Məhkəmə qərarları › İş №2(103)-3620/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3620/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3620/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “avtodayanacağın (qarajın) təhvil-təslim edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin təmin edilməsi və maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 fevral 2022-ci il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iş üzrə iddiaçının nümayəndəsi (övladı) X1, iddiaçının vəkili Vəkil, cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Nümayəndə iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə və müqavilə çərçivəsində sonradan gəldikləri razılığa əsasən, ona məxsus olmuş və ünvan 1 ünvanındakı binanın həyətində yerləşən ümumi sahəsi 23 kv.metr olan qarajın əvəzində MMC-nin həmin ünvanda inşa etdiyi 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan, “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerinin ona təhvil verilməsi və həmin yerə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına müvafiq "xxxx" verilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması, mübahisəli yerin MMC tərəfindən ona təhvil verilməməsi səbəbindən ona dəymiş maddi zərərin ödənilməsi məqsədi ilə 4.500 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında notarial qaydada bağlanmış və Bakı şəhəri 21 saylı Notariat Kontorunda rəsmiləşdirilərək reyestrdə 3M-648 № altında qeydə alınmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı üzərinə öhdəlik götürmüşdür ki, o, özünə məxsus olan və Nərimanov rayonu, Təbriz küçəsi, 99 ünvanında yerləşən ümumi sahəsi 23 kv.metr olan qarajı MMC-yə təhvil verməlidir. Həmin müqavilə ilə MMC üzərinə öhdəlik götürmüşdür ki, həmin qarajı iddiaçıdan qəbul edir və əvəzində, həmin ünvanda inşa edəcəyi yeni 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan dayanacağı iddiaçıya verir; dayanacağa dair “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına müvafiq "xxxx" verir; bundan başqa binanın həyətində avtomobil saxlamağa icazə verir. Bu müqavilədə qeyd edilməsə də, iddiaçı ilə cavabdeh MMC arasında mənzilə dair bağlanmış digər müqavilədə göstərilir ki, bina 18 ay müddətində istismara təhvil veriləcək. Deməli, avtodayanacağın da təhvil verilməsi müddəti 18 aydır. Lakin həmin müddətin 2019-cu ilin aprel ayında bitməsinə baxmayaraq dayanacaq bu günə kimi iddiaçıya təhvil verilməmişdir. Müqavilə bağlanarkən onun əvvəl qarajının olmasına görə iddiaçının avtodayanacağın yerini seçməkdə üstünlük hüququnun olduğuna görə ilkin olaraq o, MMC tərəfindən ona təqdim olunmuş layihəyə uyğun olaraq dayanacağı birinci mərtəbədən seçmişdir. Layihəyə görə dayanacaqlar birinci mərtəbə və zirzəmi qatında göstərilirdi. Lakin sonradan layihəyə dəyişiklik edilmiş və MMC-nin rəhbərliyi tərəfindən iddiaçı ilə danışıqlara vəkil edilmiş Mahir Eyvazovun xahişi əsasında zirzəmi qatından dayanacağın yerini bir şərtlə müəyyən etmişdir ki, həmin yerin gələcəkdə yağış suları və digər mənbələrdən olan su ilə dolması təhlükəsi olmasın. İddiaçı ilə MMC arasında olan razılıq Mahir Eyvazov tərəfindən MMC-nin rəhbərliyi ilə razılaşdırıldı və həmin yer hal-hazırda “74” və "xxxx" sayla nişanlanmış birlikdə ümumi sahəsi 30 kv.metr sahəsi olan dayanacaqdır. Cavabdeh MMC tərəfindən yaşayış binalarının tikintisi başa çatmış və zirzəmi qatındakı dayanacaqlar da sakinlərə verilir və ya satılır. Lakin müqavilə əsasında iddiaçıya təhvil verilməli olan “74” və "xxxx" sayla nişanlanmış 30 kv.metr ölçülü dayanacaq iddiaçının mülkiyyətinə verilməli olduğu halda iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq təhvil verilmir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh MMC-yə pretenziya məktubu göndərərək, dayanacaq yerinin 10 gün müddətində ona təhvil verilməsini və həmin yerə dair onun adına "xxxx" verilməsinin təmin edilməsini MMC-yə təklif etmişdir. Buna və pretenziya verilməsindən 2 aya yaxın müddət keçməsinə baxmayaraq, MMC tərəfindən iddiaçıya cavab verməmişdir. Bu səbəbdən də iddiaçı, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, 2019-cu ilin aprel ayında cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilməli olan dayanacaq bu günə kimi təhvil verilmədiyindən iddiaçı, avtomobilini təhlükəsizliyini təmin etmək üçün avtomobilini 30 ay ərzində başqa dayanacaqda saxlamaq və buna görə də hər ay 150 manat məbləğində pul ödəmək məcburiyyətində qalmışdır. Buna görə də iddiaçı hesab edir ki, cavabdeh MMC-dən onun xeyrinə (150 manat x 30 ay =) 4.500 manat məbləğində pul tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia qismən təmin edilməsini, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2017ci il tarixli müqavilə şərtlərinə əsasən Təbriz küçəsi, 99 ünvanında yerləşən və MMC tərəfindən yeni inşa edilmiş 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan dayanacağın (qarajın) təhvil verilməsi öhdəliyi MMC-nin üzərinə qoyulmasını, MMC-nin iddiaçıya vurduğu maddi zərərin əvəzi olaraq 3.345 manat məbləğində pulun, habelə iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzinin – 100 manat məbləğində pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə də iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsinin “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerlərinin iddiaçıya təhvil verilməsi barədə” tələbin əsassız hesab etməsi barədə nəticəsi qanunsuzdur. Rayon Məhkəmə bu nəticəsini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında bağlanmış müqavilədə “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerlərinin iddiaçıya təhvil verilməsi nəzərdə tutulmamışdır. Lakin Rayon Məhkəməsi nəzərə almamışdır ki, xx.xx.2017-ci il tarixli müqavilə bağlanan zaman nə bina, nə də ki, avtodayanacaqların yerləşdiyi zirzəmi qatı hələ mövcud deyildi. “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerinin verilməsi iddiaçı ilə cavabdeh MMC arasında əldə olunmuş razılaşma ilə müəyyən edilmişdir. Rayon Məhkəməsi bu xüsusatı müəyyən etmək üçün həmin əraziyə baxış keçirməli və ya ekspertiza təyin etməli idi, lakin bunu etməmişdir. Bundan başqa Rayon Məhkəməsi iddianın “iddiaçıya təhvil verilməli olan “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerinə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına müvafiq "xxxx" verilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə” hissəsini təmin etməməklə də iş üzrə səhv nəticəyə gəlmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, cavabdeh MMC bu barədə öhdəliyi aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə üzərinə götürmüşdür. Daha sonra Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı, cavabdeh MMC-nin qanuna zidd hərəkəti nəticəsində avtomobilini başqa, yəni "xxxx" MTK-ya məxsus dayanacaqda saxlamaq və buna görə də həmin MTK-ya hər ay 150 manat məbləğində pul ödəmək məcburiyyətində qalmışdır. İddiaçı 30 ay ərzində həmin ödənişi etmişdir ki, bu da 4.500 manat məbləğini təşkil edir. Bu hal həmin MTK-nın verdiyi arayışla təsdiq edilir. Cavabdeh MMC də həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamədən apellyasiya şikayəti vermişdir. MMC apellyasiya şikayətində xahiş etmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilsin və iddianın tam həcmdə təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsin. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə hələ də qüvvədədir. Müqaviləyə görə, MMC, ümumi sahəsi 30 kv.m olan dayanacağı iddiaçıya təhvil verilməlidir və MMC bu öhdəliyin icrasından imtina etmir. Amma iddiaçı dayanacaq yerini qəbul etməyərək, “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerlərinin ona verilməsini tələb edir. İddiaçının bu tələbi müqavilənin şərtlərinə zidd olmaqla əsassızdır, çünki həmin yerlərin ümumi sahəsi 45 kv.metrdən artıqdır. Bundan başqa iddiaçı bildirir ki, avtomobili təhlükəsiz yerdə saxlamaq üçün hər ay 150 manat olmaqla cəmi 4.500 manat məbləğində pul vəsaiti xərcləməli olmuşdur. İddiaçı tələb edir ki, həmin məbləğ MMC-dən tutularaq ona ödənilsin. İşə baxmış Rayon Məhkəməsi bu iddianı qismən təmin etsə də nəzərə almamışdır ki, iddiaçı özünə məxsus avtomobilin təhlükəsiz yerdə saxlamaq üçün şəraitin yaradılması ilə bağlı MMC-yə müraciət etməmişdir. Digər tərəfdən MMC hesab edir ki, "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışı mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçının nümayəndəsi (övladı) və vəkili apellyasiya baxışı iclasında iştirak edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, bu şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və MMC tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi. Məhkəmə, hər iki apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında notarial qaydada bağlanmış və 21 saylı Notariat Kontorunda rəsmiləşdirilərək reyestrdə 3M-648 № altında qeydə alınmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, iddiaçı, özünə məxsus olan və Nərimanov rayonu, Təbriz küçəsi, 99 ünvanında yerləşən ümumi sahəsi 23 kv.metr olan qarajı MMCyə təhvil verməkdən ibarət öhdəliyi, MMC isə həmin qarajı iddiaçıdan qəbul etmək, bunun əvəzində həmin ünvanda inşa edəcəyi yeni 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan dayanacağı iddiaçıya vermək, dayanacağa dair iddiaçının adına müvafiq "xxxx" vermək və binanın həyətində iddiaçının digər avtomobilini saxlamağa icazə verməkdən ibarət öhdəliyi qəbul etmişlər. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, iddiaçı, qarajı MMC-yə təhvil vermiş, MMC qarajı sökmüş və qarajın yerləşdiyi sahə daxil olmaqla, həmin ərazidə yeni yaşayış binası inşa etmişdir. İddiaçı ilə MMC arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş dayanacaq yeri MMC tərəfindən iddiaçıya hələki təhvil verilməmişdir. İddiaçı bildirir ki, bu müqavilədə qeyd edilməsə də, onunla cavabdeh MMC arasında mənzilə dair bağlanmış digər müqavilədə göstərilir ki, bina 18 ay müddətində istismara təhvil veriləcək. Deməli, avtodayanacağın da təhvil verilməsi müddəti 18 aydır. Lakin həmin müddətin 2019-cu ilin aprel ayında bitməsinə baxmayaraq dayanacaq bu günə kimi ona təhvil verilməmişdir. MMC-nin təklifi ilə o, MMC tərəfindən ona təqdim olunmuş layihəyə uyğun olaraq binanın birinci mərtəbəsində yerləşən dayanacağı seçmişdir. Lakin sonradan layihəyə dəyişiklik edilmiş və MMC-nin rəhbərliyinin müəyyən etdiyi səlahiyyətli şəxslə - Mahir Eyvazov ilə razılığa gəlmişdir ki, ona binanın zirzəmi qatından yerləşən “74” və "xxxx" sayla nişanlanmış, birlikdə ümumi sahəsi 30 kv.metr olan dayanacaq veriləcək. Lakin razılaşdırılmış “74” və "xxxx" saylı dayanacaq, onun tərəfindən MMC-yə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq təhvil verilmir. Buna görə də iddiaçı hesab edir ki, “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerinin MMC tərəfindən ona təhvil verilməsi öhdəliyi MMC-nin üzərinə qoyulmalıdır. MMC-nin bu tələbə qarşı etirazı ondan ibarətdir ki, onunla iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə hələ də qüvvədədir. Müqaviləyə görə, o, ümumi sahəsi 30 kv.m olan dayanacağı iddiaçıya təhvil verməlidir və o, bu öhdəliyin icrasından imtina etmir. Amma iddiaçı dayanacaq yerini qəbul etməyərək, “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerlərinin ona verilməsini tələb edir. İddiaçının bu tələbi müqavilənin şərtlərinə zidd olmaqla əsassızdır, çünki həmin yerlərin ümumi sahəsi 45 kv.metrdən artıqdır. Müzakirə edilən bu tələbin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddənə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələbindən müzakirə edilən mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh MMC-yə münasibətdə kreditor olan iddiaçı, ona münasibətdə borclu olan MMC-dən icra edilməmiş öhdəliyin icrasını, yəni onunla MMC arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş (yeni) dayanacaq yerinin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. MMC-nin apellyasiya şikayətində ifadə edilmiş və Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır. İddiaçının cavabdeh MMC tərəfindən ona məhz “74” və "xxxx" saylı dayanacaq yerinin təhvil verilməsi barədə tələbinə gəldikdə qeyd edilməlidir ki, Rayon Məhkəməsi bu tələbi təmin etməmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerlərinin ona təhvil verilməsi ilə bağlı onunla cavabdeh MMC-nin razılığa gəlməsinin müəyyən edilməsi üçün həmin əraziyə baxış keçirməli və ya ekspertiza təyin etməli idi. Lakin Rayon Məhkəməsi bunu etməmişdir. Bu səbəbdən də, Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi əsaslı hesab edilə bilməz. Məhkəmə bildirir ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məcəllənin 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələblərini və tərəflər arasındakı xx.xx.2017-ci müqavilənin yazılı formada bağlanmasını nəzərə alaraq bildirir ki, əgər iddiaçı “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerlərinin ona təhvil verilməsi ilə bağlı onunla cavabdeh MMC-nin razılığa gəlməsini bildirirsə onda bunu təsdiq edə biləcək məhz yazılı razılaşmanı sübut kimi əsas gətirə bilərdi. Lakin o, bu kimi sübutu məhkəmələrə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi əraziyə baxış keçirmədən və iş üzrə ekspertiza təyin etmədən iddia tələbinin “74” və "xxxx" sayla nişanlanmış dayanacaqlara aid hissəsini təmin etməməkdə haqlı olmuşdur. Bu baxımdan hesab edilməlidir ki, iddiaçının apellyasiya şikayətində ifadə edilmiş və Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır. İddiaçının başqa bir tələbi ondan ibarətdir ki, “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerinin MMC tərəfindən ona təhvil verilməsi ilə yanaşı həmin yerə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına müvafiq "xxxx" verilməsi öhdəliyi MMC-nin üzərinə qoyulmalıdır. Bu tələbi irəli sürən iddiaçı, onunla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci müqaviləyə əsaslanır. Məhkəmə bildirir ki, bu tələb aşağıdakı səbəblərdən təmin edilə bilməz: a) yuxarıda qeyd edildiyi kimi iddiaçının “74” və "xxxx" sayla nişanlanmış dayanacaqla bağlı tələbi əsassızdır; b) müqavilədə qeyd edilən yuxarıdakı şərt öz əksini tapsa da, onun icrası qeyrimümkündür, çünki “Daşınmaz əmlakın dövlət reyestrindən” müvafiq "xxxx" verilməsi MMCnin səlahiyyətlərinə aid deyil və məhkəmə bu kimi öhdəlin icrasını MMC-nin üzərinə qoya bilməz. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində ifadə edilmiş və Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır. İddiaçının daha bir tələbi ondan ibarətdir ki, 2019-cu ilin aprel ayında cavabdeh MMC tərəfindən ona təhvil verilməli olan dayanacaq bu günə kimi təhvil verilmədiyindən o, avtomobilini təhlükəsizliyini təmin etmək üçün avtomobili 30 ay ərzində başqa dayanacaqda saxlamaq və buna görə də hər ay 150 manat məbləğində pul ödəmək məcburiyyətində qalmışdır. Buna görə də iddiaçı hesab edir ki, cavabdeh MMC-dən onun xeyrinə (150 manat x 30 ay =) 4.500 manat məbləğində pul tutulmalıdır. Bu tələbi MMC-yə qarşı irəli sürən iddiaçı, "xxxx" MTK tərəfindən ona verilmiş 10 saylı, xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsaslanır. "xxxx" MTK tərəfindən verilmiş həmin arayışdan görünür ki, iddiaçı, MTK tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli “A” yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 15 saylı avtomobil dayanacaq yerinə görə xx.xx.2020-ci il tarixdən etibarən MTKya ayda 150 manat icarə haqqı ödəyir. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, bu tələb qismən əsaslıdır və buna görə də, cavabdeh MMC-dən iddiaçının xeyrinə 22 ay 9 günə görə cəmi 3.345 manat məbləğində pul tutulmalıdır. İddiaçı apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsi nəzərə almamışdır ki, o, cavabdeh MMC-nin qanuna zidd hərəkəti nəticəsində avtomobilini 30 ay ərzində "xxxx" MTK-ya məxsus dayanacaqda saxlamaq məcburiyyətində qalmışdır. Cavabdeh MMC isə bildirir ki, Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı özünə məxsus avtomobilin təhlükəsiz yerdə saxlamaq üçün şəraitin yaradılması ilə bağlı MMC-yə müraciət etməmişdir. Digər tərəfdən MMC hesab edir ki, "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışı mötəbər sübut kimi qiymətləndirilə bilməz. İş üzrə tərəflər arasında mübahisə doğuran bu məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Məhkəmənin hazırki iş üzrə artıq müəyyən etdiyi hal və həmin hal üzrə artıq gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçıya münasibətdə borclu olan MMC ona münasibətdə kreditor olan iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş dayanacaq yerini iddiaçıya təhvil verməmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu maddi hüquq normasının tələbini və işin hallarını nəzərə alan Məhkəmə hesab edir ki, MMC, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsini nəzərə alaraq iddiaçıya vurulan zərərin qarşısını almaq məqsədilə avtomobilin müvəqqəti olaraq başqa yerdə saxlanılması üçün iddiaçıya başqa dayanacaq yeri ayırmalı və ya bu məsələni iddiaçının öhdəsinə buraxaraq iddiaçının bununla bağlı qarşılaşdığı xərclərin ödənilməsini təklif etməli idi. Lakin MMC bu kimi addım atmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh MMC, "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışını mötəbər sübut kimi qəbul edilməsinin qeyri-mümkün olduğunu bildirsə də, bu mövqeyini əsaslandıra biləcək sübutları da məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi cavabdeh MMC tərəfindən iddiaçıya zərərin vurulması və vurulmuş zərərin əvəzinin MMC tərəfindən iddiaçıya ödənilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdeh MMC-nin apellyasiya şikayətində ifadə edilmiş və Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır. Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə aid olan, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə gəldikdə isə qeyd edilməlidir ki, iddia ərizəsinə Rayon Məhkəməsi tərəfindən vurulmuş “daxil olma” ştampından görünür ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş və iddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi 10 saylı, xx.xx.2021-ci il tarixli maliyyə arayışından isə görünür ki, iddiaçı özünə məxsus avtomobili MTK-ya məxsus dayanacaqda xx.xx.2020-ci il tarixdən etibarən saxlayır və MTK-ya ayda 150 manat icarə haqqı ödəyir. Adi riyazi hesablamadan aydın olur ki, iddiaçının qeyd edilən MTK-ya məxsus dayanacaqda avtomobili saxlamağa başladığı tarixdən iddia ərizəsinin Rayon Məhkəməsinə təqdim edildiyi tarixədək olan müddət 22 ay 9 gün təşkil edir. Məhkəmə qeyd edir ki, MPM-nin 218.3-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından görünür ki, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman, iddiaçı, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etməmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi (22 ay x 150 manat = 3.300 manat; 150 manat : 30 gün = 5 manat; 5 manat x 9 gün = 45 manat; 3.300 manat + 45 manat =) 3.345 manat məbləğində pulu cavabdeh MMC-dən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində ifadə edilmiş və Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 fevral 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar