Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3612/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 aprel 2024-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərardadla cavabdeh MMC tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməsini, cavabdeh MMC-yə münasibətdə prosessual müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsini, məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixli qətnaməsindən MMC-nin verdiyi apellyasiya şikayətinin qəbul edilməsini və şikayətə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. MMC-nin qətnamədən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılan zaman iddiaçı yuxarıda qeyd edilən qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və "xxxx" cavabdeh MMC-nin ərizəsinin təmin edilməməsini xahiş etmişlər. İddiaçı eyni zamanda "xxxx" ərizə verərək, xx.xx.2023-cü il tarixli qərardaddan şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin onun tərəfindən ötürülməsinin səbəbini üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Qərardaddan şikayətin və "xxxx" ərizənin verilməsini nəzərə almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla mülki işi apellyasiya baxışından çıxararaq iddiaçının qərardaddan verdiyi şikayətə baxılması üçün işin Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Bundan sonra Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla iddiaçının verdiyi "xxxx" ərizənin təmin edilməməsini və xx.xx.2023-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətin qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad iddiaçının vəkili (nümayəndəsi) Vəkil2 elektron kabinetinə xx.xx.2023-ci il tarixdə yerləşdirilmişdir. Bundan sonra iddiaçı tərəfin 10 gün müddətində qərardaddan şikayət vermək imkanı olsa da, iddiaçı tərəf, qərardaddan şikayətini 5 aydan bir qədər çox müddət keçdikdən sonra, xx.xx.2024-cü il tarixdə, yəni prosessual müddətin ötürülməsi ilə vermişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə göstərilənlər isə prosessual müddətin məhz üzürlü səbəbdən buraxılması kimi qiymətləndirilməsinə əsas vermir. İddiaçı və onun vəkili (nümayəndəsi) həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının vəkili (nümayəndəsi) həmin qərardaddan şikayət vermək hüququna malik olmamışdır. Çünki iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddiaya dair işə baxmış Rayon Məhkəməsi iş üzrə xx.xx.2023-cü il tarixdə qətnamə qəbul etmiş, bununla da iddiaçının vəkilə (nümayəndəyə) verdiyi hüququ yardım göstərilməsi ilə bağlı səlahiyyətlər bitmişdir. İddiaçının özünün isə xx.xx.2023-cü il tarixli qərardaddan məlumatı olmamış, o, həmin qərardadı Rayon Məhkəməsindən xx.xx.2024-cü il tarixdə almışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 268.1 və 396.1-cı maddələrinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. MPM-in 269-ci maddəsinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Məhkəmə bildirir ki, qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı qərardad tərəfə rəsmi təqdim edildiyi tarixdən sonrakı gündən başlanır və 10 günün tamamında qurtarır (MPM; maddələr 128 və 129). MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in tələblərinə görə, məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir (maddə 68.2.). İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir (maddə 68.3.). Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir (maddə 74.1.). Həmin prosessual hüquq normalarının tələblərini və işin yuxarıda qeyd edilən hallarını nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad xx.xx.2023-cü il tarixdə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən sonra qəbul edilsə də, iddiaçının vəkili (nümayəndəsi) onunla iddiaçı arasında bağlanmış “Hüquqi yardımın göstərilməsi barədə müqavilədə” və iddiaçının ona verdiyi etibarnamədə göstərilən səlahiyyətlərdən çıxış edərək qərardaddan şikayət verə bilərdi, çünki həmin səlahiyyətlərdə nəzərdə tutulmuşdur ki, vəkil (nümayəndə) işə baxan Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi aktlardan şikayət verə bilər. Lakin iş materiallarından müəyyən edilir ki, göstərilənlərə baxmayaraq iddiaçının vəkil (nümayəndəsi) xx.xx.2023-cü il tarixli qərardaddan vaxtında şikayət verməmişdir. xx.xx.2023-cü il tarixli qərardadın sonradan iddiaçı tərəfindən alınması ilə bağlı Məhkəmə bildirir ki, bu hal ötürülmüş prosessual müddətin iddiaçı tərəfə münasibətdə bərpa edilməsi və ya iddiaçı tərəfə münasibətdə prosessual müddətin yenidən hesablanamsına əsas olmamışdır. Çünki bu kimi qayda MPM-də nəzərdə tutulmamışdır. Beləliklə də apellyasiya baxışının nəticəsi ilə aşağıdakılar müəyyən edilir: iddiaçı tərəfin verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə göstərilənlər əsassızıdır; Rayon Məhkəməsi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur; həmin qərardaddan iddiaçının verdiyi şikayətin dəlilləri əsassızıdır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 aprel 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3612/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3612/2024
31.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver