Məhkəmə qərarları › İş №2(103)-3617/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3617/2022

18.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3617/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1197/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 21.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 4660 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də kiçik tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. 29 aprel 2017-ci il tarixində işçinin ərizəsinə əsasən, iki tərəfli qaydada əmək müqaviləsinə vəzifə dəyişikliyi edilərək Cavabdeh asistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bağlanarkən işçinin əmək haqqı 226 manat, əmək haqqının növbəti ayın 15-də ödəniləcəyi müəyyən edilmişdir. Əmək müqaviləsi müddətli əmək müqaviləsi olaraq 8 ay müddətinə bağlanmışdır. Müqavilə müddətinin bitməsindən 7 gün ərzində tərəflərdən müqavilənin xitam edilməsi tələb edilmədiyindən müqavilə bir neçə dəfə eyni müddətə uzadılmışdır. 04 yanvar 2018-ci il tarixində işçinin əmək haqqı artırılaraq 307,97 manat, 11 yanvar 2019-cu il tarixində 312,96 manat müəyyən olunmuşdur. İşçi əmək funksiyasını Neft Daşları adasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin TSH-də assistans xidməti üzrə mütəxəssis köməkçisi olaraq icra etmişdir. 08 yanvar 2021-ci il tarixdə işçi Cavabdeh əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Belə ki, işçi Cavabdeh 15 oktyabr 2020-ci il tarixdə əsas iş yeri olan İddiaçı MMC-dən xəbərsiz olaraq "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq işə başlamış və bunu əsas gətirərək əsas iş yerində işə çıxmaqdan imtina etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı Yasamal rayon Məhkəməsində pozulmuş əmək hüquqları ilə bağlı maddi ziyan və işə bərpa tələbi ilə iddia qaldırmışdır. Yasamal rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixi, 2(004)-1903/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı MMC-yə qarşı iddia tələbi rədd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı MMC-də işlədiyi müddət ərzində Cavabdeh heç bir əmək hüququ pozulmamışdır və işəgötürən əmək müqaviləsinə xitam verərkən qanunun tələblərini pozmamışdır. Qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7503/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə şikayət təmin olunmadan, Yasamal rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya icraatı zamanı Cavabdeh nümayəndəsi vəsatətlə çıxış edərək davamiyyət jurnallarının məhkəməyə təqdim edilməsini istədi. Bütün illər üzrə davamiyyət jurnalları Neft Daşları adasında arxivdən təmin edilərək məhkəməyə təqdim edilmişdir. Həmin davamiyyət jurnallarına baxış keçirilərkən bizə məlum olmuşdur ki, Cavabdeh Neft Daşları adasında işə çaxmadığı halda ezamiyyə pulu və dəniz əmsalı, həmçinin yolda keçən vaxta görə 2017-ci il üzrə 1403 manat, 2018-ci il üzrə 771 manat, 2019-cu il üzrə 950 manat, 2020-ci il üzrə 1536 manat olmaqla artıq pul almış və toplamda 4660 manat şirkətə maddi ziyan vurmuşdur. Suala cavab olaraq bildirir ki, cavabdeh fiziki olaraq iş yeri kimi Neft Daşlanına gəlməli idi. Onlar iş yerinə toplanma yerindən şirkətin gəmisi və ya vertolyotu ilə gedirdi. İşçinin işə gəlmə vaxtı qrafiklə müəyyən olunur. Həmin iş yerində xəstənin olub olmamasından asılı olmayaraq asistant xidməti orada olmalıdır. İş vaxtının uçotu iddiaçı tərəfindən jurnallar vasitəsilə aparılırdı. Mühasibatlıq işçinin işdə olduğunu zənn edərək ona pul ödəmişdir. Qeydiyyat jurnalları isə mühasibatlıq üçün əlçatmaz idi. İşçilərin işə gəlməsinə toplanma yerində olan şöbə rəisi nəzarət edirdi. Həmin rəhbər isə cavabdehin işə gəlmədiyi barədə məlumat verməmişdir. O, ehtimal edir ki, cavabdeh quruda işə çıxmış, lakin Neft Daşlarında işə çıxmamışdır. Hazırki mübahisə ilə bağlı iyun ayında, Apelyasiya məhkəməsində cavabdehin vəkilinin jurnallara baxılması ilə bağlı vəsatətindən sonra bu barədə məlumatları olmuşdur. Onlara məlum olduqdan sonra isə həmin vaxt cavabdehin quruda hansı məntəqədə olmasını araşdıra bilməmişlər. Mühasibat ödəniş edərkən cavabdehin adada olduğunu güman etmişdir və o, özü də yalnışlıq etdiyini etiraf edir. İddianın təmin olunmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1197/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı Cavabdeh 4660 (dörd min altı yüz altmış) manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1197/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.04.2017-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətinə əsasən Cavabdeh 31.12.2017-ci il tarixədək aylıq əmək haqqı 226 manat olmaqla işə qəbul edilmişdir. İş materiallında olan "xxxx" MMC-nin işə qəbul olunma haqqında 25.04.2017-ci il tarixli, 083/k nömrəli əmrinin təsdiq edilmiş surətinə əsasən Cavabdeh 25.04.2017-ci il tarixdən "xxxx" MMC-də vəzifə maaşı müqaviləyə uyğun olaraq tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallında olan "xxxx" MMC-nin işə qəbul olunma haqqında 29.04.2017-ci il tarixli, 272/k nömrəli əmrin təsdiq edilmiş surətinə əsasən Cavabdeh 29.04.2017-ci il tarixdən "xxxx" MMC-də vəzifə maaşı müqaviləyə uyğun olaraq asistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 08.01.2021-ci il tarixli, 009/21/k nömrəli əmrinə əsasən Cavabdeh ilə əmək müqaviləsinə 08.01.2022-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi və Cavabdeh istifadə edilməmiş 22 gün məzuniyyət üçün pul əvəzi olaraq son haqq-hesab hesablanaraq ödənilməsi əmr edilmişdir. Məhkəmə, iddiaçının dəlillərinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı əmək haqqına olan əlavələri cavabdehdən tələb edir. Əmək qanunvericiliyinə əsasən əmək haqqı dedikdə işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu başa düşülür. Əmək qanunvericiliyə görə səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 175-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Həmin Məcəllənin 175-ci maddəsinin 5-ci bəndinə əsasən hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, əmək qanunvericiliyə görə səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. İddiaçı apellyasiya şikayətində məhkəmənin həmin maddəni tətbiq etməklə maddi hüquq pozuntusuna yol verdiyini bildirsə də, maddi hüquq pozuntusunun nədən ibarət olduğunu əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1197/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1197/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar