Məhkəmə qərarları › İş №2(103)-361/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-361/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-361/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-446/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC ilə arasında xx.xx.2017-ci il tarixdə imzalanmış 0026 nömrəli müqaviləyə dəyişiklik edilərək Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan, 3 otaqlı, A.12.4 nömrəli mənzilin tam təmirli vəziyyətdə deyil, təmirsiz vəziyyətdə təhvil verilməsi və tam təmir üçün ödədiyi pul məbləğinin geri qaytarılması barədə tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə göndərilmiş “Bir tərəfdən, (ayrılıqda tərəf, birlikdə tərəflər adlandırılacaq) Cavabdeh MMC (bundan sonra «İcraçı» adlandırılacaq) Nizamnamə əsasında hərəkət edən X1 şəxsində, digər tərəfdən İddiaçı (ş/v: AZE № 0******* Nərimanov RPİ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmişdir) (bundan sonra «Sifarişçi» adlandırılacaq), tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 0026 saylı Müqaviləyə (bundan sonra “Müqavilə” adlandırılacaq) aşağıdakı dəyişikliklərin edilməsinə dair razılığa gələrək, bu Əlavə № 2-ni imzaladılar. Tərəflər razılaşırlar ki, “Müqavilədə”də nəzərdə tutulan mənzil “İcraçı” tərəfindən “Sifarişçi”yə “Müqavilə”nin 2.2.3-cü maddəsinin “b” bəndində nəzərdə tutulduğu kimi tam təmirli vəziyyətdə deyil, təmirsiz vəziyyətdə (mayakla suvaq olunmuş divarlar, giriş seyf qapısı və pəncərələrlə, kommunal xəttlərin (işıq, su, kanalizasiya, qaz, telefon, internet) mənzilə çəkilməsi, pilləkən qəfəsinin, tamburun təmir edilməsi və liftin quraşdırılması ilə) təhvil veriləcək. “Sifarişçi” “Müqavilə”nin predmetini təşkil edən mənzili “İcraçı”ya bu Əlavə № 2-nin 1-ci bəndində nəzərdə tutulan vəziyyətdə xx.xx.2021 -ci il tarixədək təhvil verməyi öhdəsinə götürür. xx.xx.2017-ci il tarixdə “Müqavilə” imzalanan zaman “İcraçı” tərəfindən “Sifarişçi”yə təmirsiz mənzilin 1m2 -nin qiymətinin 1050 (min əlli manat), tam təmirli mənzilin 1m2 -nin qiymətinin 1300 (min üç yüz) manat təklif edildiyi nəzərə alınaraq, tərəflər təmirsiz mənzilin 1m2 -nin qiyməti ilə, tam təmirli mənzilin 1m2 -nin qiyməti arasında 250 manat fərq olduğunu təsdiq edirlər. “Sifarişçi” tərəfindən “Müqavilə”yə əsasən tam təmirli mənzil üçün ödənilmiş 155870 manat məbləğin tərkibində 125895 manatı təmirsiz mənzilin dəyərini (qiymətini) təşkil etdiyindən və 29975 manatı mənzilin tam təmir edilməsinin dəyərini (qiymətini) təşkil etdiyindən, Sifarişçi mənzilin tam təmiri üçün ödənilmiş 29975 (iyirmi doqquz min doqquz yüz yetmiş beş) manat pulun bu Əlavə № 2 imzalandıqdan 10 (on) gün müddətində İcraçıya geri qaytarılmasını öhdəsinə götürür. Bu Əlavə № 2-nin 1-4-cü bəndləri nəzərə alınaraq “Müqavilə”yə “Müqavilə”nin 1.1-ci bəndindəki cədvəl iddia ərizəsində qeyd edilən formada redaksiyada verilməsi, “müqavilə”nin 2.2.3.-cü maddəsinin “b” bəndinin ləğv edilməsi, “Müqavilə”nin 3.1-ci maddəsi “Bu Müqavilə üzrə Sifarişçiyə veriləcək, ümumi sahəsi 119.9 kv.metr olan hazırki 3 (üç) otaqlı mənzilin dəyəri, mənzilin 1m2 -i üçün 1050 (min əlli) manat hesablanmaqla, cəmi 125895 (bir yüz iyirmi beş min səkkiz yüz doxsan beş) manat müəyyən edilmişdir.” formada redaksiyada verilməsi, “Müqavilə”nin 3.3-cü maddəsinin ləğv edilməsi, “Müqavilə”yə “Mənzil 31 dekabr 2021-ci il tarixinədək İcraçı tərəfindən Sifarişçiyə təhvil veriləcək.” redaksiyada 5.6-ci maddəsinin əlavə edilməsi, “Müqavilə”yə “İcraçı “Müqavilə”nin 1.1-ci bəndində nəzərdə tutulan mənzilin tikintisini bu “Müqavilə” ilə müəyyən edilmiş müddətdə (müqavilənin 5.6-cı maddəsi) başa çatdırmasa və mənzili Sifarişçiyə təhvil verməsə, İcraçı müqavilə qiymətinin 10 (on) % həcmində cərimə ödəyəcək.” formada redaksiyada 6.5-ci maddənin əlavə edilməsi” dəyişikliklər edilsin. “Sifarişçi” tərəfindən təmirsiz mənzilin dəyəri tam olaraq ödənildiyindən “İcraçı” bu Əlavə № 2 imzalandıqdan 10 (on) gün müddətində İcraçıya təmirsiz mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı təqdim etməyi öhdəsinə götürsün. Bu Əlavə № 2 eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə Azərbaycan dilində tərtib olunmuşdur, imzalandığı tarixdə qüvvəyə minir və tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılsın.” qeyd edilən mənzmunda müqaviləyə əlavə 2 layihəsinin təsdiq edilməsi və cavabdeh tərəfindən imzalanmış hesab edilməsi, mənzilin tam təmiri üçün ödədiyi 29975 manat pulun (maddi zərərin) cavabdehdən tutularaq ona qaytarılması, Adi mülki dövriyyə şəraitində (mənzil kirayəsindən) əldə edəcəyi 4644 (qırx altı min qırx dörd) manat gəlirin - əldən çıxmış faydanın, öhdəliyi zamanında icra etməmə və gecikməyə görə Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən hesablanmış 9594,69 (doqquz min beş yüz doxsan dörd manat, altmış doqquz qəpik) manat faizlərin, işlərin (xidmətlərin) yerinə yetirilməsinin ləngidilməsinə görə “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunu 9-cu maddəsinin 5-ci bəndinə əsasən 9594,69 (doqquz min beş yüz doxsan dörd manat, altmış doqquz qəpik) manat dəbbə pulunun, “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunu 12-ci maddəsinə əsasən 5000 (beş min) manat mənəvi zərərin və ödədiyi 266,43 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi və mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə imzalanmış 0026 nömrəli müqaviləyə əsasən cavabdeh (İcraçı) Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin, “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan, 3 otaqlı, A.12.4 nömrəli mənzili hər kv.metrinin qiyməti 1300 manat olmaqla, cəmi 155870 manat müqabilində tam təmirli şəkildə iddiaçıya (Sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin cavabdeh tərəfindən tam təmirli şəkildə təhvil veriləcəyi qeyd edilən müqavilənin 2.2.3-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuşdur. Müqavilə imzalanan zaman cavabdehin ona təqdim etdiyi bukletdə tam təmirli mənzillərin 3 üslubda- “modern”, “klassik” və “avanqard” olaraq görünüşləri verilmiş və həmin bukletdəki təmir tipinin seçim imkanının onda olduğu bildirilmişdir. xx.xx.2016-cı il tarixdə yuxarıda qeyd edilən mənzil üçün cavabdehə 1500 manat məbləğində beh ödənişi etmiş, müqavilə şərtlərinə müvafiq olaraq müqavilə imzalanan gün xx.xx.2017-ci il tarixdə ilkin ödəniş olaraq mənzilin dəyərinin 30%ini təşkil edən 45261 manat (+beh nəzərə alınmaqla) hissəsini ödəmiş və digər 70% hissəsini isə müqaviləyə Əlavə № 1 olaraq imzalanmış ödəmə qrafikinə əsasən 48 ay ərzində cavabdehə ödəmişdir. Sifarişçi olaraq müqaviləyə əsasən üzərinə düşən ödəmə öhdəliyini tam olaraq razılaşdırılmış müddətdə vaxtında yerinə yetirmiş və tam təmirli mənzilin dəyəri olan 155.870 manat məbləği zamanında cavabdehə ödəmiş, lakin, Cavabdeh MMC isə müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək hazırkı vaxtadək binanın “A” blokunun inşasını başa çatdırmamış və aldığı mənzili tam təmirli şəkildə zamanında ona təhvil verməmişdir. Aralarında bağlanmış xx.xx.2017-ci il tarixli 0026 nömrəli müqavilənin 5.2-ci maddəsinə əsasən aldığım mənzil Şifarişçi tərəfindən mənə qrafik üzrə ödənişlər başa çatdıqdan sonra 1 ay müddətində təhvil verilməlidir. Qrafik üzrə son ödənişi xx.xx.2021-ci il tarixdə başa çatdırdığından, həmin maddəyə görə 1 ay sonra, yəni xx.xx.2021-ci il tarixdə mənzil ona tam təmirli vəziyyətdə təhvil verilməli idi. Lakin, Cavabdeh MMC isə müqavilə üzrə öhdəliklərini zamanında və tam icra etməyərək, həmçinin müqavilənin 5.2-ci maddəsinin tələblərini kobud surətdə pozaraq mənzili ona nəinki tam təmirli vəziyyətdə təhvil verməmiş, heç təmirsiz vəziyyətdə də təhvil verməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Həmçinin, onunla müqavilə imzalanarkən Cavabdeh MMC özünün internet və facebook səhifələrində, həmçinin tikinti aparılan binanın qarşısında yerləşdirdiyi lövhədə həyata keçirdiyi My Home layihəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016- cı il tarixli 86 nömrəli qərarının icrası çərçivəsində həyata keçirildiyini, inşa edilən binanın Nizami rayonunun ilk pilot layihəsi olduğunu, binanın və bütün mənzilərin 2 il müddətində - 2018-ci ilin sonunda təhvil veriləcəyini yazsa da, binanın 2 blokunu (”B” və”C”) vaxtında 2 il müddətinə təhvil vermiş, binanın “A” blokunun tikintisini isə 5 il müddətində başa çatdırmayaraq tikintini yarımçıq qoymuş, verdiyi vədlərə əməl etməmiş, “A” blokunun sifarişçilərini, o cümlədən onu aldadaraq saytından və lövhədən binanın təhvil verilmə müddətini yığışdırmışdır. Halbuki, 2017-ci ildə binanın qarşısında cavabdehin quraşdırdığı elektron tabloda binanın həmin ilin sonunadək təhvil veriləcəyinə dair - “binanın təhvil verilməsinə “X” gün qaldı” sözləri ilə gündəlik reklam yerləşdirilərək istehlakçılar aldadılırdı. Eyni zamanda, müştəri (Sifarişçi) cəlb etmək üçün binanın “X8 Mənzil” konsepti ilə inşa ediləcəyi barədə yalan reklamlar verərək, guya binanın alt mərtəbəsində uşaq üçün oyun zalı, dərs otağı, fərdi restoran, ad günü otağı, playstation otağı, fərdi kinoteatr, fitnes otağı, mini otel otağı, karaoke otağı, musiqi otağı kimi 10 sahənin olacağını göstərmiş, lakin heç birini yaratmamışdır. Bununla da Cavabdeh MMC özünü tam etibarsız, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozan, sifarişçiləri (istehlakçıları) aldadan, onların pullarını alaraq müvafiq binanın inşasına deyil, başqa məqsədlərə xərcləyən şirkət olaraq tanıtmışdır. Belə olan halda, yəni 5 il müddətində hətta təmirsiz mənzilinin inşasını zamanında başa çatdırmadığı halda, Cavabdeh MMC tərəfindən mənzilimin tam təmir ediləcəyinə ümidini tamamilə itirmiş və onun daha 5 il təmir gözləməyə zamanı yoxdur. Mənzilin cavabdeh tərəfindən zamanında tam təmir edilmədiyi və “A” blokunun tikintisi başa çatdırılmayaraq təhvil verilmədiyindən mənzilinin təmiri hazırda (cavabdeh istəsə belə) mümkün olmadığı üçün, tam təmirə görə ödədiyi pulların Cavabdeh MMC-də qalmasının heç bir hüquqi və qanuni əsası yoxdur. Tam təmir üçün ödədiyi pulların məbləği aşağıdakı qaydada hesablanmışdır: “A” blokunda sahəsi 119,9 kv.m olan 3 otaqlı mənzili binanın özülü qazılarkən (kotlovan) aldığı zaman ona təmirsiz mənzillərin 1 kv.m-nin qiyməti 1050 manat, tam təmirli mənzillərin 1 kv.m-nin qiyməti isə 1300 manat təklif edilmişdir. Təmirsiz və tam təmirli mənzillər arasında qiymət fərqi 250 manat idi. Göründüyü kimi aldığı mənzilin tam təmiri üçün Cavabdeh MMC-yə 119,9 kv.m x 250 manat = 29975 manat pul ödəmişdir. Lakin 5 il müddətində heç təmirsiz mənzil də ona təhvil verilməmişdir. Beləliklə, o, müqavilə bağlanarkən və cavabdehə təmir xərclərini tam ödəyərkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Mülki Məcəllənin 421.-ci və 445.8-ci maddələrinə əsasən müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması və icranın gecikdirilməsi nəticəsində cavabdehin mənzilini təmir etməsinə marağı itdiyindən aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, 0026 nömrəli müqavilənin dəyişdirilməsinə, tam təmir üçün ödədiyi 29975 manat pulun ona geri qaytarılmasına dair təkliflə cavabdehə xx.xx.2021-ci il tarixdə poçtla rəsmi ərizə göndərmiş, həmin ərizə ilə qeyd edilən tələbləri özündə əks etdirən müqaviləyə dəyişiklik layihəsini 2 nüsxədə təqdim etmiş və 10 gün müddətində müqaviləyə dəyişiklik layihəsini imza və möhürlə təsdiq edərək bir nüsxəsinin və tam təmir üçün ödədiyi 29975 manat pulun ona qaytarılmasını, həmçinin təmirsiz mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının ona təqdim edilməsini xahiş etmişdir. Cavabdehlə onun arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 0026 nömrəli müqavilənin 11.4-cü maddəsinə əsasən tərəflər bir-birinə olan bildirişləri və digər sənədləri müqavilədə göstərilən ünvanlara sifarişli bildirişli məktubla göndərməlidirlər. Həmin maddəyə əsasən müqaviləyə dəyişiklik təklifini, tərəfindən imzalanmış dəyişiklik layihələri ilə birlikdə (3 komplekt, hər birində 2 nüsxə) 10 gün müddətində imzalanması üçün “Azeri Express” sürətli poçt daşıma xidməti (kuryer poçtu) vasitəsilə sifarişli bildirişli məktubla cavabdehin faktiki ünvanına (ofisin yerləşdiyi və hər ay ödəniş etdiyi), hüquqi ünvanına (Vergilər Nazirliyinin saytında qeyd edilən) və müqavilədə göstərilən ünvanına göndərmişdir. Onun tərəfindən cavabdehə tam təmirli mənzilin dəyəri olan 155.870 manat məbləğində pul ödənilməsini təsdiq edən 50 ədəd kassa mədaxil orderinin qəbzlərinə görə 1500 manat məbləğində beh ödənişini xx.xx.2016-cı il tarixdə, mənzilin dəyərinin 30%-ni təşkil edən 45261 manat xx.xx.2017-ci il tarixdə, digər 70% məbləğ isə müqaviləyə Əlavə № 1 olaraq imzalanmış ödəmə qrafikinə əsasən 48 ay ərzində hər ay ödəmişdir. xx.xx.2016-cı il tarixdə beh ödədiyi zaman cavabdeh tərəfindən ona təmirsiz mənzilin 1m2 -nin qiymətinin 1050 (min əlli) manat, tam təmirli mənzilin 1m2 - nin qiymətinin 1300 (min üç yüz) manat təklif edildiyi nəzərə alınaraq təmirsiz mənzilin 1m2 -nin qiyməti ilə, tam təmirli mənzilin 1m2 -nin qiyməti arasında 250 manat fərq olmuşdur. Beləliklə, Müqaviləyə əsasən tam təmirli mənzil üçün ödədiyi 155870 manat məbləğin tərkibində 125895 manatı təmirsiz mənzilin dəyərini (qiymətini) təşkil etmiş və 29975 manatı isə mənzilin tam təmir edilməsinin dəyərini (qiymətini) təşkil etmişdir. Smetaların tərtib edilməsi fəaliyyəti üzrə lisenziyası olan "xxxx" MMC tərəfindən mənzilinin sahəsi və planı üzrə, həmçinin cavabdehin reklam bukletlərində təqdim etdiyi tam təmirli mənzillərin görünüşləri nəzərə alınmaqla hazırlanmış təmir smetasına əsasən “My Home” yaşayış kompleksinin “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan, 3 otaqlı, A.12.4 nömrəli mənzilin tam təmir edilməsi üçün xx.xx.2021-ci il tarixə olan orta qiymətlərlə hazırda 38169, 10 manat ƏDVsiz, ƏDV daxil olmaqla isə 45039,53 manat vəsait tələb olunur. Lakin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.3-cü maddəsinə müvafiq olaraq hazırda mövcud olan qiymətlərlə 38169, 10 manat (ƏDV-siz) və ya 45039,53 manat (ƏDV ilə) təmir xərclərini tələb etmək hüququ olsa da, məqsədi təmir xərci olaraq cavabdehdən qanunvericiliyə uyğun olaraq hazırkı qiymətlərlə əlavə pul istəmək deyildir. Əsas tələbi (yanaşı tələblər də mövcuddur) cavabdehdən hər hansı indeksasiya nəzərə alınmadan təmir üçün real olaraq ödədiyi 29975 manat vəsaitin ona qaytarılması və mənzilin təmirsiz şəkildə ona təhvil verilməsinə dair cavabdehə təklif etdiyi müqaviləyə dəyişikliklərin edilməsindən ibarətdir. O, həmçinin qeyd etmişdir ki, cavabdehlə onun arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 0026 nömrəli müqavilənin 6.1-ci maddəsinə əsasən həmin müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə, mülki hüquqi məsuliyyət daşıyırlar. Cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi səbəbindən hüququ pozularaq ona zərər dəymiş və bunun nəticəsində mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) də məhrum olmuşdur. Belə ki, 2018-ci ilin sonunda əldə etməli olduğu tam təmirli mənzil üçün pul ödəməyinə baxmayaraq, tam təmirli mənzil əldə etməmiş, yaxın gələcəkdə mənzilinin təmir edilməsi ehtimalı yoxdur, mənzilinin ağlabatan müddətdə təmir edilməsi real deyildir və bununla əlaqədar onun mənzilinin təmir xərcləri ona dəyən real maddi zərərdir. Qeyd edilən mənzil barədə cavabdehlə müqavilə bağlamaqda əsas məqsədi həmin mənzili kirayəyə (icarəyə) verərək, kirayədən (icarədən) əldə edəcəyi gəlirlə mənzilə çəkdiyi xərclərin əvəzini qismən qaytarmaq və kirayədən gəlir əldə etmək olmuşdur. Alacağı aylıq kirayə (icarə) haqqı isə mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir- əldən çıxmış faydadır. Müqavilə imzalanan zaman hər yerdə (cavabdehin saytında, sosial şəbəkələrdəki cavabdehin cavablarında, bina qarşısındakı elektron və bilbord şəklində olan lövhələrdə, reklamlarda və s.) mənzilin 2018-ci ildə təhvil veriləcəyi bildirilirdi. Buna heç bir şübhəsi yox idi, ona görə ki, həqiqətən də 3 bloklu binanın digər “C” və “E” blokları 2018-ci ildə təhvil verildi. “A” blokunun da 2018-ci ilin 4-cü rübündə təhvil veriləcəyi planlaşdırılmışdı. Ona görə də o, 2019-cu ildən etibarən mənzili kirayəyə (icarəyə) verəcək və bununla da mənzilə çəkdiyi xərcləri azaldacaqdı. Cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək onu kirayə (icarə) ilə əlaqədar əldə edəcəyi faydadan (gəlirdən) məhrum etmişdir. Əldən çıxmış faydanın müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsində nəzərdə tutulan tədbirlər çərçivəsində onun tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi və ətraf ərazidə yerləşən yeni çoxmənzilli yaşayış binalarında yerləşən 3 otaqlı mənzilin 2019-2021-ci illər ərzində orta aylıq icarə (kirayə) haqqının müəyyən edilməsinə dair qiymətləndirmə şirkəti olan "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə hazırlanmış Daşınmaz Əmlakın qiymətləndirilməsinə dair ASB 1002 nömrəli hesabata və qiymətləndirmənin nəticəsinə dair Yekun Rəyə əsasən qeyd edilən ərazidə təmirli mənzillərin orta aylıq icarə haqqı 2019-cu il tarixində 600 manat, 2020-ci il tarixdə 650 manat, 2021-ci il tarixdə 670 manat müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən vəd edildiyi kimi 2018-ci ilin sonunda digər bloklar kimi (“B” və “C”) binanın “A” bloku da təhvil verilsə idi və mənzilini hər ayı 600 manat olmaqla kirayəyə versəydi 2019- cu ilin yanvar ayından bu günədək 35 ay ərzində əldən çıxmış fayda 21000 manat təşkil edəcəkdi. Lakin, o, müqavilənin 5.2-ci maddəsindən çıxış edərək mənzilin ona tam təmirli şəkildə xx.xx.2021-ci il tarixdə təhvil verilməli olduğunu əsas götürərək, əldən çıxmış faydanı hesablayarkən icarənin başlama müddəti olaraq xx.xx.2019-cu il tarixə deyil, xx.xx.2021-ci il tarixə istinad etmiş, həmçinin hər hansı mübahisəni istisna etmək üçün orta aylıq icarə qiyməti olaraq 2021-ci il üçün qiymətləndirilmiş 670 manata deyil, daha aşağı 600 manata əsaslanmışdır. Göründüyü kimi, cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi səbəbindən o, vergilər ödəndikdən sonra ən azı 4644 manat əldə edəcəyi təmiz gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Müqavilədə tərəflərin birbirinə vurduqları zərərin daha az miqdarda ödənilməsi nəzərdə tutulmamış, əksinə müqavilənin 6.1-ci maddəsində müqavilə şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində tərəflərin tam mülki hüquqi məsuliyyət daşımaları (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi daxil olmaqla) nəzərdə tutulmuşdur. Göründüyü kimi, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən cavabdeh tərəfindən ona vurulmiş zərərin əvəzini tam tələb etmək hüququ vardır. Hazırkı mübahisə üzrə Mülki Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulan “zərər” anlayışının 3 elementinin hər biri mövcuddur. Belə ki: hüququ pozulmuş şəxs olaraq pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcin 266,43 manatını dövlət rüsumu təşkil edir, əldə edə bilmədiyi mənzilin təmiri üçün çəkdiyi real xərc 29975 manat təşkil edir, smetaya görə mənzilin təmiri üçün hazırda çəkməli olduğu xərc 38169, 10 manat (ƏDV-siz) və ya 45039,53 manat (ƏDV ilə) təşkil edir; Əmlakın təmirindən məhrum olmağı təmir xərcləri qədər ödədiyi 29975 manat real zərəri təşkil edir, həmçinin, hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) mənzil kirayəsindən (icarəsindən) əldə edəcəyi gəlirləri təşkil edir. Həmin gəlirlər isə yuxarıda qeyd etdiyi kimi ən azı 4644 manat təşkil edir. Cavabdehə tam təmirli mənzilin dəyəri olan 155870 manatı razılaşdırılmış qrafik üzrə xx.xx.2021-ci il tarixdə tam ödəmiş, lakin cavabdeh öhdəliyini icra etməmiş, bu günkü tarixədək nə təmirsiz, nə də təmirli mənzil ona təhvil verməmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən tam olaraq ödənişi bitirdiyi xx.xx.2021 -ci il tarixdən məhkəməyə müraciət edilən bu günkü tarixədək ödədiyi 155870 manat vəsait məbləğindən faizlər hesablanmalıdır. Hesablanmış faiz məbləği iddia qaldırılan günə Mərkəzi Bankın illik bank uçot faiz dərəcəsi 7% olduğundan məbləğin illik faizi 155870 x 7% = 10910,90 manat təşkil edir, günlük faiz isə 10910,90 : 365 = 29,89 manat təşkil edir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarix daxil olmaqla öhdəliyin icrasının gecikdirilməsi 321 gün təşkil etdiyindən qanunvericiliyə görə ödənilməli olan faiz məbləği 29,89 x 321 = 9594,69 manat təşkil edir. O, eyni zamanda Dəbbə puluna (cərimə, penya) münasibətdə bildirmişdir ki,dəbbə pulu “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli Qanununun 9-cu maddəsinin 5-ci bəndində nəzərdə tutulan qaydada hesablanarsa (155870 manatın 1%-i olan 1558,70 manat x 321 gün = 500342,70 manat) çox böyük məbləğ alınır. Həmin məbləği tələb etmək hüququ olsa da, məqsədi cavabdehin hesabına gəlir əldə etmək deyildir. Bununla əlaqədar “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunun 9-cu maddəsində (5-ci bənd) nəzərdə tutulan dəbbə pulunun məbləğini 52 dəfədən çox azaldaraq Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulan faizlər qədər 9594,69 manat tələb etməyini məqsədəmüvafiq hesab edir. Bundan başqa, öhdəliyin icrasının gecikdirilməsi və onun lazımınca icra edilməməsi səbəbindən cavabdehin nümayəndələri ilə çoxsaylı danışıqlarda, mübahisələrdə böyük mənəvi sarsıntılar və iztirablar keçirmiş, bununla əlaqədar Qanunun 12-ci maddəsinə əsasən cavabdehdən 5000 manat məbləğində mənəvi zərər tələb etməkdə özünü haqlı bilir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-446/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunmuşdur: “iddia tələbi qismən təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki "My Home" yaşayış kompleksinin "A" blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan 3 otaqlı, A.12.4 nömrəli mənzilə dair bağlanılmış müqavilənin 2.2.3-cü bəndinin "b" yarımbəndindəki "Mənzili tam təmir edəcək (Təmir şərtləri əlavə Razılaşma ilə tənzimlənəcək)" sözləri "Mənzili təmirsiz vəziyyətdə (mayakla suvaq olunmuş divarlar, giriş seyf qapısı və pəncərələr, kommunal xətlərin (işıq, su, kanalizasiya, qaz, telefon, internet) mənzilə çəkilməsi" sözləri ilə əvəz edilsin. Müqavilənin 2.2.3-cü bəndinin "b" yarımbəndi "seyf qapıları, daxili qapılar, döşəmə, divar kağızları, plastik pəncərələr, kafel və metlax, qaz, su və elektrik xətləri, qızdırıcı xətləri, hazır tavan, hamam və tualet üçün sabit aksesuarlar" hissəsində ləğv edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə mənzilin tam təmirinə görə İddiaçı ödədiyi 29975 (iyirmi doqquz min doqquz yüz yetmiş beş) manat vəsait və 266,43 manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı qaytarılsın. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki "My Home" yaşayış kompleksinin "A" blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan 3 otaqlı, A.12.4 nömrəli mənzil İddiaçı təhvil verilməsi, iddia tələbi qalan hissədə təmin edilməsin.” Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-446/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə imzalanmış 0026 nömrəli müqaviləyə əsasən cavabdeh (İcraçı) Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin, “A” blokunun 12-cimərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan, 3 otaqlı, A.12.4 nömrəli mənzili hər kv.metrinin qiyməti 1300 manat olmaqla, cəmi 155870 manat müqabilində tam təmirli şəkildə iddiaçıya (Sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh MMC-yə hal-hazırda 3381 (üç min üç yüz səksən bir) manat borcu var. Ona görə də İddiaçı maliyyə arayışı verilməmişdir.Tərəflər arasında imzalanmış müqavilənin 5.2-ci bəndinə əsasən tikinti və təmir işləri başa çatdıqdan sonra, müqavilənin 1-ci maddəsində nəzərdə tutulmuş mənzil İcraçı tərəfindən müvafiq hüquqi sənəd əsasında Sifarişçiyə qrafik üzrə ödənişlər başa çatdıqdan sonra bir ay müddətində təhvil verilməlidir.Göründüyü kimi tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əsasən mənzilin iddiaçıya təhvil verilməsi üçün 2 şərt nəzərdə tutulmuşdur. 1-ci şərtə görə tikinti və təmir işləri başa çatmalıdır ki, mənzil təhvil verilsin. 2-ci şərtə görə isə Sifarişçiyə qrafik üzrə ödənişlər başa çatmalıdır ki, mənzil təhvil verilsin. İndiki halda tikinti və təmir işləri yekunlaşmaq üzrədir, lakin İddiaçı Cavabdeh MMC-yə hal-hazırda 3381 (üç min üç yüz səksən bir) manat borcu vardır. Yəni tikinti və təmir işləri yekunlaşsa belə borc ödənilməyənə qədər mənzil iddiaçıya təhvil verilməyəcəkdir. Göründüyü kimi müqavilə şərtləricavabdeh tərəfindən deyil, əksinə iddiaçı tərəfindən pozulmuşdur.Məhkəmə tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini aydınlaşdırmadığından yekunda səhv qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və y a müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İndiki halda tikinti və təmir işləri yekunlaşmaq üzrədir, lakin İddiaçı Cavabdeh MMC-yə hal-hazırda 3381 (üç min üç yüz səksən bir) manat borcu vardır. Yəni tikinti və təmir işləri yekunlaşsa belə borc ödənilməyənə qədər mənzil iddiaçıya təhvil verilməyəcəkdir. Göründüyü kimi müqavilə şərtləricavabdeh tərəfindən deyil, əksinə iddiaçı tərəfindən pozulmuşdur. Məhkəmə qərar qəbul edərkən qanuvericiliyin bu normalarınında tələblərini pozmuşdur. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-ci il tarixli 10/7525 saylı rəyi məhkəməyə daxil olduqdan sonra işin icraatı təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı yazılı izahat təqdim etməklə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətli təmin olunmamalı, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-446/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmıış xx.xx.2017-ci il tarixli, 0026 saylı müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin, “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan, 3 otaqlı, A.12.4 nömrəli mənzili hər kv.metrinin qiyməti 1300 manat olmaqla, cəmi 155870 manat müqabilində tam təmirli şəkildə iddiaçıya (sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə görə müqavilə qiymətinin 46761 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına qalan 109109 manat hissəsinin isə 48 ay müddətində xx.xx.2021-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin tərəflər öhdəliklərinin yerinə yetirənədək qüvvədə olması müəyyən olunmuşdur. Həmçinin bu müqavilənin 5.2-ci bəndinə əsasən mənzilin qrafik üzrə ödənişinin başa çatdıqdan sonra 1 ay müddətində sifarişçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi müqavilənin qiymətinin son ödəniş tarixi xx.xx.2021-ci il müəyyən edilmiş, müqavilənin şərtlərinə görə Cavabdeh MMC Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin, “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan, 3 otaqlı, A.12.4 nömrəli mənzili hər kv.metrinin qiyməti 1300 manat olmaqla, cəmi 155870 manat müqabilində ödənişlər başa çatdıqdan sonra 1 ay müddətinə tam təmirli şəkildə İddiaçı (sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür. Daha sonra İddiaçı xx.xx.2017-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixdə 2 nömrəli Əlavə tərtib etmiş və onun tərəfindən Cavabdeh MMC-yə və Bakı şəhəri Nizami İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Q.Məmmədova ərizə ünvanlayaraq qeyd etdiyi tələblər yerinə yetirilməyəcəyi təqdirdə ona dəymiş zərərin, icra gecikdirilmə faizlərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmə hüququnu diqqətlərinə çatdırmışdır. Qeyd olunan müraciətə cavab verilmədiyi üçün iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə Kollegiyası cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlillərinin araşdırılması üçün Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-ci il tarixli 10/7525 saylı rəyinə əsasən: 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Şirin Mirzəyev küçəsində inşa edilmiş “My Home” yaşayış kompleksinin “A” blokunun 12-ci mərtəbəsində yerləşən və İddiaçı məxsus 3 otaqlı mənzilin təmirə hazır vəziyyətdə olduğu müəyyən edilir. 2-ci sual üzrə: Tərəflər arasında xx.xx.2017-ci il tarixdə imzalanmış 0026 nömrəli müqavilənin 1.2- ci bəndində tədqiq olunan mənzilin ümumi sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahənin daxil olduğu qeyd olunmuşdur. xx.xx.2017-ci iı tarixdə imzalanmış 0026 nömrəli müqavilənin 1.2-ci bəndində qeyd olunanlara əsasən aparılmış ölçü işləri nəticəsində tədqiq olunan mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmadığı, belə ki, mənzilin ümumi sahəsinin 122,5 kv.metr olduğu müəyyən edilir. 3-cü sual üzrə: Bakı şəhəri, Şirin Mirzəyi küçəsindəki “My Home” yaşayış kompleksinin “A” blokunda yerləşən təmirsiz mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 1430,0 manat, təmirli mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 1850,0 manat məbləğində müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir). Beləliklə, müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsində mübahisələndirilən qətnamə qəbul edilən vaxt və cavabdeh apellyasiya şikayəti vediyi dövrdə mənzil təmir üçün hazır vəziyyətdə olmamışdır.(cavabdehin apellyasiya şikayətində də bu qeyd edilmişdir.) Həmçinin, yuxarıda qeyd olunan ekspertiza rəyi ilə Bakı şəhəri, Şirin Mirzəyi küçəsindəki “My Home” yaşayış kompleksinin “A” blokunda yerləşən təmirsiz mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 1430,0 manat, təmirli mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 1850,0 manat məbləğində müəyyən edilir. Bu fərq isə iddiaçının təmirli mənzil üçün ödədiyini və qaytarılmasını tələb etdiyi məbləğdən yüksəkdir. Eyni zamanda Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmıış xx.xx.2017-ci il tarixli, 0026 saylı müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin, “A” blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan, 3 otaqlı, A.12.4 nömrəli mənzili hər kv.metrinin qiyməti 1300 manat olmaqla, cəmi 155870 manat müqabilində tam təmirli şəkildə iddiaçıya (sifarişçiyə) təhvil verməyi öhdəsinə götürsə də, yuxarıda qeyd olunan ekspertiza rəyi ilə mənzilin ümumi sahəsinin 122,5 kv.metr olduğu müəyyən edilməsi (yəni 2.6 kv.metr artıq) iddiaçının tələbinin təmin olunmuş hissədə ləğvinə əsas təşkil etmir. Belə ki, Cavabdeh MMC müqavilədən artıq hesab etdiyi 2.6 kv.metr sahə ilə bağlı əvvəllər və hal-hazırda İddiaçı qarşı tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.1-ci maddəsinə əsasən, müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 443.1 -ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2 -ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Yuxarıda qeyd edilənlərə əsasənm məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, İddiaçı iddia tələbində qeyd etdiyi xx.xx.2017-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 2 nömrəli Əlavəyə münasibətdə qeyd edir ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki "My Home" yaşayış kompleksinin "A" blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 119,9 kv.m olan 3 otaqlı, A.12.4 nömrəli mənzilə dair bağlanılmış müqavilənin 2.2.3-cü bəndinin "b" yarımbəndindəki "Mənzili tam təmir edəcək (Təmir şərtləri əlavə Razılaşma ilə tənzimlənəcək)" sözləri "Mənzili təmirsiz vəziyyətdə (mayakla suvaq olunmuş divarlar, giriş seyf qapısı və pəncərələr, kommunal xətlərin (işıq, su, kanalizasiya, qaz, telefon, internet) mənzilə çəkilməsi" sözləri ilə əvəz edilməli, müqavilənin 2.2.3-cü bəndinin "b" yarımbəndi "seyf qapıları, daxili qapılar, döşəmə, divar kağızları, plastik pəncərələr, kafel və metlax, qaz, su və elektrik xətləri, qızdırıcı xətləri, hazır tavan, hamam və tualet üçün sabit aksesuarlar" hissəsində ləğv edilməlidir. Məhkəmə Kollegiyası həmçinin, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilənin mənzilin təmirsiz vəziyyətdə sifarişçiyə təhvil verilməsi hissəsi qüvvəyə mindiyi vaxtdan İddiaçı tərəfindən mənzilin təmirinə görə ödənilmiş 29975 manat vəsait Cavabdeh MMC tərəfindən ona geri qaytarılmalıdır. Eyni zamanda MPM-in 119-cu maddəsinə əsasən, iş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50(əlli) manat cavabdehdən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə+ müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-446/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 50 (əlli) manat cavabdehdən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar