əvvəlki mübahisə üzrə məhkəmə qərarları ilə təsdiq olunur. Belə ki, evlə bağlı əvvəllər məhkəmə mübahisəsi olub, iddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı iddia verərək onun evdən çıxarılmsını tələb edib, Nizami RM-nin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməyib, bu qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb, həmin qətnamə isə Ali Məhkəmənin xx.xx.2002-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb. O cümlədən bu hal tərəflərin izahatları ilə də təsdiq olunur. Göründüyü kimi, iddiaçı evə köçərkən ev artıq mövcud olub və onun qayınatası Cavabdeh1 faktiki sahibliyində olub. İddiaçı evdə qayınatasının ailə üzvü kimi yaşamayıb, onunla ümumi ev təsərrüfatı aparmayıb. Cavabdeh1 iddiaya etiraz edir, iddiaçının evə köçürülməsinə razı olmadığını bildirir. Bundan əvvəl hazırkı iş üzrə apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamə kassasiya qaydasında ləğv edilərkən Ali Məhkəmə qeyd edib ki, iddiaçının 13 il ərzində evdə fasiləsiz yaşaması, evin cari təmirində və qorunub saxlanmasında iştirak etməsi, onun keçmiş qayınatasının faktiki sahibliyində olan evə köçürülməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə Mülki Məcəllənin 157.8, 159 və 164.1-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə - evə köçürülmə hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində, yəni iddiaçı Mirzəyeva (Əzimova) Rufanə Etibar qızının uşaqları ilə birlikdə Bakı şəhəri, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində yerləşən 4/44 №-li evə köçürülməsi hissəsində ləğv edilsin və evə köçürülmə barədə tələb təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar