Məhkəmə qərarları › İş №2(103)-3609/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3609/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3609/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair 2(005)-1316/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı Cavabdeh ilə 23 yanvar 2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlayaraq, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 44 saylı evin 6 saylı mənzilini 60.000 manata alıb. Həmin mənzilin üzərində alıcı İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 02 fevral 2018-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilib. Tərəflərin arasında bağlanmış 23 yanvar 2018-ci il tarixli alğı-satqı müqaviləsinin 11ci bəndində müəyyən olunan şərtə əsasən, satıcı Cavabdeh mənzili xx.xx.2018-ci ilədək alıcıya təhvil verməyi öhdəsinə götürüb. Lakin həmin müqavilə üzrə tərəflərin arasında mübahisələr yaranmış, Cavabdeh İddiaçı qarşı iddia qaldıraraq, aralarında bağlanmış alğı-satqı müqavilənin etibarsız hesab edilməsi, pulun ödənilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, Cavabdeh mənzildən çıxarılması, son kirayə haqqının və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)- 1914/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilk iddiası təmin edilməmiş, İddiaçı qarşılıqlı iddiası qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 44 saylı evin 6 saylı mənzilindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bundan başqa, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(005)- 578/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)-356/2021 saylı qərardadı ilə Cavabdeh apellyasiya sikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(005)- 578/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Cavabdeh mübahisəli mənzildən 03 dekabr 2021-ci il tarixdə çıxmış, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun 08 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(005)-1914/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, evin ona təhvil verilmədiyi müddət ərzində əldən çıxmış faydanın əvəzi kimi 15200 manat pulun və iddia ərizəsi verilərkən ödənilmiş 135 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı 23 yanvar 2018-ci il tarixdə alğı-satqı müqaviləsi bağlayarkən cavabdehə bildirmişdir ki, mənzili almaqda məqsədi mənzili kirayəyə verib pul qazanmaqdır. Müqaviləyə əsasən cavabdeh 23 aprel 2018-ci il tarixədək mənzili iddiaçıya təhvil verməli idi. Həmin müddət başa çatdıqdan sonra cavabdeh özü həmin evdə kirayədə qalıb kirayə pulunu ödəyəcəyini bildirmiş, iki ay ərzində kirayə haqqını ayda 300 manat olmaqla ödəmişdir. Bundan sonra münasibətləri korlanmış, cavabdeh iddiaçıya kirayə pulu ödəməmiş və mənzili boşaltmaqdan imtina etmişdir. Cavabdeh ona qarşı mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, o isə Cavabdeh mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi üçün məhkəməyə qarşılıqlı iddia vermişdir. Son nəticədə Cavabdeh iddiası təmin olunmamış, onun iddiası təmin olunaraq Cavabdeh mənzildən çıxarılması qət olunmuşdur. Qətnamə icraya yönəldildikdən sonra 7 dekabr 2021-ci ildə mənzil ona təhvil verilmişdir. Bu müddət ərzində o xeyli maddi itkilərə məruz qalmış, 01 sentyabr 2018-ci ildən fayda götürəcəyinə ümid etdiyi gəlir əldən çıxmışdır. Əgər 01 sentyabr 2018ci ildən 07 dekabr 2021-ci il tarixədək hər ay həmin mənzili 400 manata kirayəyə versəydi, 38 ay ərzində 38x400=15200 manat məbləğində gəlir əldə edə bilərdi. Buna görə də 15200 manat pulun əldən çıxmış faydanın əvəzi kimi cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 2(005)- 1316/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə tərəflərin arasında olan əvvəlki məhkəmə mübahisələri üzrə məhkəmə aktlarının hazırda baxılan iddiaya münasibətdə preyudisiallığını araşdıraraq qeyd etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1914/2020 saylı qətnaməsində iddiaçının qarşılıqlı iddiada göstərdiyi tələbi son kirayə haqqının ödənildiyi 2018-ci ilin sentyabr ayından iş üzrə yekun məhkəmə aktı icraya yönəldiyi ana qədər aylıq 300 manat olmaqla kirayə haqqı hesablanaraq ödənilməsi tələbi vardır. Hazırda qaldırılmış “əldən çıxmış faydanın cavabdeh tərəfindən ödənilməsi” tələbində isə onun həmin mənzilin digər şəxslərə kirayə verə bilmədiyi üçün cavabdeh tərəfindən ona vurulmuş ziyan kimi əsaslandırmışdır. Bundan başqa məhkəmə cavabdehin iddia tələbinə etiraza münasibətdə qeyd edir ki, hazırki mübahisə üzrə tərəflərin subyektiv tərkibi eyni olsa da, mübahisə predmeti və əsası əvvəlki mübahisədən fərqlidir. Belə ki, 2(005)-1914/2020 saylı mülki iş üzrə qarşılıqlı iddiada iddiaçı cavabdeh tərəfindən ödənilməmiş kirayə borcunun ödənilməsini tələb etdiyi halda, hazırki tələbdə əldən çıxmış fayda üzrə dəymiş maddi ziyan tələbidir. Məhkəmə qeyd etmişdir ki, real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Məhkəmə Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, bu maddi hüquq normalarının imperativ şərtlərindən görünür ki, şəxsin ziyan tələbinin əsaslılığının yaranması üçün baş vermiş hadisə müvafiq şərtləri ödəməlidir. Yəni ilk növbədə şəxsin qanunla qorunan hüququnun pozulması halı baş verməlidir. Lakin həm iş materiallarından, həm də məhkəmə araşdırması zamanı iddia üzrə iddiaçının hər hansı hüququnun pozulmasını təsdiq edən hal aşkar olunmamışdır. Hətta iddiaçının Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı qətnaməsində iddiaçının qarşılıqlı iddiada göstərdiyi tələbi mübahisə predmeti olan mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması təsdiq olunur. Məhkəmə həmçinin qeyd etmişdir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, “restitutio in integrum” prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Hazırki iş üzrə iddiaçı əldən çıxmış faydanın cavabdehdən tutulmasını tələb etsə də, zərərin miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin təqsiri üzündən iddiaçının zərərə məruz qalması və faydadan məhrum olması sübut olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən göstərilən ziyan tələblərinin əsasını təşkil edən hal əldən çıxmış faydanın olmasıdır. Lakin iddiaçı tərəfindən tələbinin əsasını təşkil edən hallara, yəni digər şəxslərlə bağlanmış kirayə və ya icarə müqaviləsinin olması müəyyən edilməmişdir. Bu halda iddiaçıya iddia etdiyi ziyanın dəyməsini müəyyən etmək mümkünsüzdür. Belə olan halda iddia üzrə iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş ziyan tələbinin əsassız olması təsdiq olunur. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci, Mülki Prossesual Məcəlləsinin 76.2, 77.1 və 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması ilə əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6823/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1316/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının faydadan məhrum olunduğunu qeyd etdiyi 01 sentyabr 2018-ci ildən 07 dekabr 2021-ci il tarixədək olan dövrdə mənzilin alğı-satqı müqaviləsinin etibarlı olub-olmaması barədə məhkəmə mübahisələri getmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki Kollegiyasının 23 avqust 2021-ci il tarixli qərarı ilə mübahisə üzrə yekun məhkəmə qərarı qəbul olunaraq alğı-satqı müqaviləsinin etibarlı olması müəyyən edilmişdir. Bundan sonra məhkəmə aktı icraya yönəldilmiş, cavabdeh 03 dekabr 2021-ci ildə mənzili boşaldaraq məhkəmə aktını dərhal icra etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı ödənilməmiş kirayə haqqının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə tələb irəli sürmüş, iddia tələbi təmin olunmamışdır. Həmin işdə də iddiaçı cavabdehdən 2018-ci ilin sentyabr ayından məhkəmə aktı icraya yönəldiyi ana qədər aylıq 300 manat olmaqla kirayə haqqının ödənilməsini tələb etmişdir. Qeyd olunan işdə məhkəmələr bu qənaətə gəlmişlər ki, tərəflər arasında kirayə müqaviləsindən irəli gələn münasibətlər olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh təqsiri üzündən faydadan məhrum olmasını sübuta yetirə bilmədiyindən, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı (vəkili Vəkil1) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 6823/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1207/2023 saylı 28 mart 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6823/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlə bağlanmış alğı-satqı müqaviləsi üzrə cavabdehin mənzili təhvil vermək vəzifəsinin vaxtında icra edilməməsi səbəbindən ona dəyən zərərin əvəzinin ödənilməsini tələb edir. Bu baxımdan, cavabdehin müqavilə öhdəliyini icra etməməsi işin mübahisə olunmayan halıdır. Belə ki, cavabdeh alğı-satqı müqaviləsinin 11-ci bəndində iddiaçıya satdığı mənzili xx.xx.2018-ci ilədək təhvil verməyi öhdəsinə götürmüş, lakin bu öhdəliyi icra etməmiş, iddiaçının tələbi ilə Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)-1914/2020 saylı qətnaməsi ilə cavabdehin mənzildən çıxarılması qət edilmiş, cavabdeh həmin qətnamə əsasında mənzildən 03 dekabr 2021-ci il tarixdə çıxmışdır. Göründüyü kimi, cavabdeh öhdəliyini icra etməmişdir və iddiaçının bu səbəbdən məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı da iddia ərizəsində iddianın maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir. Lakin nəzərə alınmalıdır ki, bu norma zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Apelyasiya instansiyası məhkəməsinin qüvvədə saxladığı birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, həm iş materiallarından həm də məhkəmə araşdırması zamanı iddia üzrə iddiaçının hər hansı hüququnun pozulmasını təsdiq edən hal aşkar olunmamışdır. Halbuki, yuxarıda qeyd olunduğu kimi cavabdehin müqavilə öhdəliyini icra etməməsi, yəni alğı-satqı müqaviləsinin 11-ci bəndindəki şərtə əsasən mənzili xx.xx.2018-ci ilədək təhvil vermək öhdəliyini yerinə yetirməməsi işin mübahisə olunmayan halıdır. Cavabdehin mənzildən müqavilədə göstərilən tarixdən çıxmaması, iddiaçının mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırmışdır. İddiaçı bu məhdudlaşdırma nəticəsində vurulmuş ziyanın, həmin mənzili kirayəyə verib əldə edə biləcəyi gəlirdən ibarət olduğunu bildirir. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı qətnaməsində iddiaçının qarşılıqlı iddiada göstərdiyi tələbi mübahisə predmeti olan mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması təsdiq olunur. Halbuki, mənzil bir otaqlı idi və cavabdeh mənzildən çıxmağı vəd etdiyi tarixdən sonra da mənzildə yaşamaqda davam edirdi. Bu halda məhkəmənin «mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması» barədə gəlinən nəticə, işin hallarına uyğun sayıla bilməz. Habelə birinci instansiya məhkəməsinin «digər şəxslərlə bağlanmış kirayə və ya icarə müqaviləsinin olması müəyyən edilməmişdir» kimi əsaslandırma da ziddiyyətlidir. Çünki kirayə müqaviləsinin bağlanması üçün mənzil boş olmalı idi ki, kirayəçiyə real olaraq təhvil verilsin. Bu halda iddiaçıdan zərərə məruz qalmasını sübut etmək üçün cavabdehin faktiki yaşadığı və ona təhvil vermədiyi mənzilə dair üçüncü şəxslə bağlanmış kirayə müqaviləsinin tələb olunması əsassız mövqedir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “01 sentyabr 2018-ci ildən 07 dekabr 2021-ci il tarixədək olan dövrdə mənzilin alğı-satqı müqaviləsinin etibarlı olub-olmaması barədə məhkəmə mübahisələri getmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2021-ci il tarixli qərarı ilə mübahisə üzrə yekun məhkəmə qərarı qəbul olunaraq alğı-satqı müqaviləsinin etibarlı olması müəyyən edilmişdir. Bundan sonra məhkəmə aktı icraya yönəldilmiş, cavabdeh 03 dekabr 2021-ci ildə mənzili boşaldaraq məhkəmə aktını dərhal icra etmişdir”. Apelyasiya instansiyası məhkəməsinin bu dəlili iddianın rədd olunması üçün əsas deyildir. Çünki yuxarıda qeyd olunduğu kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Alğısatqı müqaviləsinin etibarsızlıq şərtləri əsasında mübahisələndirilməsi üzrə icraat, iddianın rədd olunması ilə nəticələnmişdir. Bu hal onu ehtiva edir ki, müqavilədə müəyyən olunan xx.xx.2018-ci tarixdən sonrakı bütün dövr ərzində cavabdehin mənzildən istifadə etməsinin hüquqi əsası olmamışdır. İşə baxmış məhkəmələr iddianın hüquqi əsasını yalnız iddiaçının əsaslandırdığı əldən çıxmış fayda kimi araşdırmış və iddiaçının mənzildən kirayə verməklə və başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması barədə nəticəyə gəlmişdir. Lakin qeyd olunmalıdır ki, müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla yanaşı balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bu cəhətdən müqavilə bağlanarkən satıcı (cavabdeh) mənzilin dəyərini alıb mənzili təhvil verməyi, alıcı (iddiaçı) isə mənzilin dəyərini ödəyib, şərtləşdirilmiş vaxtda mənzili əldə etməkdə ifadə olunan balanslaşdırılmış marağa nail olmalarını əsas götürmüşlər. İddiaçı bu müqaviləni bağlamaqda son nəticədə mənzildən istifadə edib ondan yararlanmaq niyyətində olub. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı). Bu baxımdan, verilmiş iddia tələbinin əsassız varlanmanın dispozisiya şərtlərindən başqa hansı normanın əhatəsinə düşdüyü araşdırılmalı idi. Apelyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Təkrar apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, məhkəmə qeyd edilmiş halları və qanunvericiliyin tələblərini əsas götürərək iddianı rədd etməklə düzgün və ədalətli nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsivəkili Vəkil1 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 676.0.3. kirayəyə verən, üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1, 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, cavabdeh alğı-satqı müqaviləsinin 11-ci bəndində iddiaçıya satdığı mənzili xx.xx.2018-ci ilədək təhvil verməyi öhdəsinə götürmüş, lakin bu öhdəliyi icra etməmiş, iddiaçının tələbi ilə Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)-1914/2020 saylı qətnaməsi ilə cavabdehin mənzildən çıxarılması qət edilmiş, cavabdeh həmin qətnamə əsasında mənzildən 03 dekabr 2021-ci il tarixdə çıxmışdır. Göründüyü kimi cavabdehin müqavilə öhdəliyini icra etməməsi işin mübahisə olunmayan halıdır. Hazırda iddiaçı cavabdehin müqavilə öhdəliyini icra etməməsi səbəbindən məruz qaldığı zərərin ödənilməsini tələb etmiş və tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir Belə ki, cavabdehin mənzildən müqavilədə göstərilən tarixdən çıxmaması, iddiaçının mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırmışdır. İddiaçı bu məhdudlaşdırma nəticəsində vurulmuş ziyanın, həmin mənzili kirayəyə verib əldə edə biləcəyi gəlirdən ibarət olduğunu bildirir. Kassasiya instansiyasının mövqyinə görə MM-nin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Həmçinin mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu hal onu ehtiva edir ki, müqavilədə müəyyən olunan xx.xx.2018-ci tarixdən sonrakı bütün dövr ərzində cavabdehin mənzildən istifadə etməsinin hüquqi əsası olmamışdır. Kassasiya instansiyası məhkəməsinin göstərişlərini rəhbər tutaraq və işin faktkii müəyyən edilmiş hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin – həm iş materiallarından həmdə məhkəmə araşdırması zamanı iddia üzrə iddiaçının hər hansı hüququnun pozulmasını təsdiq edən hal aşkar olunmamasına istinad etməsi düzgün olmamışdır. Belə ki, şəxsin ziyan tələbinin əsaslılığının yaranması üçün baş vermiş hadisə müvafiq şətləri ödəməlidir. Yəni ilk növbədə şəxsin qanunla qorunan hüququnun pozulması halı baş verməlidir. Hazırki işin mübahisə edilməyən hallarından göründüyü kimi cavabdehin müqavilə öhdəliyini lazımınca icra etməmiş və iddiaçı ilə bağlanmış müqavilənin 11-ci bəndində iddiaçıya satdığı mənzili xx.xx.2018-ci ilədək təhvil verməyi öhdəsinə götürsə də nəticə etibarı ilə iddiaçının tələbinə əsasən Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)-1914/2020 saylı qətnaməsi ilə cavabdehin mənzildən çıxarılması qət edilmişdir və cavabdeh həmin qətnamə əsasında mənzildən 03 dekabr 2021-ci il tarixdə çıxmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh razılaşdırılmış müddət ərzində mənzildən çıxmayaraq iddiaçının məhz mülkiyyətdən istifadə hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası qeyd olunan nəticəyə gələrkən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidməti tərəfindən verilmiş çıxarışa əsasən - Bakı şəhəri Nərimanov rayonu S.Rəhimov küçəsi ev 44, 6 saylı mənzilin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olmasını nəzərə almışdır. Məhkəmə kollegiyası iddia tələbinin dəlillərinə qiymət verərək bildirir ki, cavabdehin müəyyən edilmiş müddət ərzində mənzili tərk etməməsi iddiaçının həmin mənzildən istifadə hüquqlarını pozduğu kimi, iddiaçının həmin mənzili kirayəyə verərək real gəlir əldə etməsinə də maneə yaratmışdır. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin - iddiaçı tərəfindən tələbinin əsasını təşkil edən hallara, yəni digər şəxslərlə bağlanmış kirayə və ya icarə müqaviləsinin olması müəyyən edilməməsi barədə gəldiyi nəticə də düzgün olmamışdır. Çünki cavabdeh Bakı şəhəri Nərimanov rayonu S.Rəhimov küçəsi ev 44, 6 saylı mənzildən müəyyən edilmiş müddət ərzində çıxmamışdır və belə olan halda, yəni cavabdeh mənzildə olduğu vaxt həmin mənzilin kirayəyə verilməsi mümkünsüz olmuşdur. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına qiymət verməmişdir. Göründüyü kimi cavabdeh mübahisəli mənzili müəyyən edilmiş müddət ərzində tərk etsə idi iddiaçı həmin mənzili kirayəyə verməklə gəlir əldə bilərdi ki, bunu edə bilməmişdir. Bununla da iddiaçı əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı qətnaməsində iddiaçının qarşılıqlı iddiada göstərdiyi tələbi mübahisə predmeti olan mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması təsdiq olunmamasına dair qənaəti ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, mənzil bir otaqlı idi və cavabdeh mənzildən çıxmağı vəd etdiyi tarixdən sonra da mənzildə yaşamaqda davam edirdi. Bu halda məhkəmənin «mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması» barədə gəlinən nəticə, işin hallarına uyğun sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin «digər şəxslərlə bağlanmış kirayə və ya icarə müqaviləsinin olması müəyyən edilməmişdir» kimi əsaslandırmasını da ziddiyyətli sayır. Çünki kirayə müqaviləsinin bağlanması üçün mənzil boş olmalı idi ki, kirayəçiyə real olaraq təhvil verilsin. Bu halda iddiaçıdan zərərə məruz qalmasını sübut etmək üçün cavabdehin faktiki yaşadığı və ona təhvil vermədiyi mənzilə dair üçüncü şəxslə bağlanmış kirayə müqaviləsinin tələb olunması əsassız mövqedir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəydən görünür ki, 2018-ci il oktyabr, 2021-ci ilin noyabr ayınadək mənzilin aylar üzrə aylıq kirayə dəyəri 400-450 manat olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən əsaslı olmuşdur. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı 2018-ci ilin sentyabr ayından hər ay 300 manat olmaqla mənzili kirayəyə verməyi planlaşdırmış, cavabdeh isə mənzili 03 dekabr 2021-ci il tarixdə tərk etmişdir ki, bununla da qeyd olunan tarixlər aralığı, yəni 36 ay ərzində iddiaçı mənzildən ümid etdiyi gəliri əldə edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən dövrdə, yəni 36 ay ərzində hər ay 300 manat olmaqla ümumilikdə (36 ay X 300 manat=10800 manat) 10800 manat gəlirdən məhrum olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən cavabdehdən 10800 manat əldən çıxmış faydanın əvəzi olaraq iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən iddia tələbinin verilməsi üçün 135 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumundan 82 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 53 manat iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1316/2022 saylı mülki iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh əldən çıxmış fayda olmaqla 10800 (on min səkkiz yüz) manat vəsait tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumundan 82 manatı Cavabdeh dən tutularaq İddiaçı ödənilsin, qalan 53 manat iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar