Məhkəmə qərarları › İş №2(103)-3622/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3622/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3622/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkilləri Vəkil2 və Vəkil1, cavabdehin nümayəndəs-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Nəsirova (Ağayeva) Humay Vüsal qızına qarşı bağışlama müqaviləsindən imtina edilməklə bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-392/2022 saylı, 18 fevral 2022ci il tarixli qətnaməsindən cavabdeh Nəsirova (Ağayeva) Humay Vüsal qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 1/93, mənzil 64-də yerləşən ümumi sahəsi 49,31 kv.m olan iki otaqlı yaşayış sahəsinə dair 4 saylı Bakı “ASAN xidmət” mərkəzində 18 avqust 2020-ci il tarixli daşınmaz əmlakın Cavabdeh bağışlama müqaviləsindən imtina edilməklə bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 17 avqust 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü övladları X2 doğulmuşdur. İddiaçı cavabdehlə nikaha daxil olanadək əldə edilmiş və DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli çıxarışa əsasən onun mülkiyyətində olmuş mübahisəli mənzili 18 avqust 2020-ci il tarixdə cavabdehə bağışlamışdır. Lakin cavabdeh həmin əmlakı qəbul etməmiş, həmin vaxtdan pasport qeydiyyatından çıxaraq valideynlərinə məxsus mənzilə qeydiyyata düşərək orada uşaqla yaşayır, əmlakla bağlı öhdəlikləri iddiaçı yerinə yetirir. Bundan əlavə cavabdeh rəsmi nikahda olduqları dövrdə ona xəyanət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(010)-1674/2021 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-392/2022 saylı, 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsi öz qətnaməsini ancaq onun əri olmuş İddiaçı xəyanət etdiyini əsas gətirərək, bağışlanma müqaviləsindən imtina ilə bağlı iddianı təmin etmişdir. Məhkəmənin iddianın əsası kimi, subuta yetirilməmiş və bir başa olaraq onun xəyanət etdiyini sübutun olmamasına rəğmən, onu və nümayəndəsini dindirmədən, ancaq iddiaçının verdiyi ifadələr əsasında qərar vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndələri-vəkilləri apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdirlər. Eyni zamanda bildirmişlər ki, cavabdehin iddiaçıya xəyanəti həmçinin, onunla sübut olunur ki, X3 və X8 ilə nikahdan kənar münasibətləri nəticəsində xx.xx.2022-ci il tarixdə Süleyman adlı övladları da olub. xx.xx.2022-ci il tarixdə isə onlar rəsmi nikaha daxil olmuşlar. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütünlüklə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2479/2021 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Həmin qətnamədən göründüyü kimi, iddiaçı cavabdehlə nikahın pozulmasına sonuncu tərəfindən ona ailə münasibətlərində xəyanət etməsi səbəbindən razı olduğunu bildirmişdir. 14 iyul 2021-ci il tarixli məhkəmə iclası protokolundan görünür ki, mülki iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində əri X5 Cavabdeh ilə ona xəyanət etdiyini göstərmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5125/2021 saylı qətnaməsindən görünür ki, X4 ilə X9 arasında bağlanmış nikah pozulmuşdur. Dövlət Sərhəd Xidmətinin 29 aprel 2021-ci il tarixli məktubundan və Daxili Qoşunların Baş İdarəsinin 09 aprel 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, müvafiq olaraq Cavabdeh və X9 ailə-məişət normalarına tam riayət etmədiklərinə görə tutduqları vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə “MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən, cavabdeh iddiaçı ilə rəsmi nikahda olduğu müddətdə iddiaçıya xəyanət etməklə iddiaçı barəsində ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, cavabdehin iddiaçıya qarşı ailə dəyərlərinə uyğun özünə olan etimaddan sui-istifadə edərək dönüklük etməsi (xəyanət və vəfasızlıq etməsi, əhdi pozma) faktı və bununla da yuxarıda qeyd olunan Ailə Məcəlləsində göstərilmiş ailə dəyərlərinə zidd hərəkət etməsi iş materiallarında olan sübutlarla tam təsdiq olunur. Belə ki, Bərdə regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, X1 və X6 xx.xx.2022-ci il təvəllüdlü Süleyman adlı övladları vardır. Göründüyü kimi X1, X8 ilə 2021-ci ilin may-iyun aylarına nikahdan kənar münasibətləri nəticəsində hamilə qalmışdır. Bundan başqa Bərdə regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X7 ilə X8 xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Kollegiyanın qənaətinə görə, apellyasiya şikayətinin dəlilləri və işin ümumilikdə halları qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya qarşı ailə dəyərlərinə uyğun özünə olan etimaddan sui-istifadə edərək dönüklük etməsi (xəyanət və vəfasızlıq etməsi, əhdi pozma) faktı və bununla da yuxarıda qeyd olunan Ailə Məcəlləsində göstərilmiş ailə dəyərlərinə zidd hərəkət etməsi iş materiallarında olan sübutlarla tam təsdiq olunur. Bu isə ailə hüququ münasibətlərinə uyğun olaraq cavabdehin üzərinə qoyulmuş öhdəliyin yerinə yetirilməməsi hesab olunur. Apelyatorun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması barədə dəlilləri isə iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, Cavabdeh (Ağayeva) xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, məhkəmə iclasının təxirə salınması barədə bildirişi rəsmi qaydada almış və sonuncu məhkəmə iclasında səbəbi barədə məlumat vermədən iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən qeyd edir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bu qənaətə gələrkən kollegiya, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-392/2022 saylı, 18 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar