Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3616/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 26 saylı evin 34 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin mənzildə faktiki yaşayan şəxslərdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin şəxsi əşyaları ilə birlikdə ona məxsus Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 26 saylı evin 34 saylı mənzilindən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslanmışdır ki, cavabdehlər onun tanışı olduğu üçün onları ailəlikcə mənzilə buraxmışdır. Mənzili cavabdehlərə verərkən onlardan tələb etdiyi vaxt mənzili boşaldacaqlarına razılıqları olmuşdur. Hazırda ona gərək olduğu üçün mənzilin boşaldılmasını tələb etmiş, cavabdehlər bundan imtina etmişdir. Cavabdeh və ailə üzvüləri girişdə yaşayan qonşularla mübahisə edib dalaşdığı üçün ona bir neçə dəfə şikayətlər olmuş, bu səbəbdən də o, cavabdehlərin razılığa əsasən mənzilini boşaltmalarını tələb etsə də, cavabdehlər imtina etmişlər.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-2629/2025 saylı, 08 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim L.Şövkətli-Mənsimli) iddia təmin olunmuşdur.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə iclası zamanı da etiraf etdi ki, cavabdehlə aralarında kirayə müqaviləsi yazılı qaydada bağlanılmış və növbəti məhkəmə iclasında onu təqdim edəcəyini bildirdi. Bunu məhkəmə prosesi zamanı gedən audio video çəkilişindən də görmək olar. Növbəti iclas zamanı iddiaçı həmin müqavilənin ümumiyyətlə olmadığını bildirmişdir. Müqavilənin bilərəkdən təqdim edilməməsi bir daha sübut edir ki, iddiaçı tərəf iddia tələbində haqlı deyildir.Belə ki, həmin müqavilənin qiyməti hazırki ödənilən məbləğdən çox aşağı məbləğ yazılmış və digər mühüm şərtlər mövcuddur. Bundan ələvə olaraq MM-nin müqailənin ləğvi bölməsində göstərilir ki, tərəflərdən biri müqaviləni ləğv etmək istəyirsə bu barədə digər tərəfə yazılı bildiriş göndərməlidir. Lakin belə bir bildiriş ona təqdim edilməmişdir.Yəni, müqaviləni təqdim etməmiş olsalar belə, qanuna uyğun olaraq tərəflər arasındakı hüquq münasibətləri kirayə müqaviləsi münasibətləridir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyası 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı işdə iddia təmin olunduğundan və qətnamə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı ona aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin hallarını düzgün müəyyən etmiş və həmin hallara uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
17. Tərəflər arasında kirayə münasibətlərinin mövcud olduğu işin mübahisəsiz halıdır.
18. İddiaçı iddia edir ki, 2024-cü ilin noyabr ayından başlayaraq ona ödəniş ödənilməyib.
19. Cavabdeh isə vaxtlı-vaxtında ödəniş etdiyini və borcunun olmadığını bildirir.
20. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
22. Cavabdeh kirayə müqaviləsi üzrə mütəmadi ödənişlər etdiyini bildirsə də, ödənişləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
23. Məhkəmə kollegiyası bunu nəzərə alaraq hesab edir ki, iddiaçının iddiasının faktiki əsası, yəni kirayə haqqının ödənilməməsi, kirayə müqaviləsinin kirayəçi tərəfindən pozulması öz təsdiqini tapır və bu hal özlüyündə kirayə müqaviləsinin ləğv edilməsi üçün müstəqil hüquqi əsas yaradır.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.2, 685.2.1, 685.2.2ci maddələrinə görə kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə, ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.
25. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini tamamilə əsassız sayır və hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.