Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3616/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 Ağaveyis oğlunun, 3-cü şəxs X2, onun nümayəndəsi və vəkili X4, 3-cü şəxs Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC və üçüncü şəxs X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı (X5, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda ona məxsus sökülmüş mənzilin əvəzi kimi cavabdeh "Cavabdeh" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Mirqasımov, S.Rüstəm, İ.Qasımov və X.Şuşinski küçələrinin kəsişməsində yerləşən məhəllədə, 0,65 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 48 kv.metr sahəsi olan tam təmirli mənzilin verilməsi öhdəliyinin cavabdeh "Cavabdeh" MMC-yə həvalə olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş №2(006)-2805/20) iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh MMC və üçüncü şəxs M.Mikayılova ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Hər iki apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İH Başçısının xx xxxxxxxx 2016-cı il tarixli 182 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsində yerləşən məhəllədə mövcud yaşayış və qeyri-yaşayış binaları və qurğular sökülərək ərazinin 0,65 ha sahəsində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələşdirilməsi qərara alınmışdır. Adıçəkilən sərəncam və pilot layihə əsasında Nəsimi Rayon İcra Hakimiyyəti ilə cavabdeh "Cavabdeh" MMC arasında ərazidəki evilərin sökülüb yenidən qurulmasına dair müqavilə bağlanmışdır. Qeyd olunanları əsas gətirib cavabdeh "Cavabdeh" MMC sözügedən ərazidə yaşayan sakinlərlə müvafiq müqavilələr bağlayaraq yeni tikiləcək binada onlara yaşayış sahəsi vermək şərti ilə aylıq kirayə haqqı verməklə onları həmin ərazidən köçürmüşdür. Sökülən ərazində, yəni ünvan 1 ünvanda ona və ailə üzvlərinə məxsus yaşayış sahəsinin olmasına baxmayarq, cavabdeh "Cavabdeh" MMC ona və ailə üzvlərinə məlumat vermədən və onların razılığını almadan mənzillərini sökmüşdür. Sökülmüş mənzilinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasından ona və ailəsinə mənzil ayrılması, yaxud da müvafiq kompensasiyanın verilməsinə dair tələblərini cavabdeh yerinə yetirməmişdir. Qeyd etməlidir ki, ünvan 1 ünvanda yerləşən mənzil Nəsimi RİH Başçısının xx.xx.1993-cü il tarixli 071/7 №-İi sərəncamı ilə ona və ailəsinə ayrılmışdır. 1994-cü ildə xəstəliyi ilə əlaqədar bir müddət evdə olmadığı müddətdə qeyd olunan mənzil Zəngilan rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt olunmuş və uzun müddət ərzində ondan istifadə olunmuşdur. Həmin dövrdəki mövcud vəziyyəti nəzərə alıb mənzilini zəbt etmiş məcburi köçkünlərin mənzildən çıxarılmasını tələb etməmişdir. Müxtəlif şəxslərə məxsus mənzillərdə məskunlaşmış məcburi köçkünlərin dövlət tərəfindən köçürüldüyü və uzun müddətdən sonra mənzilinə köçmək imkanının yarandığı bir vaxtda mənzilinin cavabdeh "Cavabdeh" MMC tərəfindən sökülməsi və onun əvəzinə ona müvafiq mənzil, yaxud da kompensasiya verməməsi qanunsuzdur. Pozulmuş mənzil hüquqları ilə bağlı Nəsimi rayon Prokuroluğuna etdiyi müraciət əsasında müvafiq araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı dindirilmiş cavabdeh "Cavabdeh" MMC-nin direktoru İdris Babayevin izahatı ilə müəyyən olunmuşdur ki, həqiqətən də sözügedən ərazidə ona məxsus mənzil cavabdeh tərəfindən sökülmüş, həmin mənzildə məskunlaşmış şəxslər aylıq kirayə haqqı verilməklə başqa ünvana köçürülmüşlər. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh "Cavabdeh" MMC-nin tikəcəyi yeni binada Bakı şəhəri, İ.Qasımov küçəsi, ev 9, mənzil 6nın əvəzi kimi ümumi sahəsi 48 kv.metr olan 1 ədəd tam təmirli mənzil Bakı şəhər Nəsimi RİH təhvil veriləcək. Nəsimi rayon Prokururoluğunun xx.xx.2019-cu il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı ilə ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmçinin, Bakı şəhər Nəsimi RİH Başçısının 2 nömrəli Sahə İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəliyindən aldığı cavabda prokurorluq tərəfindən qəbul olunmuş qərarın nəzərə alınması ona tövsiyyə olunmuşdur. Yaranmış vəziyyət pozulmuş mənzil hüquqlarının məhkəmə qaydasında bərpa olunmasını zəruri etmişdir. Nəzərə alınsa ki, ünvan 1 ünvanda yerləşən mənzil ona 1993-cü ildə verilmişdir, o zaman həmin mənzillə bağlı yaranmış mülki xarakterli mübahisələrin xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəllənin müdəaları əsasında nizama salınmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev dövlət ehtiyacları üçün və ya ictimai ehtiyaclar üçün torpaq sahəsinin alınması ilə əlaqədar sökülməli, habelə ev (yaşayış sahəsi) yenidən qurulub qeyri-yaşayış evinə çevrilməli olduqda, həmin evdən (yaşayış sahəsindən) çıxarılan vətəndaşlara başqa abad yaşayış sahəsi torpaq sahəsinin ayrıldığı və va yenidən qurulmalı olan evin (yaşayış sahəsinin) verildiyi dövlət, kooperativ təşkilatı və ya digər ictimai təşkilat tərəfindən verilir. Qeyd olunanlara əsasən ünvan 1 ünvanda ona məxsus sökülmüş mənzilin əvəzi kimi cavabdeh "Cavabdeh" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Mirqasımov, S.Rüstəm, İ.Qasımov və X.Şuşinski küçələrinin kəsişməsində yerləşən məhəllədə, 0,65 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 48 kv.metr sahəsi olan tam təmirli mənzilin verilməsi öhdəliyinin cavabdeh "Cavabdeh" MMC-yə həvalə olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Nəsimi Rayon İcra Hakimiyyətinin xx xxxxx 1993-cü il tarixli sərəncamına istinad edərək Bakı şəh, Nəsimi ray, İmran Qasımov küç, ev 9, 6 saylı mənzilin ona məxsus olduğunu iddia etmişdir, halbuki bu istinadın adıçəkilən mənzilə köçmək və orada yaşamaq üçün hüquqi əsas olaraq göstərilməsi həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin tələbləri ilə kobud ziddiyyət təşkil edir. xx xxxxxxx 2009-cu ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqında qərar əsasında müvafiq orqan tərəfindən vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Lakin iddiaçı tərəfindən məhkəməyə oxunması çətin olan xx xxxxx 1993-cü il tarixli sərəncam təqdim olunmuşdur ki, bu da faktiki hal üzrə hüquq müəyyənedici sənəd sayıla bilməz. İddiaçı mübahisəli mənzilin ona məxsus olduğunu iddia edərkən, buna dair əsas təsdiqedici sənəd olan yaşayış sahəsinə orderə malik olması barədə hər hansı məlumat qeyd etməmiş, orderi iddia ərizəsinə də qoşmamış, mənzilin ona aid olması iddiasının əsassızlığını icra hakimiyyəti orqanının qərarına istinad etməklə ört-basdır etməyə çalışmışdır. Məhkəmə iclasında iddiaçı yalnız sərəncam olduğunu, ona hər hansı order verilmədiyini bildirmişdir. Məhkəmə nəzərə almayıb ki, mənzilin iddiaçının mülkiyyəti olması və o, qanuni istifadəçisi kimi gələcəkdə həmin mənzili əvəzsiz qaydada özəlləşdirmək və yaxud da hazırki şəraitə uyğun olaraq məcburi köçkün M.Mikayılovanın əvəzinə tərəf kimi Cavabdeh MMC ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilədə iştirakının təmin edilməsini tələb etmək hüququ yalnız müvafiq orqan tərəfinən verilmiş order ilə həyata keçirilə bilər. Digər tərəfdən, həmin mənzil məcburi köçkünlər tərəfindən zəbt olunmuşdursa, niyə iddiaçı bu vaxta qədər onların mənzildən çıxarılmasını tələb etməmiş, cavabdeh MMC-nin pilot layihəni icra etdiyi dövrdə iddiaçı mübahisəli mənzilin ona məxsus olduğunu xatırlamışdır? Bu fakt iddiaçının cavabdeh MMC-nin hesabına əsassız varlanmaq niyyətində olduğunun aşkar sübutudur. Ona görə də qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Üçüncü şəxs M.Mikayılova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 27 ildir ki, ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə yaşayır. Özü şəhid ailəsidir və 1993-cü ildən Zəngilandan məcburi köçkün olaraq Bakı şəhərində məskunlaşmaqla qeyd edilən ünvanın yerində yerləşmiş evdə yaşamışdır. Həmin evlər söküldükdən sonra isə mübahisəli mənzildə yaşayır. Mənzil Nəsimi Rayon İcra Hakimiyyətinin “boş mənzil” fonduna məxsusdur. xx.xx.1993-cü il tarixli 071/7 saylı Nəsimi Rayon İcra Hakimiyyətinin arayışından görünür ki, mübahisəli mənzil iddiaçıya müvəqqəti verilmiş və o, ailə üzvləri ilə birlikdə ümumiyyətlə həmin mənzildə yaşamamışdır. Məhkəmə isə təqdim olunan arayışda yazılanların heç birini nəzərə almamış və bu hallara lazımi hüquqi qiymət verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. 3-şü şəxs M.Mikayılova və nümayəndəsi (vəkili) N.Ağayeva da verdikləri apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. 3-cü şəxs Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi H.Aberkarov hər iki apellyasiya şikayətinin əsaslı olduğunu bildirərək təmin olunmalarını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili V.Əliyev isə apellyasiya şikayətlərini qəbul etməyərək onların rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi ünvan 1 ünvanda ona məxsus sökülmüş mənzilin əvəzi kimi cavabdeh "Cavabdeh" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Mirqasımov, S.Rüstəm, İ.Qasımov və X.Şuşinski küçələrinin kəsişməsində yerləşən məhəllədə, 0,65 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 48 kv.metr sahəsi olan tam təmirli mənzilin verilməsi öhdəliyinin cavabdeh "Cavabdeh" MMCyə həvalə olunması barədədir. İddiaçı tələbinə cavab verməli şəxs kimi yalnız "Cavabdeh" MMC-ni göstərmişdir. X5, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı tələbinin faktiki əsası kimi Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 071/7 nömrəli müvəqqəti sığınacaq verilməsi haqqında sərəncamının kserosurətinə istinad etmişdir. Həmin sərəncama əsasən ünvan 4-da yerləşən, yaşayış sahəsi 17 kv/m olan bir otaqlı mənzil müvəqqəti sığınacaq kimi Ağayev (Ağazadə) Seidağa Böyükağa oğluna və onun ailəsinə verilmişdir. Adı çəkilən sərəncamın əsli nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də apellyasiya baxışı zamanı işə baxan məhkəməyə təqdim olunmamışdır. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, onun xəstəliklə əlaqədar mübahisəli mənzildə müvəqqəti yaşamadığından istifadə edən Zəngilan rayonundan məcburi köçkün X5 1993-cü ildən ailəsi ilə birlikdə həmin mənzildə məskunlaşmış və "Cavabdeh" MMC və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə xx.xx.2018-ci il tarixli üçtərəfli müqaviləni bağlayana qədər həmin ünvanda yaşamışdır. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “Cavabdeh" MMC inşa ediləcək yeni binada tikinti işləri başa çatdıqdan sonra ünvan 1 ünvanında tikiləcək tam təmirli mənzili "Məcburi köçkün"ün sahibliyinə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı tələbinin hüquqi əsası kimi xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 91-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə yaşayış sahəsinin yerləşdiyi ev dövlət ehtiyacları üçün və ya ictimai ehtiyaclar üçün torpaq sahəsinin alınması ilə əlaqədar sökülməli, habelə ev (yaşayış sahəsi) yenidən qurulub qeyri-yaşayış sahəsinə cevrilməli olduqda, həmin evdən (yaşayış sahəsindən) çıxarılan vətəndaşlara başqa abad yaşayış sahəsi torpaq sahəsinin ayrıldığı və ya yenidən qurulmalı olan evin (yaşayış sahəsinin) verildiyi dövlət, kooperativ təşkilatı və ya digər ictimai təşkilat tərəfindən verilir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 4 saylı evin yaşayış sahəsi 17 kv.m olan bir otaqlı 6-cı mənzili Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 071/7 nömrəli sərəncamına əsasən müvəqqəti sığınacaq kimi Ağayev (Ağazadə) Seidağa Böyükağa oğluna və onun ailəsinə verilmişdir. Bu mənzil iddiaçının “mülkiyyəti” idi və o, “qanuni istifadəçisi” kimi gələcəkdə həmin mənzili əvəzsiz qaydada özəlləşdirmək və yaxud da hazırkı şəraitə uyğun olaraq məcburi köçkün X2 əvəzinə tərəf kimi “Cavabdeh" MMC ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilədə iştirakının təmin edilməsini tələb etmək hüququna malik idi. İddiaçının ünvan 4 saylı evin 6 saylı mənzilini əldə etmək üçün müraciət edəcəyi halda müvafiq dövlət orqanlarının bu mənzili ona satmaq vəzifəsi yaranacaq, iddiaçının mənzil ilə bağlı üstünlük hüquqları mövcud olacaqdır. Başqa sözlə, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnu əldə etməklə bağlı qanuni gözləntisi vardır. Məhkəmə həmçinin qeyd etmişdir ki, məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İş materiallarından göründüyü kimi məcburi köçkün X2 ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin qanuni sahibi, eyni zamanda mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntiyə malik olan iddiaçı Ağayev (Ağazadə) Seidağa Böyükağa oğlunun hüquqlarınının pozulmasına səbəb olur və bu hal da məhkəmə tərəfindən nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, İddiaçı heç bir məlumat vermədən və onun razılığı alınmadan xx.xx.2018-ci il tarixdə müqavilə bağlanaraq İddiaçı hüquqları pozulduğundan sökülmüş mənzilin əvəzi kimi Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 9 ünvanında Cavabdeh MMC tərəfindən tikiləcək tam təmirli mənzilin İddiaçı verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139- 1.1.11-ci, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 8ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanı) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununa əlavə olunmuş 8.0.11- ci maddəyə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Eyni Qanunun əvvəlki redaksiyada 8-ci maddəsinə görə, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı on beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli Qanunu ilə 8-ci maddəyə orderi sözündən sonra «və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam» sözləri əlavə edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmənin mübahisəli mənzilə mülkiyyət hüququna iddiaçının qanuni gözləntisi olması ilə bağlı gəldiyi nəticə məhkəmənin istinad etdiyi həmin normalardan irəli gəlmir. İddiaçının təqdim etdiyi sərəncam (kserosurət) 17 kvm yaşayış sahəsi olan bir otaqlı mənzilin iddiaçıya və ailəsinə müvəqqəti sığınacaq kimi verilməsi barədədir. Müvəqqəti sığınacaq verilməsi barədə sərəncam isə adı çəkilən normaların heç birində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmamışdır. Həmin normalarda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün yalnız order, kirayə müqaviləsi və ya onların verilməsi üçün əsas olmuş sərəncam əsas kimi nəzərdə tutulmuşdur. Adından da göründüyü kimi, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 071/7 nömrəli sərəncamı müvəqqəti sığınacaq verilməsi barədə olmuş və bu sərəncamın əsasında mübahisəli yaşayış sahəsi ilə bağlı iddiaçıya order verilməmiş və onunla kirayə müqaviləsi bağlanmamışdır. Digər tərəfdən, adı çəkilən sərəncamda müvəqqəti sığınacaq verilməsi ilə yanaşı iddiaçının mənzil uşotunun saxlanıldığı da qeyd edilmişdir. Məhkəmə kollegiyası hazırkı mübahisəyə presedent qaydasında Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” xx xxxxxxxx 2007-ci il tarixli qərarının tətbiqini də düzgün saymır. Belə ki, həmin qərarda ərizəçinin adına müvəqqəti sığınacaq barədə sərəncam deyil, qanunla müəyyən olunmuş qaydada verilmiş yaşayış orderi var idi. Avropa Məhkəməsinin həmin işdəki qənaətinə görə məhz order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi və bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Lakin hazırkı işdə yuxarıda qeyd olunduğu kimi iddiaçının adına order deyil, müvəqqəti sığınacaq barədə sərəncam var və qüvvədə olan qanunvericilik yaşayış sahəsinə dair bu sərəncam əsasında sosial kirayə müqaviləsinin bağlanmasını və mənzilin özəlləşdirilməsini istisna edir. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ ilə bağlı “gözlənti” yə malik olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə nə daxili qanunvericilik, nə də Avropa Məhkəməsinin presedentləri baxımından öz təsdiqini tapmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xx.xx.2018-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 4 ünvanında ümumi sahəsi 36 kvm olan mənzilin əvəzinə 48 kvm ümumi sahəsi olan mənzilin tikilib Nəsimi rayon icra hakimiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilədə 48 kvm sahənin 17 kvm yaşayış sahəsi olan 6 saylı mənzilin əvəzinə verilməsinə dair heç bir qeyd yoxdur. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 071/7 nömrəli müvəqqəti sığınacaq verilməsi haqqında sərəncamında müvəqqəti sığınacaq kimi yaşayış sahəsi 17 kv.m olan bir otaqlı mənzilin verildiyi göstərilmişdir. İddiaçı nəyə əsasən 17 kvm yaşayış sahəsi olan mənzilin əvəzinə 48 kvm ümumi sahəsi olan mənzilin ona təhvil verilməli olduğunu məhkəmə baxışı zamanı əsaslandıra bilməmişdir. Digər tərəfdən, xx.xx.2018-ci il tarixli müqavilə bağlanarkən mübahisəli mənzilin dövlət mənzil fonduna məxsus olması Cavabdeh MMC-yə məlum olmuş və Cavabdeh MMC məhz bu hal; nəzərə alaraq ünvan 4 ünvanında sökülən sahələrin əvəzinə yeni tikilən binadan 48 kvm sahənin ayrılıb Nəsimi rayon icra hakimiyyətinə təhvil verilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh MMC mübahisəli sahə ilə bağlı üzərinə müqavilədən irəli gələn öhdəlik götürmüş və bu müqavilə hazırda qüvvədədir. Bu baxımdan iddiaçının tələbinə əsasən Cavabdeh MMC-nin üzərinə mübahisəli sahə ilə bağlı yeni öhdəlik qoyulması onun həddən artıq yüklənməsi ilə nəticələnə bilər. Məhkəmə kollegiyası hazırkı işdə cavabdeh "Cavabdeh" MMC tərəfindən iddiaçının hər hansı hüququnun pozulması halını müəyyən etmədi. Belə ki, "Cavabdeh" MMC sökülən dövlət əmlakının əvəzinə yeni tikiləcək binada 48 kvm ümumi sahəsi olan mənzili mübahisəli dövlət əmlakının balanssaxlayıcısı olan Nəsimi rayon icra hakimiyyətinə təhvil verməyi öhdəsinə götürməklə üzərinə düşən vəzifəni yerinə yetirmişdir və onun hərəkətlərində hər hansı qanun pozuntusu yoxdur. Həmin sahənin bir və ya bir neçə şəxsin, yaxud iddiaçının və ya məcburi köçkünün müvəqqəti istifadəsinə verilməsi isə artıq "Cavabdeh" MMC-nin deyil, balanssaxlayıcı kimi Nəsimi rayon icra hakimiyyətinin səlahiyyətinə aiddir. İstər müvəqqəti sığınacaq kimi verilmiş 17 kvm yaşayış sahəsi, istərsə də xx.xx.2018-ci il tarixli müqavilə əsasında Nəsimi rayon icra hakimiyyətinə ayrılmış 48 kvm sahə dövlət mənzil fonduna aid olmaqla Nəsimi rayon icra hakimiyyətinin balansındadır və bu baxımdan iddiaçı həmin mənzilə dair hər hansı hüququ olması və bu hüququn reallaşdırılması ilə bağlı həmin orqana, yəni Nəsimi rayon icra hakimiyyətinə müraciət edə bilər. Məhkəmə kollegiyası xatırladır ki, hazırkı işdə Nəsimi rayon icra hakimiyyəti iş üzrə cavabdeh yox, müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb olunmuşdur və ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiasına ilk növbədə, onun cavabdeh qismində göstərdiyi şəxsin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verilməli və gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Bu kontekstdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddənin məzmunundan da göründüyü kimi sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş və nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə yanlış nəticəyə gəlmişdir. Ona görə də qətnamə ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.4-cü maddələrinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC və üçüncü şəxs X2 apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3616/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3616/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver