Məhkəmə qərarları › İş №2(103)-3617/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3617/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3617/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “cavabdehin birgə borclu hesab edilməsi və mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və onun vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh hüquqi varisi "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binası Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında müqaviləyə” əsasən "xxxx" MMC tərəfindən öz vəsaiti hesabına tikildiyindən onların birgə borclular hesab edilməsi, həmin binanın 1298 saylı mənzilinin ona təhvil verilməsi vəzifəsinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, "xxxx" MMC ilə bağladığı müqaviləyə əsasən mübahisəli mənzilin dəyərini təşkil edən 40.500 manat məbləğində pulu tam olaraq "xxxx" MMC-yə ödəmişdir. İddiaçının iddiası üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-2959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət edilmişdir ki, mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulsun. Qətnamə qanuni qüvvəyə minsə də, indiyə qədər icra edilməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, həmin iş üzrə cavabdeh olmuş "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2007-ci il tarixdə “Birgə fəaliyyət haqqında müqavilə” bağlanmışdır. Bunu müəyyən etdikdən sonra iddiaçı “qətnaməyə izah verilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin nəticə hissənə “həmin iş üzrə Cavabdeh MMC-nin də cavabdeh qismində cəlb edilməklə qətnamənin icrasının təmin edilməsi barədə” qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla “qətnaməyə izah verilməsi barədə” ərizəni təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı, qeyd edilən qətnamənin icra edilməsi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi qəbul etmiş olduğu xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhz "xxxx" MMC ilə müqavilə (podrat) əsasında hüquq münasibətlərinə daxil olmaqla həmin MMC ilə qarşılıqlı şəkildə hüquq və vəzifələr əldə etmişdir. İddiaçının hazırki mülki iş üzrə cavabdeh olan Cavabdeh MMC ilə hər hansı hüquq münasibəti yaranmamışdır. Odur ki, hazırki mülki iş üzrə Cavabdeh MMC-nin üzərinə hüquqi (müqavilə və ya qanuni) əsası olmayan məsuliyyətin (öhdəlik) qoyulması yolverilməzdir. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış “Birgə fəaliyyət haqqında” xx.xx.2007-ci il tarixli müqaviləyə münasibətdə məhkəmə bildirir ki, həmin müqavilə sözügedən subyektlərin fəaliyyətinin təşkili barədə sırf onların özünə aid olan hissədə qüvvədə olan hüquqi aktdır. Odur ki, əgər ortada hər hansı bir müqavilə varsa, ilkin öncə müqavilə tərəflərini (subyektləri) müəyyən etməli və nəzərə almalı ki, həmin müqavilə ancaq tərəflərinə münasibətdə hüquq münasibəti yaratmaqla hər hansı hüquqi əsas təşkil edə bilər. Bu səbəbdən, digər subyektlər arasında bağlanmış müqaviləyə əsaslanmaqla iddiaçı ilə müqavilə tərəfi olmayan subyektin üzərinə öhdəlik qoyulması mümkün deyildir. Məhkəmə iddiaçının qeyd etdiklərinə əsasən vaxtilə proseslər üzrə münasibətlərin faktiki olaraq başqa məcrada davam etmiş ola biləcəyini nəzərə alır. Lakin, məhkəmə mübahisəyə faktiki əsaslardan öncə hüquqi əsaslardan yanaşmalı və yalnız hüquqi əsaslara (qanun və müqavilə) uyğun şəkildə faktiki əsasları idarə etməli, onlara qanuni və əsaslı hüquqi qiymət verməlidir. Buna görə də iddiaçıya izah edilir ki, o, onunla "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış “Mənzil tikintisi haqqında müqaviləyə” əsasən "xxxx" MMC-nin müqavilə öhdəliklərinin pozulmasına görə ona vurulmuş zərərin (real zərər və əldən çıxmış fayda) əvəzinin ödənilməsi ilə bağlı "xxxx" MMC-yə qarşı müvafiq iddia irəli sürmək hüququna malikdir. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

6. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd edilir ki, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) cavabdehin hüquq varisi ilə əvəz edilməsi barədə məlumat

7. Apellyasiya baxışı zamanı "xxxx" MTK-nın nümayəndəsi Cavabdeh MMC-nin yenidən təşkil edilərək "xxxx" MTK-ya qoşulduğunu təsdiq edən sübutları təqdim edərək, Cavabdeh MMC-ni hüquq varis olan "xxxx" MTK ilə əvəz edilməsini xahiş etmişdir.

8. Bu halı nəzərə alan Məhkəmə Cavabdeh MMC-ni onun hüquq varisi olan "xxxx" MTK ilə əvəz etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 58.1-ci maddəsinin tələbinə görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və onların verdikləri izahatlar barədə məlumat

9. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

10. Cavabdehin hüquq varisi olan "xxxx" MTK-nın nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilədən” görünür ki, həmin müqaviləyə əsasən iddiaçı üzərinə öhdəlik götürmüşdür ki, mübahisəli mənzilin dəyəri olan 40.500 manat məbləğində pulu "xxxx" MMC-yə ödəyir, "xxxx" MMC isə üzərinə öhdəlik götürmüşdür ki, iddia ərizəsində qeyd edilən yaşayış binasını inşa edərək, həmin binada yerləşən və müqavilənin predmeti olan mənzili iddiaçıya təhvil verir.

13. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən (iş № 2(004)-2959/2019) qətnaməsindən görünür ki, iddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, mənzilin dəyərini "xxxx" MMC-yə ödəmiş, lakin "xxxx" MMC müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mənzili iddiaçıya təhvil verməmişdir.

14. Həmin qətnamədən həmçinin görünür ki, hazırki iş üzrə iddiaçının "xxxx" MMCyə qarşı irəli sürdüyü “müqavilə öhdəliyin yerinə yetirilməsi barədə” iddiası əsaslı olduğundan təmin edilmiş, "xxxx" MMC-nin üzərinə vəzifə qoyulmuşdur ki, "xxxx" MMC mübahisəli mənzili iddiaçıya təhvil versin.

15. İşin hallarından müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minsə də, icra edilməmişdir.

16. İddiaçı bildirir ki, bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixdə “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır.

17. Həmin müqavilənin surəti iddiaçı tərəfindən hazırkı işə baxmış Rayon Məhkəməsinə təqdim edilmişdir.

18. Cavabdeh MMC-nin hüquq varis olan "xxxx" MTK-nın mövqeyindən görünür ki, MTK həmin müqaviləni mübahisələndirmir və müqavilənin etibarlılığını şübhə altına almır.

19. Buna görə də Məhkəmə Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında müqaviləyə” və iş materiallarına istinadən bildirir ki, həmin müqavilə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilədən” əvvəl bağlanmışdır. “Birgə fəaliyyət haqqında müqavilədən” görünür ki, podratçı olan Cavabdeh MMC sifarişçi olan "xxxx" MMC-nin sifarişi əsasında yuxarıda qeyd edilən binanı (mübahisəli mənzilin yerləşdiyi binanı) inşa edərək "xxxx" MMC-yə təhvil verir. Cavabdeh MMC binanın inşasını öz vəsaiti hesabına və həmin binada yerləşən, özünün payına düşən mənzillərin satışından əldə olunacaq vəsait hesabına inşa edir.

20. Məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə” Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış “Birgə fəaliyyət haqqında müqavilədən” sonra bağlanmışdır. Lakin iddiaçı ilə bağlanmış “Mənzil tikintisi haqqında müqavilədə” qeyd edilən “Birgə fəaliyyət haqqında müqaviləyə” istinad edilməmişdir. Cavabdeh MMC iddiaçı ilə bağlanmış “Mənzil tikintisi haqqında müqavilə” üzrə tərəf olmamış, həmin müqavilə üzrə nə iddiaçı, nə də ki, "xxxx" MMC qarşısında üzərinə öhdəlik götürməmişdir.

21. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı ilə bağlanmış “Mənzil tikintisi haqqında müqavilənin” predmeti olan mənzilin, yuxarıda qeyd edilən “Birgə fəaliyyət haqqında müqavilədə” ifadə edilmiş «Cavabdeh MMC-nin payına düşən mənzil»-lərdən biri olması təsdiq edilmir.

22. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1.).

23. Bu baxımdan qəbul edilməlidir ki, iddia ərizəsində qeyd edilən öhdəliyin Cavabdeh MMC-nin (hüquq varis "xxxx" MTK-nın) üzərinə qoyulması, hazırki qətnamənin 20 və 21-ci bəndələrində qeyd edilmiş hallara görə mümkün deyil. Qeyd edilənləri nəzərə almış Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi

24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh tərəf hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

28. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in tələbləri və “MPMə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

24. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh tərəf hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar